LƏNKƏRAN: TƏHSİL İŞÇİLƏRİ UĞURLARI ARTIRMAQ ƏZMİNDƏDİRLƏR

 

Ötən dərs ili Lənkəranın təhsil işçiləri üçün əlamətdar hadisələrlə yeni uğurlarla yadda qalmışdır. Rayon müəllimlərinin ənənəvi sentyabr konfransında qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanlar ətraflı təhlil olunmuş, qarşıdakı dövr üçün yeni vəzifələr müəyyənləşdirilmişdir.

Konfrans Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək ümummilli liderin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.

Lənkəran şəhər təhsil şöbəsinin müdiri

 Şəhanə Əhmədova “2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” barədə məruzə etmişdir. Bildirmişdir ki, keçən ilin oktyabrında ölkəmizdə növbəti prezident seçkiləri keçirilmiş, ədalətli, şəffaf, demokratik seçkilərdə cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanmışdır. Bu, ötən dövr ərzində dövlət başçısının həyata keçirdiyi siyasəti Azərbaycan xalqının bütünlüklə dəstəkləməsinin, ölkənin gələcəyini yenidən ona etibar etməsinin parlaq təzahürü idi.

2013-cü il oktyabrın 24-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu, təhsil sahəsində çox mühüm hadisə olmaqla ən yeni texnologiyalara əsaslanan, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi daşıyır.

Ötən dərs ilinin əlamətdar hadisələrindən biri də Azərbaycan Müəllimlərinin XIV qurultayı olmuşdur. Qurultayda təhsil naziri cənab M.Cabbarovun məruzəsində, ayrı-ayrı çıxışlarda “Azərbaycan Respubklikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”ndan irəli gələn vəzifələr təhlil olunmuş, nəzərədə tutulmuş əsas istiqamət və hədəflərin reallaşdıırılması yolları, təhsilin bütün pillə və səviyyələri üzrə islahatların həyata keçirilməsi və digər məsələlər ətraflı müzakirə olunmuşdur.

Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət bölgələrin sürətli inkişafı üçün geniş imkanlar açmışdır. Son illər Lənkəran rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri görülmüşdür. Rayonun iqtisadiyyatında baş verən inkişaf tempi təhsilin də inkişafına təkan vermişdir.

Zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsindən, uğurlardan danışmaq mümkün deyil. Son illər Lənkəranda 29 məktəb binası, 4 məktəb üçün əlavə korpuslar, uşaq bağçası tikilmiş, şəhər 3, 4, 5 nömrəli tam orta məktəblər, şəhər 17 nömrəli uşaq bağçası, O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi müasir standartlar səviyyəsində təmir edilərək istifadəyə verilmişdir.

Yeni dərs ili ərəfəsində T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbi əsaslı təmir olunmuş, şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalıqjar, Tütəpeştə, QurumbaŞağlaser kənd ümumi orta məktəbləri üçün təzə binalar tikilmişdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompyuter texnologiyaları ilə təmin olunmuşlar.

Rayonun ümumtəhsil məktəblərində kompyuterlərin sayı 1100-ü ötmüşdür. Məktəb və məktəbəqədər təhsil müəssisələrinin məlumat bazası yaradılmışdır. 52 təhsil müəssisəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəbi “Elektron məktəb” layihəsinə qoşulmuşdur.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülsə də, problemlər də az deyil. Rayonda 24 ümumtəhsil məktəbi uyğunlaşdırılmış və qəzalı vəziyyətdə olan binalarda yerləşir.

Lənkəranda 50 məktəbəqədər təhsil müəssisəsi, 2 məktəb-bağça kompleksi fəaliyyət göstərir. Bu müəssisələrdə 2910 nəfər uşağın təlim-tərbiyəsilə 417 nəfər tərbiyəçi məşğul olur. Bəzi bağçalarda monitorinq aparılmış, nəticələr təhsil şurasında müzakirə olunmuşdur. Keçən tədris ilində bağçalarda açıq məşğələlər keçirilmiş, bağça tərbiyəçiləri məşğələlərdə iştirak etmiş, yeniliklər və qabaqcıl metodları geniş yayılmışdır.

Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında müsabiqə, yarış və olimpiadaların keçirilməsinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsəbbüsü ilə keçən ilin noyabrında cənub rayonları üzrə keçirilən hüquq olimpiadasında şəhər 10 nömrəli tam orta məktəbi I yerə, şəhər 7 nömrəli tam orta məktəbi II yerə, şəhər 5 nömrəli tam orta məktəbi III yerə çıxaraq diplomkubokla təltif olunmuşdur. Həmin olimpiadada 5 şagird I yeri tutmuşdur.

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşklatçılığı ilə keçirilən “Dil və mədəniyyət” festivalında Cil kənd tam orta məktəbinin VII sinif şagirdi Elnur Məmmədzadə, şəhər 9 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Aytən Bəşirli və Lənkəran özəl türk liseyinin X sinif şagirdi Rüfət Əhmədli birincilik qazanaraq festivalın qızıl medalına layiq görülmüşlər.

Tədris ilinin əvvəlində şəhər 4 nömrəli tam orta məktəbində FLEX proqramı çərçivəsində ingilis dilində keçirilən müsabiqədə məktəbin şagirdləri Şəbnəm Əkbərli və Ağalar Mikayıllı qalib gələrək bir il müddətində Amerikada təhsil almaq hüququ qazanmışlar.

“Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsinin respublika mərhələsində şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Məleykə Əsədova diplomla mükafatlandırılmışdır.

İstedadlı uşaqların aşkara çıxarılması, onlarla sistemli işlərin aparılması təhsil şöbəsinin daim diqqət mərkəzindədir. Bu məqsədlə məktəblərdə, məktəbdənkənar tərbiyə müəssisələrində müəyyən işlər görülmüşdür. Aparılan işin nəticəsidir ki, respublika fənn olimpiadasında şəhər 4 nömrəli tam orta məktəbinin şagirdi Nadir Ağazadə kimya üzrə III yeri, Girdəni kənd tam orta məktəbinin şagirdi Həyat Məmmədzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə IV yeri tutmuşdur.

2014-cü ilin fevral-may aylarında XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər keçirilmişdir.

Şəhər təhsil şöbəsi ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təmin edilməsini daim diqqət mərkəzində saxlayır. May ayında 39 vakant yer barədə nazirliyə məlumat verilmişdir. Təhsil Nazirliyi tərəfindən aparılan test imtahanında 22 nəfər müvəffəqiyyət qazanmış və müəllimlər işlə təmin olunmuşlar.     

Buraxılış imtahanlarının nəticələri də sevindiricidir. IX siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında 2269 nəfər iştirak etmiş, şagirdlərin 54 faizi hər iki fəndən müvəffəq qiymət almışlar. Bu, keçənilki nəticədən 7 faiz çoxdur.

Ümumi orta təhsil üzrə buraxılış imtahanlarında 1699 nəfər iştirak etmiş, nəticə əvvəlki illə müqayisədə 3 faiz çox olmuşdur. Şəhər 4 nömrəli tam orta məktəbin məzunu Nadir Ağazadə, şəhər 10 nömrəli tam orta məktəbin məzunu Sevinc Abbasova, Lənkəran özəl türk liseyinin məzunları – Nizami Həşimli və Elmar Məmmədli təhsildə yüksək nəticələr qazandıqlarına görə qızıl medalla təltif olunmuşlar. Qızıl medala layiq görülmüş məzunlar qəbul imtahanlarında da yüksək nəticələr qazanmışlar. Keçən dərs ilində təhsilini başa vuran 1699 nəfər məzundan 900 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Onlardan 473 nəfər yüksək nəticə qazanaraq tələbə adına layiq görülmüşdür. Bu, əvvəlki illə müqayisədə 13 nəfər çoxdur.

Məzunlardan 52 nəfər 500-dən, 33 nəfər isə 600-dən yuxarı bal toplamışlar. Şəhər 7 nömrəli tam orta məktəbinin məzunu Oruc Xəlilov ən yüksək nəticə göstərərək 687 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşdur. Diryan kənd məktəbinin məzunu Qeyrət Nurizadə 679 balla, şəhər 4 nömrəli məktəbin məzunu Nadir Ağazadə 677 balla, Liman şəhər 1 nömrəli məktəbin məzunları Vəli Vəfadarlı 670 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, Ləman Nəsirova 621 balla Azərbaycan Dövlət İqtisad Universitetinə, türk liseyinin məzunları Murad Əkbərov 670 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, Tağı Əşrəfov 669 balla Qafqaz Universitetinin kompyuter mühəndisliyi fakültəsinə, Nüsrət Ağazadə 663 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, Ürgə kənd məktəbinin məzunu İsmayıl Həbibzadə 657 balla Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşlar.

Gənclərin müstəqil həyata hazırlanması üçün bilik, bacarıq və təcrübəsini sərf edən, cəmiyyətdə böyük hörmət və nufuz qazanmış müəllimlərə dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Son illər rayonda 8 nəfər respublikanın əməkdar müəllimi fəxri adına, 10 nəfər “Tərəqqi” medalına, 3 nəfər “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına, 12 nəfər “Azərbaycan Respublikasının təhsil əlaçısı” döş nişanına, bir nəfər Təhsil Nazirliyinin fəxri fərmanına layıq görülmüşdür. Rayonun bir qrup qabaqcıl təhsil işçisi Lənkəran Şəhər İcra Hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Müzakirələrdə şəhər 10 nömrəli tam orta məktəbin müəllimi İlhamə Babayeva, 677 balla Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Nadir Ağazadə, şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovvalideyn Şəmsəddin Xəlilov çıxış etmişlər.

Konfransda Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində rayonun təhsil işçiləri qarşısında duran vəzifələrdən danışmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov möhtərəm Prezidentimizin rəhbərliyilə ölkəmizin qazandığı uğurlardan, beynəlxalq aləmdə nüfuzunun artmasından, iqtisadiyyatın dinamik inkişafından, neft kapitalının insan kapitalına çevrilməsindən ətraflı söhbət açmış, milli təhsilimizin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlardan, aparılan struktur dəyişikliklərindən danışmışdır. Təhsil müəssisələrinin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirildiyini vurğulayan icra başçısı Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla həyata keçirildiyini, son illər rayonda məktəb tikintisinin geniş vüsət aldığını, təkcə bu il 11 məktəbin, bir uşaq bağçasının inşa olunduğunu, bir məktəbin isə əsaslı şəkildə təmir edildiyini, müəllimlərin rayonun ictimai-siyasi həyatında fəal rol oynadıqlarını qeyd etmişdir.

O, yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təhsil işçilərini təbrik etmiş, pedaqoji kollektivlərin qarşısında duran vəzifələrdən danışmışdır.

Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlara Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Əlisəfa HƏsƏnov

Respublika.-2014.- 6 sentyabr.- S.5.