Morşinin təbiəti də möcüzədir, suyu
da
Yüz minlərlə azərbaycanlı yaşayan, Avropanın böyük dövlətlərindən olan dost Ukraynanın hər bir guşəsi, bərəkətli çölləri, sıx meşəlikləri, nəğməli çayları, flora və faunası, dağ və yamacları insanlarda xoş ovqat yaradır. Bir sözlə, bu yurdun, şair Taras Şevçenkonun vətəni olan bu elin hər qarış torpağı bərəkətlidir, möcüzədir. Təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Qərbi Ukraynanın ərazisində yerləşən Morşin sanatoriyası, Morşin adlı suyu bütün dünyada məşhurdur. Bu yerlər mahir bir rəssam fırçasından çıxmış tablonu xatırladır. Sanatoriyanın bir guşəsində yerləşən, romantik mənzərəsi ilə insanları heyran qoyan göl, nadir quşlar, sıx meşəliklər, aram-aram gəzən marallar, Afrikadan gətirilmiş dəvəquşları, bənzərsiz gül-çiçək kolları, fəvvarələr bu yerlərə gəlib-gedən turistlərin uzun illər xatirəsində yaşayır. Bütün insanlar, şəfa tapmaq istəyənlər yaxın-uzaq ölkələrdən qəlblərinin hökmü ilə Morşinə gəlir, bir sözlə, çoxlarının ömrünə ömür calanır...
Bir çox illərdir ki, dünyanın müxtəlif ölkələrindən bu şəfa ocağına çoxsaylı insanlar gəlir, sanatoriyada müalicə olunur, bu füsunkar bölgədən xoş təəssüratla ayrılırlar.
Morşində ən yaxşı terapevt müalicəsi aparılır. Kurortda çoxları cərrahiyyə əməliyyatından yaxa qurtarır, hərtərəfli müalicədən, saf havadan şəfa tapır və ailələrinə sağlam, şən əhval-ruhiyyə ilə qayıdır, Karpat dağlarının ətəklərindən ayrılmaq istəmirlər.
Morşin sanatoriyası başdan-başa nadir ağaclar, əlvan xalını andıran çöl-çəmənliklə əhatə olunmuş bir vadidə yerləşir. Dnestr çayına tökülən Striya çayı, bu çayın qolu olan Beryoztinsa ilin yaz və yay fəsillərində daha romantik olur, istirahətə gələnləri valeh edir, ofsunlayır. Müalicəyə gələnlər arasında Polşa, Rumıniya, Almaniyadan olan insanlar daha çox üstünlük təşkil edir.
Morşinin düzənlik zonası parklarla əhatə olunmuşdur. Müalicə və mədəni-məişət müəssisələri kurort zonasına xüsusi gözəllik verir. Demək olar ki, ilin bütün fəsillərində insanlar bu yerlərdə müalicə olunur, mənalı istirahət edirlər. Müalicələrin səmərəsini böyrək, öd kisəsi, qaraciyər, şəkər və digər xəstəliklərdən əziyyət çəkən insanlar daha yaxşı hiss edirlər.
Böyük Vətən müharibəsinin odlu-alovlu illərində alman faşistləri Morşin sanatoriyasının yerləşdiyi ərazini dağıtmış, müalicə ocaqları zülm və işgəncədən “göz yaşları axıtmışdır”. Ukrayna torpaqları düşməndən azad olunduqdan sonra çox qısa bir zamanda burada geniş bərpa işləri aparılmış, hər şey qaydasına düşmüş, yenidən bu şəfa ocağına insan axını davam etmişdir.
“Beskid”, “Ukrayna”, “Kaştan”, “Leqenda” restoranları, “Latra”, “Kosyak”, “Djerolo”, “Dziqa” adlanan barlar həmişə istirahətə gələnlərin üzünə açıqdır. Buradakı xidmətə isə söz ola bilməz.
Biz müalicə ocağında olarkən “Lavanda” sanatoriyasının baş həkimi Furmanyuk Nikolay Fyodroviçlə görüşüb söhbət etdik. O. qürur hissi ilə vurğuladı ki, son illər bizim sanatoriyaya dost Azərbaycandan axın daha çoxdur. Mədəniyyət evində axşamlar maraqlı konsertlər təşkil olunur, çox vaxt diskdə Azərbaycan mahnı və rəqsləri də səsləndirilir. Bütün millərtlərdən olan insanlar yüksək əhval-ruhiyyə ilə rəqs edirlər. Bu isə əsl sağlamlıq, əsl istirahətdir.
Baş həkimin tövsiyəsi ilə ilk öncə “Lavanda” sanatoriyasında olduq. Burada Ukraynanın müxtəlif şəhər və vilayətlərindən, İsraildən, Orta Asiyadan, Belarusdan, Azərbaycandan istirahətə gəlmiş insanlarla dostlaşdıq.
Sanatoriyanın əməkdaşları Azərbaycandan gəlmiş bir jurnalist kimi bizi çox mehribanlıqla qarşıladı. Onlara son illərdə Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan haqqında ətraflı məlumat verdik. Bildirdik ki, Azərbaycanda çoxlu ukraynalılar yaşayır və onlar da dövlət qayğısı ilə əhatə olunmuşlar.
Ümumiyyətlə, Azərbaycan-Ukrayna dostluğu yüksələn xətlə inkişaf edir. Bir neçə il öncə Bakının Nəsimi rayonunun ərazisində dahi Ukrayna şairi Taras Şevçenkonun əzəmətli abidəsinin ucaldılması bu dostluğun bariz nümunəsidir.
Sanatoriya əməkdaşlarının bir neçəsinə Azərbaycanın mənzərəsini əks etdirən buklet bağışladıq.
“Lavanda” sanatoriyasının
3 hektar ərazisi vardır. 7 mərtəbəli
bu şəfa ocağına ilboyu insan axını müşahidə olunur.
Morşinin mineral suyu bu gün
insanlara nələr bəxş etmir? Müalicə dövründə xəstələr
bu su vasitəsilə
sağlamlıqlarını bərpa edir, ağrılardan yaxa qurtarır, kompleks müalicələrlə özlərini
gümrah hiss edirlər.
İl ərzində
Morşin sanatoriyasında
təxminən 55 min nəfər
istirahət edir. 1878-ci ildən fəaliyyətə
başlayan bu müalicə ocağında
insanlar düçar olduqları bir çox xəstəliklərdən
xilas olurlar.
“Dnestr”, “Çeromoş”, “Pertina Prikarpatiya”, “Rassvet”, “Prilosok”, “Niva”, “Geoloq Prikarpatiya” sanatoriyalarında,
“Dinamo”, “Svyazist” adlı pansionatlarda istirahətə gələn
insanlara hər bir şərait yaradılıb. Müxtəlif yerlərə ekskursiyalar
təşkil olunur, mütəmadi olaraq incəsənət ustaları
mədəniyyət evində
və açıq havada maraqlı proqramla çıxış
edirlər. Xüsusilə ekoloji tarazlığın
qorunub saxlanılmasına
maksimum səy göstərilir.
Biz bir axşamçağı
parkda istirahət edən bir qrup
müxtəlif millətlərdən
olan insanlarla söhbət edib, onların ürək sözlərini qələmə
aldıq.
Qalina Maksimovna (Lvov şəhərindən
iş adamı):
—Artıq beşinci ildir ki, məzuniyyətimi
Morşində keçirirəm.
Mədə-bağırsaq sistemimdə problemlərim
var idi. Artıq düçar olduğum xəstəliyə vida demişəm. Səhər
saat 5:30-dan sıx meşəliyə, təbiətin
qoynuna çıxıram.
Quşların nəğmələrini
dinləyə-dinləyə asta addımlarla xeyli məsafə qət edir, sonra qrafikə uyğun olaraq Morşin suyu içir, daha sonra səhər yeməyini yeyib müalicələrə yollanıram...
Saşa
Antonoviç (Belarus Respublikası,
Minsk şəhəri):
—Bir vaxtlar qaraciyər
xəstəliyindən əziyyət
çəkirdim. Bu gün təbiəti və suyu möcüzə
olan Morşin, Karpat dağlarının
atlas geyimli yamacları
mənim üçün
ən müqəddəs
bir məkana çevrilmişdir. Bir sözlə,
Morşinin mineral suyunun
hər damlası insan həyatı üçün faydalıdır,
hər şeydən qiymətlidir. Şübhəsiz ki, ailəmizə sağlam ruhla, xoş təəssüratla
qayıdacağam.
Elfaq Allahverdiyev (Azərbaycanın
Tovuz rayon sakini):
—On ilə yaxındır ki, Nizami, Becan
və digər dostlarımla qızıl payız günlərində
istirahətimizi Morşində
keçiririk. Müayinə
və müalicəyə
söz ola
bilməz. Hər şey öz
qaydasındadır. Yalnız onu
deyə bilərəm
ki, Ukrayna və Azərbaycan xalqlarının dostluğu
əbədidir. Bunu
istirahət dövründə
hər an hiss edirik...
Qədir ASLAN.
Bakı-Morşin-Bakı.
Respublika.-2014.- 6 sentyabr.- S.6.