Unudulmaz şəxsiyyət, böyük yazıçı

 

Ədəbiyyatımızın canlı klassiki, əvəzsiz şəxsiyyət nəcib insan Qılman İlkin əbədiyyətə qovuşdu. Bütöv bir əsrə bərabər yaşamış xalq yazıçısı Qılman İlkinin ömür yolu heç zaman hamar olmamışdır. Çox eniş-yoxuşlar aşmış, acılı-ağrılı günlər yaşamışdır. O, 1914-cü ilin 28 aprel ayında Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən atasını itirəndən sonra anasının və qardaşlarının qayğısı ilə böyüyür. Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbdə təhsil alır.

Kənd məktəbini qurtarandan sonra Bakı şəhərində 18 nömrəli pedaqoji məktəbdə təhsilini davam etdirir.

Pedaqoji texnikumda oxuyarkən Əzizbəyov kitabxanası nəzdində Yazıçılar İttifaqının ədəbiyyat dərnəyində yaxından iştirak edir. O zaman bu dərnəyə əvvəlcə şair Almas İldırım, sonralar isə Seyid Hüseyn rəhbərlik etmişdi. Bu dərnəkdə o, ədəbi yaradıcılığa çox isinişir, Seyid Hüseynin köməkliyi ilə ilk hekayələrini yazır. Bu hekayələrdən biriHücum” jurnalında dərc edilir.

1920-1930-cu illərdə Azərbaycan kəndlərində müəllim çatışmadığına görə texnikum tələbələrini, eləcə də 14 yaşında yeniyetmə Qılmanı Xaçmaz rayonuna göndərirlər. O, Əhmədoba kəndində həm müəllim, həm də məktəb müdiri işləyir.

Sonrakı illər Qılman müəllimin sorağı “Gənc işçi” qəzetindən gəlir. O, ədəbi işçi vəzifəsində çalışır. Redaksiyanın binası ilə üzbəüz İsmailiyyə binasında yerləşən Proletar Yazıçıları Cəmiyyətinə gedir, hətta orada çağırılmış yığıncaqlarda yaxından iştirak edir. Görkəmli Azərbaycan yazıçılarını yaxından tanıyır, redaksiyaya gələn Mikayıl Müşfiq, Süleyman Rüstəm, Seyid Hüseyn və başqaları ilə də yaxından tanış olur.

Qılman İlkin 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə daxil olur. Eyni zamanda ədəbi yaradıcılığa başlayır. Əvvəllər Əli Vəliyev, Zeynal Xəlil və Mikayıl Müşfiqin əsərləri barədə tənqidi məqalələr yazır. 1938-ci ildə institutda Müşfiq haqqında keçirilən ədəbi gecədə Müşfiqin uşaq şeirləri barədə etdiyi məruzə üstündə çox keçmir ki, başı bəlalar çəkir. Müşfiqin həbsi ilə bağlı tez-tez təhlükəsizlik orqanları tərəfindən sorğu-suala tutulur.

Qılman İlkin 1938-ci ildən “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktordirektor vəzifələrində işləmişdir.

İkinci dünya müharibəsi onu düşkün əhval-ruhiyyədən xilas edir. Xəstəliyinə görə hərbi xidmətdən azad olsa da, 1941-ci ildə partiyanın Mərkəzi Komitəsi tərəfindən Cənub cəbhəsinə hərbi xidmətə göndərilir.

1941-ci ildə İran ərazisində - Cənubi Azərbaycanda olan Sovet Qoşunları tərkibində Mirzə İbrahimovun başçılığı altında olan 100 nəfərlik ziyalı, jurnalist və mətbəə işçisi Təbriz şəhərində “Vətən yolunda” qızıl əsgər qəzeti dərc etməyə göndərilmişdi.

Bu jurnalistlər arasında başqa yazıçı və qəzet işçiləri ilə yanaşı, ərəb əlifbası ilə sərbəst yazıb oxuyan Qılman İlkin də vardı. Göndərilən adamlara o zaman Mərkəzi Komitənin katiblərindən biri—Əziz Əliyev rəhbərlik etdiyi üçün onlara Əziz Əliyev qrupu deyilirdi. Lakin bu adamların vəzifəsi yalnız qəzet çıxarmaqla kifayətlənmirdi. Onlardan bəzisinin üzərinə məsul vəzifələr də qoyulmuşdu. Qəzet işçilərindən Qulam Məmmədli ilə Qılman İlkinə Güney Azərbaycanın mədəni tarixi ilə məşğul olmaq vəzifəsi də tapşırılmışdı: Qulam Məmmədli ədəbiyyat tarixi ilə, Qılman İlkin el ədəbiyyatı-folklorla, qəzetin başqa bir işçisi Təbrizin yerli teatr truppası ilə məşğul olmaq tapşırılmışdı.

Redaksiya kollektivi Cənubi Azərbaycanda milli azadlıq hərəkatına da kömək edirdi. Yerli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin tapşırığı ilə Qılman İlkinlə Qulam Məmmədli Güneydəki milli azadlıq hərəkatı haqqındakı materialları bir ay müddətində gecəli-gündüzlü İranSovet mətbuat səhifələrindən toplayıb kitab şəklində çap etdilər.

Bu işə görə tərtibçilərin hər ikisinə Azərbaycan milli hökumətin ali “21 Azər” medalı verilmişdi.

1941-ci ilin yayında Mərkəzi Komitə Qılman İlkini Şimali Qafqaz cəhbəsinə ezamiyyətə göndərir, orada tanınmış tənqidçi Cəfər Xəndanın redaktorluğu ilə Azərbaycan dilində çıxan “Vətən uğrunda” qəzeti redaksiyasında işləyir.

Bir müddətdən sonra Cəfər Xəndanla Q.İlkin Mərkəzi Komitə tərəfindən geri çağırılır və 20 nəfərədək redaksiya heyəti tərkibində Mərkəzi Komitənin katibi Əziz Əliyevin başçılığı ilə yenidən Təbriz şəhərinə ezam olunur.

İkinci dünya müharibəsinin axırınadək onlar Təbrizdə qalır. Müharibədən sonra Qılman İlkin Bakıya qayıdır. Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərnəşrdə baş redaktor işləyir.

Onun dövründə Azərnəşrin buraxdığı ki

tablar həm tərtibat, həm də keyfiyyət etibarı ilə xeyli yaxşılaşır. Belə ki, ondan qabaq nəşriyyatın bircə kitabı belə qiymətləndirilmədiyi halda, onun dövründə nəfis tərtib olunmuş kitablara hər dəfə kitab sərgisində diplommükafat verilir. Azərnəşrin fəaliyyəti hər il yüksək qiymətə layiq görülür. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi nəşriyyatın buraxdığı kitablara görə onu böyük gümüş medalla təltif edir.

Qılman İlkin 1963-cü il mayın 5-də Mərkəzi Komitənin tapşırığı ilə Azərbaycan Yazıçılar Birliyinin orqanı “Azərbaycan” jurnalının baş redaktoru təyin olunur.

O zaman jurnalın vəziyyəti çox ağır idi. Oxucular jurnaldan uzaqlaşmışdılar. Abunəçilərin sayı çox az idi. Buna görə də jurnalın tirajı çox aşağı idi. Təzə gəlmiş redaktorun qarşısında müxtəlif vəzifələr dururdu. Əvvəla redaksiyanın portfeli tamam boş idi. Təqdim olunan əsərlər aylarla oxunmurdu. Belə hallar jurnalı hörmətdən salmışdı. Redaksiyada əmək intizamı çox aşağı idi. İşçilər bəzən saatlarla redaksiyada tapılmırdı. Jurnala təzə redaktorun təyin olunduğunu eşidən kimi özlərini yığışdırdılar.

Redaksiyadakı qüsurları kompleks şəkildə həll etmək, təbii, çox çətin idi. Lakin Qılman İlkin təcrübəli mətbuatçı kimi hər şeyi tezliklə öz yoluna qoydu: boşalmış redaksiya portfelinin qayğısına qaldı, yazıçılarla söhbətlər keçirildi. Mətbəə ilə sıx əlaqəyə girib mətbəədə gecikmələrin qarşısı alındı. İşçilərdən bəziləri rayonlara göndərildi. Tirajı artırmaq məqsədilə oxucu kütlələri ilə əlaqə yarandı. Gənc yazıçılarla söhbətlər aparıldı. Yaranmış belə vəziyyəti görən redaksiya əməkdaşları da özlərinə nəticə çıxardılar. Gənc yazıçıların əsərləri kollektiv şəkildə oxunurdu. Jurnalın bədii tərtibatı barədə də söhbətlər oldu. Rəssamlardan bəziləri bu işə cəlb edildi. Əlyazmalarının redaktorlar tərəfindən vaxtında redaktə olunub təhvil vermələri üzərində tam nəzarət yarandı.

Xoşbəxtlikdən bu qeyri-adi təşkilatçılığın şahidi olmuşam. O zaman “Azərbaycan” jurnalı redaksiyasında şeir şöbəsində Əli Kərim, Cabir Novruz, nəsr şöbəsində Vidadi Babanlı, Ənvər Yusifoğlu, Vaqif Musa işləyirdi. Mən tənqid və ədəbiyyatşünaslıq şöbəsinə rəhbərlik edirdim. Novruz Gəncəli redaktor müavini, Ağacavad Əlizadə məsul katibin müavini idi.

Qılman İlkinin baş redaktor kimi davranışı, səmimiyyəti və tələbkarlığı, işə münasibəti bizim hamımız üçün tərbiyə məktəbi idi. O, ən nəcib insani keyfiyyətlərə malik istedadlı qələm sahibi, əqidəli redaktorictimai xadim kimi tanınırdı. O öz həmkarları arasında müdrikliyi, təmizliyi və sadəliyi ilə seçilirdi. İş yoldaşlarım kimi mən də ondan müəllimim və ağsaqqalım kimi çox şey əxz etmişəm.

Redaksiyada hər şey yenicə qaydaya düşmüşdü ki, Qılman İlkin jurnaldan geri çağırılıb Azərnəşrə direktor təyin edildi. Bu aylarda Azərnəşrin planları daha da genişlənmişdi. Musiqi nəşriyyatı Azərnəşrə qatılmışdı. Qılman İlkin nəşriyyatda işləri yüksək səviyyədə təşkil etdi. Onun Azərnəşrə gəlməsindən üç ay keçmişdi ki, Əməkdar incəsənət xadimi Qılman İlkin Vətən qarşısındakı xidmətlərinə görə “Qırmızı əmək bayrağı” və İkinci dünya müharibəsi ordenlərinə layiq görüldü.

İctimai fəaliyyəti dövründə Qılman İlkin yazıçı kimi çox məhsuldar işləmişdir. Bütün yaradıcılığı boyu 54 kitabı nəşr edilmişdir. Bunlardan dördü roman, qalanları povest və hekayələrdir. “Cərrahlar”, “Tayqa nağılı”, “Əsgər müharibədən qayıdırdı”, “Geriyə yol yoxdu”, “Baba və nəvə” televiziya pyesləri uzun müddət mavi ekranda göstərilmişdir. OnunŞimal küləyi” əsəri dövlət mükafatına layiq görülmüşdür. O, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət həyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. “Bakı və bakılılar” kitabı” Humay mükafatı almışdır. O, Qafqaz Müsəlmanları İdarəsinin Paklıq mükafatına layiq görülən yeganə yazıçıdır. Əsərləri xarici ölkələrdə dərc edilmişdir. Onun ssenariləri əsasında iki bədii film—“Yenilməz batalyon”, “Kölgələr sürünür” çəkilmişdir. Qılman İlkinin 96 yaşında da qələmi əlindən düşməmişdi. 2009-cu ildə “Xaqani” adlı pyesini, “Abbasqulu Ağa Bakıxanov” povestiniAlmas İldırım haqqında əsərini başa çatdırmışdır.

Qılman İlkin həmişə deyirdi ki, o ömrü boyu bir prinsiplə işləmişdi: “Mənə olan pislikləri və başqalarına etdiyim yaxşılıqları dərhal unuduram”.

Onun bu amalı uzun ömür sürməyin sirlərini bizə aşılayır. Qəlb təmizliyi, xeyirxahlıq və mənəvi paklıq, heç kəsin paxıllığını çəkməmək bu ülvi insanın bizə tövsiyəsi və vəsiyyətidir.

 

Teymur ƏHMƏDOV.

Respublika.-2014.- 7 sentyabr.- S.3.