Ombudsmanın təşəbbüsü
ilə elan olunan “Sülh aylığı”na yekun
vurulmuşdur
İnsan hüquqları, sülh və dözümlülük
mədəniyyətinin təbliği,
əhalinin hüquqi cəhətdən maarifləndirilməsi,
onların hüquqi düşüncə və
mədəniyyətinin günün
tələbləri səviyyəsində
inkişaf etdirilməsi
demokratik-hüquqi dövlətin
və vətəndaş
cəmiyyətinin qurulması
prosesinə təkan verən ən mühüm amillərdəndir.
BMT tərəfindən dünya miqyasında əlamətdar gün kimi qeyd edilən “21 sentyabr - Beynəlxalq Sülh Günü” insanların həqiqətə olan hüquqlarını, zorakılıqsız və münaqişəsiz cəmiyyəti, firavan həyatı təcəssüm etdirir.
BMT-nin Baş Assambleyasının 39/11 saylı 12 noyabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilən və bu il 30 illiyi qeyd olunan “Xalqların sülh hüququna dair” Bəyannaməsində də sülh hüququna xüsusi status verilərək bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir. Bu isə sülh hüququnun təmin edilməsinin zəruri olduğunu bir daha təsdiq edir.
1995-ci il UNESCO-nun Dözümlülük haqqında Prinsiplər Bəyannaməsində deyildiyi kimi, tolerantlıq, sülh, ədalət, qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayan dözümlülük “sülhü mümkün edərək müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir”. Bu bəyannamələr hər bir dövlətin üzərinə sülhün təmin edilməsi və qorunması öhdəliyini qoyur.
İnsan hüquqlarına hörmət edilməsi prinsipi ilə bilavasitə əlaqədar olan digər mühüm rəhbər başlanğıclar - dövlətlərin suveren bərabərliyi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi BMT Nizamnaməsinin 2-ci maddəsinin tərkib hissəsini təşkil edir. Bu Nizamnamənin 55-ci maddəsi isə insan hüquqlarına hörmət prinsipinin digər aspektlərini müəyyən edir. Həmin maddədə göstərilir ki, millətlər arasında, xalqların hüquq bərabərliyi və özünü müəyyənetmə prinsipinə hörmət əsasında sülh və dostluq münasibətləri üçün zəruri olan sabitlik və əmin-amanlıq şəraitini yaratmaq məqsədilə BMT aşağıdakılara dəstək verir: həyat səviyyəsinin yüksəldilməsinə, əhalinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqinin inkişaf etdirilməsinə, iqtisadi, sosial, səhiyyə və buna müvafiq sahələrdə beynəlxalq problemlərin həllinə, mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa, irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət və riayət edilməsinin təmini.
Qloballaşan dünyada isə bir çox münaqişələr gedişində və işğalçılıq siyasətini pərdələmək məqsədilə “xalqların öz müqəddaratını təyin etmək hüququ” məntiqsiz şəkildə önə çəkilir.
Misal olaraq göstərilməlidir ki, Ermənistan tərəfi də bu gün işğalçılıq siyasətini bu anlayışla pərdələmək niyyətindədir.
1990-cı il 21 noyabr tarixində Parisdə ATƏT çərçivəsində qəbul edilmiş yekun sənəddə millətlərin öz müqəddəratını həll etmək hüququ nəzərdən keçirilərək BMT nizamnaməsinə və orada təsbit edilmiş prinsiplərə, xüsusilə ərazi toxunulmazlığı prinsipinə uyğun şəkildə bir daha təsdiq edilib.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar sadalanmaqla yanaşı, hər bir şəxsin cəmiyyət qarşısında öhdəliyə malik olması, həmin hüquq və azadlıqların həyata keçirilməsinin heç bir halda BMT-nin məqsəd və prinsipləri ilə ziddiyyət təşkil etməməsi xüsusilə vurğulanır. Bundan əlavə, Bəyannamənin preambulasında insan şəxsiyyətinin ləyaqəti və dəyəri, qadın və kişi hüquqlarının bərabərləşdirilməsi də xüsusi olaraq vurğulanır.
Son dövrlər qanunun aliliyi və demokratiya ilə qarşılıqlı əlaqədə olan insan hüquqlarının inkişaf tendensiyası daha da güclənməkdədir. Belə ki, BMT-nin 2000-ci ildə qəbul etdiyi Minilliyin Bəyannaməsi də demokratiyanın dəstəklənməsi və qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən beynəlxalq hüquqla tanınmış insan hüquq və azadlıqlarına hörmət edilməsi üzrə bütün səylərin birləşdirilməsini bəyan edir.
21 noyabr 1990-cı il tarixli Yeni Avropa üçün Paris xartiyasında isə dövlətlərin ən vacib öhdəliyi kimi əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi, onlara əməl edilməsi və onların həyata keçirilməsi vasitəsi qismində isə azadlığın əsası, ədalətlilik və sülh göstərilir.
Qeyd olunmalıdır ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeyi dəstəkləyən və buna sadiq olan Azərbaycanın ötən 26 illik tarixi erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın beşdə birinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, xalqımızın müharibə dəhşətlərini öz taleyində yaşaması, əzəli torpaqlarından qovulmuş soydaşlarımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə yazıldı.
Bu gün atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülkü əhaliyə ziyan vurulması, o cümlədən dinc əhalinin girov götürülməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur.
BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin edilməsi və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnaməsinin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, Azərbaycana qarşı düşmənçilik siyasəti bu gün də davam etdirilir, atəşkəs rejimi mütəmadi pozulur, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Proseslərin bu yöndə cərəyan etməsi dünyada sülh baxışlarının inkişafına təsir edən neqativ amillərdən olduğundan, məsələnin həllində dünya ictimaiyyəti və beynəlxalq qurumlar öz dəstəyini əsirgəməməlidir.
Hər il ənənəvi olaraq, Ombudsmanın təşəbbüsü ilə elan olunan “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” ilə yanaşı, “Sülh aylığı” da ölkənin sülh siyasətinə öz tphfəsini verməklə, ölkəmizdə sülh mədəniyyəti sahəsində müsbət təcrübə formalaşdırır.
Ombudsmanın təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarına hörmət ruhunun təbliğinə xidmət edir.
Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilməklə, bir çox ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımağına, Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağının qarşısının alınmasına xidmət edir. Qeyd olunmalıdır ki, ölkə Prezidenti münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır və dünya dövlətlərini, beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə, sülhə gedən yolda birliyə və qarşılıqlı əməkdaşlığa dəvət edir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 39-cu bəndində, habelə 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP-nin) isə 4.10-cu bəndində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi təsbit olunmuşdur. Hazırda bu sənədlərə əsaslanmaqla yerli və mərkəzi icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, QHT və KİV-lə əməkdaşlıqda geniş fəaliyyət həyata keçirilməkdədir.
Silahlı Qüvvələrin hərbi birləşmələrində, cəzaçəkmə müəssisələrində, uşaq evləri və internat müəssisələrində, orta və ali təhsil ocaqlarında, icmalarda, müxtəlif dövlət qurumlarının, hərbi Elm-Tədris Mərkəzlərində, hüquq mühafizə orqanlarının Akademiyalarında insan hüquqları və sülh mədəniyyətini təbliğ edən seminarlar və treninqlər təşkil olunması, dövlət qurumlarının mətbu orqanlarında, qəzet və jurnallarda məqalələr dərc edilməsi insan hüquqları və sülh mədəniyyətinin təbliğinə mühüm töhfə verir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, insan hüquqlarına dair bir sıra universal və regional beynəlxalq hüquqi aktlarda öz əksini tapmış, insan hüquqlarının tərkib hissəsi kimi, kollektiv hüquq olan sülh hüququ geniş anlam ifadə etməklə yanaşı, bütün xalqlar və cəmiyyətimiz üçün firavanlıq, əmin-amanlıq, müharibəsiz, zorakılıqlarsız mədəniyyəti ehtiva edir.
Azərbaycan Ombudsmanı fəaliyyətinin ilk illərindən başlayaraq, beynəlxalq təşkilatlarda ölkənin sülhməramlı mövqeyini, sülh təşəbbüslərini əks etdirən bəyanatlarla çıxış edir. Müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT qurumlarında torpaqlarımıza edilən hərbi təcavüzü, bu hərbi münaqişədən əziyyət çəkən uşaqların, qadınların, ahılların vəziyyətini əks etdirən bəyanatlar səsləndirilmiş, müzakirə edilmiş, münasibət bildirilərək rəsmi şəkildə beynəlxalq səviyyədə qeydə alınmışdır.
Ombudsman sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq, xüsusilə də gənclər arasında sülh təhsili və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirməklə yanaşı, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirmişdir.
1997-ci ildən 100 illik tarixə malik Beynəlxalq Sülh Bürosunun üzvü olan, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin dəstəklədiyi Azərbaycan Sülh və İnkişaf Alyansı müxtəlif dövlət orqanlarının, beynəlxalq təşkilatların, dini icmaların, QHT-lərin iştirakı ilə qarşılıqlı əməkdaşlığa əsaslanan və respublikamızda sülh hərəkatının formalaşdırılması istiqamətində əhalinin müxtəlif qruplarına (uşaqlara, gənclərə, qadınlara, ahıllara, milli azlıqlara, dini icma nümayəndələrinə) ünvanlanan fəaliyyəti ölkəmizdə müsbət təcrübə formalaşdırmaqdadır.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin gənc sülh elçilərinin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal iştirakı da respublikamızda uşaq və gənclərin iştirakçılığını təmin edən və bu sahədə formalaşmış ən yaxşı təcrübələrdəndir.
Bununla yanaşı insanların mənəvi sərvətləri içərisində dinin fərqliliyi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə, əməkdaşlığa dəvət etmişdir. Biz indi də bunun şahidiyik. Getdikcə daha çox din adamı dinlərarası dialoqun zəruriliyini dərk edir və dəstəkləyir. Bu isə sülh, dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə əməkdaşlıq tələb edir.
Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir...
O təkcə dinlərin bir-birinə yaxınlaşması deyil, onların bir birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.
Beynəlxalq arenada münaqişələrin həll olunması üçün ölkəmiz öz töhfəsini verməklə, sülhməramlı qüvvələrini müharibə ocaqlarında atəşkəsin, əmin-əmanlığın təmin olunması üçün səfərbər etmişdir.
Bu gün dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır. Bu isə ölkənin sülh təşəbbüslərinin qüdrətlənməsinə və davamlı inkişafa verilən ən mühüm töhfələrdəndir.
Rəşid
Rumzadə,
Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
Aparatının Hüquqi
maarifləndirmə sektorunun müdiri,
Ombudsmanın Sülh məsələləri üzrə müşaviri.
Respublika.-2014.- 23 sentyabr.- S.5.