Qulamrza Səbri Təbrizi:
“Getdiyim hər yerdə Azərbaycanın “səfiri”
olmuşam”
Əsrlər boyu inqilablar beşiyi olmuş Güney Azərbaycanı saysız-hesabsız qəhrəmanlar, yazıçılar, ictimai xadimlər yetirmişdir. Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qulamrza Səbri Təbrizi də məhz belə şəxsiyyətlərdən biridir.
Bakı Dövlət Universitetinin və Edinburq Universitetinin və professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədri, şeir, tərcümə, elmi-publisistik kitabların müəllifi olan Qulamrza Səbri Təbrizi uzun illərdir ki, Qərbi Avropada, dünyada Azərbaycanın haqq səsi uğrunda mübarizə aparır. Əməkdaşımız professor Qulamrza Səbri Təbrizi ilə görüşüb söhbət etmişdir. Onun duyğu və düşüncələrini oxucularımıza təqdim edirik.
1934-cü ildə inqilablar beşiyi Təbrizdə doğulmuşam. Ailədə doğulan 8 uşağın ikincisi olmuşam. Atam Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Dindar olsa da, azad ruhlu, azad düşüncəli, vətənpərvər bir insan idi. Seyid Cəfər Pişəvəri ilə səmimi dostluq əlaqəsi var idi. Yaxşı xatırlayıram, atam deyərdi ki, baba, mən siyasət adamı deyiləm, mən adamın işinə, əməlinə baxıram və görürəm ki, ağayi Seyid Cəfər mənim işçilərim üçün hamam tikdirir, onları təmizliyə çıxarır, xalqın qayğısına qalır, əhalinin savadlanmasına çalışır...
1945-46-cı illərdə atamın istəyi ilə Təbrizdəki Elmiyyə məktəbində təhsilimi davam etdirdim.
Uşaqlıq illərinin xatirələri insan qəlbində dərin izlər salır. Xalqımızın o azadlıq, istiqlal arzuları, coşqusu, Təbrizin küçələrinin insan selilə coşub-daşması, üzlərdə, gözlərdə olan sözlə ifadə olunması mümkün olmayan sevgi, sevinc duyğuları... Və bunun ardınca qan gölündə boğulan Təbriz, saysız-hesabsız dar ağacları... Bütün bunlar 11-12 yaşlı bir uşağın yaşadığı, unuda bilmədiyi təlatümlərdi.
İnsan öz gücünü, qüdrətini, enerjisini doğulduğu torpaqdan, doğma xalqından, ana dilindən alır.
Görünür, milli hökumətimizin yaşadığı o bir il təkcə mənim yox, bir çoxlarının gələcək arzularının yoluna işıq saldı. Biz kimliyimizi dərk etdik, azadlığın şirinliyini daddıq, ana dilində səs-səsə verib himnimizi oxuduq. Bu hisslər, bu duyğular, gözümlə gördüyüm bu olaylar gələcəkdə Qulamrza Səbri Təbrizi kimi formalaşmağımda böyük rol oynadı.
1953-58-ci illər arasında Təbriz Universitetinin ingilis və fars filologiyası fakültəsində oxudum. O vaxt İranda hökm-fərma olan Amerika hərbi idarəsində tərcüməçi işlədim. Ayrı-ayrı mərtəbələrdə xalqıma olan alçaldıcı münasibəti gördüm. Məktəbdə dərs dedim, dili bağlı, qolu bağlı xalqımın balalarının əzablarıyla yaşadım. İçimdəki fırtınalar mənə rahatlıq vermədi. Dərd okeanının qoynunda üzən tənha qayığa bənzəyirdim.
1959-cu ildə İstanbul Universitetinin magistraturasına qəbul
olundum. Ancaq ölkədəki mürəkkəb durumla
bağlı təhsilimi yarımçıq qoyub Təbrizə
qayıtmalı oldum. Bir neçə aydan
sonra cibimdə yüngül yol xərcliyi, qəlbimdə
böyük arzular İngiltərəyə üz tutdum.
Bir il kollecdə oxuyub magistratura təhsili
aldım. Ehtiyac üzündən gecələr
dəmir yolunda fəhlə, restoranda xidmətçi, BBS
radiostansiyasında müxbir, harda gəldi işlədim,
öz alın tərimlə qazandığım ruzi ilə
dolandım. Ancaq xeyriyyə cəmiyyətlərinə
müraciət etmədim, özümə
sığışdırmadım ki, “Təbrizi” soyadı Qərbi
Avropanın hansısa xeyriyyə cəmiyyətinin
siyahısına yazılsın...
1963-cü ildə dissertantlığa
başladığım Edinburq Universitetində “Vilyam Bleykin
dialektik fikri, sosial görüşləri” mövzusunda
doktorluq işimi uğurla müdafiə etdim. Bu dissertasiya
işi sonralar, 1973-cü ildə “Vilyam Bleykin cəhənnəmi
və cənnəti” adı ilə Londonda və Nyu-Yorkda nəşr
olundu.
Bu tədqiqat əsərində ingilis romantik ədəbiyyatının
parlaq nümayəndələrindən biri olan Vilyam Bleykin zəngin
irsi Şərq və Qərb dəyərləri kontekstində
təhlil olunurdu. Bu təqdimatdan sonra ingilislər öz
dahi oğullarını sanki təzədən
tanıdılar, kəşf etdilər.
Tanınmış ingilis tənqidçisi Raymond Vilyams
“Qardian” qəzetində çap etdirdiyi məqaləsində
doktorluq işimə yüksək qiymət vermişdi: “Bleyk
haqqında yazılan bu kitab o birilər kimi sadə deyil. Bu, orijinal və güclü bir əsərdir.
O, öz mahiyyətini hələ uzun illər saxlayacaqdır”.
Edinburq Universitetində uzun illərdən bəri çəkdiyim
zəhmət və əziyyətlərin, yetişdirdiyim
yüzlərlə tələbələrin,
yazdığım müxtəlif janrlı
saysız-hesabsız əsərlərin, çap olunmuş
kitabların fövqündə həmişə Vətənim,
ana dilim, sevgili Azərbaycanım dayanıb. Alimliyim,
şairliyim haqqında, gördüyüm işlər barədə
danışmaqdan çox, məni Vətənimin taleyi
düşündürüb həmişə. Şükürlər olsun ki, xalqımız bu tayda
öz istiqlalına qovuşdu. Neçə
illərdi ki, mən həm də Bakıda yaşayıram.
Bakı Dövlət Universitetinin professoruyam.
Azərbaycanın inkişafı, tərəqqisi,
çiçəklənməsi məni ürəkdən
sevindirir. Sevinirəm ki, ulu öndər
Heydər Əliyevin arzuları gerçək olur. Onun ideyalarını uğurla həyata keçirən
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı
xoşbəxt gələcəyə aparır. Amma bir gözüm gülsə də, bir
gözüm ağlayır. Məni o tayda
yaşayan 35 milyonluq xalqımızın acı taleyi
düşündürür. Dünyada gedən
demokratik proseslər elə bir forma və məzmunda inkişaf
edir ki, hər hansı bir millət bununla ayaqlaşdıqda
öz mövcudluğunu qorumaqla yanaşı, həm də
öncül toplumlardan birinə çevrilir. Bu demokratik prosesdə başlıca yer tutan amillərdən
biri də insan haqları və azadlıqları, hər bir
millətin öz ana dilində təhsil alması, milli-mədəni
dəyərlərini qorumaqla yanaşı, bunun inkişaf etməsində
yaxından iştirak etməsi vacib məsələlərdən
biri hesab olunur.
1925-ci ildən 1977-ci ilə kimi İranda hakimiyyətdə
olmuş qanlı Pəhləvi rejimi Güney Azərbaycanda
milli hüquq və azadlıqları tamamilə yasaq
etmişdi. 1979-cu ildə baş vermiş inqilabdan sonra düz 35
ildir ki, indiki İran rejimi də həmin siyasəti davam
etdirir. İndi Afrika, Asiya, Avropa, Amerika qitəsində
ən kiçik xalqların belə milli hüquqları
tanınmaqda, onların milli adət və ənənələrinə
dövlət səviyyəsində diqqət göstərilməkdədir.
Avropada ən azsaylı toplumlar belə
özünün milli-mədəni hüquqlarına sahibdirlər.
Bu xalqların milli varlığını qorumaq
üçün hətta dövlət büdcəsindən
xüsusi vəsaitlər belə ayrılır. İran isə 35 milyonluq bir xalqın
varlığına göz yumur.
Avropa dövlətlərinin təməl prinsipi
demokratiya, xalqların hüquq və azadlıqlarının
tanınmasından ibarətdir. Bu fikirləri digər
dövlətlərin ziyalıları və alimlərindən
də eşitmişəm. Onlar Güney Azərbaycanda
35 milyonluq bir toplumun öz ana dilində nə bir məktəbinin,
nə qəzet və dərgisinin, nə də radio və
televiziyasının olmadığını eşidəndə
heyrətə gəlirlər. XXI
yüzillikdə böyük bir millətə bunca qəddar
münasibətdən heyrətlənir və dəhşətə
gəlirlər.
Güneydən Quzeyə qonaq kimi gələnlər burada
milli dildə təhsili, mədəniyyətin durumunu da
görürlər. Burada uşaq bağçalarını,
orta məktəbləri, universitetləri, televiziya və
radioları, qəzet və dərgiləri, teatr və mədəniyyət
ocaqlarını gördükdə bundan qürur duyurlar.
İnsanların küçə və
meydanlarda sərbəst şəkildə ana dilində necə
şirin-şirin danışdıqlarından fərəhlənirlər.
Axı dili bir, canımız və
qanımız bir qardaşımız olan Güney Azərbaycan
türkləri də bu təbii və insani hüquqlarından
istifadə etmək istəyirlər. Güney
Azərbaycan ziyalıları və alimləri ilə birlikdə
BMT-nin baş katibi Pan Gi Muna müraciətimiz də güneyli
soydaşlarımıza olan münasibətlə bağlı
idi. Və müraciətimizin belə
qısa müddətdə yüksək səviyyədə qəbulu
və müraciətə cavab verilməsi bizi ümidləndirdi.
İnanırıq ki, haqq, ədalət gec-tez
öz yerini tutacaq.
Hazırkı İran rejimi Güneydə yaşayan
xalqımızı təbii fəlakət qarşısında
qoymuşdur. Dünyada ikinci ən böyük duzlu göl olan
Urmiya gölü süni şəkildə qurudulur. Bu gölün quruması o bölgədə
yaşayan on milyon Azərbaycan türkünün öz
yurd-yuvasından didərgin düşməsinə gətirib
çıxara bilər. Bu ekoloji fəlakətə
rəvac verənlər hələ də susurlar. Çünki bu, İran rejiminə sərf edir.
Biz bununla da bağlı BMT-yə müraciət
etmişik. Azərbaycan o tayı, bu
tayı ilə dünyanın ən zəngin ölkəsidir.
Bizim yeraltı, yerüstü sərvətimizlə
yanaşı, parlaq istedada malik insan amilimiz var. Nizamini,
Füzulini, Nəsimini, Sabiri, Şəhriyarı yetirən
xalq xoşbəxt deyilmi?
Sevinirəm ki, bir vaxt yazıb-oxumağıma yasaq qoyulan
ana dilimdə şeirlər yazıram. Bu şeirləri
balalarımız əzbər deyir. Qürur
hissi keçirirəm ki, Böyük Britaniyada təsis etdiyim
və sədri olduğum “Ana dili” fondunun dəstəyi ilə
xeyli sayda soydaşımız Avropanın və Azərbaycanın
neçə-neçə universitetlərində təhsil
alırlar. Fondun yardımı ilə
neçə-neçə Azərbaycan yazıçı və
şairlərinin kitabları işıq üzü
görüb. Bundan başqa, Güneydə
milli mətbuatın və kitab nəşrinin dirçəlişi
sahəsində də fondun gördüyü işlər məni
sevindirir.
Dünyanın yaranışından mübarizələr,
döyüşlər, qovğalar gedir. Bizim
hamımızın evi olan bu yer kürəsi müharibələr,
qanlı çəkişmələr meydanına
çevrilib. Bəs insanı bu qanlı
savaşlara, vəhşiliyə, qəddarlığa sövq
edən nədir? Əlbəttə, ilk növbədə
özünü dərk etməməsi, qlobal düşünməməsi,
dözümsüzlüyü...
Mən
“Yaranış” kitabımdakı ön sözdə
yazmışam: “Mən vəhdəti-vücud fəlsəfəsini
öz həyatımdan öyrənmişəm. Anam,
atam, bacılarım, qardaşlarım, ətrafdakı insanlar,
ağaclar, güllər, çəmənlər, dağlar və
təbiətdə mövcud olan minlərlə şeylər,
ümumilikdə həyatdakı bütün canlı və
cansız varlıqlar mənim ruhumda birləşiblər.
Təbiətdə mövcud olan bu varlıqlar elə
məndə vahid fikir, vahid vücud yaradıblar. Bu birlik ruhumda maddi dünyayla elə sıx birləşib
və yenidən doğulublar ki, ruhun və maddənin, yaxud təbiətin
ayrılığından söhbət gedə bilməz.
...Tədqiqatımda, nəhayət, qənaətə gəlmişəm
ki, panteizm — vəhdəti-vücud fəlsəfəsi psixoloji
və ictimai baxımdan çox modern və sağlam fikir fəlsəfəsi
kimi bəşəriyyətin ictimai inkişafına
böyük təsir göstərə bilər. Bu fəlsəfə yeni ümumbəşəri vəhdəti-vücud
fəlsəfəsinin əsasını təşkil edə
bilər. Həmçinin dünyada sülhün
qorunmasına, millətlərin bir yerdə, bir məqsəd
uğrunda çalışmasına vəhdəti-vücud fəlsəfəsi
insani və real fikir ola bilər.
...Mən
uzun illik təcrübəmdə və tədqiqatımda bu qənaətə
gəlmişəm ki, vəhdəti-vücud fəlsəfəsi
fərdin, cəmiyyətin və dünyanın
inkişafında, sülh və rifahında böyük rol
oynayıb və oynaya bilər.
Bizcə, o zaman qan tökmələri dayandırmaq olar
ki, dünyanı idarə edənlər pulu, sərvəti,
maddi dünyanı sevdikləri kimi insanı və insaniyyəti
sevsinlər, insanların həyatını, rifahını,
sülh şəraitində yaşamasını müqəddəs
tutsunlar. Maddi və şəxsi məqsədlərə, mənafelərə
xidmət etməkdən əl çəksinlər.
Yaşımın bu çağında çox-çox
şeyləri xatırlayıram. Təbrizin dolanbac
küçələrini, aylı gecələrini, nənələrimizin
nağıllarını, anamın balalarına
şirin-şirin layla deməsini, ayrılıq zamanı
göz yaşı içində dalımca bir dolça su
atmasını, hər şeyi xatırlayıram. Və heç şübhəsiz, böyük insanları,
böyük şəxsiyyətləri, onlarla olan
görüşləri unuda bilmirəm.
Ulu öndərimiz Heydər Əliyevlə Azərbaycanın
gələcəyi ilə bağlı söhbətlərimizi
xatırlayıram. O, mənə “qardaşım” deyə müraciət edərdi.
Mən nəinki Azərbaycanda, heç dünya
miqyasında ikinci bir siyasətçi tanımıram ki, Heydər
Əliyev qədər öz xalqının xaricdəki
diasporuna maraq və qayğı göstərsin. Böyük, çox böyük şəxsiyyət
idi Heydər Əliyev. Əziz Nesinlə
dostluğumuzu, görüşlərimizi unuda bilmirəm.
Xalq şairi Balaş Azəroğlunun vətənlə,
Təbrizlə bağlı duyğularını qəlbimə
yazmışam. Mən sevinirəm ki,
xalqım ədalətli xalqdır, haqqın tərəfində
dayanan xalqdır. Haqqın tərəfində
dayanırsa, deməli, onun yaşamağa haqqı var.
Neçə illərdir ki, mən gəzəri vətənəm. Azərbaycanı
özümlə dünyanın hər yerinə aparıram,
onu sevə-sevə, oxşaya-oxşaya vəsf edirəm.
Bir sözüm var: “Mən vətəndən
çıxdım, Vətən məndən
çıxmadı”.
Bu gün vaxt, zaman 50 milyonluq Azərbaycan
Türkünün xeyrinə işləyir. Mən
Qarabağımızın da, Güney Azərbaycanımızın
da taleyinin xoşbəxt sonluqla bitəcəyinə
inanıram. İnsan həmişə sabaha, gələcəyə
ümidlidi...
Bir
gün gələcək —
Mən olmayacağam dünyada.
Ancaq millətim qalacaq.
Dilim yaşayacaq.
Vətənim əsarətdən xilas olacaq.
İstiqlaliyyətinə qovuşacaq.
Bəs mənim əməllərim necə, qalacaqmı?
Sözlərim yaşayacaqmı?
Söhbəti yazdı:
Zülfüqar ŞAHSEVƏNLİ,
Respublika.-2014.- 23 sentyabr.- S.6.