Qazmaçılar beynəlxalq
standartlar səviyyəsində
çalışır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dühasının gərgin səylərinin nəticəsi olaraq, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin imzalanması, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Müstəqilliyinin bərpa olunmasından ötən dövr ərzində sürətli inkişaf dövrü keçmiş Azərbaycan yüksək nailiyyətlərə imza atıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi malik olduğu təbii resurslardan səmərli istifadənin nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün neft strategiyasını daha yeni çalarlarla inkşaf etdirir.
Yeni neft strategiyasının əsas icraçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Yeni yataqların açılması və istismarı sayəsində ölkəmizin enerji ehtiyatları artır, bununla da Azərbaycanın ixrac imkanları genişlənir. Bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi mövcud neft-qaz hasilatının stabil saxlanılması və yeni yataqların kəşf edilib istismara verilməsi zərurətindən irəli gələrək, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli fərmanı və ARDNŞ-in 2 mart 2007-ci il tarixli əmri ilə “Kompleks Qazma İşləri” Tresti yaradılıb.
Hazırda “Kompleks Qazma İşləri” Trestinin tərkibində 6 istehsalat bölümü (İB) (“Bulla-8 Mart-Ümid” İB, “Günəşli” İB, “Neft Daşları” İB, “Qaradağ-Qalmaz” İB, “Abşeron” İB və “Siyəzən” İB), “Qazmaservis və Logistika” Bölümü, Tamponaj Bölümü və Anbar təsərrüfatı Bölümü fəaliyyət göstərir. “Kompleks Qazma İşləri” Tresti ölkənin quru və dəniz əraziləri üzrə Quba-Xəzəryanı NQR-də, Aşağı Küryanı NQR-də, Abşeron NQR-də, Naxçıvan NQR-də, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında aparılmaqla ARDNŞ-ə məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, sifarişçinin tapşırıqlarının vaxtında və keyfiyyətlə həyata keçirməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks Qazma İşləri” Tresti ARDNŞ-in strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə sıx əməkdaşlıq edir.
Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu işlərin əsas tərkib hissəsi kimi müasir qazma avadanlıqların alınması, dünya standartlarına cavab verən texnika və texnologiyaların qazma işlərində geniş miqyasda tətbiqini xüsusi qeyd etməliyik. Ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir. Bütövlükdə isə son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş ARDNŞ-in uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür.
Dövlət Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları, ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Məhz bunun nəticəsidir ki, ötən hər bir il kollektiv üçün xüsusi nailiyyətlərlə yadda qalır. Belə ki, “Kompleks Qazma İşləri” Trestinin kollektivi 2014-cü ilin 8 ayında ölkəmizin quru və dəniz sahələrində 73677 metr qazma işi həyata keçirib. Yanvar-avqust ayları ərzində trest üzrə 51 quyunun qazılmasına başlanılıb, 50 quyuda qazma işləri başa çatdırılıb, 49 quyu isə sifarişçiyə təhvil verilib.
Yaranmasından cəmi 7 il ötməsinə baxmayaraq, “Kompleks Qazma İşləri” Tresti mühüm uğurlar qazanıb. Trest Bulla-dəniz, Qoşadaş, Cahandar, Türkan, Bəyimdağ-Təkçay, Pirallahı adası, Muradxanlı sahələrində qazma işləri apararaq, ARDNŞ tərəfindən qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını uğurla yerinə yetirib. Bu işlərin nəticəsi olaraq onu qeyd edə bilərik ki, Azərbaycan qazmaçıları tərəfındən kəşf edilib istismara verilmiş zəngin qaz-kondensat yatağı olan “Ümid” yatağını kəşf edən ilk quyu da məhz “Kompleks Qazma İşləri” Trestinin kollektivi tərəfindən qazılıb. “Ümid” strukturunda yerləşən 1 nömrəli platformada ABŞ və Çindən alınmış müasir texniki-texnoloji tələblərə cavab verən, “top drive” mexanizmi ilə təchiz olunub, dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70/4500DZ qazma qurğusu ilə qazma işləri həyata keçirilib. “Ümid” strukturunda yerinə yetirilən bu layihə qaz proqramının vacib buraxılış obyektlərindəndir. Bu platforma milli sektorda mütəxəssislərimizin öz gücü ilə quraşdırdığı ilk unikal tikintidir. Bu quyuda “Azəri Mİ” Drillinq Fluids LTD şirkəti ilə birlikdə neft əsaslı məhluldan və “Schlumberger” şirkətinin LD/MD/PD telemetrik ölçü cihazları yığılmış QKAH istifadə etməklə qazma işi aparılıb.
“Ümid” yatağının istismara verilməsi, hər şeydən əvvəl ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. Dövlər Neft Şirkətinin gücü ilə inşa olunmuş unikal “Ümid-1” platformasından 10 nömrəli kəşfiyyat quyusunda qazma işləri 2012-ci ilin yayında – vaxtından dörd ay əvvəl başa çatdırılıb. Həmin quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri və bisentrik baltaları xüsusilə qeyd etmək lazımdır. 6400 metr dərinliyədək qazılmış quyu layihə horizontu olan məhsuldar qatın VII horizontunu tam açaraq öz geoloji vəzifəsini də yerinə yetirmişdir. Yeri gəlmişkən, 2012-ci il iyun ayından mənimsənilən 10 nömrəli quyuda gündəlik hasilatı 1 milyon 200 min kubmetr qaz və 150 ton kondensat həcmindədir. Bu quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir. Məlumat üçün bildiririk ki, hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Ötən müddətdə, həmçinin “Ümid-1” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilərək istismara verilib. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət Azərbaycan qazmaçılarının daha bir mühüm uğuru kimi tarixə düşüb.
Qeyd edək ki, ötən dövrdə həmçinin “Bulla-dəniz” yatağındakı 122 saylı özülün birinci istismar quyusunda qazma işlərinə start verilib. Açılış mərasimində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyində təmsil olunan digər nümayəndələr iştirak ediblər. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfıyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında layihə dərinliyi 6 min metr olan quyuda 2014-cü ilin may ayında qazma işlərinə start vermişik. Quyu məhsuldar qatın VIII horizontuna layihələndirilib. Bu quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son, mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilir. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri, bisentrik baltaları və “Schlumberger” şirkətinin LWD/MWD telemetrik ölçü cihazları yığılmış QKAH-ni xüsusilə qeyd etmək lazımdır.
Bundan əlavə, “Ağburun-dəniz” sahəsində “Xəzər-6” üzən qazma qurğusundan 1 saylı axtarış quyusunun qazılması başa çatdırılıb. Məlumat üçün bildiririk ki, “Ağburun-dəniz” strukturunun kəsilişinin öyrənilməsi, kollektorluq və neft-qazlılığın qiymətləndirilməsi məqsədilə layihə horizontu məhsuldar qatın Qırməki altı lay dəstəsi olan 1 saylı axtarış quyusu 860 metr dərinliyinə qazılıb və layihə horizontunu tam açıb. Hazırda, quyuda sınaq mənimsəmə işləri aparılır.
Kompleks Qazma İşləri” Trestinin kollektivi “Günəşli” yatağında da qazma işlərini davam etdirir. Hazırda həmin yataqdakı 8, 10, 14 və 19 saylı özüllərdə müvafiq olaraq 34, 341, 343 və 37 saylı quyularda qazma işləri aparılır. 20 ədəd quyunun qazılması üçün nəzərdə tutulan 7 saylı özüldə isə qazma işlərinə bu ilin sonunda başlanılacaq. Bu özüllərdə də həmçinin karbohidrogen əsaslı məhlul, quyu dibi mühərriklər, müasir tip hidrogenişləndiricilər, bisentrik baltalardan, “top drive” mexanizmlərindən istifadə olunur.
Avqust ayında “Günəşli” yatağında yerləşən 14 nömrəli DDSÖ-dən qazılmış 343 nömrəli quyu yüksək hasilatla, 100 ton neft, 14000 kubmetr qaz hasilatı ilə mədənçilərə təhvil verilib. 14 nömrəli DDSÖ-dən növbəti 353 nömrəli quyunun qazılmasına yaxın günlərdə start veriləcək. “Günəşli” yatağında yerləşən 10 nömrəli DDSÖ-dən qazılmış 341 nömrəli quyuda da hazırda mənimsəmə-sınaq işləri həyata keçirilir. Bu quyunun da yüksək hasilatla mədənçilərə yaxın günlərdə təhvil veriləcəyi gözlənilir. Həmçinin “Kompleks Qazma İşləri” Trestinin kollektivi “Neft Daşları” yatağındakı 1887, 2585, 2521, 2150 və 418A saylı özüllərdə də qazma işləri yerinə yetirir.
Kollektivin qazma işləri apardığı sahələrdən biri də “Darvin bankası” yatağıdır. Ötən müddətdə 620 saylı meydançada nəzərdə tutulan 20 quyunun, 720 saylı meydançada nəzərdə tutulan 12 quyunun və 670 saylı meydançada nəzərdə tutulan 12 quyunun qazılması başa çatdırılmışdır. Hazırda yeni 740 saylı meydançadan 8 quyunun qazılması planlaşdırılır. Həmin quyulardan birincisində (738 saylı quyuda) qazma işləri başa çatdırılmış və ikincisinin isə qazılmasına (739 saylı) 19.08.2014-cü il tarixində başlanılmışdır.
“Kompleks Qazma İşləri” Trestinə işləri keyfiyyətli, səmərəli və təhlükəsiz yerinə yetirən daha bir neçə qazma avadanlığı alınıb. Bu əsasən Çin istehsalı olan ZJ -50 və ZJ-70 tipli və ZJ -40 tipli iki ədəd mobil qazma avadanlığıdır. Bu qurğulardan biri Eldaroyuğu sahəsində axtarış quyusunun qazılmasına, digəri isə Qaradağ qaz anbarında qazmaya cəlb olunacaq. Sözügedən avadanlıqlardan olan ZJ-50 “Neft Daşları” yatağındakı 2585 nömrəli özüldə artıq qazma işlərini yerinə yetirir. Bu avadanlıqla 7 quyu qazıb təhvil verilib. Avadanlığın üstün cəhəti ondadır ki, qazma böyük sürətlə aparılır. Xüsüsən, bu avadanlıqlarda mürəkkəb iş proseslərinə kompyuter-informasiya texnologiyaları vasitəsi ilə nəzarət edilir. Eyni zamanda mühəndislər və qazmaçılar platformada, kompyuter qarşısında oturmaqla qazma əməliyyatına tam nəzarət edə bilirlər.
Yeni qazma avadanlığının səmərəli cəhəti ondadır ki, əl əməyi tam olaraq aradan qaldırılmaqla fəhlə və mühəndislərin işi xeyli asanlaşıb. Hətta boruların götürülməsi, alətlərin mexanikləşdirilməsi, qüllənin çəkilməsi və sairə işlər çox asanca yerinə yetirilir. Yəni anlaşılan odur ki, qazma sahəsində bu avadanlıqlar ən müasiridir və onlardan istifadə neft sənayesinə yalnız sürət deyil, eyni zamanda, keyfiyyət, səmərə və təhlükəsiz iş şəraiti gətirib. Bu müasir qazma avadanlığı əvvəlkilərlə müqayisədə ekoloji cəhətdən də çox sərfəlidir. Əgər əvvəlki avadanlıqlarda qazma posesində dənizdə çirklənmə halları qeydə alınardısa, bu avadanlıqla işləyərkən dənizə bir qram da olsun belə çirk axıdılmır. Müasir avadanlığın ekoloji təmizlik prosesinə də kompyuterlərlə tam nəzarət edilir.
Qeyd etmək lazımdır ki, Qaradağ yatağında qazılan istismar-basqı quyularında da müasir standartlara cavab verən, Çin istehsalı olan, RPDE sisteminə malik ZJ 50 DBM markalı qurğu tətbiq edilir. Qurğuda “VARCO” fırmasının istehsalı olan TDS-11SA markalı Top drayver quraşdırılıb. ZJ 50 DBM qurğusu 5000 metr dərinliyə qədər qazma işlərinin aparılmasına imkan verir. Buruqda işçi təzyiqi 350 atmosfer olan 3NB-1600 tipli Tripleks nasosları, SCR sistemi ilə 1200 kilovatlıq CAT-3512 tipli əsas və 365 kilovatlıq CAT-3406 markalı köməkçi dizel generatorları, müasir standartlara cavab verən “DERRİCK” firmasının istehsalı olan qazma məhlulunun təmizlənməsi sistemli ümumi həcmi 350 m3 olan qəbul çənləri quraşdırıhb. Qazmaçı kabinəsi müasir nəzarət-ölçü cihazları və müşahidə kameraları ilə təmin edilib.
Son illər ölkə əhalisinin payız-qış mövsümlərində “mavi yanacaq”la təminatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkəti tərəfindən bu məqsədlə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin Qalmaz və Qaradağ sahələrində yeni quyuların qazılması davam etdirilir. ARDNŞ-in bu məqsədlə hazırladığı xüsusi tədbirlər proqramına əsasən, 2014-cü ilin 8 ayı ərzində Qaradağ sahəsində 469, 480 və 478 nömrəli, Qalmaz sahəsində isə 630 və 627 nömrəli quyular qazılıb istismara verilib. Hazırda Qalmaz sahəsində 636 nömrəli quyuda qazıma işləri başa çatdırılıb və quyuda mənimsəmə-sınaq işlərinin aparılmasına hazırlıqlar gedir. Yaxın günlərdə yeni ZJ-50 və ZJ-40 tip avadanlıqlarla Qaradağ sahəsində 482 və 483 nömrəli quyuların qazılmasına başlanılacaq. Hazırda bu avadanlıqların quraşdırılması işləri uğurla davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində genişmiqyaslı tikinti-quraşdırma və abadlıq işləri həyata keçirir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında təcili həllini gözləyən qaz təchizatının sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər diqqəti xüsusilə cəlb edir. Yeri gəlmişkən, muxtar respublikada yeraltı qaz anbarının yaradılması qaz təchizatının əsaslı surətdə yaxşılaşdırılması ilə yanaşı, bir sıra vacib sosial problemlərin həllinə də öz müsbət təsirini göstərəcək. Ötən müddətdə Naxçıvan Muxtar Respublikasının Nehrəm duz yatağı bazasında yeraltı qaz anbarının yaradılması məqsədilə Tumbul sahəsində 1, 2 və 4 saylı kəşfıyyat quyularında qazma işləri başa çatdırılıb. Hazırda qazılmış quyuların məlumatlarının təhlili istiqamətində işlər aparılır.
Müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə edən “Kompleks Qazma İşləri” Trestinin kollektivi 2014-cü ilin qalan dövrü ərzində də ölkənin dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə davam etdirmək məqsədilə bütün imkanlarını səfərbər edib.
İskəndər Şirəli,
“Kompleks Qazma İşləri” Trestinin müdiri.
Respublika.-2014.- 23 sentyabr.- S.6.