ARDNŞ-in EKOLOJİ FƏALİYYƏTİ NİKBİN PROQNOZLARA
ƏSAS VERİR
Qədim tarixi, minilliyi, mədəni irsi, təbiətinin gözəlliyi, geosiyasi mövqeyi ilə dünya ölkələri arasında layiqli yer tutmuş Azərbaycan, eyni zamanda bəşər tarixinə beynəlxalq aləmdə onun iqtisadi və siyasi mövqeyini müəyyənləşdirən zəngin neft və qaz ehtiyatlarına malik region kimi tanınmışdır. Ölkəmizdə neft sənayesinin 160 ildən artıq tarixi ərzində, o cümlədən keçmiş sovetlər dövründə sənayenin bu sahəsində ekoloji məsələlərə məsuliyyətsiz yanaşma, istehsal mədəniyyətinin aşağı olması, yeraltı və yerüstü ehtiyatlardan düzgün istifadə olunmaması nəticəsində bir sıra ekoloji problemlər yaranmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması dövlətin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizin iqtisadi-siyasi aləmdə nüfuzunun daha da möhkəmlənməsi, texniki imkanlarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsi fonunda ekoloji problemlərin də həlli ön plana çəkilmişdir. Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üçün qarşıda duran əsas vəzifələr təbii ekoloji sistemlərə sənayenin sürətli inkişafının zərərli təsirinin qarşısını almaq, bioloji müxtəlifliyi qoruyub saxlamaq və təbiətdən, o cümlədən onun yeraltı və yerüstü sərvətlərindən istifadəni səmərəli təşkil etməkdən ibarətdir.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyasının tələblərinə uyğun olaraq, iri layihələrin reallaşdırılması məsələyə digər prioritet istiqamətdən – ekoloji tarazlığın təmin edilməsi və insan sağlamlığının qorunması tədbirlərinə daha diqqətlə yanaşmağı tələb edir. Bunun məntiqi nəticəsi olaraq müstəqillik əldə edildikdən sonra ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsi kütləvi hal aldı. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 2010-cu ilin “Ekologiya ili” elan olunması, Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “Hərəyə bir ağac əkək” kompaniyası bu tədbirlərin hayata keçirilməsinin hüquqi və prinsipial əsaslarıdır.
Ekoloji problemlərin həlli məqsədilə qəbul edilmiş müxtəlif Dövlət proqramlarının, o cümlədən ölkə başçısının tapşırıqlarının icrası ilə əlaqədar ARDNŞ-in də öhdəsinə geniş spektrli tədbirlərin icrası düşmüşdür. Bu istiqamətdə ARDNŞ davamlı olaraq fəaliyyət sahələrində tarixən mövcud çirklənmələrin təmizlənməsi, istehsal sahələrində ekoloji təhlükəsizliyin təmin olunması və ARDNŞ-in “Ekoloji Siyasət” sənədində nəzərdə tutulmuş müddəaların icrası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirməkdədir.
Neft-qaz, neft-kimya əməliyyatlarında ekoloji təhlükəsizliyin təmin olunması və operativ nəzarəti təmin etmək üçün dənizdə və quru ərazilərdə yerləşən neft-qaz yataqlarında, istehsal sahələrində davamlı olaraq ekoloji monitorinqlər aparılır.
Ekoloji monitorinqlər dənizdə və quruda yerləşən neft-qaz yataqlarında ekoloji vəziyyətin öyrənilməsi, qiymətləndirilməsinə, istehsal fəaliyyətinin təbii ekosistemlərə təsir parametrlərinin müəyyənləşdirilməsinə, ətraf mühitin keyfiyyət göstəricilərinin daim diqqətdə saxlanılmasına və mövcud ekoloji problemlərin aradan qaldırılması üçün təkliflərin hazırlanmasına yönəldilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq “Ağ şəhər” layihəsi üzrə 221,35 ha ərazidə monitorinq işləri aparılmış, ərazinin ilkin ekoloji vəziyyəti qiymətləndirilmişdir.
Qeyd olunan monitorinqlərin nəticələrinə əsasən yekun hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Həyata keçirilən dəniz monitorinqləri zamanı neft-qaz hasilatının Xəzər dənizinin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi məqsədilə su mühitinin ümumi fiziki-kimyəvi parametrləri, biogen maddələrin, neft məhsullarının, dib çöküntülərinin fiziki-kimyəvi təhlilləri, üzvi maddələr, metal akkumulyasiyası, mikroorqanizmlərin taksonomiyası, makro-zoobentos hərtərəfli tədqiq edilir və antropogen təsirin dərəcəsi öyrənilir.
Monitorinq tədqiqatları zamanı götürülmüş nümunələr TS EN İSO/İEC 17025 üzrə akkreditasiya olunmuş, Kompleks Tədqiqatlar Laboratoriyasında analiz edilir. Laboratoriya ən müasir cihaz və avadanlıqlarla, o cümlədən təcrübəli kadr potensialı ilə təchiz olunaraq müxtəlif spektrli analitik tədqiqatları həyata keçirmək imkanına malikdir.
Aparılmış ekoloji monitorinqlərin nəticələri CİS-də (Coğrafi İnformasiya Sistemi) idarə olunan Ekoloji Məlumat Bazasında yerləşdirilir. Məlumatların bazada yerləşdirilməsi və emalı xüsusi qrup tərəfindən həyata keçirirlir. Aparılmış tədqiqatların nəticələrinə əsasən köhnə məlumatlar bazalaşdırılır, yeni məlumatlar isə mütəmadi olaraq sistemə daxil edilir.
ARDNŞ-in fəaliyyət sahələrində həyata keçirilən yeni layihələr üçün Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyi və Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq, Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması təmin edilir.
2013-cü il ərzində “Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan 7 nömrəli DDO üçün ƏMSTQ sənədi tərtib edilmişdir. Sənədin hazırlanması üzrə genişmiqyaslı ekoloji tədqiqatlar aparılmış, ətraf mühit üzrə qiymətləndirmə işləri həyata keçirilmiş, layihə üzrə ictimai dinləmə keçirilərək ictimaiyyətin rəy və təklifləri nəzərə alınmışdlr. Həmçinin Sabunçu rayonu ərazisində inşa edilən Bakı Olimpiya Stadionunun tikintisi və istismarı dövrü üçün ƏMSTQ sənədi hazırlanmışdır.
Layihə çərçivəsində ərazidə ilkin vəziyyətin qiymətləndirilməsi, layihənin hüquqi çərçivəsi, ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, stadionun tikintisi işləri, layihə alternativləri, sosial-iqtisadi mühit, Böyük Şor gölünün ekoloji bərpası və layihə ərazisində həyata keçirilmiş rekultivasiya işləri tədqiq olunaraq sözügedən sənəd tərtib edilmişdir.
ƏMSTQ sənədi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün ictimai dinləmə keçirilmiş, rəy və təkliflər yekun sənəddə nəzərə alınmışdır. Hazırlanmış yekun ƏMSTQ hesabatı ETSN ilə razılaşdırılmışdır.
Çirklənmiş torpaqların təmizlənməsi və bu torpaqlarda idmana töhfə verəcək qurğuların tikintisi layihəsinin idmana və ətraf mühitə xidmət edən bir layihə olmasını yüksək qiymətləndirən Beynəlxalq Olimpiya Komitəsi tərəfındən ARDNŞ-ə ətraf mühitin qorunması ilə idmanın inkişafına verdiyi töhfəyə görə xüsusi mükafat təqdim edilmişdir.
Neft və neft məhsulları ilə çirklənmiş
torpaqların reabilitasiyası həyata keçirilən əsas ekoloji layihələrdən biridir. ARDNŞ tərəfindən çirklənmiş torpaqların təmizlənməsi məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Bu sahədə davamlı olaraq beynəlxalq təcrübənin öyrənilməsi və ən müasir reabilitasiya texnologiyalarından uyğun olanının seçilməsi və tətbiqi ilə əlaqədar işlər aparılır. Həyata keçirilən bərpa, təmizləmə, rekultivasiya, bioremediasiya işlərinin nəticəsində 2006-2013-cü il ərzində 1430 ha-ya yaxın neft və neft məhsulları ilə çirklənmiş ərazi rekultivasiya edilmişdir.
Xəzər dənizi akvatoriyasının mühafizəsi ARDNŞ-in ekoloji siyasətinin prioritet məsələlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq “28 May” NQÇİ-nin “Günəşli” yatağında yerləşən DDÖ-lərdən və “Neft Daşları” NQÇİ-də formalaşan lay sularının qapalı utilizasiyası və təkrar laylara vurulması məqsədilə gücü sutkada 3550 kvadratmetr olan beynəlxalq standartlara cavab verən müasir avadanlıq quraşdırılmışdır. Qurğunun istismara verilməsi nəticəsində formalaşan lay sularının tam olaraq idarə olunması təmin edilmişdir. Hazırda bu layihə üzrə əlavə təmizləyici qurğuların quraşdırılması işləri yerinə yetirilir. Buna paralel olaraq ARDNŞ-in quruda yerləşən NQÇİ-nin ərazisində lay sularının qapalı idarə olunması sisteminin yaradılması istiqamətində işlər aparılır.
Hazırda lay suları ilə paralel olaraq ARDNŞ-in fəaliyyət sahələrində formalaşan məişət-fekal sularının iadrə olunması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Belə ki, “Neft Daşları” NQÇİ-də formalaşan məişət-fekal suların idarə olunması məqsədilə gücü 500 m3/gün olan “Biomass” tipli, Çilov adasında hər birinin layihə gücü 200 m3/gün olan iki ədəd “KU-200” tipli bioloji təmizləyici qurğular müvəffəqiyyətlə istismar edilməkdədir. NQÇİ-nin özül və estakadalarında 11 ədəd “Topas” tipli bioloji təmizləyici qurğu, bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə “Neft Daşları” və “28 may” NQÇİ-nin ərazisində insineratorlar quraşdırılmışdır.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması, məişətdə və suvarmada istifadə olunması və ARDNŞ-in fəaliyyət sahələrində çalışan işçilərin suya olan tələbatının tam və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə “Neft Daşları” NQÇİ-də 2 ədəd, “Abşeronneft” NQÇİ-də isə bir ədəd gücü 500 m3/gün olan “Əks Osmos” tipli qurğular istismara buraxılmışdır. Bundan əlavə, dənizdə yerləşən özül və estakadalarda işçilərin məişətdə istifadə olunan suya olan tələbatının ödənilməsi üçün gücü 7-8 m3/gün olan modul tipli “Əks Osmos” qurğuları, “28 May” NQÇİ-nin Çilov adasında gücü 300 m3/gün və 500 m3/gün təşkil edən 2 ədəd “Əks Osmos” tipli qurğu uğurla istismar edilməkdədir.
Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezidentin atmosfer havasını çirkləndirən müəssisələrdə təmizləyici sistemlərin quraşdırılması ilə bağlı tapşırıqlarına əsasən ARDNŞ-in Xəzər Dənizinin Azərbaycan sektorunda yerləşən fəaliyyət sahələrində atmosferə atılan aşağı təzyiqli səmt qazlarının utilizasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
ARDNŞ-in struktur bölmələrində, ƏŞ və BM-də “BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası” ilə tənzimlənən İstilik effekti yaradan qazların (İEYQ) və atmosferə atılan digər zərərli maddələrin inventarlaşdırılması işləri aparılır.
“Günəşli” yatağında gücü 4 mln m3/gün olan qaz kompressor stansiyası istismara verilmişdir ki, nəticədə bu tədbir aşağı təzyiqli səmt qazlarının tutularaq sistemə qaytarılmasına imkan yaratmışdır. Dünya Bankının yanında Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlıq təşkilatının (GGFR) Rəhbər Komitəsinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş forumda “Səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr” nominasiyasında ARDNŞ-in təqdim etdiyi “28 may” və “Neft daşları” yatağında səmt qazının utilizasiyası layihəsi Dünya Bankı və GGFR tərəfindən yüksək qiymətləndirilmiş və ARDNŞ “Award Exellence” - “Ali mükafat”a layiq görülmüşdür.
Dünyada nəqliyyat vasitələrinin artması, müasir texnika ilə yanaşı, köhnə texnikaların da “istismarı atmosferə atılmaların həcminin artmasına səbəb olmuşdur. Bu hal atılmaların nəzarətdə saxlanılmasını tələb edir. Belə ki, bununla əlaqədar Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Avro-standartlara keçidin sürətləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, ARDNŞ üzrə avtonəqliyyat vasitələrinin ekoloji müayinəsi işləri həyata keçirilməkdədir.
ARDNŞ-in həyata keçirdiyi ekoloji proqramlara uyğun olaraq, istifadədə olan avtomobillərin yanacaq sistemlərini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək məqsədilə yaradılmış 2 ədəd Ekoloji Ölçmə Məntəqələri bu gün müvəffəqiyyətlə fəaliyyət göstərir.
ARDNŞ-in idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələri ilkin və təkrar olaraq Ekologiya idarəsinin Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları tərəfindən ekoloji müayinələrdən keçirilir. Ekoloji müayinələr zamanı nəqliyyat vasitələrinin mövcud normalara uyğunluğu müəyyən edilir. Normaya uyğun olmayan nəqliyyat vasitələrinin yanma sistemlərində nasazlıqlar aradan qaldırıldıqdan sonra təkrar ekoloji müayinədən keçirilir.
Cəmiyyəti düşündürən qlobal ekoloji problemlərdən biri də tullantıların idarə olunmasıdır. Bu problemin həlli ilə əlaqədar ARDNŞ-in “Tullantı Mərkəzi”nin yenidən qurulması üçün əməli tədbirlər həyata keçirilməkdədir. “Tullantı Mərkəzi”ndə ARDNŞ-in təşkilat və müəssisələrində istehsal prosesi nəticəsində əmələ gələn müxtəlif adda tullantının utilizasiyası və təkrar emalı üçün yeni qurğu və avadanlıqların seçilməsi, o cümlədən Tullantı Mərkəzinin genişləndirilməsi üzrə tikinti quraşdırma işlərinə start verilmişdir.
ARDNŞ-in idarə və müəssisələrinin, o cümlədən Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq neft-qaz şirkətlərinin fəaliyyət sahələrində formalaşan tullantıların emalı, onların əsaslı şəkildə idarə olunması üsullarının seçilməsi və “Tullantı Mərkəzi”nin müasir tələblərə uyğun yenidən qurulması, bütün növ tullantılar üçün yeni qurğu və avadanlıqların təchiz edilməsi istiqamətində texniki iqtisadi əsaslandırma və layihələndirmə işlərinin həyata keçirilməsi məqsədilə birgə İşçi Qrup yaradılmışdır. Hazırda “Tullantı Mərkəzi”nin Genişləndirilməsi layihəsi üzrə işlərin 1-ci fazasına başlanılmışdır.
ARDNŞ-in ən böyük ekoloji layihələrindən biri də “Eko-park” layihəsidir. Parkın yaradılmasında əsas məqsəd: cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunmasının təbliğinə nail olmaqdır. Hər il ARDNŞ-in “Eko-park”ında müxtəlif ağaclar əkilir, artırılır və ərazilərin yaşıllaşdırılması üçün ARDNŞ-in müəssisələrinə paylanır. Parkda fəaliyyət göstərən “Eko-mərkəz”də ekoloji maarifiəndirmə məqsədilə ekskursiyaların təşkili, ekologiya mövzusunda olimpiadaların keçirilməsi, müxtəlif viktorina və müsabiqələrin təşkili ilə bağlı seminarlar keçirilir. “Eko-park”a marağın artmasını nəzərə alaraq, ARDNŞ prezidentinin sərəncamına uyğun olaraq yeni ayrılmış sahədə “Eko-park”ın genişləndirilməsi” layihəsinin icrasına başlanılmışdır.
Açıq şitilxana sahəsində hər birinin sahəsi 200-350 m2 olan ləklərdə müxtəlif növlü ağac tingləri, o cümlədən Eldar şamı, həmişəyaşıl sərv, Avropa zeytunu, daryarpaq iydə, evkalipt və s. bitkilər yetişdirilmişdir.
Parkda tikilmiş Ekomərkəzdə ekoloji maarifiəndirmə məqsədilə bir sıra seminar və görüşlər keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında ölkə rəhbərinin yaşıllıqların artırılması və yaşıllaşdırma işlərinə diqqətin artırılması istiqamətində tapşırıqlarının icrası ilə əlaqədar olaraq ARDNŞ-in 365,5 ha ərazisində 426625 ədəd müxtəlif növlü ağac-kol və gül bitkiləri əkilmiş və onlara müvafiq aqrotexniki qulluq işləri göstərilir. Hazırda ARDNŞ-in fəaliyyət sahələrində yaşıllaşdırma işləri uğurla davam etdirilməkdədir.
İctimai, siyasi, iqtisadi münasibətlərdə xüsusi mədəniyyət tələb olunduğu kimi, insanın onu əhatə edən ətraf mühitlə qarşılıqlı münasibətlərində – ekoloji münasibətlərdə də xüsusi mədəniyyət tələb olunur. Bu mədəniyyətə Tanrının insanlara bəxş etdiyi təbiətdən, onun yeraltı və yerüstü sərvətlərindən düzgün istifadə edilməsi, ətraf mühitin və su hövzələrinin təmizliyinin maksimum qorunması, yüksək texnika və texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Ekoloji mədəniyyətin formalaşdırılması üçün insanlar arasında sistemli ekoloji tərbiyələndirmə, maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Bu sistem əhalinin düşüncə tərzinin dəyişdirilməsinə, yeni davranış stereotiplərinin formalaşdırılmasına yönəldilməli və son nəticədə onların yaşayış tərzinin dəyişməsinə, ekoloji cəhətdən müasir dünya görüşünün formalaşmasına xidmət etməlidir. Bununla əlaqədar olaraq, ARDNŞ-in ekoloji fəaliyyətinin bir istiqaməti də ekoloji maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır.
Ekoloji maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ARDNŞ-in “Ekoloji Təbliğat və maarifləndirməyə dair Tədbirlər Planı”na uyğun olaraq şagird və məktəblilər ilə birlikdə ekoloji maarifləndirmə və məlumatlandırma çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.
Belə tədbirlər müxtəlif istiqamətli olmaqla, həm də ümumtəhsil məktəbləri, məktəbdənkənar müəssisələr və digər təşkilatlarla bilikdə həyata keçirilir.
ARDNŞ Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə Respublika üzrə orta məktəblərin 8-11-ci sinif şagirdləri arasında “Ekoerudit” breyn-rinq yarışmasını həyata keçirir. Əsasən ekoloji məsələlərə həsr edilən breyn-rinq məktəblilərin bu sahəyə diqqətinin artırılması, ətraf mühitin mühafizəsi sahəsində yeni biliklərin əldə edilməsi və gənc nəslin ətraf mühitin mühafizəsi ruhunda tərbiyə olunmasına öz töhfəsini verir.
Bundan əlavə, davamlı olaraq ətraf mühitin mühafizəsi sahəsində müxtəlif təşkilatlar ilə birlikdə seminarlar, olimpiadalar, viktorinalar və s. bu kimu tədbirlər həyata keçirilir.
Ətraf mühitin qorunması və fəaliyyət sahələrində ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ARDNŞ məqsədyönlü tədbirlərini gələcəkdə də davam etdirəcəkdir.
Azər
ƏLİYEV,
ARDNŞ-in Ekologiya
İdarəsinin rəisi.
Respublika.-2014.- 24 sentyabr.- S.10.