Poçt filialı fəaliyyət sahəsini
genişləndirir
Respublikamız ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, rabitə sahəsində, o cümlədən poçt rabitəsi sektorunda da yüksək inkişaf və tərəqqi dönəmi başladı, beynəlxalq əlaqələrin qurulmasına nail oldu. 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü olan Azərbaycan poçtu bu gün dünyanın əksər poçt rəhbərliyi ilə ikitərəfli qaydada əməkdaşlıq edir, böyük uğurlar qazanır. Təsadüfi deyil ki, son bir neçə ildir ki, “Azərpoçt” MMC və “Azərekspress poçt” əldə etdiyi nailiyyətlərə görə Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülmüşdür. 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq konqresdə təməli qoyulan Ümumdünya Poçt İttifaqının yaranmasının bu ilin 9 oktyabrında 140 ili tamam olur və “Azərpoçt” MMC-nin bütün idarə və müəssisələri, poçt işçiləri bu bayramı təntənəli sürətdə, yüksək göstəricilərlə qeyd etməyə hazırlaşırlar.
Son illər Azərbaycanın dinamik inkişafına və iqtisadi yüksəlişinə görə dünyada öncül bir mövqedə olduğu bir zamanda ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir son texnologiyaların yerlərdə geniş tətbiq edilməsi ən ümdə bir məsələ kimi daim dövlətimizin diqqət mərkəzində olmuşdur və bunun üçün bu istiqamətdə sistemli və ardıcıl iş aparılır. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” sözlərini və bu qarşıya qoyulan məqsədlərə çatmağın həlli istiqamətini müəyyənləşdirən 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, bu strategiyanın ilkin mərhələsini nəzərdə tutan “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) və digər həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd etmək olar. Bu inkişaf yolunu yüksək məharətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, bu gün rabitə və yüksək texnologiyalar sektoru Azərbaycan iqtisadiyyatının ən yüksək artımla, stabil inkişaf edən sahəsidir. Ölkə başçısının bu sahəyə yönəlmiş diqqəti rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun səyi və gərgin əməyi nəticəsində böyük uğurlara imza atılır.
“Azərpoçt” MMC-nin 5 saylı poçt filialı Qaradağ və Səbail rayonunun bir hissəsinə 18 poçt şöbəsi və 4 agentlik vasitəsilə keyfiyyətli poçt rabitəsi göstərir. Xidməti ərazimiz Bakının 51,7 faiz ərazisini təşkil edir. Filial 2014-cü ilin ötən dövründə “Azərpoçt” MMC tərəfindən təyin olunmuş 539,410 manat tarif gəliri proqnozunu faktiki olaraq 568.592 manat olmaqla 105,4 faiz yerinə yetirmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pul köçürmələri üzrə 122,7 faiz, aylıq abunə üzrə 115,1 faiz, Azərsell-Baksell üzrə 358,8 faiz, faks xidməti üzrə 141 faiz, danışıq üzrə 206,3 faiz, Xarici valyutanın alışı və satışı 1145,6 faiz, sürətli pul köçürmələri (Vestern Union, Zolotaya korona) üzrə 636,9 faiz və digər növ xidmətlərdə gəlirin artımı müşahidə olunmuşdur. Filial tərəfindən 9 aylıq proqnoz göstəriciləri də vaxtından xeyli əvvəl, sentyabrın 13-də 102 faiz yerinə yetirilmişdir. Qeyd edim ki, poçt filialımız yeni yaradılmış bank-maliyyə xidmətlərinin göstəricilərinə və əldə olunan gəlirlərin yüksək templə artan istiqamətdə inkişafın təmin etdiklərinə görə 9 ayın uğurlu nəticələrinə əsasən 9 poçt şöbəmizin əməkdaşları “Azərpoçt” MMC-nin rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Rəhbərliyin poçt işçilərinə diqqət və qayğısı artıqca, biz poçt işçilərinin də üzərində məsuliyyət ikiqat artır.
Poçt filialı mobil poçt rabitəsini təşkil etmək məqsədilə xüsusi avtomobillə təchiz olunub. Bu avtomobildə bütün növ müasir xidmətləri göstərmək mümkündür və avtomobil yeni texniki, müasir avadanlıqlarla təchiz olunub, naqilsiz şəbəkəyə qoşulmaq imkanına malikdir. Bu avtomobilin imkanlarından istifadə edərək respublikanın istənilən ucqar nöqtəsində əhaliyə mobil, asan xidmət göstərmək mümkündür. Qeyd etdiyim kimi, avtomobildə müştəri məmnunluğunu təmin etmək üçün hər cür şərait yaradılmışdır. Bildiyimiz kimi, Qaradağ sənaye rayonudur və rayonun ərazisində böyük xarici və yerli şirkətlərin, iri zavodların və digər müəssisələrin yerləşməsi səbəbindən bu xidmətdən çox hallarda əcnəbi vətəndaşlar istifadə edirlər. Bu zaman biz poçt işçiləri olaraq tək poçtu deyil, eyni zamanda dövlətimizi təmsil edirik və bu məsuliyyəti anlayaraq müştərilərə səliqəli xidmət göstərməklə müştəri məmnunluğunu qazanmağa çalışırıq ki, əcnəbi vətəndaşlara Azərbaycan poçtunun nə qədər inkişaf etdiyini öz xidmətimizlə göstərək. Bütün bu işlər rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun poçtumuzun inkişafına olan diqqəti və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin gərgin əməyi sayəsində mümkün olmuşdur.
Ötən dövrdə “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin tapşırığı əsasında əvvəlcədən təsdiq edilmiş qrafikə əsasən yerlərdə əhali ilə səyyar görüşlər keçirilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlər yerində araşdırılmış, aidiyyəti üzrə tədbirlər görülmüşdür. Belə görüşlər əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Əhali ilə bu görüşlər zamanı “Azərpoçt” MMC-nin filialımızı təmin etmiş olduğu 3 G modemləri və notbuklar vasitəsilə naqilsiz şəbəkəyə qoşulmaqla qaldırılmış bütün problemlər araşdırılır, müştərinin sualları cavablandırılır.
5 saylı poçt filialı ənənəvi və qeyri-ənənəvi xidmətlərlə bərabər, əlavə olaraq gəlirlərin artırılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun köməyi sayəsində yerli qəsəbə nümayəndələrinin rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq sayəsində bir sıra rüsumlar poçt şöbələrində ödənilir ki, bunun da poçtumuzun maliyyə durumunun daha da yaxşılaşdırılmasında köməyi danılmazdır.
İşçilərin iş şəraitinin müasir tələblər səviyyəsində olması üçün filialda tikinti-quruculuq işləri də uğurla aparılmışdır. Filialın inzibati binasında təmir işləri aparılmış, bütün otaqlar yeni texniki avadanlıqlar, mebel dəstləri, kompyuterlərlə tam təchiz olunmuşdur. İş şəraitinin yaxşılaşdırılması poçt işçiləri tərəfindən əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha da artmasına səbəb olmuş, yüksək iqtisadi göstəricilərin əldə olunmasını təmin etmişdir.
Faiq FƏRƏCOV,
“Azərpoçt”
MMC-nin 5 saylı poçt
filialının rəisi.
Respublika.-2014.- 24 sentyabr.- S.10.