Milli təhlükəsizlik məsələsində mənəvi dəyərlər amili

 

Son zamanlar dini təriqətçiliyin fəallaşması ilə bağlı Azərbaycan cəmiyyətində bir narahatlıq yaşanmaqdadır bu heç əsassız deyil. Xüsusən Suriyada cərəyan edən hadisələrin fonunda dini ekstremizmin qurbanına çevrilərək “cihad” dalınca “cəhənnəmə səyahət” arzusuna düşənlərin taleyi fəal müzakirə mövzusuna çevrilib. Əslində isə cəmiyyəti daha çox narahat edən ayrı-ayrı fərdlərin taleyi yox, öz-özlüyündə bu faktın dini ekstremizmin Azərbaycan cəmiyyətinə yol tapması faktının milli təhlükəsizliyimizi nə dərəcədə təhdid etməsidir.

Bütün hallarda dini təriqətçiliyin müxtəlif ifrat tendensiyalar üzrə öz fəallığını artırması və hətta ictimai-siyasi proseslərə təsir etmək iddiasında irəliləməsi diqqətdən yayınmamalıdır. Bu baxımdan, son aylarda Azərbaycan mətbuatının fəallığı bu tendensiyaların araşdırılıb üzə çıxarılmasında, ona adekvat ictimai-siyasi rəyin formalaşdırılmasında böyük rol oynadı. Dini təriqətçiliyin fəallaşması ilə bağlı gözlənilən təhlükələrin miqyası və təsir dairəsi haqqında getdikcə çoxalan informasiya Azərbaycan cəmiyyətini yetərincə məlumatlandıra bildi. Dövlət qurumlarının çevik reaksiyası nəticəsində bu proseslərə nəzarətin gücləndirilməsi və milli təhlükəsizliyimizə qarşı potensial təhdidlərin önlənməsi üçün bütün zəruri addımlar atıldı. Baş verənlər bir daha təsdiq etdi ki, Azərbaycan ictimaiyyəti və dövləti milli müstəqilliyimizi və dövlətçiliyimizi təhdid edə biləcək hər hansı qüvvəyə qarşı sayıqlıq göstərmək və onu zamanında önləmək iqtidarındadır. Ancaq bu da rahatlaşmaq üçün əsas vermir. Zaman durmadan dəyişir və nəzərə almaq lazımdır ki, biz qapalı orta əsrlər qəsrində deyil, açıq qloballaşma əsrində yaşayırıq. Belə bir şəraitdə müxtəlif xarakterli güclü ekspansiya dalğaları bütün sədləri bir anda aşıb keçə bilir. Hətta ən qüdrətli dövlətlər, oturuşmuş demokratik cəmiyyətlər belə müxtəlif təzahürlü siyasi, ideolojidini ekspansiya təsirlərindən özünü müdafiə etməkdə çətinlik çəkir. Bu gün ABŞ-da, Avropa ölkələrində həmin təsirləri dəf etmək üçün strukturlaşmış təsisatlar fəaliyyət göstərir, dini-ideoloji müdaxiləyə qarşı külli miqdarda vəsaitlər xərclənir. Bir çox ölkələrdə ekspansiya təhlükəsindən başqa, cəmiyyətin öz “bətnindən” doğan müxtəlif radikal-ekstremist qruplaşmalarifrat millətçilik hərəkatları da kifayət qədər güclü təhlükə mənbəyinə çevrilməkdədir. Hətta AvropadaRusiyada faşizm ideologiyasını yenidən canlandıran, qeyri-Avropaqeyri-rus xalqlarına qarşı kəskin diskriminasiyanı həyata keçirməkdən çəkinməyən təmayüllər də mövcuddur. Diqqətlə baxsaq, görərik ki, demokratik Qərbin üzdə görünməyən dərinliklərində də islamçı və qərbçi radikalizm arasında gizli savaş gedir. Bir sıra Qərb siyasi dairələri Şərq dövlətlərini içəridən parçalamaq, onları bir-birinə qarşı qoymaq üçün xüsusi himayə etdikləri leqalqeyri-leqal radikal qurumları təhrikçi, pozucuterrorçu fəaliyyətlər istiqamətində hazırlayır, informasiyalaşdırır, maliyyələşdirir və onların vasitəsilə bu dövlətlərdə müxtəlif dinlər arasında, eləcə də eyni dinin müxtəlif cərəyanları və məzhəbləri arasında kəskin ideoloji və hərbi qarşıdurmaya qədər varan konfliktləri qızışdırırlar. Məsələn, bu gün Suriyada dini qruplaşmaların vətəndaş müharibəsinədək şiddətlənən savaşında kimin kimə qarşı mübarizə apardığından, heç kim baş çıxara bilmir. Amma islam dünyasını böyük xaosa qərq edən bütün bu qırğınların müəllifləri - “Böyük Siyasət” yüyənini əlində saxlayanlar həmin konfliktdə bilərəkdən və bilməyərəkdən iştirak edən tərəflərin hamısını bircə-bircə tanıyır, vaxtaşırı vəziyyəti dramatikləşdirib səngidərək, sonra yenidən gərginləşdirərək, prosesləri ustalıqla idarə edirlər. Onlar nəinki təkcə Suriyanın, ümumiyyətlə, bütün islam dünyasının yedəyini əldə saxlamaq üçün təfriqəçi fanatiklərin bir-birinə açdıqları “kor atəşi” məharətlə “Hədəfə” tuşlayırlar. Əl-Qaidə, Boko-Haram, Əl-Şəbab, Əhrar Əl-Şam kimi müasir silahlara, güclü maliyyə resurslarına və on minlərlə silahlı döyüşçülərə malik olan terror təşkilatlarının öz-özünə, kortəbii şəkildə deyil, məhz vəziyyəti idarə edənlərin dəstəyi ilə yaranması artıq heç kimdə şübhə doğurmur. Hazırda “dəbdə olan” İŞİD təhlükəsi ilk vaxtlar Qərbdə qeyri-adi sakitliklə qarşılaşdı. Artıq məlum olduğu kimi, bu qurumun hərbi əməliyyatlarının, taktiki döyüş uğurlarının əsas səbəbi İŞİD-in tərkibində devrilmiş Səddam rejiminin peşəkar hərbiçilərinin fəal iştirakı ilə bağlıdır. Belə bir vəziyyətdə tarixin ən çətin dönəmlərində belə öz dövlətçiliyini qorumağı bacarmış NATO üzvü qardaş Türkiyəni də dini, siyasi, ideoloji təxribatlara cəlb etməkdən çəkinmirlər. PKK-ya gizli dəstək verməklə ölkənin parçalanmaq təhlükəsini daim gündəmdə saxlamaq, nurçuluğu siyasi hakimiyyətin üstündə yerləşdirmək cəhdləri Türkiyənin müstəqil siyasət yeritmək iddialarını cilovlamaq məqsədi daşıyır. Almaniya, FransaAvstriyada Ələvi Birlikləri Konfederasiyalarını şəbəkələndirib genişləndirməklə islamçılığı məzhəbçiliyə qədər daraltmaq cəhdləri, müxtəlif erməni terror təşkilatlarını vaxtaşırı Türkiyəyə qarşı siyasi alət kimi işlətmək, həm Şərq, həm də Qərb “cəbhəsindən” Türkiyə dövlətinin milli ideologiyasını sarsıtmağa yönələn ekstremist fəaliyyətlərin gücləndirilməsi də bu təhlükəli müdaxilələrin görünən və görünməyən tərəfləridir. Bu arada vaxtaşırı olaraq Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinə zərər vurmaq üçün cəhdlər də göstərilir.

Bütün bu xaosun içərisində mübarizə üsullarının da tamamilə yeni bir fenomeni təşəkkül tapmaqda və artıq sezilməkdədir. Belə görünür ki, artıq hər hansı bir ölkəyə təzyiq etmək üçün mütləq onun üzərinə silahlı ordu yeritməyə ehtiyac qalmır. Artıq təcavüzün yenidaha mürəkkəb bir forması - millətin dini-mənəvi dəyərlərini təfriqəçilik və məzhəbçiliklə zəhərləyərək, cəmiyyətin bir qismini dini ekstremizmə sövq etməklə həyata keçirilməsi üsulu mövcuddur. Ona görə də ekspansiya və əks-ekspansiyanın çox mürəkkəb şəkildə və çox müxtəlif formada çulğaşdığı indiki zamanda, həqiqətən, dövlətin və cəmiyyətin dayaqlarını laxlada biləcək dini-siyasi ideologiyaların məqsədli ixracına sipər çəkmək və eyni zamanda, dünya ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini intensiv şəkildə inkişaf etdirmək kifayət qədər çətin və məsuliyyətlidir.

Həm regional, həm də qlobal miqyasda üstünlük əldə etmək istəyən dövlətlərin “gizli müharibəsində”, hal-hazırda hərbi silahlardan deyil, ideoloji silahlardan daha geniş istifadə olunur. Beynəlxalq subyektlərin bir-birinə qarşı gizli siyasi, ideoloji, dini ekspansiyasının qarşısını almaq isə o qədər də asan məsələ deyil. Məsələn, bu ekspansiyanın ən “populyar” daşıyıcısı olan müxtəlif missionerlik hərəkatları son yüz ildə dünyanın siyasi xəritəsinin dəyişilməsində, ayrı-ayrı ölkələrə siyasət, ideologiyadin ixrac edilməsində, onların sosial mahiyyətinin transformasiyaya uğradılmasında silahordu vasitələrindən az rol oynamayıb. Bir afrikalı müdrik bütün Afrika qitəsinin tikə-tikə Avropanın müstəmləkəsinə çevrilməsindən sonra bu faciənin bilavasitə ictimai idrakla bağlı olan səbəblərini çox dəqiq ifadə etmişdi: “Avropalılar buraya gələndə, onların əlində Kitab (“Bibliya”) var idi, amma bizim torpaqlarımız vardı. Sonra bir də baxıb gördük ki, bizim əlimizdə Kitab (“Bibliya”) var, onların əlində isə bizim torpaqlarımız...” Olduqca ibrətamiz bir deyimdir. Deməli, Vətən torpaqlarının sərhədlərini düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, Vətən mənəviyyatının sərhədlərini də yad və zərərli ideologiyalardan qorumaq bir o qədər zəruridir. Deməli, güclü ordu, siyasi iradə və iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından birisağlam milli mənəviyyat faktorudur. Milli mənəviyyat isə hər birimizin şəxsi mənəviyyatını da içərisinə alan elə bir məfhumdur ki, ictimai həyatın dindən siyasətə qədər bütün sahələrində yalnız yüksək milli dünyagörüşü meyarı ilə düşünüb fəaliyyət göstərmək anlamını özündə ehtiva edir. İndi Azərbaycanda siyasi, ideoloji, dini atmosfer o qədər aydın və şəffafdır ki, burada yabançı təlimatlarla hərəkətə gətirilən təmayüllər dərhal görüntülənə bilir. Sağlam milli mənəviyyatımızın “məhək daşında” biz xalqımıza gərək olan yenilik təşəbbüslərini də, dini mühafizəkarlığı dirçəltmək cəhdlərini də, bəzi hallarda isə “demokratiya” ixracatçılığının gizli niyyətlərini də açıq-aşkar ayırd edə bilirik. Yadfikirliliyin toxumlarını Azərbaycana səpmək cəhdlərinin kökündə - dövlətimizi siyasi, iqtisadi, ideoloji, hərbi cəhətdən zəiflətmək, daxilixarici siyasətin aparılmasında asılı vəziyyətə gətirmək, onun milli birlik, ictimai həmrəylik dayaqlarını sarsıtmaq məqsədləri dayanır. Bu gün açıq rəqabət dünyasında müstəqil Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi və bütövlükdə regionun yeni siyasi münasibətlər platformasına keçidini təmin edən qətiyyətli addımlar atması faktı ilə həmin dünyanı köhnə qaydalarla idarə etmək istəyənlər barışmırlar.

Bəlkə də dini islam olan Şərq ölkələri arasında Azərbaycan yeganə dövlətdir ki, aparılan konstruktiv siyasət nəticəsində, burada dinin siyasətə təsiri, siyasətin isə dinlə “alver” etmək məqsədi və marağı yoxdur. Azərbaycan dünya sivilizasiyasının elə bir unikal məkanıdır ki, burada din, elm və siyasət xadimləri dini təriqətçiliyin zərərini dərk edərək, həmişə ona qarşı çıxıblar. Hələ 150-180 il əvvəl Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi mütərəqqi fikirli yaradıcı insanlar xalqı cəhalət və fanatizmdən uzaqlaşaraq “qəflət yuxusundanoyatmağa çalışmış və buna nail ola bilmişlər. Buna görə də əsasən islam daxilində mövcud olan müxtəlif təriqətlər (xüsusilə şiəlik və sünnilik) bir-biri ilə nə qədər ziddiyyətli münasibətlərdə olsalar da, mədəniyyətimizin idrak, əxlaq və mənəviyyat dəyərləri bu münasibətləri heç zaman kəskinləşməyə qoymayıb və ən çətin durumlarda belə barışıq məqamlarını tapmağa nail olub. Ona görə də bu gün radikal-ekstremist təmayüllü dini cərəyanlar cəmiyyətimizdə böyüyüb artmaq üçünmünbit şəraitdən” məhrumdurlar. Lakin onu da etiraf etməliyik ki, ölkəmizdə xurafatçılığın, ehkamçılığın kökü hələ də tam kəsilməyib və geniş ictimai arenada, cəmiyyətin qabaqcıl inkişaf tendensiyalarında deyil, yalnız geri qalmış sönük şüur mühitində həmin təmayüllər özünə “dayaqtapa bilərlər. Missionerlərin ümid bəslədikləri də məhz buçürük nöqtə”, beyinlərin bu qaranlıq hücrəsidir. Terrorçuluq kimi ən təhlükəli bir fəaliyyət də yalnız fanatiklər ordusunun “kütləvi psixoz” vəziyyətində idarə edilməsi ilə mümkün olur. Beyin nə qədər kövrək və “gəncdirsə”, ona aramsız təbliğatı, mexaniki hərəkətləri, qeyri-iradi davranışları təlqin etmək bir o qədər asandır. Ona görə missionerlər daha çox uşaqların, yeniyetmələrin və gənclərin hələ tam formalaşmamış zehnlərini “silib təmizləməyə” və lazım bildikləri ideologiyaları həmin “boşluğadoldurmağa can atırlar. Azərbaycan Respublikasının beynəlxalq sistemdə unikal dövlət kimi mövcudluğunun ilkin şərtlərindən biri - onun çoxdinli, çoxmədəniyyətli və çoxmillətli dövlət olmasıdır ki, bu da onun unitarlığına təməl yaradır və ölkədə milli vəhdətin sarsılmazlığını təmin edir. Ona görə də Azərbaycana qarşı təbliğati ekspansionizm buradakı çoxdinlilik və çoxmillətlilik amilindən nə qədər sui-istifadə etməyə çalışsa da, buna nail ola bilmir. Azərbaycana təriqətçilik axınları ilə dolmaq istəyən təmayüllər xalqımızın dini dözümlülükhumanizm kimi nəcib keyfiyyətlərini zədələmək cəhdlərində bulunur, insanların qəlbinə ən hiyləgər üsullarla girib, onların dini etiqadlarından sui-istifadə etməklə mənəviyyatını zəhərləmək, doğru yoldan sapındırıb yolverilməz hərəkətlərə sövq etməyə təşəbbüslər edirlər. Bu prosesin bütün mərhələləri və texnologiyası onu göstərir ki, dini təbliğatla məşğul olan radikal missionerlikekspansionizmin digər təzahürləri heçdinin mahiyyətindən doğmur, ölkəmizə qarşı siyasi, ideoloji təsir aləti kimi işlədilmək məqsədləri daşıyır. Demokratiya - xaosanarxiya olmadığı kimi, tolerantlıq da ölkəmizin və mənəviyyatımızın qapılarını hər cür ifrat dini-siyasi ideologiyaların üzünə açmaq demək deyil. Bu gün milli təhlükəsizliyimizin təminatı ölkəmizə dini-ideoloji müdaxilə cəhdlərinin qətiyyətlə dəf edilməsi ilə birbaşa bağlıdır. Lakin bu istiqamətdə zəruri addımların atılması təkcə milli təhlükəsizlik orqanlarının deyil, həm də elm, mədəniyyət, din, təhsil və milli humanitar siyasətini həyata keçirən qurumların və sağlam milli-mənəvi dəyərlərə malik olan hər bir vətəndaşın vəzifəsidir.

Bu gün Azərbaycanın ən müxtəlif bölgələrindən gedərək Yaxın və Orta Şərqin milli, dini, təfriqəçilik və məzhəbçilik savaşlarına qatılanlar sadəcə öz ailələrinə və getdikləri yerlərin sakinlərinə bədbəxtlik gətirmir. Onlar beyinlərinə yeridilmiş ifratçı ekstremist düşüncə tərzi ilə cəmiyyətin sağlam, firavan, tolerant bir şəraitdə yaşamasına da böyük təhlükə yaradırlar. Yaxın və Orta Şərqin, eləcə də qara qitənin bir çox savaş meydanlarına gələnlər heç də tək bizim vətəndaşlarımız deyil. Hər gün yüzlərlə, bəzən minlərlə günahsız insanların amansızcasına qətlə yetirildiyi bu qan çanaqlarında ən müxtəlif siyasi, iqtisadi, mədəni və demokratik inkişaf səviyyəsində yer alan ölkələrin vətəndaşlarına rast gəlmək mümkündür. Çoxları üçün yeni və gözlənilməz olan bu durum bütün ölkələrin siyasi elitalarını dünyanın münaqişəli bölgələrində bilərəkdən və ya bilməyərəkdən terrorçuluq fəaliyyətinə cəlb olunmuş vətəndaşları barəsində nə kimi təcili və təsirli tədbirlərin görülə biləcəyi düşündürür. Məsələn, beş yüzə yaxın vətəndaşının İŞİD sıralarında döyüşdüyü iddia olunan Böyük Britaniyada artıq terror bölgəsindən qayıdan və ya qayıdacaq vətəndaşların ömürlük həbs cəzasına məhkum olunması zərurəti müzakirə olunur. Latviya özünün yüksək rütbəli zabitlərini münaqişə bölgələrinə göndərərək orada öz vətəndaşlarının iştirakı haqqında iddiaları araşdırır. Azərbaycan Konstitusiyası və Azərbaycan milli təhlükəsizlik doktrinası da hər cür milli, etnik, dini, irqi, ideolojis. müxtəlifliyə əsaslanan ayrı-seçkiliyi və bu zəmində qarşıdurma yaratmağa yönəlmiş terrorçuluq fəaliyyətlərini qətiyyətlə rədd edirbu kimi fəaliyyətlər cinayət qanunvericiliyi əsasında ciddi cəzalandırılır. Bununla belə, ölkəmizdə yabancı dini, siyasi, ideoloji tendensiyaların müdaxiləsini önləmək texnologiyaları təkmilləşdirilməli, mövcud tolerantlıq mühitindən sui-istifadə hallarına, missionerliyin təhlükəli həddə çatmasına qarşı daha barışmaz mövqe nümayiş etdirilməlidir. Missionerlərin - yabancı təriqət daşıyıcılarının əsasən cəmiyyətin gənclik qisimini ələ almasına yol verilməməli, gənc nəslin dünyagörüşünün milli ideyalarrasional dəyərlər əsasında formalaşdırılmasının kompleks layihələri həyata keçirilməlidir. Bir sözlə, milli təhlükəsizliyimizin etibarlı təminatı - dini-ideoloji ekspansiya cəhdlərini dəf etmək istiqamətində zəruri olan bütün fəaliyyətlərimizin səfərbər edilməsindədir.

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

Fəlsəfə doktoru.

 Respublika.-2014.- 26 sentyabr.- S.5.