Zərdab: təhsildə sevindirici nailiyyətlər qazanılır
Son illər bu rayonda təhsil sahəsi yüksələn dinamika ilə inkişaf etməkdədir. Keçən tədris ilinin nəticələri və qarşıda duran vəzifələr barədə müxbirimizə məlumat verən Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev söhbətə builki məzunların ali məktəblərə qəbulu vəziyyətindən danışaraq bildirmişdir ki, məzunların ali və orta ixtisas məktəblərinə qəbulu hər bir məktəb rəhbərini, hər bir valideyni düşündürən məsələlərdən biridir. Məzunların xeyli hissəsi orta məktəbdə təhsil alarkən qarşılarına məhz bu məqsədi qoyur, bu amalla da çalışır və cəmiyyətə yüksək səviyyəli ixtisaslı kadr kimi daxil olmaq istəyirlər.
Rayonun tam orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşmaqdadır. 2009-cu ildə 78 nəfər, 2010-cu ildə 90 nəfər, 2011-ci ildə 93 nəfər, 2012-ci ildə isə 102 nəfər məzunun müxtəlif profilli ali məktəblərə daxil olması bu sahədə inkişaf dinamikasını aydın şəkildə göstərir. Ötən 2013-cü ildə rayonun təhsil tarixində ali məktəblərə qəbul sahəsində ən yüksək nəticə əldə olunmuş və məzunlarımızın 135 nəfəri, 2014-cü ilin yekun nəticəsinə görə isə 125 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur.
Builki tələbə qəbulunda 2014-cü ilin və əvvəlki illərin məzunları ilə birlikdə şəhər 1 nömrəli məktəb-liseydən 40 nəfər, şəhər 2 nömrəli tam orta məktəbdən 3 nəfər, şəhər 3 nömrəli tam orta məktəbdən 16 nəfər, Gəlmə və Çallı kənd tam orta məktəblərinin hər birindən 9 nəfər, Bıçaqçı kənd tam orta məktəbindən 6 nəfər, Yarməmmədbağı, Məmmədqasımlı, Qoruqbağı, Körpükənd, Kəndəbil, İsaqbağı kənd tam orta məktəblərin hər birindən 4 nəfər, Şəftəhal və Qaravəlli kənd tam orta məktəbin hər birindən 3 nəfər, Pərvanlı və Yuxarı Seyidlər kənd tam orta məktəblərinin hər birindən 2 nəfər, Əlibəyli, Sarıqaya, Məlikumudlu, Əlvənd, Şahhüseynli, Şıxbağı, Dəkkəoba, Dəliquşçu, Məlikli kənd tam orta məktəblərinin hər birindən 1 nəfər olmaqla rayon üzrə 125 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdu.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bu il də Rusiya Federesiyasının ayrı-ayrı ali məktəblərinə daxil olmuş məzunlarımız az deyil.
Bu il sənəd verən məzunların sayına görə Qoruqbağı, Körpükənd, Çallı, Kəndəbil kənd tam orta məktəbləri 100 faiz, şəhər 1 N-li məktəb-lisey 70,5 faiz, şəhər 3 N-li tam orta məktəb 64,0 faiz, Yarməmmədbağı kənd tam orta məktəbi 57,1 faiz, Bıçaqçı kənd tam orta məktəbi 75,0 faiz, Qaravəlli kənd tam orta məktəbi 60,0 faiz, İsaqbağı kənd tam orta məktəbi 57,1 faiz nəticə göstərərək rayon səviyyəsindən (56,0 faizdən) yuxarı nəticə əldə etmişlər.
Bu il ali məktəblərə imtahan verən məzunlarımızdan 4 nəfəri onlara göstərilən etimadı doğruldaraq 600-dən yuxarı bal toplamışlar. Şəhər 1 N-li məktəb-liseydən Etibaroğlu Abdul Etibar oğlu 624, şəhər 3 nömrəli tam orta məktəbdən Ağalarova Aydan Ağalar qızı 665, Dəkkəoba kənd tam orta məktəbindən Şıxalıyev Şamil Famil oğlu 665, Qaravəlli kənd tam orta məktəbindən İbişov Tağı Teyyub oğlu 650 bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşlar.
2014-cü ildə tələbə adı qazanan məzunlarımızdan 14 nəfəri 500 baldan yuxarı nəticə əldə etmişlər.
2014-cü ildə attestat alaraq məzun olan 437 nəfərdən 223 nəfəri ali məktəblərə daxil olmaq üçün TQDK-ya ərizə vermişdir.
2013-2014-cü dərs ili ərzində rayonun bütün ümumtəhsil məktəblərinin şagirdlərinin və pedaqoji kollektivlərin iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü, Xocalı soyqırımının 22-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü 9 May faşizm üzərində qələbə, 28 May Respublika günü, 15 iyun Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilməsi təşkil edilmişdir. Novruz bayramı münasibətilə rayonun bütün təhsil müəssisələrində bayram şənliklərinə həsr olunmuş tədbirlər keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Dahi rəhbərin xatirəsinə həsr edilmiş inşa yazı müsabiqəsində Əlibəyli kənd tam orta məktəbin IX sinif şagirdi Bilalzadə Aytən Asif qızı rayon turunda 1-ci yeri tutmuşdur. Müsabiqənin may ayında Bakı şəhərində keçirilən respublika turunda Bilalzadə Aytən IV yeri tutaraq mükafatlandırılmışdır. Elmi-praktik konfranslar və Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinin iştirakı ilə fevral-may aylarında “Heydər Əliyev” dərsləri keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfinlən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaq hüquqlarını bilək və qoruyaq!” mövzusunda təşkil edilmiş respublika rəsm müsabiqəsində Əlvənd kənd tam orta məktəbin IX sinif şagirdi Bayramova Bəsirə Elşad qızının və Gödəkqobu kənd tam orta məktəbin IX sini fşagirdi Musayev Fəxri Haqverdi oğlunun rəsm işləri respublika üzrə 30 rəsm işinə daxil edilmiş və hər iki rəsm işi müsabiqənin diplomlarına layiq görülmüşdür.
Rayon təhsil şöbəsi Təhsil Nazirliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin istedadlı uşaq və gənclərlə aparılan işlərin daha da yaxşılaşdırılmasına dair müvafiq sərəncam və əmrlərinə istinadən əvvəlki illərdə olduğu kimi, ötən 2013-2014-cü dərs ilində də bu istiqamətdə bütün müəssisələrdə işlərin canlandırılmasına səy göstərmiş, məktəblilərin asudə vaxtının səmərəli keçməsinə diqqəti artırmışdır.
Ötən dərs ili ərzində rayonun müxtəlif məktəblərindən çoxsaylı şagirdlərin iştirakı ilə respublikanın tarixi yerlərinə ekskursiyalar təşkil edilmişdir.
Bu ekskursiyaların yekunu olaraq cari ilin 19-22 avqust tarixlərində Zərdab Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun əksər məktəblərini təmsil edən 40 nəfər əlaçı və xüsusi istedada malik şagirdlərin “Ölkəmizi tanıyaq” devizi altında respublikanın İsmayıllı, Qəbələ və Şəki şəhərlərində tarixi yerlərə yüksək səviyyəli 3 günlük səyahətləri təşkil edilmişdir.
Rayon icra hakimiyyətinin istedadlı şagirdlərlə keçirdiyi görüşlər, bu görüşlərdə onların fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması rayon istedad bankının daha da genişləndirilməsi işinə xeyli təkan vermişdir.
Rayonda şahmatın kütləviliyini artırmaq və ona olan marağı yüksəltmək məqsədilə 18-28 noyabr 2013-cü il tarixlərdə H.B.Zərdabinin xatirəsinə həsr olunmuş IX Respublika turniri keçirilmişdir. Ötən ilin noyabr ayında rayon şahmat məktəbinin komandası respublika şahmat məktəbləri arasında Bakı şəhərində keçirilən Respublika çempionatında IV yeri tutmuşdur.
Məktəbin dərnək üzvü Əhmədli Aytac ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan və Bakı şəhərində keçirilən şahmat festivalında III yer tutaraq diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Ötən dərs ilinin II yarısında məktəblilər arasında “Cəsurlar” və “Şahin” hərbi idman oyunlarının rayon mərhələsi uğurla keçmiş hər iki yarışda qalib olan Gəlmə kənd tam orta məktəbin şagirdləri, Ucar və İsmayıllı rayonlarında keçirilən zona yarışlarında da I-II yerləri tutaraq respublika finalında iştirak etmək hüququ qazanmışdır. Məktəbin “Cəsurlar” komandası əvvəlki ənənələrini davam etdirərək uğurları bir daha təkrarlamış və bütün komandaları geridə qoyaraq respublika finalında ikinci dəfə I yeri tutmuşdur.
Rayon məktəblilərindən ibarət komanda Göyçay şəhərində keçirilən intellekt yarışmasında II yeri tutmuşdur.
Məktəblilərin fənn olimpiadaları ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsində və istedadların üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir.
2013-2014-cü dərs ilində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında fənn olimpiadaları Təhsil Nazirliyinin 7 noyabr 2002-ci il tarixli əmri ilə təsdiq olunmuş “Məktəblilərin fənn olimpiadaları haqqında Əsasnamə” yə müvafiq keçirilmişdir.
Rayon mərhələsinin 1-ci turu 9 fənn üzrə keçirilmiş və bu mərhələdə 310 nəfər VII-XI sinif şagirdi iştirak etmişdir. İnformatika fənni üzrə yalnız 1 nəfər - Şəftəhal kənd tam orta məktəbin şagirdi iştirak etmişdir.
Rayon turunun II mərhələsi 12 yanvar 2014-cü il tarixdə 6 fənn üzrə keçirilmişdir. Azərbaycan dili və ədəbiyyat fənnindən 11 nəfər, Azərbaycan tarixi fənnindən 8 nəfər, riyaziyyat fənnindən 13 nəfər, fizika fənnindən 3 nəfər, kimya fənnindən 7 nəfər, biologiya fənnindən 9 nəfər olmaqla bu mərhələdə 51 nəfər şagird iştirak etmişdir.
Yeni tədris ili ərəfəsində rayon ərazisində yeni məktəb tikintisi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərində daxili imkanlar hesabına cari təmir işləri aparılır. Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış massivində tikilən 132 şagird yerlik məktəb binası da inşa edilmiş, təhsil müəssilərinin inventar və avandanlıqlarla təchizatı yaxşılaşdırılmışdır.
Vəli İLYASOV,
Respublika.-2014.- 26 sentyabr.- S.6.