Dağların nurlu şəhəri

 

Bu dağlar çox qovğa görüb. Keçən əsrin əvvəlində erməni xəyanətkarlığı ucbatından Göyçə mahalından, Cəmbərəkdən, Qaraqoyunlu dərəsindən azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınanda bu dağlar insanlara qucaq açıbdır: qədim Gədəbəy qaçqın və köçkünlərə pənah yeri olub. Ağkilsədə Qaçaq Məcid, Dikdaşda Muqa Namaz, Ataxalda Qara Bayram kimi adlı-sanlı igidlər aylarla dağlara çəkilib erməni quldurlarına qarşı ölüm-dirim savaşına çıxıblar. Onların ayıq-sayıqlığı nəticəsində Gədəbəydən keçib Şəmkiri, Gəncəni və Bərdəni işğal etməyə gedən erməni ordusu Dikdaş kəndi yaxınlığındakı Xınna dərəsində tamamilə məhv edilib. Həmin ağrılı-acılı illərdən bəri ruslar, malakanlar və kürdlər dağ kəndlərində əl-ələ, çiyin-çiyinə yaşayır, xeyirdə-şərdə bir yerdə olur, öz adət-ənənələrinə uyğun həyat tərzi keçirirlər.

Dağlıq Qarabağ uğrunda döyüşlər gedərkən Gədəbəyin də Vətən qeyrəti çəkən övladları torpaq uğrunda mübarizə aparıblar. Başkənddə, Mutudərədə qanlı döyüşlər gedib. Polkovniklər Cahangir Rüstəmov, Hamlet Hüseynov, baş leytenant Məzahir Rüstəmov, topçu İskəndər Aznaurov və başqaları düşmənə layiqli cavab verib, onları qovmuşlar. Erməni işğalçılarına qarşı mübarizədə misilsiz igidlik göstərərək həlak olan gənc leytenant Məzahir Rüstəmov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür...

Çətin günün ömrü az olar, deyiblər. O qanlı-qadalı günlərdən sonra üç min illik tarixi olan Gədəbəy rayonu yeni inkişaf yoluna qədəm qoydu. Bu gün dağlar qoynunda özgə büsat var, insanlar qurmaq, yaratmaq eşqi ilə yaşayırlar. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin daxilixarici siyasətini ürəkdən bəyənir və dəstəkləyir, onun ətrafında daha sıx birləşdiklərini öz fərəhli işləri, xoş əməlləri ilə sübut edirlər. Bunlar həm də ölkə Prezidentinin bu dağ rayonuna tükənməz qayğı və diqqətinin bəhrələridir. Onun Gədəbəyə üç dəfə səfər etməsi adamlarda böyük ruh yüksəkliyi yaratmış, onların gələcəyə inamlarını möhkəmləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Gədəbəy-Qaravəlilər, Qarıkənd-Miskinli-Çalburin və Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun tikintisi ilə bağlı çox mühüm sərəncamları yüksək inkişafa, kənd adamlarının daha rahat yaşamasına zəmin yaratmışdır.

Bu gün dağ kəndlərinin yolları ayna kimi tərtəmizdir. Altmış kilometr uzunluğunda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisində son tamamlama işləri görülür. Bundan sonra Şınıx bölgəsinin 30-a yaxın kəndi Avropa standartlarına uyğun tamamilə yenidən qurulan bu yoldan istifadə edəcəkdir. Fındıqlı və Colpan çayları üzərində salınmış böyük və yaraşıqlı körpülər sərhəd rayonu üçün həm də strateji əhəmiyyətə malikdir.

Təhsil ocaqlarına qayğı daim diqqət

 mərkəzindədir. Bu sahədə rayon sakinləri hər gün bir yeniliyin şahidi olurlar. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla söhbət zamanı dedi:

Yeni dərs ilinə yaxşı hazırlıqla başladıq. Son zamanlar Novosaratovkada 200 yerlik, Qoşabulaq və Samanlıq kəndlərinin hərəsində 180 yerlik, Slavyankada 360, Arıqdam kəndində isə 480 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

Ümumiyyətlə, son illər 70-ə yaxın məktəb yenidən tikilmişya əsaslı təmir olunmuşdur. Həmin təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilmiş, pedaqoji kollektivlərin səmərəli fəaliyyət göstərməsi, şagirdlərin biliklərə dərindən yiyələnməsi, vətənə məhəbbət ruhunda tərbiyə alması üçün hər cür şərait yaradılmışdır.

Qədim Gədəbəyi indi tanımaq olmur. Şəhərin girəcəyindəki uçuq-sökük, miskin görkəmi olan binalardan, bərbad dalan və döngələrdən əsər-əlamət yoxdur.

Müharibə əlilləri, rayon prokurorluğupolis idarəsi üçün inşa edilmiş yeni binalar, müasir ticarət və məişət xidmətləri obyektləri inkişafdan, qazanılan uğurlardan xəbər verir. Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. İndi ölkənin və rayonun hər yerindən buraya qonaqlar gəlir, təzə ailə quran gənclər ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyur, bununla da sanki valideyn xeyir-duası alırlar. Bu təntənəni görən ağsaqqallar və ziyalılar ürəkdolusu danışır, hər şeydən əvvəl ölkə Prezidentinə minnətdarlıq edirlər.

General-leytenant Ədalət Paşayev:

-Möhtərəm Prezidentimizin qayğısı sayəsində Gədəbəy yenidən qurulub. Adam gözlərinə inana bilmir ki, qısa zaman kəsiyində şəhərdə bu qədər tikinti-abadlıq işləri görülüb. Bunu ürəkdən alqışlayırıq!

Professor İzzət Rüstəmov:

-Mən bu rayonda böyüyüb boya-başa çatmışam. Hər yayda dincəlməyə doğma Şınıxa gəlirəm. Bu il isə rayonda saysız-hesabsız yeniliklərin şahidi oldum. Belə abad şəhəri, füsunkar kəndi olan adam da gedib başqa yerdə yaşayarmı?! Fərəh hissi ilə deyə bilərəm ki, ulu öndərin arzuları uğurla həyata keçirilir.

İndi rayonun hər yerində quruculuq işləri görülür. İsalı kəndi də öz simasını tamamilə dəyişib. Abad yollar, yeni mədəni-maarif ocaqları, yaşayış evləri könül oxşayır. Qaz çəkilişi də başa çatmaq üzrədir...

Bir neçə il əvvəl bünövrəsi ölkə Prezidenti tərəfindən qoyulan aşıq musiqi məktəbinin, 1000 nəfər tamaşaçı tutan Yaşıl teatrın az vaxtda tikilib istifadəyə verilməsi də şəhər sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. İndi Heydər Əliyev adına parka dincəlməyə gələnlər həm də bu mədəniyyət ocaqlarının xidmətindən istifadə edirlər.

Sahibkarlığın inkişafı, fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi adamların güzəranının yaxşılaşmasında mühüm rol oynayıb. İndi qonaq qəbul etməyə hər cür şəraiti olan onlarca ailəvi istirahət və turizm mərkəzi fəaliyyət göstərir. Yeni yaradılmış mineral sular istehsalat birliyi müalicə əhəmiyyətli suları qablaşdırıb paytaxta və ölkənin digər şəhərlərinə göndərir.

Hər yerdə olduğu kimi bu il rayonda hava şəraiti əlverişsiz keçib. Buna baxmayaraq, fermer təsərrüfatlarında və şəxsi həyətyanı sahələrdə bol kartof, kələm, meyvə və digər məhsullar yetişdirilib.

Bəli, təbii sərvətləri hamını heyran qoyan bu dağlar diyarı indi gözəl günlərini yaşayır. Şəhərdə, kəndlərdə əmin-amanlıqdır. Buz bulaqları, mineral suları, yaşıl ormanları şəfa verən Gədəbəy bir zamanlar dadlı kartofu ilə məşhur idi. İndi isə işgüzar, qurucu adamları, dünya bazarlarında əl-əl gəzən qızılı, gümüşü, misi ilə tanınır.

 

Polad QASIMOV,

Əməkdar mədəniyyət işçisi.

Respublika.-2014.- 26 sentyabr.- S.6.