“Mir Cəlal”
kitabının təqdimat mərasimi keçirilmişdir
Bakı
Dövlət Universitetində
Azərbaycan ədəbiyyatının
və elminin inkişafına əvəzsiz
töhfələr vermiş
böyük ədib və alim, görkəmli
pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin xatirəsinə
həsr olunmuş tədbir və ikicildlik nəfis tərtibatlı “Mir Cəlal”
kitabının təqdimat
mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov açmış və bildirmişdir ki, xalqımızın sevimli yazıçısı Mir Cəlal Paşayevin Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında çox böyük xidmətləri olmuşdur. Artıq 36 ildir ki, aramızda olmayan bu böyük yazıçının, alimin əziz xatirəsi hər birimizin qəlbində yaşayır və onun anım gününü hər il BDU-da xüsusi hörmətlə qeyd edirik. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən onu tanıyanlar böyük hörmətlə danışırlar. Görkəmli ziyalımız 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış, Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə dəyərli töhfələr vermişdir.
Mir Cəlal Paşayevin 1961-ci ildən 1978-ci ilə qədər “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasına rəhbərlik etməsindən danışan rektor onun “Ədəbiyyatşünaslığın əsasları” kursunun təməlini qoymasından, ömrünün sonuna qədər bu kursu tədris etməsindən, filologiya elmində məktəb yaratmasından danışdı. Qeyd etdi ki, Mir Cəlal Paşayev 36 nəfərin namizədlik və doktorluq işinə rəhbərlik edib, “Füzulinin poetik xüsusiyyətləri”, “Füzulinin sənətkarlığı”, “C.Məmmədquluzadə realizmi haqqında” (1966), “XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları”, “Klassiklər və müasirlər”, “Azərbaycanda ədəbi məktəblər - 1905-1907” adlı sanballı əsərlər yaradıb. Böyük ədib və alim Mir Cəlal Paşayevin müdrik insan, böyük bir şəxsiyyət olduğunu deyən Abel Məhərrəmov onun müxtəlif janrlarda olan bədii əsərlərinin həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurduğunu diqqətə çatdırdı və bildirdi ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacaqdır.
Müəllifi professor Teymur Əhmədov və redaktoru Ədibə Paşayeva olan ikicildlik “Mir Cəlal” adlı kitabın işıq üzü görməsi çox önəmlidir.
Kitabın I cildində 4 fəsildə “Ədəbi-nəzəri düşüncələri”, “Müasirlərin xatirələrində”, “Əbədiyaşar ümumxalq sevgisi”, “Mir Cəlala həsr edilmiş poetik nümunələri”, II cildində 6 fəsildə “Ömrün mənalı anları”, “Həyatımda yaratdığım ən böyük əsərim ailəmdir”, “Mir Cəlalın əsərlərinin səhnə həyatı”, “Şəxsi arxivdən əlyazmalar”, “Epistolyar irs: ünsiyyətin canlı şahidi”, “Bioqrafik məlumat” öz əksini tapmışdır.
Kitabın redaktoru, BDU-nun kafedra müdiri Ədibə Paşayeva Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında öz xatirələrini danışdı və bildiridi ki, Mir Cəlal müəllim öz həyatında universitetlə çox bağlı idi. Universiteti doğma evi, ocağı kimi qəbul edirdi... O, həm də ailəsinə çox bağlı idi. Hətta ailə şənliklərində universitet kollektivini yanında görmək istəyirdi. Universitetin kollektivi də həmişə ona qarşı çox diqqətli idi...
Kitab haqqında danışarkən qeyd etmək istəyirəm ki, kitabın nəşr edilməsinin təşəbbüskarı professor Teymur Əhmədovdur. O, mənə qədər çoxlu material toplamışdı. Mən də imkanım daxilində köməklik göstərdim. Kitabda Mir Cəlal müəllimin sağlığında onun elmi və bədii yaradıcılığı haqqında yazılmış məqalələr, Mir Cəlalı tanıyanların səmimi xatirələri, hələ çap üzü görməyən yazıları, görkəmli alimlərin dissertasiyalarına yazdığı rəyləri və digər materiallar öz əksini tapıb. Həmçinin onun haqqında informatik yazılar, 50, 60, 70 illik yubileyləri haqqında materiallar, UNESCO səviyyəsində keçirilən 100 illiyi münasibətilə toplanmış materiallar verilib. Bununla yanaşı, Mir Cəlal Paşayevin epistolyar irsindən nümunələr vardır. Məlum olduğu kimi, Mir Cəlalın bədii əsərlərini professor Əziz Şərif tərtib etmişdir.
Əziz Şəriflə onun yazışmaları da bu kitabda öz əksini tapmışdır. Kitabda gedən fotoşəkillərin bir çox qismi ilk dəfədir ki, çap edilir. Burada yazıçının ailə şəkilləri, dostları, qələm yoldaşları ilə çəkdirdiyi şəkillər çoxluq təşkil edir. Bu kitab təkcə Mir Cəlal Paşayev şəxsiyyətinin böyüklüyünü deyil, o dövrün görkəmli ədəbiyyat, elm xadimlərinin bir-birlərinə olan səmimi münasibətini də əks etdirir. Bu, gənc nəsillər və tələbələr, Mir Cəlal irsini öyrənənlər üçün dəyərli bir kitabdır”.
AMEA-nın həqiqi üzvü, akademik Vasim Məmmədəliyev Mir Cəlal Paşayevin həyat və yaradıcılığına yüksək qiymət verərək dedi: “Bizim böyük yazıçımız, böyük alimimiz, çox gözəl insan haqqında belə bir kitabın nəşr olunması ədəbi-ictimai həyatımızda çox böyük hadisədir. Mir Cəlal müəllim elə bir şəxsiyyət, elə bir alimdir ki, həmişə dövründən asılı olmayaraq onun əsərləri aktualdır və sevilərək oxunur. Mir Cəlalın “Füzulinin poetik xüsusiyyətləri” kitabı onun bizim elm tariximizdə əbədi qalması üçün kifayət edərdi. Həmçinin “Bir gəncin manifesti”ndən başqa bir şey yazmasaydı yenə də ədəbiyyat tariximizdə böyük bir yazıçı kimi layiqli yer tutacaqdı... Mir Cəlal müəllim sözün həqiqi mənasında insanların taleyi ilə maraqlanan, onlara qayğı ilə yanaşan humanist bir insan idi. Həddindən artıq insanpərvər olan bu gözəl insan, böyük alim, böyük müəllim, böyük pedaqoq idi. Yüksək səviyyəli, nəfis tərtibatlı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığımı bildirirəm.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Mir Cəlal Paşayevin fəaliyyətinə nəzər salaraq bildirdi ki, Mir Cəlal böyük realist ədəbiyyatşünasdır. Qeyd edim ki, “Bir gəncin manifesti” ayrıca kitab şəklində 9 dilə tərcümə olunmuşdur. Onun əsərləri hamı tərəfindən sevilir. Bu əsərlər bugünkü dövr üçün də olduqca aktualdır. Qloballaşma dövründə milli-mədəni irsimizi qoruyub saxlamaq olduqca vacib bir məsələdir. Bu gün Mir Cəlal müəllimin irsi yaşayır və əsrlər boyunca yaşayacaqdır. Biz bu elmi irsi, bu sərvəti qoruyub saxlamalıyıq... Onun özünün qeyd etdiyi kimi “Mənim ən böyük əsərim mənim ailəmdir”. Bu ailədən alimlər, pedaqoqlar formalaşmış və yetişmişdir. Mir Cəlal müəllimin həyat yolu hər kəsə bir nümunədir.
BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli öz çıxışında Mir Cəlalın yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlərindən, gözəl insani keyfiyyətlərindən danışdı: “Mir Cəlal müəllim böyük ədibdir, böyük yazıçıdır, böyük insandır. Hətta mən böyük insandır sözünü önə çəkərdim. Çünki sözün həqiqi mənasında böyük insan olmaq ən əsasıdır. Hər kəs böyük insan ola bilmir... Mir Cəlal müəllim mənim müəllimim olub. Onun elə bir müəllimlik manerası vardı ki, hər dəfə auditoriyaya girəndə öz-özümdən soruşuram: “görəsən Mir Cəlal müəllim belə edərdimi?...”.
Lev Tolstoyun belə bir fikri var: “bu dünyada hər şey gəldi-gedərdir, hər şey ötəridir, hər şey bitəcək, var da, dövlət də yox olub gedəcək, yalnız bədii söz yaşayacaq”. Mir Cəlal müəllimi yaşadan bədii sözdür. Mir Cəlal müəllimin ən çox işlətdiyi ifadə bu idi - “Görəsən bunun axırı nə olacaq?”. Bu gün Azərbaycan çox inkişaf edib. Dövlət büdcəsi dəfələrlə artıb. İnsanlar bu inkişafın şahidləridirlər. Təəssüf ki, o, bu gözəl günləri görmədi.
Bu gün böyük zəhmət hesabına işıq üzü görmüş bu kitabı ərsəyə gətirdiklərinə görə professor Teymur Əhmədova və BDU-nun kafedra müdiri Ədibə Paşayevaya təşəkkürümü bildirirəm”.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, BDU-nun müəllim və tələbələri, tanınmış ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Samir ZEYNALOV,
Məhəmməd VƏLİYEV,
Respublika.-2014.- 27 sentyabr.-
S.2.