Azərbaycan kitabının taleyi hamını düşündürməlidir
“Respublika” qəzetinin müxtəlif saylarında
gedən müzakirələrdə
Abuzər Xələfov,
Kərim Tahirov, Çingiz Əlioğlu, Lətifə Məmmədova,
Bəhruz Axundov, Knyaz İlyasoğlu, Azər Hüseynov, Mahmud Mahmudov, Əvəz İdrisoğlu və digərləri kimi respublikada kitabçılığın
inkişafına illərini
vermiş görkəmli
alim və peşəkarların iştirakı
və davamlı olaraq redaksiyanın poçtuna daxil olan təqdiredici rəylər ictimaiyyətin
bu sahədə köklü dəyişikliklərin
həyata keçirilməsinin
tərəfdarı olduğunu
təsdiqlədi.
“Kitab mütaliəsinə ehtiyac
zamanın tələbidir”
(“Respublika” qəz., 12.01.2013) və (“Füyuzat” 5, 6) dərc olunan məqalələrdə
oxucuları ana dilimizin saflığını
qorumağa çağırmaqla
yanaşı, yazılan
hər bir kitabın milli təfəkkür və intellektimizin formalaşmasında
oynadığı roldan
da söz açıb strateji əhəmiyyət kəsb
edən bu sahənin mövcud problemlərinə toxunmaqla,
bizi bir daha vəziyyətin düzəlməsi üçün
zəruri tədbirləri
həyata keçirməyin
vacibliyinə inandırmış
oldu.
Bu gün özünü naşır adlandıranların əksəriyyətinin redaksiya-nəşriyyat işinin texnologiyasından xəbərsiz qeyri-ixtisas sahiblərindən ibarət olması, respublikada fəaliyyət göstərən nəşriyyatların müəyyən bir sahə üzrə ixtisaslaşmağa maraq göstərməməsi heç kəs üçün sirr deyil. Faktlar, güclü siyasi-ideoloji mübarizə silahı, təbliğat-təşviqat vasitəsi, informasiya mənbəyi olmaqdan əlavə, həm də başlıca ideya daşıyıcısı sayılan kitabın əksər hallarda redaktə olunmadan, müəllifdən qəbul olunduğu kimi ilkin variantda çapa verildiyini, nəşr olunan əsərlərin ictimai rəyə göstərə biləcəyi təsirin həcminin və miqyasının hesaba alınmadığını təsdiqləyir.
Cəmiyyətdə ən obyektiv informasiya daşıyıcısı imicini və onunla birgə həm də ictimai rəyə təsir göstərmək şansını itirməyə doğru istiqamət götürmüş kitaba olan marağın tədricən azaldığını, bu gün oxucu auditoriyası getdikcə məhdudlaşan Azərbaycan kitabının əvvəllərdə olduğu kimi 10000-100000 deyil, cəmi 50-500 tirajla çap olunması faktı da təsdiqləyir. İnformasiya daşıyıcılarının ən obyektivi sayılan nəşrlərin elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına, poliqrafik icrasına nəzarətin zəifləməsi müharibə vəziyyətində yaşamağa məcbur edilən, ərazisinin 20%-i düşmən tapdağı altında qalan bir dövlət üçün məqbul sayıla bilərmi?
Ə.Əylislinin “Daş yuxular” romanı bir daha göstərdi ki, hətta uzun illər tanıdığımız yazıçılarımız belə müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin mənafeyinə zərər verə biləcək baxış sərgiləyə bilərlər. Onsuz da ərazimizin işğala məruz qaldığı, ikili standartlardan cana doyub əziyyət çəkdiyimiz bir vaxtda dövlətçiliyimizə, ərazi bütövlüyümüzə, xalqın beynəlxalq aləmdə yenicə formalaşmağa başlamış imicinə vurula biləcək hər cür zərbədən sığortalanmaq haqqımız deyilmi? Axı redaktorun vəzifəsi tək orfoqrafiya və üslub səhvlərini düzəltmək deyil, həm də faktların düzgünlüyünu yoxlayıb redaktə prinsiplərinin (xəlqilik, dövlətçilik və s.) gözlənilməsinə, nəşrin ideyasının cəmiyyətə bu prinsiplər çərçivəsində çatdırılmasına nail olmaqdır. Əgər bu gün informasiya məkanında at oynadanların böyük bir qismi redaktə prinsiplərindən xəbərsizdirsə, ucuz censasiya dalınca qaçıb çatdırdığı informasiyanın ictimai rəyə göstərə biləcəyi təsirin həcmini hesablamağı bacarmırsa, demək belə xoşagəlməz hallarla rastlaşmaq ehtimalımız az deyil. “Daş yuxular” buna sübutdur!
Senzuranın ləğvi yazılıb ictimaiyyətə təqdim edilən əsərlərin məzmununa, elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarətin götürülməsi demək deyil. Çapa hazırlanan nəşrlərin ideyası dəqiqləşdirilməli, bu ideyanın cəmiyyətə göstərə biləcəyi təsir əvvəlcədən hesablanmalı, faktların düzgünlüyünə, qənaətlərin məntiqliliyinə, elmi-ədəbi dəyərinə, eləcə də, nəşrin bədii-texniki tərtibatına nəzarət edilməlidir. Axı müəllif sadəcə əsər yazmır, eyni zamanda yazdığını ictimailəşdirməklə cəmiyyəti hər hansı bir məsələnin həllinə kökləyib kütləyə konkret bir ideyanı aşılamağa, onu özünün düzgün saydığı və ya məqsədli şəkildə arzuladığı konkret bir səmtə istiqamətləndirib yönəltməyə çalışır. Nəşrin oxucuya təsirini gücləndirib əsərin oxucu auditoriyası tərəfindən düzgün dərkolunmasını təmin etməyə qadir olan ədəbi, bədii və texniki redaktorların ideoloji sahədə əsrlərlə oynadıqları aparıcı roldan imtina edilməsi və peşəkar redaktor əməyinə lazım olduğu səviyyədə dəyər verilməməsi cəmiyyətdə sabitliyin pozulması, yanlış ideya ilə silahlanan oxucunun arzuolunmaz istiqamətlərə sürüklənməsi ilə nəticələnə bilər.
Əgər bu gün insan həyatı üçün təhlükə mənbəyi olan odlu silahın istifadəsi qadağan olunursa, ondan qat-qat artıq təhlükə mənbəyi olan informasiya məkanı niyə nəzarətsiz qoyulmalıdır? Axı odlu silah bir, uzağı bir neçə insana zərər verə bilərsə, silahların ən kütləvisi və təhlükəlisi sayılan informasiya milyonların beynini zəhərləyib onları uçuruma yuvarlaya, əsrlərlə həsrətini çəkib, yalnız indi əldə edə bildiyimiz müstəqilliyimizi təhlükə altına qoya (söhbət, təbii ki, cəmiyyətin informasiya almaq hüququnun az da olsa, məhdudlaşdırılmasından yox, informasiyanın oxucu auditoriyasına düzgün, yəni illərlə sınaqdan çıxarılıb formalaşdırılmış redaktə prinsipləri əsasında hərtərəfli təhlil edilməklə çatdırılmasından gedir) bilər. Bir də axı odlu silahdan xəsarət alan şəxsin nə vaxtsa sağalmaq şansı, informasiyanın təsiri altına düşən şəxsə nisbətən qat-qat çoxdur, çünki odlu silah əksər hallarda insan bədəninin yalnız bu və ya digər hissəsini zədələyirsə, informasiya birbaşa onun əsas şüur mərkəzini, yəni beynini sıradan çıxarmağa hesablanır...
Respublikamızda görülən geniş miqyaslı quruculuq və tikinti-abadlıq işləri, ordumuzun dövlətimizin müdafiə qüdrətinin gündən-günə artmasına hesablanan müasir silahlarla silahlanması və hərbi büdcəmizin gücləndirilməsi sözsüz ki, bizi sevindirir, amma, əgər bu gün aldığımız və ya istehsal etdiyimiz silahları etibar edə biləcəyimiz gənclərin şüuruna təsir göstərmək şansımız günü-gündən azalırsa, bu silahlar bizim, arxasında Rusiya kimi nəhəng duran düşmən üzərində qələbəmizi təmin etmək üçün kifayət edərmi? Yaxın tariximizə müraciət edək: öz dövrü üçün ən güclü silah arsenalına malik faşist Almaniyası, problemlər girdabında boğulan, primitiv silahlarla silahlanmış SSRİ üzərində qələbə çala bildimi? Belə çıxır ki, kütlənin bütün maddi dəyərlərdən yüksəkdə duran, insanı öz arxasınca göz qırpmadan ölümə belə aparmağa qadir olan ideya ilə silahlandırılması daha böyük önəm daşıyır. Belə olan halda, niyə çapa hazırlanan nəşrlərin ideya yönümünə nəzarət bu sahədə təhsili, təcrübəsi olmayan şəxslərə etibar edilir? Axı bizdən çox-çox əvvəl demokratiya əldə edib zəngin idarəetmə ənənələrinə malik olan dövlətlərdə belə informasiya məkanı bu sahədə təhsil almış ixtisas sahibi olmayanlara etibar edilmir, nəşrlərdə xəlqilik, dövlətçilik, ideyalılıq və s. kimi redaktə prinsiplərinin gözlənilməsinə nəzarət olunur. Bir düşünün, əhalisi 9 milyondan artıq olan bir dövlətdə əsəri 50-100 nüsxə tirajla çap olunan şəxs yazıçı adlandırıla, tirajı cəmi 200-300 nüsxə olan qəzet və ya jurnal kütləvi informasiya vasitəsi sayıla bilərmi?
Gəlin bir an da olsa, gündəlik qayğılardan ayrılıb ətrafımıza baxaq, vəhabilərin, ieqova qardaşları və s. kimi dini təriqətlərin, qumarxanaların, “piramida” fırıldaqçılarının təsiri altına düşüb intihar etməkdən, borcunu ödəmək üçün cinayətə əl atmaqdan qeyri yol tapmayan gənclərlə bağlı kriminal xronikaya nəzər salaq və bu suala cavab tapmağa çalışaq: doğrudanmı biz bu problemləri həll etməyə qadir deyilik? Əgər, bu gün xalq yazıçısı milli maraqlarımızın keşiyində dura bilmirsə, oğlu milli musiqimizi erməni musiqisi kimi təqdim edən xalq artistimiz bu biyabırçılığı maddi maraqla bağlamağa cəsarət edirsə, əylənməyə (acından ölməmək, dərman almaq üçün yox) pulu çatmayan gənc öz müəlliməsini qarət edib öldürməkdən, cəsədini yandırmaqdan çəkinmirsə, dost dostu, qardaş qardaşı, oğul atanı, ananı, bacını, dayını bir acı sözə və ya dünya malına görə qanına qəltan edib öz əməlindən vicdan əzabı belə çəkmirsə, biz hamılıqla səylərimizi birləşdirib bu sahədə qayda-qanun yaratmağa başlamaq üçün daha nələrin baş verməsini gözləyirik ki?
Milyonların beyninə təsir edib kütləni istiqamətləndirmək imkanına malik bir peşənin sirlərinə, jurnalist etikasına bələd olmayan təsadüfi şəxslər tərəfindən kiməsə qara yaxıb şantaj etmək, pul qoparmaq məqsədilə yazılan, heç bir fakta söykənməyən məqalələrlə gündəmə gələn, orfoqrafiya səhvlərinin, alayarımçıq cümlələrin baş alıb getdiyi qəzetləri maliyyələşdirənlər kimin dəyirmanına su tökür?
Bu gün informasiya məkanının mənəvi dəyərlərimizi maddiyətə qurban verən təsadüfi şəxslərdən təmizlənməsi, milli maraqlarımızı təmin edə biləcək əxlaqlı, mənəvi dəyərlərə sayğı ilə yanaşmağı bacaran bilikli, təcrübəli redaktorların ictimai rəyə təsir imkanlarının artırılması tək ideoloji yox, həm də dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən mühüm strateji məsələdir.
Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi iqtisadiyyatın şaxələnməsini, ayrı-ayrı bölgələrin mövcud potensialından səmərəli istifadə edilməsini, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsini tələb edir. Nəticədə iqtisadi qüdrəti güclənməyə doğru gedən ölkədə sosial problemlərin həlli istiqamətində də bir sıra layihələrin həyata keçirilib əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasına və cəmiyyətdə sosial ədalətin bərqərar edilməsinə şərait yaranmış olur. Eyni zamanda zəngin milli mədəniyyətin özəlliyinin qorunub saxlanılmasına, elm və təhsilin inkişafına xidmət edən dövlət proqramlarının qəbul olunmasına, məqsədyönlü gənclər siyasətinin yeridilməsinə imkan yaranır. Gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakına zəmin yaradan bu siyasət demokratik dövlət quruculuğu sahəsində də əsaslı dəyişikliklər həyata keçirib diqqətəlayiq nailiyyətlər qazanmağa imkan verir. Müasir dünyada gedən qloballaşma və sosial-iqtisadi tərəqqi iqtisadiyyatın ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla çalışmağa qadir olan hazırlıqlı kadr potensialının yetişdirilməsini tələb edir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi təhsil sektorunun inkişafına böyük önəm verir, onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ön plana çəkir. Bu sahədə əsaslı dövlət proqramları həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Təhsil sisteminin informasiylaşdırılması (2008-2012-ci illər) üzrə Dövlət Proqramı, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı, Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Prezident Fərmanı, 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında Prezident Sərəncamı ölkənin ayrı-ayrı sahələrinin müasir inkişaf perspektivlərinə uyğun səviyyədə yüksək hazırlıqlı kadr potensialının hazırlanmasına əlverişli zəmin yaradır. Ölkə rəhbərliyi rəqabətədavamlı milli iqtisadiyyatın formalaşmasını və insan kapitalı ilə bağlı bir çox məsələlərin həllini innovasiya mərhələsinə keçid almış ali təhsilin dünya standartlarına cavab verməsinin təmin edilməsində görür. İnnovativ təhsil sisteminin təkmilləşdirilməsi və respublikanın kadr potensialının bu gün o qədər də böyük faizini təşkil etməyən azsaylı peşəkarlara göstərilən diqqət və qayğının dövlət səviyyəsində artırılması ölkənin gələcəyi üçün geniş imkanlar açmaqla yanaşı, həm də onun iqtisadi qüdrətini və inkişaf dinamikasını sürətləndirir. 2012/2013-cü tədris ilində respublikanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin dövlət ali təhsil müəssisələrinə qəbul olanların cəmi 15.02 %-inin, özəl ali təhsil müəssisələrinə qəbul olanların isə yalnız 6.14 %-inin balının 500-700 intervalında yerləşməsi (dövlət ali təhsil müəssisələrinə qəbul olanların imtahan nəticələri 300-500 bal diapazonunda yerləşdiyi halda, özəl ali təhsil müəssisələrində bu göstərici 200-300 baldır), 500-dən yuxarı bal toplayanların imtahan verənlərin cəmi 4.79 %-ini (4621) təşkil etməsi, aşağı keçid balının isə 150 olması (hər 21-22 sualdan ancaq birini düz cavablandıra bilən gəncin gələcəkdə mütəxəssis kimi yetişə biləcəyinə inanmaq çətindir), açıq deyək, öyünə biləcəyimiz göstərici deyil. Gənclərimizdə oxuyub öyrənmək həvəsi və əzmi yüksək olsa da, bu potensialın reallaşdırılması tədrisin keyfiyyətindən, müəllimlərin bu işə vicdanlı münasibətindən, eləcə də, günün tələblərinə uyğun dərslik və dərs vəsaitləri hazırlanmasının təşkilindən asılıdır {ABİTURİYENT / 12 / 2012}. Qəbul imtahanlarının
nəticələri və dərsliklərin monitorinqi göstərir ki, abituriyentlərin bilik, bacarıq və vərdişlərində olan çatışmazlıqların böyük bir qismi, elə elmi-metodiki və tədris vəsaitlərində olan qüsurlardan irəli gəlir. Vahid informasiya sisteminin formalaşmağa doğru istiqamət götürdüyü bir dövrdə öz gələcəyini düşünən hər bir cəmiyyət bütün təbəqələrdən olan vətəndaşlarına təhsil alıb cəmiyyətdə öz bilik və bacarına layiq yer tutmaq, uğur əldə etmək imkanı verməli, təhsil müəssisəsi, dərslik və dərs vəsaiti gənclərə analitik düşünmə bacarığına yiyələnib müxtəlif mənbələrdən əldə etdiyi təzadlı informasiyaları bir-birindən seçib məntiqəuyğun şəkildə təhlil etməyi və nəticə çıxarmağı, informasiya bolluğu şəraitində düzgün istiqamət seçməyi öyrətməlidir. Bu vəzifəni həyata keçirməyə hesablanan dərslik biri-digərini tamamlayan informasiyaları şagirdə, onun anlayıb dərk edə biləcəyi tərzdə - yığcam, ardıcıl və sistemli şəkildə çatdırılmalı, nəşrə verilən bədii və texniki tərtibatın məzmunla vəhdət yaratması təmin olunmalıdır. Bütün bunları nəzərə alıb biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəni öyrənən və bu təcrübə əsasında mütəmadi olaraq test tapşırıqlarının məzmun, tərtibat və təqdimat formalarında təkmilləşdirmə işləri aparan TQDK (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası), həm də Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli Fərmanına əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan (I-V sinif), həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb istifadəyə verilmiş yuxarı sinif dərsliklərinin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin mövcud təcrübə əsasında keçirilməsinə ciddi önəm verir.
Bu məqsədlə yaradılmış xüsusi dersliktqdk.gov.az elektron ünvanına hal-hazırda TQDK-nın pedaqoji ictimaiyyətə ünvanladığı müraciətə cavab olaraq I-XI sinif dərslikləri ilə bağlı 10 minə yaxın qeyd, irad və təklif daxil olmuşdur. TQDK-nın təşkil etdiyi elmi-metodiki seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan müəllim, mütəxəssis və metodistlərlə yanaşı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi bölgələrinin (regional bölmələrlə yaradılmış videobağlantı vasitəsilə) müəllim və metodistləri, həmçinin Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də (Skype proqramı vasitəsilə) iştirak edib öz qeyd və təkliflərini bildirmək imkanı əldə etmişlər.
(davamı növbəti saylarımızda)
İradə ƏlƏsgƏrova,
"Azərbaycan"
nəşriyyatı, İstehsalat
şöbəsinin rəisi
Respublika.-2014.-
8 yanvar.- S.5.