Azərbaycanın tarixi uğuru, tarixi nailiyyəti

 

                                                                            “Şahdəniz-2” layihəsi Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir

 

Qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmi artır. Mühüm transmilli layihələrə imza atan Azərbaycan bölgənin aparıcı dövləti olduğunu Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması bir daha təsdiqləyir. “Şahdəniz-2” layihəsinə start verilməsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirir: “Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir”.

“Şahdəniz-2” layihəsinin imzalanmasında Prezident İlham Əliyev prinsipial mövqe nümayiş etdirdi. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Azərbaycan qazının Avropaya nəqli məsələsində başlıca şərt kimi Azərbaycanın milli maraqlarının əsas götürüldüyünü “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerrinin Prezident İlham Əliyevi, Azərbaycan xalqını təbrikində verilən fikirlər təsdiqləyir: “17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumunun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə, Amerika Birləşmiş Ştatları adından sizə davamlı dəstəyimizi vəd edirəm”.

Göründüyü kimi, Azərbaycanın enerji siyasəti həm ölkəmiz və regionumuz, həm də dünya üçün əhəmiyyətli məsələdir. Məlumat üçün bildirək ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair sazişin imzalanması, 2013-cü ildə isə TAP layihəsinin əsas ixrac marşrutu kimi seçilməsi 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsilə nəticələndi. “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulacaq. “Şahdəniz-2” layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstandır.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-AnadoluTrans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. 1999-cu ildə kəşf olunan “Şahdəniz-2” yatağının işlədilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab edilir. Azərbaycanın enerji strategiyasının dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslandığını bəyan edən cənab İlham Əliyev bildirib: “Təbii ki, “Şahdəniz” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.

 

Şükür ƏLİZADƏ,

Respublika.-2014.- 9 yanvar.- S.1.