Vətən eşqi ilə döyünən ürək

 

 

Ukraynada dərc olunanTrud” qəzetinin 29 dekabr 2011-ci il tarixli nömrəsi qarşımızdadır. Həmin qəzetdə həmyerlimiz, milli diasporumuzun təşəkkül tapmasında böyük xidmətləri olan, Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, sinəsini müxtəlif ordenmedallar bəzəyən Firudin Məmmədovun geniş müsahibəsi dərc olunmuşdur. Hətta həmin yazıda Firudin Məmmədovun 1996-cı ildə ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Ukraynada rəsmi səfərdə olarkən onunla olan söhbətinə geniş yer ayrılmışdır.

Haqqında söhbət açdığımız həmyerlimiz, öz hünəri, cəsarəti ilə özünə şan-şərəf heykəli ucaldan Firudin Məmmədov 57 ildir ki, qürbətdə, dost Ukraynada yaşayır. Hər an Vətəni, doğma xalqını düşünür, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında var qüvvəsini əsirgəmir.

Ukraynadakı azərbaycanlıların ümid çırağına çevrilən Firudin müəllim 1937-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Şəmkirin Zəyəm kəndində dünyaya göz açmış, uşaqlıqdan təbiətin, sazın-sözün vurğunu olmuş, öz istedadı, çalışqanlığı ilə təhsil aldığı məktəbdə başqalarına örnək olmuşdur.

F.Məmmədov orta təhsil aldıqdan sonra Ukraynada hərbi xidmətdə olmuş, əsgəri borcunu yerinə yetirdikdən sonra qəlbinin hökmü ilə Kiyev şəhərində yaşamışdır.

Çox keçmədən o, Kiyevdə ticarət institutunuAli Partiya məktəbini bitirmişdir.

Firudin Məmmədov Ukraynada yaşadığı dövrdə həmişə zəhməti, əməyi və hünəri ilə fərqlənmiş, xalqımızın adına şan-şöhrət gətirmişdir. Vətənin yetirməsi olan Firudin müəllim bir çox illər Ukrayna inşaat materialları müəssisəsinin baş direktoru vəzifəsində çalışmış, Kiyev şəhər sovetinin üzvü olmuşdur. Həmçinin ona böyük etimad göstərilərək şəhər sovetinin deputatı seçilmiş, həmişə nüfuzel məhəbbəti qazanmışdır.

Vurğulamaq lazımdır ki, müxtəlif illərdə soydaşımız, Ukrayna Azərbaycanlıları Ağsaqqalar Şurasının sədri Firudin Məmmədovla bağlı Azərbaycan televiziyasında maraqlı süjetlər göstərilmişdir.

Ömrünün 77-ci ilini yaşayan Firudin Məmmədovun Ukraynada milli diasporumuzun təşəkkül tapmasında xidmətləri çox-çoxdur. O, Ukraynada Nizami Gəncəvi adına ilk Azərbaycan cəmiyyətinin yaradıcılarından biri kimi tanınır. O, diasporumuzun mütəşəkkilliyinin möhkəmləndirilməsi, soydaşlarımızın milli birlik və həmrəyliyinin təmin edilməsində ikiqat səylə çalışıb, azərbaycanlılara bir ideya ətrafında birləşib monolit qüvvəyə çevirilməyi tövsiyə edib.

F.Məmmədov Ukrayna Azərbaycanlıları Konqresinin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edir, çox vaxt yüksək tribunadan ermənilərin vəhşi millət olmasını səsləndirir, həmvətənlərimizə tövsiyə edir ki, həmişə fəal olsunlar, erməni təbliğatının qarşısına sipər çəksinlər.

F.Məmmədov Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri kimi üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlir. Regionlardakı soydaşlarımızla sıx əlaqələr yaradır, müxtəlif toplantılarda onların üzləşdikləri problemlərlə maraqlanır, azərbaycanlıların hüquq və azadlıqlarının qorunmasına yardım göstərir.

Firudin Məmmədov yaşadığı ölkədə həm də xeyriyyəçi kimi tanınmışdır. O, mütəmadi olaraq kimsəsizlərə və aztəminatlı ailələrə köməklik göstərir.

Biz Kiyev şəhərində olarkən Firudin müəllimlə telefon əlaqəsi saxladıq. Bir axşamcağı Ağsaqqallar Şurasının sədri ilə görüşmək bizə müyəssər oldu. O, otağında idi. Burada ayrı-ayrı illərdə ulu öndərimiz Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş kitablar, jurnallar diqqəti cəlb edirdi. Firudin Məmmədov vurğuladı ki, doğma Vətənlə sıx əlaqələr qurmuşdur. Dəfələrlə Azərbaycanda keçirilən mötəbər məclislərdə iştirak etmişdir.

Firudin müəllim otağını bəzəyən ümummilli liderimiz Heydər Əliyevlə Kiyev şəhərində çəkdirdiyi xatirə şəklinin tarixindən qürurla söhbət açdı.

Məlum oldu ki, Firudin Məmmədovun mərhum akademik Budaq Budaqovla da dostluq əlaqələri olmuşdur.

Müsahibimiz bildirdi ki, Qarabağ uğrunda gedən ağır döyüşlər zamanı onun təşəbbüsü ilə Ukraynadakı soydaşlarımız adından Azərbaycana müxtəlif ərzaq məhsulları göndərilib.

Söhbət zamanı Firudin müəllim Ukrayna Azərbaycanlıları təşkilatının fəaliyyətindən ürəkdolusu danışdı. Vurğuladı ki, Ağsaqqallar Şurasının sədri kimi onların tədbirlərində müntəzəm iştirak edir, onlara həmişə dəyərli tövsiyələr verir.

Ağsaqqallar Şurasının təşəbbüsü ilə azərbaycanlı gənclərdən ibarət futbol komandası yaradılması nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, Firudin Məmmədovla olan qısa görüşümüz çox səmərəli keçdi. O, son olaraq ürək sözlərini belə ifadə etdi:

—Qürbətdə yaşamaq çox çətindir. Mən hər gün, hər an doğma Vətənlə nəfəs alıram. Kiyevdən Azərbaycandakı müxtəlif televiziya verilişlərini diqqətlə izləyirəm. Boya-başa çatdığım Şəmkir rayonundakı geniş abadlıq və quruculuq işləri ilə bağlı süjetlərə baxarkən qəlbim dağa dönür. Çox sevinirəm ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin titanik səyi nəticəsində Azərbaycanın inkişaf tempi durmadan artır, ölkəmiz Cənubi Qafqazda liderlik mövqeyini qoruyub saxlayır.

Firudin Məmmədov 5 övlad atasıdır. 17 nəvəsi var. Həmişə nəvələrinə doğma Vətənin tarixi, coğrafiyası, mədəniyyəti haqqında dolğun məlumatlar verir. Onlara tövsiyə edir ki, yaşadığı ölkədə Azərbaycanı layiqincə təmsil etsinlər və fəal həyat mövqeyi tutsunlar.

Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri Kiyev şəhərində yaşadığı 57 il ərzində azsaylı xalqlar arasında öz istedadı, bacarığı ilə seçilmiş, “Lenin” ordeninə, “Vətən” ordeninə, “İgidliyə görə” medalına və bir çox diplom və tərifnamələrə layiq görülmüşdür.

 

Qədir ASLAN.

Kiyev şəhəri.

Respublika.-2014.- 9 yanvar.- S.4.