ƏSRİMİZİN
DƏRVİŞİ
Bu günlərdə tanınmış türkoloq, ədəbiyyatşünas, jurnalist və tərcüməçi, Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmlər doktoru Ramiz Əskərin 60 yaşı tamam olur.
2006-cı ilin dekabrında Yazıçılar Birliyinin Natəvan adına klubunda Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi idi. Mən də çıxış elədim. Əsər barədə danışdım, onun müəllifi haqqında bir neçə kəlmə dedim, sonra da təbii olaraq tərcüməçi Ramiz Əskər barədə öz ürək sözlərimi bildirdim.
Biz onunla gənclik dövründən bəri dostuq, ürək dostu, əqidə-məslək dostuyuq. Eyni amala xidmət edirik. İkimiz də türkçüyük, millətçiyik, dövlətçiyik. Mən Ramizin mərhum ata-anasını, əmilərini tanıyırdım, qardaşlarını, ailə üzvlərini, uşaqlarını tanıyıram.
1986-cı ildə Leninakan-Kars dəmiryolu ilə Türkiyəyə getmişdim. Səfərdən bir-iki gün əvvəl maşınla Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndinə, Ramizgilə gedərək onlarda qonaq olduq. Tanınmış el ağsaqqalı, dil-ədəbiyyat müəllimi olan atası Baxşəli müəllim bizi sonsuz sevinclə qarşıladı, ayağımızın altında qurban kəsdi, şərəfimizə ziyafət verdi. Bütün kənd görüşümüzə gəldi. Sonra Məmməd Aslan, Fərman Kərimzadə, Amil Avey və Ramiz kənddə qalıb dincəldilər, mən isə Türkiyəyə yola düşdüm.
Bir ay sonra qayıdıb gördüm ki, Baxşəli müəllim həyətin kənarında saxladığım maşınımı kartof sahəsinin içilə sürdürərək evin qabağına apartdırıb, üstünə də çadır örtdürüb. Neçə cərgə kartofun sıradan çıxmasına çox heyfim gəldi. Mənə dedi ki, sənin maşının küçədə qalsa, mən rahat yata bilməzdim. Bir neçə gün kənddə qaldım, Baxşəli müəllimlə çoxlu şahmat oynadım. Heç bircə oyun da uda bilmədim, “elimin-günümün əziz şairi” deyib bütün oyunları uddu. Məmməd Aslan onu bu cür qiymətləndirmişdi: “Baxşəli müəllim Arpa gölünə düşmüş balinadır”. (Arpa gölü Amasiyada yerləşir). Sonra Ramizin kiçik qardaşı Əlini (indi ABŞ-da professordur) və qızı Leylanı (indi Dubayda AzTV-nin müxbiridir) maşınıma qoyub Bakıya qayıtdım. Ramizin ailəsi, əmiləri, kəndin adamları məndə çox xoş təəssürat oyatdı. Bütün bunları deməkdə məqsədim bu ailəyə bəslədiyim ən səmimi duyğularımı göstərmək üçündür. Sonra ulu Tanrının inayəti ilə həyatımı həmin kənddən olan və Ramizgilə də uzaq qohum düşən Tənzilə xanımla birləşdirdim.
Natəvan klubundakı çıxışıma qayıdıram. Mən dedim ki, Ramizi və Əskərovlar ailəsini heç kim mənim qədər yaxından tanımır. Onların ziyalılığına və mədəniyyətinə, əsalətinə və nəcabətinə mən yaxşı bələdəm. Biz Ramiz kimi təmiz və təmənnasız, xeyirxah, savadlı və yurdsevər insanı haradan tapacağıq ki, bu cür əsərləri pulsuz-parasız, sifarişsiz, honorarsız tərcümə eləsin? İndiki kapitalizm şəraitində belə adam yoxdur. Bir alim demişdi ki, “Divan”ı tərcümə etməyə hazırdır, qoy dövlət ona gözəl şərait yaratsın, maaşını saxlamaqla 4 il işdən azad eləsin, yaxşı qonorar versin, o da tərcümə ilə məşğul olsun. Əslində, doğru demişdi, hər şeyin bir əvəzi olmalıdır. Bu qayda hamıya şamil ola bilər, Ramizdən başqa. Onun həyatı buna sübutdur.
80-cı illərin sonunda baş verən hadisələri xatırlayın. O dövrdə mən “Azərbaycan” qəzetinin baş redaktoru idim. Ramiz isə “Odlar yurdu” qəzetinin baş yazarı idi. Onda da qələmi ilə vətənə təmənnasız xidmət elədi. Milli şüuru oyatdı, millətə gerbi, bayrağı, himni, ADR-i quranları tanıtdı, qürbətdə möhnət çəkənləri tapdı. O, yeganə mətbuat orqanı idi ki, tək bir nüsxəsi də geri qayıtmırdı, qəzetin adından baş redaktorun adına qədər hər sətri oxunurdu. həm də bu qəzet üç əlifba ilə (ərəb, latın, kiril) çıxırdı. Məncə, bugün də bizim belə bir milli qəzetə ehtiyacımız var.
Mən “Yazıçı” nəşriyyatının baş redaktoru olanda məşhur tarixçi Faruq Sümərin “Oğuzlar” əsərinin tərcüməsini ona sifariş etmişdim. Ramiz qısa müddətdə tərcüməni təhvil verdi. Əsər 8.500 nüsxə tirajla nəşr olundu, bir həftəyə satılıb qurtardı. Sonra məlum oldu ki, Ramiz bir qəpik də qonorar ala bilməyib. Bir ara kassada pul yox imiş, sonra da nəşriyyatın rəhbərliyi pul ödəməkdən imtina edib.
Ramiz Əskərin xarakterinin başqa bir cəhətindən söz açmaq istəyirəm. O, ildə 5-6, bəzən daha çox kitab yazır və ya tərcümə edir, öz vəsaiti hesabına nəşr etdirir, sonra da hamısını bağışlayır. Bunun üçün Monqolustandan vurub Qırğızıstandan çıxır, Özbəkistandan vurub Qazaxıstandan çıxır, Türkmənistandan vurub Türkiyədən çıxır. O, yeganə alimdir ki, Altaya, Tuvaya, Xakasiyaya, Monqolustana gedir, Orxon və Yenisey abidələrini öz gözü ilə görüb kitab yazır. Türk dünyasının hər yerində onu tanıyırlar. Uyğurlar isə bizdən yalnız onu tanıyırlar. Buna şəxsən özüm şahidəm.
Ramiz Əskər Azərbaycan ədəbiyyatına Yusif Balasağunlunun “Qutadğu bilig”, Bahəddin Ögəlin “Türk mifologiyası” əsərlərini, Sultan Hüseyn Bayqara, Babur, Mehri xatun, Məxdumqulu, Molla Nəfəs, Abdulla Tukay, Bəkir Çobanzadə kimi dühaların kitablarını bəxş etmişdir. Türkmən və özbək şeiri antologiyalarını, “Türk ədəbiyyatı tarixi”ni çevirmişdir. Mən hələ “Monqolların gizli tarixi”ni, Əli Ağbaşın, Todur Zanetin, Oraz Yağmurun kitablarını demirəm.
Belə
adama bir ad yaraşır: “Əsrimizin dərvişi”. Başqa heç bir ad onun təbiətini və xidmətlərini
ifadə edə bilməz.
Sabir RÜSTƏMXANLI,
Xalq şairi, millət vəkili.
Respublika.-2014.- 9
yanvar.- S.5.