TƏHSİLDƏ UĞURLAR ARTIR

 

  

İmişli rayonunda 2013-cü il iqtisadiyyatla yanaşı, sosial infrastrukturun yeniləşməsi sahəsində də uğurlu nəticələrlə müşayiət olunmuşdur. Təhsil ocaqlarının işçiləri də dövlətin tədbirlərini ürəkdən bəyənirlər, yeni–2014-cü ildə öz işləri ilə Vətəni daha çox sevindirmək həvəsi ilə çalışırlar. Rayonda ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsil islahatının həyata keçirilməsi həm keyfiyyətcə, həm də kəmiyyətcə yeni məzmun daşıyır, milli təhsilin yüksək səviyyəyə qaldırılması üçün bütün imkanlardan səmərəli istifadə olunur.

Biz, rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovla görüşərək bu sahədə görülən işlər haqqında oxuculara məlumat verməsini xahiş etdik. O, dedi:

— 2013-cü ili yüksək əhval-ruhiyyə ilə yola saldıq. Ötən il bir daha göstərdi ki, təhsildə nə qazanmışıqsa, hansı uğurları əldə etmişiksə, bunların hamısı ulu öndərimiz, ən böyük müəllimimiz Heydər Əliyevin başladığı təhsil islahatlarının nəticəsidir. Respublikamızın iqtisadisosial sahədə nailiyyətləri çoxaldıqca milli təhsil sahəsində də uğurlar artır, bu sahəyə dövlət qayğısı gücləndirilir. Müəllimlərin ötən ilin sonlarında keçirilmiş qurultayında bütün uğurlarımız parlaqlığı ilə açılıb göstərildi, qarşıya çox mühüm vəzifələr qoyuldu. Ötən il yeni Təhsil Strategiyası təsdiq olundu ki, bu sənəd təhsilimizin inkişafı qarşısında yeni üfüqlər açır.

Ramiz müəllimin dediklərindən məlum oldu ki, hazırda rayonda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə 15200 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1545 pedaqoji işçi məşğul olur. Müəllimlərin 1180 nəfəri ali, 340 nəfəri orta ixtisas təhsillidir.

Həmişə olduğu kimi, 2013-cü ildə də tədrisin müasir tələblər səviyyəsində qurulmasını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmiş, təlim-tərbiyə işlərinin vəziyyətini öyrənmək üçün monitorinq, treninq və reydlər təşkil olunmuş, aşkar edilmiş nöqsanları aradan qaldırmaqdan ötrü təsirli tədbirlər görülmüşdür.

Təhsildə uğur qazanmaq üçün birinci növbədə keyfiyyətə fikir verilir, qabaqcıl təcrübələrin üzə çıxarılması və tətbiqi, açıq və nümunə dərslərinin təşkili sahələrində ardıcıl aparılır. Şagird nailiyyətlərinin dəqiq qiymətləndirilməsi, hər bir gəncin və yeniyetmənin fərdi hazırlığına, şəxsən nəyə qadir olduğuna diqqət yetirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, ədalətliliyin bərqərar olmasına, şəffaf tədris şəraitinin yaranmasına müsbət təsir göstərir. Qiymətləndirmə metodlarının daha şəffaf, daha qüsursuz olması normal təhsil üçün vacib şərtdir.

Şagirdlərin biliklərini qiymətləndirməkdən ötrü IX-XI siniflərdə fənlər üzrə test imtahanları keçirilmişdir. Keçən tədris ilinin sonunda doqquzuncu siniflərdə aparılmış buraxılış imtahanlarında 1602 nəfər iştirak etmiş, onların 72 faizi müvəffəq qiymətlər almışdır. On birinci siniflər üzrə 1186 nəfərdən 82 faizi müsbət qiymətlər almışdır ki, bu göstərici əvvəlki illərdəkindən xeyli yaxşıdır. Ötən il məzunlar sırasından 263 nəfər tələbə biletinə sahib olmuş, 8 nəfər 600-dən yuxarı bal toplamışlar. Şəhər 4, 5 və 7 saylı, Əliqulular, Gövhərli kənd məktəblərinin məzunları qəbul zamanı daha yüksək bal yığmışlar.

Ramiz müəllim kollektiv üzvlərinin əməyini xüsusilə qeyd etdi. Söylədi ki, İmişlidə nümunəvi tədris ocaqları, peşəsinin sirlərini incəliklərinə qədər bilən, öz işinə vicdanla yanaşan müəllimlər çoxduronlarla həmişə fəxr edirlər. Son illərdə rayonun qabaqcıl təhsil işçilərindən 8 nəfəri “Əməkdar müəllim” fəxri adına, 5 nəfər “Tərəqqi” medalına, 14 nəfər “Qabaqcıl təhsil işçisidöş nişanına layiq görülmüşdür. 2013-cü ildə isə İmişli şəhər 5 saylı orta məktəbinin müəllimi İrina Razdorojnaya “Tərəqqi” medalına layiq görülmüşdür.

Məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrin keçirilməsi sistematik xarakter almışdır. 576 nəfər şagirdin iştirak etdiyi, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsində 1 sayı şəhər liseyinin şagirdi Əfsanə Abbasova respublika təhsil nazirliyinin diplomuna layiq görülmüşdür.

Rayonda istedadlı şagirdlərin aşkara çıxarılması sahəsində Dövlət Proqramının irəli sürdüyü vəzifələri yerinə yetirmək üçün ardıcıl aprarılır. Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir ki, bu sahələr də rayon rəhbərliyinin və təhsil şöbəsinin gündəlik qayğısı ilə əhatə olunmuşlar. Uşaq-gənclər İdman Məktəbinin və Şahmat məktəbinin işləri haqqında təkcə rayonda deyil, respublikamızda da yaxşı sözlər eşidilir. Məktəbin yetirmələri ötən il respublika yarışlarında mükafata layiq yer tutmuşlar. 15 yaşlı qızlardan ibarət futbol komandası ölkə çempionatında birinci yerə çıxmışdır.

Məktəblərin maddi-texniki bazası getdikcə möhkəmləndirilir. Son illər ərzində Bəcirəvan, Çaxırlı, Qaragüvəndikli, Ağaməmmədli, Ağamalılar, Xoşçobanlı Hacıbabalı və Cəfərli kənd 2 saylı orta məktəblərinin binaları istifadəyə verilmişdir. Sarıxanlı kənd 1 saylı, Buludlu, Cavadxanlı, Cəfərli kənd 1 saylı, şəhər 5 saylı məktəb-liseyin binaları yüksək səviyyədə təmir edilmişdir.

Ramiz müəllim söhbətimizin sonunda ürək sözlərini belə söylədi:

Yeni Təhsil Strategiyası xalqımıza çox şey vəd edir. Bu sənəddə irəli sürülmüş müddəalardan ruhlanan təlim-tərbiyə müəssisələrimizin pedaqoji kollektivləri tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində gələcəkdə də ardıcıl və məqsədyönlü aparacaq, qurucu gənc nəsil yetişdirmək üçün bütün imkanlardan səmərəli istifadə edəcək, təlimin səviyyəsini hər vasitə ilə yüksəldəcəklər.

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.-10 yanvar.-S.6.