BÜDCƏ
SİYASƏTİ İQTİSADİ İNKİŞAFIN
MÜHÜM AMİLİDİR
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tarixi nailiyyətlər əldə etmişdir. Ötən illərdə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə əks etdirməsi dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirdi. 2003-cü ildən ötən dövr Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə çatması üçün böyük potensialın bütün əzəməti ilə reallığa çevirdiyi əlamətdar bir mərhələdir.
Azərbaycan xalqının cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda sürətlə adlayan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolunda böyük tərəqqiyə nail olmuşdur. Əldə edilmiş sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri Avrantlantik məkanına inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrini həyata keçirən, Cənubi Qafqazda ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir, son illər Azərbaycanın ümumi daxili məhsulunun artım templərinə görə dünyanın lider dövlətlərindən biri olaraq ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini sübut edir. Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.
Azərbaycanın milli iqtisadiyyatının qısa müddət ərzində necə böyük inkişaf və tərəqqi yolunu keçdiyini daha aydın şəkildə təsvir etmək üçün bəzi statistik məlumatlara müraciət etmək kifayətdir. Belə ki, son on ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, 150 milyard dollardan artıq investisiya qoyulmuşdur. Dövlət büdcəsinin həcmi 20 dəfəyədək artmış, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə çoxalaraq 50 milyard dollara çatmaqdadır. Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür.
Sirr deyil ki, istənilən dövlətin iqtisadi inkişaf artım templərinin dayanıqlılığını, eləcə də həyata keçirilən islahatların yüksək səmərəliliyini şərtləndirən iqtisadi siyasətin əsas faktorlardan biri düzgün büdcə siyasətinin müəyyənləşdirilməsidir. Maliyyə-büdcə siyasəti - hər bir konkret tarixi dövrdə istənilən cəmiyyətin idarə edilməsi, iqtisadi-sosial və siyasi vəzifələrinin həyata keçirilməsi məqsədilə dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və məqsədəuyğun istifadəsi ilə əlaqədar olaraq həyata keçirdiyi tədbirlər sistemindən ibarətdir.
Azərbaycan dövləti son illər ərzində uğurla həyata keçirdiyi genişmiqyaslı iqtisadi və sosial layihələri reallaşdırmaq məqsədilə lazımi miqdarda maliyyə vəsaitini səfərbərliyə alır və düşünülmüş, dəqiq büdcə siyasəti nəticəsində həmin vəsaitlərdən olduqca səmərəli bir şəkildə istifadə edir. Bununla yanaşı, büdcə mexanizmi vasitəsilə maliyyə vəsaitinin toplanması və istifadəsi zamanı dövlətimizlə hüquqi və fiziki şəxslər arasında müəyyən maliyyə münasibətləri əmələ gəlir. Həmin maliyyə münasibətləri də maliyyə-büdcə siyasəti vasitəsilə uğurla tənzimlənir.
Tam əminliklə söyləmək olar ki, qədəm qoyduğumuz 2014-cü ilin dövlət büdcəsi sosial-iqtisadi inkişafın davamlı olmasına təminat verir. Xüsusilə qeyd edilməlidir ki, bu il büdcə xərcləri müstəqillik dövründə ən yüksək səviyyəyə çatacaq - 20 milyard 63 milyon manat. Bu da 2013-cü ilə nisbətən 1,1 faiz və ya 213 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 2 milyard 647 milyon manat və yaxud 15,2 faiz çox deməkdir. Ümumiyyətlə, bu il sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri isə 14,6 faiz artımla proqnozlaşdırılır.
Həyata keçirilən büdcə siyasəti Azərbaycanda maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə böyük təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət yetirilir. Belə ki, bu məqsədlə büdcə proqnozları iqtisadi cəhətdən tam şəkildə əsaslandırılır, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilir, büdcənin gəlir və xərcləri ən münasib nisbətdə tarazlaşdırılır, qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımı davamlı olaraq təmin edilir. Bununla yanaşı, vergi borclarının azaldılması istiqamətində təxirəsalınmaz və ciddi işlər görülür, vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyi təkmilləşdirilir, bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergi tətbiq edilir. Eyni zamanda, büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosialyönümlü məqsədlərə ayrılan vəsaitlər ilbəil artırılır.
Azərbaycanın büdcə siyasətində dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işinin davam etdirilməsi, büdcə kəsirinin inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi, eləcə də dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsinin daim genişləndirilməsi kimi vacib tədbirlərin uğurla həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Müasir şəraitdə büdcə mexanizminin təsərrüfat konyunkturuna və işgüzar sahibkarlıq fəaliyyətinin genişlənməsinə təsir istiqamətlərinə xüsusi fikir verilir. Vergilər, vergi güzəştləri, birbaşa büdcə maliyyələşdirilməsi vasitəsilə istehsal sahələrinin ikişafına maksimum şərait yaradılıb, istehsal fondlarının təzələnməsi, elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqinə stimullar gücləndirilir. Büdcə elmi-texniki tərəqqinin sürətləndirilməsi mənafelərinə uyğun istifadə edilir və elmin maliyyələşdirilməsində prinsipcə yeni büdcə mexanizmləri yaradılıb.
Aydındır ki, büdcə siyasətini yalnız büdcə prosesinə aid etmək olmaz. Büdcə siyasəti haqqında qanun hər bir dövlət hakimiyyəti orqanının büdcə prosesindəki funksiyalarını dəqiq ifadə edir. Bununla yanaşı, büdcə siyasəti ÜDM-in büdcə vasitəsilə istifadə edilən hissəsinin müəyyən edilməsini, büdcə vəsaitinin istifadə edilməsi zamanı mərkəzi və yerli hakimiyyət və idarəetmə orqanları arasındakı münasibətləri, büdcə xərclərinin quruluşunu və büdcə xərclərinin müxtləlif səviyyəli büdcələr arasında bölüşdürülməsini, dövlət borclarının və büdcə kəsirinin idarə edilməsi kimi məsələləri və s. əhatə edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlətin maliyyə siyasətinin tərkib hissəsi kimi büdcə siyasətinin işlənib hazırlanmasında dövlət hakimiyyətinin qanunverici və icraedici orqanlarının bütün strukturları iştirak edir. Müasir dövrdə Azərbaycanın inkişaf xüsusiyyətləri şəraitində ölkənin iqtisadi siyasətinin, o cümlədən maliyyə-büdcə siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində ölkə başçısı cənab İlham Əliyevin aparıcı rolu müstəsnadır.
Ölkənin iqtisadi inkişafının və sosial sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini çox məharətlə müəyyən edir. Buna əsasən respublika hökuməti dövlətin maliyyə-büdcə siyasətini həyata keçirmək üçün müvafiq qanun layihələrini hazırlayır, müzakirə və qəbul üçün Milli Məclisə təqdim edir.
Azərbaycan Prezidentinin büdcə göndərişində növbəti maliyyə Azərbaycan Respublikasının büdcə siyasətini müəyyən edir. Bu siyasət maliyyə və vergi orqanlarının, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, pul-kredit siyasətini tənzimləyən orqanın (Milli Bank), nəzarət-hesablama orqanının (Hesablama Palatası) fəaliyyətində həyata keçirilir.
Dövlət büdcəsinin yeni sistemə uyğun olaraq təkmilləşdirilməsi üçün onun tərkibinin və büdcə siyasətinin müəyyən edilməsi əsas şərtlərdən biridir. Bazar iqtisadiyyatına keçidindən sonra büdcə sisteminin tənzimlənməsi əsasən iki mühüm istiqamətdə aparılmışdır - dövlət büdcəsi tarazlaşdırıldı, büdcənin gəlir və xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırıldı. Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan dövləti bu məsələləri eyni vaxtda həll etməyi bacardı.
Son illər özünün sosial-iqtisadi inkisafında keyfiyyətcə yeni və daha yüksək səviyyəli mərhələyə qədəm qoymuş Azərbaycan büdcə-vergi siyasətində böyük və mühüm uğurlardan biri də minimum yaşayış həddinin tələblərini gözləməklə ayrı-ayrı sferalarda əməkhaqları arasında olan fərqin tədricən aradan qaldırılmasına, regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə regionların iqtisadi tarazlıgının təmin edilməsinə nail olunması, onların iqtisadi gücünü artırmaq və sosial problemlərinin həllinin sürətləndirilməsidir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkisafının təmin edilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi son illər ərzində əldə olunan böyük uğurların bariz nümunəsidir.
Qeyri-neft sektorunun və özəl bölmənin inkisafını stimullasdırmaq məqsədilə qeyri-neft ticarəti, investisiyalar üçün ümumi biznes mühitinin yaxşılasdırılması istiqamətində əməli işlər görülür, kommunal sektorun tənzimlənməsinə və tarif siyasətinin inkişaf etdirilməsinə üstünlük verilir.
Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmus vəsaitin müxtəlif sahələr üzrə bölgüsünün vahid prinsiplərinə və prioritetlərinə nail olmaq, investisiya siyasəti ilə müvafiq inkisaf proqramları arasında əlaqələri möhkəmləndirmək kimi mühüm vəzifələr yüksək səviyyədə yerinə yetirilir.
Göstərilən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun azaldılması, iqtisadiyyatda struktur islahatlarının davamı, büdcə gəlirlərinin artırılması, büdcə xərclərinin sosial və investisiya yönümlülüyünün təmin edilməsi, xərclərin şəffaflığının və səmərəli idarə olunmasının yüksəldilməsi ilə müşayiət olunur. Cənab Prezident demişdir: “Gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaqdır. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaqdır. İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni bu, böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın”.
Hər il əhalinin rifahını səciyyələndirən göstəricilərdə artım dinamikası müşahidə edilir. Artan gəlirləri hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas mahiyyətini təşkil edir. Bunun nəticəsidir ki, əhalinin nominal və adambaşına düşən pul gəlirləri, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı davamlı olaraq artır.
2013-cü ilin doqquz ayı ərzində ötən illərdə olduğu kimi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, pensiya və müavinətlərin artırılması ölkə başçısı tərəfindən həyata keçirilən düşünülmüş və hərtərəfli sosial-iqtisadi siyasətin tərkib hissəsi olan düzgün büdcə siyasətinin nəticəsidir. Dövlət başçısı qeyd etmişdir: “Orta aylıq əməkhaqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır. Müqayisə aparmaq üçün daha çox dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əməkhaqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əməkhaqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir”.
Hazırda respublikamızda müasir dövlətçiliyin nisbətən yeni formalaşdığı, iqtisadi müstəqilliyin bərqərar olduğu bir vaxtda dövlətin rolu, onun sosial və iqtisadi məsələlərin həyata keçirilməsində fəal iştirakı vacibdir. Dövlət bu proseslərə özünün iqtisadi-maliyyə siyasətinin tərkib hissəsindən biri olan büdcə siyasəti ilə təsir edir. Büdcə siyasəti dövlətin büdcə gəlirləri və xərcləri, həmçinin büdcə kəsirinin hər il azaldılması üzrə kompleks surətdə həyata keçirdiyi tədbirlərdə öz əksini tapır.
Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi düşünülmüş iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi və maliyyə-büdcə aspektin mövcudluğunun ön plana çəkilməsidir.
Emin Qasımov,
Respublika.-2013.-11 yanvar.-S.1-2.