Qədim məktəbin müasir həyatı
Ölkəmizdə fasiləsiz təhsilin mərhələlərindən biri olan ilk peşə-ixtisas təhsili uzun illər cəmiyyətdə öz layiqli yerini tutmuşdur. Son 10 il ərzində Peşə təhsili sahəsində islahatlar aparılmış, Peşə lisey və məktəblərinin normal fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “Texniki-peşə məktəbləri ölkəmizin inkişafı üçün həmişə lazımdır, insanlar da bundan böyük fayda görəcəkdir”. Bu onu göstərir ki, ilk peşə-ixtisas təhsilinə böyük inam var. Dövlət başçısının 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında Texniki-Peşə Təhsilinin inkişaf konsepsiyası” və “Azərbaycan Respublikasında Texniki-Peşə Təhsilinin” inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) uğurla həyata keçirildi. Təsdiq edilmiş tədbirlər planının ardıcıl yerinə yetirilməsi, yeni peşə təhsil məktəblərinin dünya standartlarına uyğun tikintisi və müasir avadanlıqlarla təmin edilməsi, binaların əsaslı təmiri, təhsilin maddi-texniki bazasının, tədris plan və proqramlarının təkmilləşdirilməsi, yeniləşdirilməsi, dərs vəsaitlərinin nəşr edilməsi, kardların ixtisasartırma və yenidən hazırlanması istiqamətində əməli addımlar atılmışdır.
Ölkə iqtisadiyyatının sürəkli inkişafı, aparılan yenidənqurma işləri, bütün istehsal və xidmət sahələrində işçilərə verilən müasir tələblər bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı fəhlə kadrlarının, peşə hazırlığının keyfiyyətlə yüksəldilməsini tələb edir. Ona görə də bir sıra peşə təhsili müəssisələrinin binaları müasir tələblər səviyyəsində əsaslı təmir edilmişdir.
Bu gün müasir tələblərə cavab verən peşə məktəblərinin biri də Şəki 1 N-li Peşə məktəbidir.
Qısa bir yolla tarixə nəzər salsaq, qeyd etmək lazım gəlir ki, Azərbaycanda sənət məktəblərinin 160 ildən artıq tarixi vardır. 1843-cü ildə ilk dəfə məhz Şəkidə sənət məktəbi yaradılmışdır.
Şəki Şəbəkəçilik məktəbi, ipəkçilik və toxuculuğu, Şəki Xan Sarayının əl işləri dünyada məşhurdur. Müasir dövrün möcüzələri də məhz ilk peşə ixtisas məktəbləri məzunlarının iştirakı ilə baş vermişdir.
Qədim diyarımız olan Şəkidə 1843-cü ildə “Təcrübə ipəkçiliyi” Peşə təhsili sisteminin özəyi olmuş və1966-cı ildən başlayaraq 43 N-li Peşə məktəbi kimi fəaliyyət göstərmişdir. Bir vaxtlar əsaslı təmirə çox ehtiyacı olan məktəbimiz 3 mart 2013-cü ildən Yaponiyanın Azərbaycandakı Səfirliyinin lahiyəsi və qrantı hesabına təmir olunmuşdur. Təmir işləri başa çatdıqdan sonra Təhsil Nazirliyi və yerli icra hakimiyyətinin köməkliyi ilə yeni inventar və müasir avadanlıqlarla təmin edilmişdir.
27 avqust 2013-cü ildə Şəki 1 saylı Peşə məktəbinin açılışı olmuş və həmin açılışda təhsil naziri ilə bərabər Yaponiyanın Azərbaycandakı səfiri, yerli icra nümayəndələri və şəhərimizin qonaqları iştirak etmişlər.
Bu gün fəxrlə deyə bilərəm ki, məktəbimizin və onun timsalında Peşə-ixtisas təhsilinin şəhərimizdə nüfuzu artmışdır və insanların bu sistemə münasibəti xeyli dəyişmişdir.
Məktəbimizin yeni görünüşü insanın peşəyə olan marağını birəbeş artırır. Müasir standartlara cavab verən məktəbimizdə hər ixtisas qrupu üzrə yeni kabinələr və istehsalat emalatxanaları təşkil edilmiş və onlar yeni ləvazimatlarla, əyani vəsaitlərlə, dərsliklərlə təmin olunmuşdur.
Yeni dərs ilindən başlayaraq ixtisas fənn kabinetlərində və istehsalat emalatxanasındakı tədris kompyuterin köməkliyi ilə aparılır.
Şəki 1 N-li Peşə məktəbində hər il 240-260 nəfər şagird təhsil alır. Məktəbimiz tikişçi, tikiş avadanlığının operatoru, ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir, aşpaz, qənnadçı, əməliyyatçı-mühasib, elektrik qaz qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, inşaatçı-dülgər xarrat, sanitariya texnikası xidmət və avadanlığının quraşdırıcısı, çörək və çörək məmulatları üzrə çörək ustası, kompyuter üzrə operator ixtisasları üzrə kadrlar hazırlayır.
Şəki şəhəri qədim memarlıq mərkəzi, sənətkarlıq diyarı və istirahət etmək üçün əlverişli iqlimi olduğundan buraya gələn qonaqlara xüsusi xidmət tələb olunur. Şəhərimizdə istirahət mərkəzləri, otellər çox olduğundan və orada xidmət üçün peşəkar kadrlara ehtiyac olduğundan məktəbimizdə yeni qruplar barmen-ofisiant və otel inzibatçısı ixtisasları açılmışdır. Həmin qruplar üçün xüsusi otaqlar və kabinetlər təşkil olunmuş və müasir avadanlıqlar yerləşdirilmişdir.
Məktəbdə çalışan istər ixtisas fənni, istərsə humanitar fənn müəllimləri, istehsalat təlim ustaları şagirdlərə öz seçdikləri peşənin öyrənilməsini onların ixtisaslı kadr kimi hazırlanmasını, ölkə iqtisadiyyatının bütün sahələrində bir mütəxəssis kimi fəaliyyətinin vacibliyini dərk edərək onlara peşənin sirlərini dərindən öyrədirlər.
Məktəbdə 6 metodiki komissiya fəaliyyət göstərir. Metodşura və metodkomissiyalarda müxtəlif mövzularda məsələlər müzakirə olunur.
Məktəbdə təlim-tərbiyə işinin mahiyyəti və ona rəhbərlik haqqında buraxılış ixtisas imtahanlarının keçirilməsi məqsədilə imtahanların müzakirəsi, ixtisas fənlərinin tədrisində şagirdlərin müstəqil işlərinin təşkili təcrübəsində keçmiş dərsin sorğusu zamanı problemli vəziyyətin yaradılması, müəllimin dərsə hazırlığı, yeni dərsin şərhi, dərsin müasirliklə və həyatla əlaqələndirilməsi və s.
2013-cü tədris ilində məktəbdə 26 məsələ müzakirə edilmişdir. O cümlədən, məktəbdə təlim-tərbiyənin humanistləşdirilməsi, demokratikləşdirilməsi, pedaqoji kollektivdə və şagirdlərdə yeni təfəkkürün formalaşmasına dair 3, məktəbin idarə olunmasına dair 4, metodiki işlər, tədrisin keyfiyyətinə dair 16, psixoloji xidmət, müəllim və şagirdlərin səhiyyə və sağlamlığına dair 7, məktəbdə aparılan sinifdənkənar və məktəbdən xaric tərbiyə işlərinə dair 5, qışa hazırlıq və təhlükəsizlik işinə dair 4, pedaqoji Şura tərəfindən verilən qərarların vəzifəli şəxslərlə pedaqoji kollektiv tərəfindən icra vəziyyətinə dair 4, təhsil islahatının gedişinə dair 2, peşə təhsilinin inkişaf konsepsiyasına dair 2, peşə təhsili üzrə hüquqi normativ sənədlərin məktəbin işinə tətbiq edilməsinə dair 1, milli ideologiyanın formasına dair 3 məsələ müzakirə edilmişdir.
Məktəbin rəhbərliyi və metodşura tərəfindən 134 saat dərs dinlənilmişdir. Dinlənilmiş dərslərin nəticəsi pedaqoji şura və metodiki komissiyalar tərəfindən müzakirə edilmişdir.
Fənn bülletenlərinin, divar qəzetlərinin, qrup pasportlarının vaxtında çıxarılmasında sinif rəhbərləri və istehsalat təlim ustaları qəzet redaktorlarına, siyasi məlumatçılara, rəssamlara köməklik göstərmişlər.
İlk peşə ixtisas təhsili sahəsində İKT-dən istifadə edilməsi Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı 2007-2012-ci illərdə xüsusilə önə çəkilmişdir. Bu sahədə də məktəbimizdə xeyli iş görülmüşdür. Kompyuter kabineti fəaliyyət göstərir və burada ixtisaslı mütəxəssislər tədrisin keyfiyyətinin artırılmasına nail olurlar. Son ildə Təhsil Nazirliyi və “Mədət təşkilatı” ilə birgə məktəbimizə 6 ədəd kompyuter verilmişdir ki, bununlada tədrisin keyfiyyətinin artırılmasına nail olunur.
Bir sözlə, kollektivimizin hər bir üzvü böyük əminliklə çalışır ki, göstərilən dövlət qayğısının nəticəsində təhsildə və təcrübə prosesində yeni-yeni uğurlara imza atsınlar. Ölkəmizdə bütün sahələri əhatə edən sosial-iqtisadi yeniliklərdə öz sözlərini desinlər.
Mircavad ABBASOV,
Şəki şəhər
1 saylı peşə məktəbinin direktoru.
Respublika.-2014.- 11 yanvar.- S.3.