ƏCZAÇILIĞA
TARİXİ BAXIŞ
Təbabətin tərkib hissəsi
olan əczaçılığın tarixi olduqca az işlənilmiş
mövzulardandır.
Azərbaycanın zəngin təbiəti, bitki florası qədimlərdən imkan vermişdir ki, təbiblərimiz paralel olaraq bu sahəni də daim diqqət mərkəzində saxlasınlar. Tarixdən yaxşı məlumdur ki, eramızdan əvvəl 65-ci ildə məşhur Roma sərkərdəsi Qney Pompey Azərbaycanda olarkən onun qoşununda yaralı döyüşçülərə yardım etmək üçün təbiblər də vardı. Məmləkətimizin dərman bitkiləri ilə zənginliyi onların diqqətini cəlb etməyə bilməzdi. Məhz bu səbəbdən də Roma imperatoru Alban çarı Oroyza məktubla müraciət edərək Roma təbiblərinin bu ərazidəki dərman bitkilərini toplamasına icazə verməsini xahiş etmişdi. Bu fakt təsdiqləyir ki, məmləkətimiz dərman bitkiləri ilə zəngin olduğundan xalqımız həmin xammaldan müxtəlif məlhəmlər də hazırlamağı bacarırdı.
Əczaçılıq tariximizə dair faktları, məlumatları toplamaq, tədqiq etmək, öyrənmək baxımından bu günlərdə işıq üzü görmüş Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva və baş müəllim Aida Bəndəliyevanın “Əczaçılığın tarixi” adlı dərs vəsaiti təqdir olunmalıdır. Fikrimizcə, bu dərs vəsaitini mükəmməl tədqiqat əsəri də hesab etmək olar.
Müəlliflər əsərin müqəddiməsində doğru olaraq qeyd edirlər ki, hazırda əczaçılıq elmində və tibb institutlarının əczaçılıq fakültələrində elm tarixinin tədrisinə kifayət qədər diqqət yetirilmir. İxtisas üzrə tədris planında əczaçılıq tarixi üzrə kurslar mövcud deyildir. Oxşar vəziyyət əczaçılıq tarixi üzrə monoqrafiyaların, elmi dərsliklərin və digər materialların nəşri sahəsində də yaranmışdir.
Bu fundamental dərslik 58 bölmədən ibarətdir ki, onun da üçdə bir hissəsi Azərbaycanın əczaçılıq tarixini əhatə edir. Kitabda müxtəlif tarixi dövrlərdə təbabət və dərmanşünaslığın yaranması və inkişaf mərhələləri geniş təhlil olunur. İbtidai icma və qədim dövrə aid məlumatların dərslikdə öz əksini tapması bir daha onu göstərir ki, bəşər övladı yarandığı vaxtdan müxtəlif dövrlərdə qəbilələri, tayfaları, qədim dövlətləri bürüyən kütləvi xəstəliklərlə mübarizə üçün daima müalicə üsullarının, dərmanların axtarışında olmuşdur.
Müəlliflər kitabda Amerika, Avropa ölkələrində tarixin müxtəlif dövrlərində təbabəti, dərmanşünaslığı nəzərdən keçirərkən onlara qədim şərq təbabətinin güclü təsirini də haqlı olaraq diqqətə çatdırırlar. Qədim Misirdə, Mesapatomiyada, Çində, Tibetdə, Azərbaycanda, Orta Asiya xalqlarında təbabətdə, dərmanşünaslıq sahəsində loğmanlar elə naliyyətlər əldə etmişdilər ki, bu, Avropa təbiblərinin diqqətini çəkməyə bilməzdi.
Kitabın böyük maraq kəsb edən cəhətlərindən biri də budur ki, müəlliflər, orta əsrlərin təbabətində və dərmanşünaslığında islamın rolu, Qurani-Kərim və təbabət kimi məsələlər üzərində xüsusi dayanır. Kitabda yazılır: “Quran yalnız halal və haramı göstərən bir kitab deyildir. O, əxlaqı dünya və axirətlə bağlı məlumatları, Allah qorxusu və sevgisini, insan hüquqlarını, qadının cəmiyyətdəki rolunu, riyazi hesablamaları, yerin cazibə qüvvəsini, kimyəvi elementləri, insanın ana bətnindəki rüşeym halından ta doğuluşuna qədərki inkişafını, tibb aləminə hələ məlum olmayan xərçəng, talassemiya, QİÇS və s. kimi xəstəliklərin müalicəsini özundə əks etdirən bir kitabdır”. Qurani-Kərimin əvəzsiz bir dəyər olduğunu qeyd edən müəlliflər daha sonra qeyd edirlər ki, “Sağlam bədəndə sağlam ruh olar” prinsipi Qurani-Kərimdə öz əksini tapmışdır. İslam inancında şəfası olmayan bir xəstəlik yoxdur. Məhəmməd peyğəmbər (s.ə.s.) belə buyurur: “Uca Allah yaratdığı hər bir dərdin şəfasını da yaratmışdır”. Qurani-Kərimə söykənən orta əsr Şərq təbibləri zaman-zaman məhz bu şəfanın yollarını və vasitələrini axtarmışlar. Şərqin görkəmli təbib alimləri Sabir İbn-Kəyan, Zəkəriyyə Əl Razi, İbn Sina və digərlərinin təbabət və dərmanşünaslığa aid əsərlərindən Avropa alimləri uzun müddət bəhrələnmişlər.
Məhbubə xanım və Aida xanımın müştərək yazdıqları bu kitabda Azərbaycan əczaçılığının inkişafı tarixinə xüsusi yer ayrılmışdır. Müəlliflər doğru olaraq qeyd edirlər ki, ölkəmizdə təbabətin tarixi çox-çox qədimlərə söykənir. Bu da məmləkətimizin zəngin təbiəti, florası, dərman bitkilərinin çoxluğu ilə bağlı olmuşdur. İbtidai icma dövrünün müxtəlif mərhələlərində, xüsusən də qədim dövrdə arxeoloqlarımız təbabətlə bağlı dəyərli məlumatlar əldə edə bilmişlər. Atropatenada və Albaniyada təbabətlə və dərmanşünaslıqla bağlı məlumatlar oxucuda böyük maraq yaratmaya bilməz.
Kitabda “Avesta”da təbabətlə bağlı maraqlı məlumatlara da toxunulur. Bu məlumatlar qədim Azərbaycanda təbabətin qismən də olsa mənzərəsini yarada bilmişdir. Təbiətdə əşyaların mənşəyi, həyatın mahiyyəti, sağlamlığı, xəstəlikdən qorunma, müxtəlif dərmanların hazırlanması və qəbulu haqqında ilkin fəlsəfi düşüncələrə “Avesta”da çox rast gəlinir. Onun qədim Hindistan, Misir, Yunanıstan, ərəb təbabətinə və əczaçılığına çox böyük təsirini müəlliflər xatırladırlar. Onlar qeyd edirlər ki, dahi ərəb filosofu və həkimi İbn Rüşt təbabətlə, ümumən sağlamlıqla bağlı Avestadakı fikirlərə çox böyük əhəmiyyət vermişdir. O da təbiətin yaranmasını ilahi qüvvələrin qanunauyğunluqları ilə izah edirdi və ruhu bədəndən ayırmırdı.
Müəlliflərin qeyd etdiyi kimi, Azərbaycanda təbabət, dərmanşünaslığın inkişafı islam mədəniyyətinin geniş yayıldığı bir dövrə təsadüf edir. Təsadüfi deyil ki, dünya mədəniyyətinin klassikləri Xəqaninin, Nizaminin, Nəsiminin, Füzulinin əsərlərində müxtəlif xəstəliklər, onların müalicə vasitələri, dərman bitkiləri, minerallar və s. haqqında son dərəcə dəyərli məlumatlar vardır. Kitabda Azərbaycanın məşhur təbibləri, onların dərmanşünaslıqla bağlı dəyərli fikirləri də yer almışdır.
Məlumdur ki, əczaçılıq-dərmanşünaslıq Azərbaycanda keçmiş sovet dönəmində, xüsusən, dövlət müstəqilliyinin bərpasından sonra daha da inkişaf etmişdir. Bununla bağlı dərslikdə olduqca dəyərli məlumatlar verilir. Müəlliflər respublikamızda ilk dəfə olaraq, tələbələrin, magistrantların, rezidentlərin, aspirantların, həkimlərin, təbabət tarixi ilə maraqlanan oxucuların böyük marağına səbəb ola billəcək “Əczaçılığın tarixi”nə həsr olunmuş orjinal bir dərslik yazıb ərsəyə gətirmiş, bununla onlar təbabət tariximizin yaddaşına yeni işıq sala bilmişlər.
Fəxrəddin MƏmmƏdov,
professor.
Respublika.-2014.- 11 yanvar.- S.4.