Şərəfli ömür yolu

 

 

Tale hər kəsin qismətinə bir ömür payı yazır. Hər kəs bu ömrü öz bildiyi kimi yaşayır. Kimi yaşamaq naminə, kim isə yaşatmaq naminə. O insanlar ki ömrünü mənalı bir işə sərf edir, onlar özlərindən sonra həyatda silinməz izlər buraxır. Ömrünü özü üçün deyil, milyonların ömrünə calayan peşə sahiblərindən biri də müəllimlərdir. Müəllim! By adm qarşısında səcdə etməyə dəyər. Sizin haqqınızda nə qədər xoş sözlər deyilsə də, şeirlər yazılıb, mahnılar bəstələnsə də, azdır. Şah əsərlər yaradan şairlərin, yazıçıların, qüdrətli sənət nümunələri yaradan rəssamların, bəstəkarların, möhtəşəm binalar ucaldan memarların, yüzlərlə digər sənət adamlarının yaradıcısı müəllimdir.  Ömrünü yolumuzda şam kimi əridən, gecəsini-gündüzünə qatıb rahatlıq bilməyən müəllimlər!

Belə müəllimlərdən biri də haqqında söhbət açacağım Solmaz müəllimədir. Quliyeva Solmaz Cəlal qızı düz 65 il əvvəl Gözəl Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərində dünyaya göz açmışdır. Atası Quliyev Cəlal xeyirxah əməlləri ilə zamanında iz buraxmış Süleyman bəyin nəslindəndir. Böyük Vətən müharibəsi veteranı olan Cəlal Quliyev Berlinə qədər  şərəfli bir döyüş yolu keçmiş, Vətənə saysız orden-medallarla dönmüşdür. Bir çox məsul vəzifələrdə işləmiş müdrik bir el ağsaqqalı kimi xalq arasında böyük nüfuza malik olmuşdur. Belə bir insandan həyat tərbiyəsi almış Solmaz Quliyeva ilk pedaqoji fəaliyyəta 1970-ci ildə qocaman təhsil ocaqlarından  biri olan  Ü.Hacıbəyov adına Şuşa şəhər 1 N-li orta məktəbdə başlamışdır. 22 il burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuş, məcburi köçkünlük illərində də öz əmək fəaliyyətinə ara verməmişdir, 1 il Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış Şuşa məktəbində, 1994-cü ildən isə Xətai rayonundakı 221 saylı tam orta məktəbdə işləmişdir. Öz sənətinin vurğunu olan Solmaz müəllimə işlədiyi bütün illər ərzində şagirdlərinə bir ana nəvazişi ilə yanaşmış, onların kamilləşməsində, layiqli vətəndaş kimi formalaşmasında öz müəllimlik vəzifəsini şərəflə icra etmişdir. Bu gün onun yetirmələrinin sorağı ürəkaçandır. Onların içərisində həkim də var, müəllim də, hüquqşünas, iqtisadçı, mühəndis də.

Solmaz müəllimə həm də əsl vətənpərvərdir. O şagirdlərinə hər zaman Azərbaycanın ayrılmaz  tərkib hissəsi olan Doğma Qarabağ, Şuşa, digər işğal olunmuş torpaqlarımız haqqında məlumat vermiş, onları vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmişdir.

Solmaz müəllimə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan hər zaman ruhlanmış, Respublikada keçirilən təhsil islahatlarına həmişə böyük maraq göstərmiş, ölkəmizin hərtərəfli inkişafi və gələcək nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhundi tərbiyə edilməsi üçün bilik və bacarığını əsirgəməmişdir. O, pedaqoji-metodiki ustalıqla elmin son nailiyyətlərini öyrənərək şagirdlərə çatdırmaq qabiliyyətinə malikdir.

Solmaz müəllimədə əsl Azərbaycan qadınlarına xas olan xanımlıq, yüksək ziyalılıq həmişə öndə olmuşdur. Bunun nəticəsidir ki, çalışdığı pedaqoji kollektivlər, yetişdirdiyi şagirdləri ona böyük ehtiram bəsləmişlər. 43 illik fasiləsiz əmək fəaliyyəti həmişə qiymətləndirilmiş, müxtəlif illərdə rəhbərlik tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur. ən böyük mükafatı isə yüzlərlə şagirdinin qəlbində tutduğu əbədi yerdir.

Solmaz müəllimə həm də yaxşı anadır. Üç övladı var. Böyük qızı Həmidə Əliyeva filologiya elmlər namizədidir. Azərbaycan Dillər Universitetində müəllimə işləyir. Kiçik qızı Vəsilə Xəlilova iqtisadçıdır. Şuşa Rayon Məşğulluq Mərkəzində baş məsləhətçidir. Oğlu Anar Xəlilov da iqtisadçıdır, Şuşa rayon Statistika İdarəsinin rəisidir. Solmaz müəllimə həm də Vəsilənin ilk müəllimi olub.  Vəsilə xanım doğma müəlliməsi barədə belə deyir: Anam mənim üçün ikiqat müqəddəsdir! İlk dəfə əlimdə qələm tutmağı öyrədən, mənə ilk əvvəl “ana”, “vətən” sözlərini yazmağı, sonra isə onları göz bəbəyim kimi sevməyi öyrədən Solmaz müəllimədir. Həyatda qazandığım yaxşı nə varsa, hamısına görə ona borcluyam!

65 yaşın mübarək, Solmaz müəllimə! Sizə uzun ömür, cansağlığı, bir də Şuşalı günlər arzulayırıq!

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 12 yanvar.- S.3.