Bibiheybət qəsəbə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə etmişdir

 

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin Şıx çimərlik zonasında yerləşən “Aysberq” istirahət mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2013-cü ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirmişdir ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 360 nəfər məcburi köçkün məskunlaşmışdır. 2013-cü ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə Mədəniyyət evikitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılmış, burada əlavə sahə tikilmiş, istilik sistemi qurulmuşdur. Qəsəbədəki 70 saylı uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilmiş, bağçanın köhnə binası əsaslı təmir olunaraq lazımi ləvazimatlarla təchiz olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni poçt məntəqəsi yaradılmışdır.

2013-cü il ərzində RİH-in köməyi ilə Muxtarov yaşayış sahəsindən “Şıx” çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şosesində 1500 kvadratmetr sahədə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, Məktəb və N.Quliyev küçələrində 2800 kvadratmetr yeni asfalt salınmışdır. Salyan yolu boyunca istinad divarlarının üzlənməsi, hasar və tikililərin divarlarının rənglənməsi işləri başa çatdırılmışdır.

Salyan şosesində, “Dostluq parkı”ndan Lökbatan dairəsinə kimi ərazidə mütəmadi olaraq iməcliklər keçirilmiş, burada RİH tərəfindən 15 mindən artıq ağac əkilmiş 20.000 kvadratmetr sahədə qazon otu salınmış, ilin sonunda əlavə olaraq daha 5.500 kvadratmetr ot örtüyü, 10 min kvadratmetr sahəyə yeni asfalt örtüyü çəkilmişdir.

Namiq Quliyev küçəsində abadlıq işləri aparılmış, 300 ədəd yeni ağackol əkilmişdir. Qəsəbədəki Xeyir-şər evi əsaslı və tibb məntəqəsinin dam örtüyü cari təmir olunmuş, Səbail rayon MKTB-nin köməyi ilə Məktəb küçəsində yerləşən fərdi yaşayış evlərinin fasadları ağardılmışdır. Məcburi köçkünlərin məskunlaşdığı “Şıx” sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunmuşdur. Salyan şosesində 400 poqonmetr magistral su kəməri yenisi ilə əvəz olunmuş, 400 poqonmetr yeni kanalizasiya xətti çəkilmişdir.

Şəhid Cəbrayıl Əsgərovun valideynlərinin müraciəti nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin vaxtilə oxuduğu 50 saylı orta məktəbin binasına onun xatirə lövhəsi quraşdırılmışdır.

İl ərzində qəsəbədə Səbail Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılmış, qəsəbədə abonentlər tam sayğaclaşdırılmışlar.

Səbail Rayon Qaz İstismar sahəsi tərəfindən qəsəbədəki abonentlər üçün 350 ədəd yeni smart kart tipli sayğac, “Azərsu” ASC tərəfindən isə 70 ədəd yeni su sayğacı quraşdırılmışdır.

NovruzRamazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanmışdır.

Qəsəbə Mədəniyyət evi və 50 saylı məktəb kollektivinin köməkliyi ilə qəsəbədə 8 Mart, Novruz bayramı, 28 May, Milli Qurtuluş Günü ilə bağlı kütləvi tədbirlər, Ramazan bayramında qəsəbədəki xeyir-şər evində iftar süfrəsi, dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının 10 illiyi ilə bağlı qəsəbədə Səbail RİH tərəfindən ehsan süfrəsi təşkil olunmuş, qəsəbə sakini Əfqan Şərifov RİH-in maliyyə dəstəyi ilə həcc ziyarətinə göndərilmişdir.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir.

O bildirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, qəsəbənin sukanalizasiya sisteminin yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Məhəmməd VƏLİYEV,

Respublika.-2014.- 14 yanvar.- S.4.