DİLÇİLİYİMİZİN
UNUDULMAZ AĞSAQQALI
Akademik Məmmədağa
Şirəli oğlu Şirəliyev türkologiya sahəsində
tanınmış görkəmli alimdir.
O, elmi fəaliyyətində həmişə
öndə olub. Belə ki, elmlər doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı,
MEA-nın (AMEA) müxbir üzvü
və akademiyanın akademiki—bu adların hamısının Azərbaycanın
dilçiləri arasında ilk
daşıyıcısı məhz M.Şirəliyev olmuşdur.
1909-cu il sentyabr
ayının 13-də Şamaxı şəhərində anadan olmuş M.Şirəliyevin
həyatı 2 əsas istiqamətdən—pedaqoji və elmi fəaliyyətindən ibarətdir. Bakıda
orta məktəbi bitirdikdən sonra o, 1927-1931-ci illərdə
Azərbaycan Dövlət Universitetində (indiki
Bakı Dövlət Universiteti) şərq
fakültəsinin dilçilik şöbəsində
təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla Ağdam şəhərinə göndərilmiş,
1931-1933-cü illərdə orada Aqrokimya Texnikumunda müəllim
və dərs hissə müdiri işləmişdir. 1933-1936-cı illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda
(indiki ADPU) Azərbaycan dilçiliyi
ixtisası üzrə aspiranturada oxumuş və dərs demişdir.
O, görkəmli türkoloq Bəkir
Çobanzadənin ilk aspirantlarından biri olmuşdur.
Aspiranturanı qurtardıqdan sonra
1936-1939-cu illərdə həmin institutda
müəllimlik etməklə yanaşı, dekan
müavini, 1939-1940-cı illərdə dekan vəzifəsində işləmiş,
1940-1941-ci illərdə isə Azərbaycan dili
kafedrasının müdiri təyin edilmişdir.
M.Şirəliyev 1941-ci ildə filologiya elmləri namizədi alimlik
dərəcəsi almaq üçün
“Bakı dialekti” mövzusunda
dissertasiya müdafiə etmiş,
əsərin yüksək elmi dəyəri
nəzərə alınmaqla ona Elmi Şura tərəfindən
birbaşa filologiya
elmləri doktoru elmi dərəcəsi
verilmişdir. O vaxt
rus dilçisi akademik N.K.Dmitriyev başda olmaqla
yaranmış Elmi Şuranın 5 nəfər
üzvü olmuşdur.
Onların hamısı M.Şirəliyevin əsərini
yüksək qiymətləndirmiş və rəy vermişlər.
SSRİ Ali Attestasiya
Komissiyasının 3 nəfər üzvü:
akademiklər A.Şanidze, İ.Abuladze
və professor S.Cikiya əsəri
yüksək qiymətləndirərək namizədlik
dissertasiyasını filologiya elmləri doktoru alimlik dərəcəsi
kimi təsdiq etdilər. O vaxt
belə bir ad heç bir alimə verilməmişdi.
Akademik İ.İ.Meşaninov
da M.Şirəliyevin “Bakı dialekti” əsərini yüksək qiymətləndirmiş,
ona bu dərəcənin
verilməsinin düzgün qərar olduğunu qeyd etmişdir.
M.Şirəliyev
1941-1942-ci illərdə artıq Azərbaycan Dövlət
Universitetində (indiki BDU) Azərbaycan dili kafedrasının müdiri,
1942-1945-ci illərdə filologiya fakültəsinin
dekanı, 1945-1949-cu illərdə isə elmi
hissə üzrə prorektor,
1949-1960-cı illərdə kafedra müdiri olmuşdur.
1943-cü ildə M.Şirəliyevə professor adı veriləndə, artıq onun 34 yaşı vardı. 1949-cu ildə M.Şirəliyev
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.
Akademik
M.Şirəliyev 1949-1951-ci illərdə Azərbaycan
EA-nın Dil İnstitutunun
direktoru vəzifəsində işləmiş,
eyni zamanda
1951-1953-cü illərdə institutun dialektologiya şöbəsinin müdiri,
1953-1954-cü illərdə Bolqarıstanda Sofiya
Universitetinin türk dili kafedrasının müdiri,
1954-1960-cı illərdə isə Azərbaycan EA Ədəbiyyat
və Dil İnstitutunun
dialektologiya şöbəsinin müdiri olmuşdur.
1968-1969-cu illərdə Azərbaycan Elmlər
Akademiyasının ictimai elmlər
bölməsinin akademik katibi,
1967-1987-ci illərdə yenidən Dilçilik
İnstitutunun direktoru
təyin edilmişdir. 1988-ci ildən isə
ömrünün sonuna
kimi (1991) həmin institutda
direktor müşaviri
kimi çalışmışdı, həm
də “Sovetskaya türkologiya”
(“Sovet türkologiyası”, indiki
“Türkologiya”) jurnalının baş redaktoru olmuşdur.
Yuxarıda göstərilən bütün
bu illər ərzində akademik
M.Şirəliyev Azərbaycan elminin
inkişafı üçün çox işlər görmüşdür.
Belə ki, onun elmin müxtəlif sahələrinə dair 100-dən çox məqaləsi
çap olunmuşdur.
Bunlarla yanaşı, türk,
özbək, Polşa, Ukrayna, ingilis və başqa dillərdə onlarca
məqaləsi çap olunmuşdur.
Bu məqalələr
Azərbaycan dilinin incəliklərinə,
dil tarixinə, lüğətçiliyinə,
Azərbaycan ədəbi dilinin dialekt və şivələrinin inkişaf yollarına həsr edilmiş,
dilimizin fonetik və qrammatik xüsusiyyətləri şərh edilmiş, başqa türk dilləri ilə müqayisəli şəkildə
tədqiq edilərək konkret fikirlər
söylənilmişdir.
M.Şirəliyev həmçinin
Türkmənistanda dilçilərin 2-ci qurultayında (1952), Alma-Ata (indiki Almatı)
şəhərində “Təsviri qrammatika”,
“Mürəkkəb cümlə problemləri” mövzusuna
dair konfransda (1956), Qazan şəhərində
çağırılmış türk
dillərinin dialektologiyasına həsr olunmuş
2-ci Ümumittifaq müşavirəsində
(1958), Kişinyov şəhərində dialektoloqların V Ümumittifaq
müşavirəsində “Dilin dialektlərə
bölünməsi haqqında” (1959), şərqşünasların
Moskvada çağırılmış
XXV Beynəlxalq konfransında Azərbaycan dialektologiyası məsələləri
mövzusunda (1960), Frunze
şəhərində türk dilləri
dialektologiyası məsələlərinə həsr edilmiş Ümumittifaq müşavirədə
və digər xarici ölkə və
şəhərlərdə məruzələrlə
çıxış etmişdir. Qeyd edək ki, həmin
ölkələrdə ona böyük
hörmətlə yanaşırdılar.
O, M.Hüseynzadə ilə birlikdə 5-7, 6-8-ci
siniflər üçün müxtəlif
adlarda Azərbaycan dilinin
sintaksisindən bəhs edən “Qrammatika”,
“Azərbaycan dilinin sərfi”, “Azərbaycan
dilinin qrammatikası” dərsliyini
yazmışdır. Dərslik 50 ildən bir
qədər çox orta
məktəblərimizdə tədris olunmuş,
1938-ci ildən başlayaraq 1993-cü ilə
qədər təkrar olaraq nəşr edilmişdir. “Azərbaycan
dialektologiyası” I və II hissə, “Azərbaycan dilinin durğu işarələri”
(M.Hüseynzadə ilə birlikdə), “Bakı dialekti”,
“Azərbaycan dilinin Muğam
qrupu şivələri” (fonetika
bəhsi) “Azərbaycan dialektologiyasının əsasları”
(əsər 1972-ci ildə Azərbaycan Dövlət
Mükafatına layiq görülmüşdür),
“Azərbaycan dilinin orfoqrafiya
lüğəti” (M.Məmmədovla birlikdə), “Dialektı i qovorı azerbaydjanskoqo əzıka”,
“Voprosı azerbaydjdanskoqo əzıka”, “Azerbaydjanskiy əzık” və s.
kitabları nəşr edilmişdir. Onun redaktorluğu ilə
“Azərbaycan dilinin dialektologiyası
atlası” hazırlanmış və 1990-cı ildə çap olunmuşdur. Akademik M.Şirəliyev
onlarla elmlər namizədinin, habelə professorlardan M.Adilovun, R.Məhərrəmovanın,
akademik A.Axundovun,
AMEA-nın müxbir üzvü
T.Hacıyev və başqa görkəmli
alimlərimizin doktorluq dissertasiyalarına elmi rəhbərlik etmişdir.
Akademik M.Şirəliyevin böyük elmi fəaliyyətini qiymətləndirən
dövlətimiz ona əməkdar elm xadimi adı vermiş (1960), Azərbaycan Ali
Sovetinin Fəxri Fərmanı ilə (1972),
həmçinin yüksək səviyyəli kadrların
hazırlanmasında Özbəkistan MVSO-nun
Fəxri Fərmanı ilə (1977), Qaraqalpaq
Muxtar Respublikasının Fəxri Fərmanı
ilə (1979) təltif olunmuşdur.
O həm də “Qafqazın müdafiəsinə
görə”, “Böyük Vətən
müharibəsində əmək igidliyinə görə”
medalları və “Qırmızı Əmək
Bayrağı” (1946), “Şərəf nişanı” (1954), “Xalqlar dostluğu” (1979)
ordenləri ilə təltif olunmuşdur.
Akademik M.Şirəliyev sadə,
xeyirxah, qayğıkeş bir
insan idi. Dilçi kadrların hazırlanmasında əvəzedilməz
xidmətləri olmuşdur. Onun xatirəsi bizim üçün həmişə əzizdir.
Nəriman SeyidƏliyev,
filologiya elmləri doktoru.
Respublika.-2014.- 14 yanvar.- S.5.