Finlandiyada təhsil və tərbiyə haqqında mülahizə

 

 

Beynəlxalq PİSA təşkilatının 2000, 2003, 2006 və 2012-ci illər üzrə qiymətləndirmələrində Finlandiya təhsil sistemi birincilik əldə etməklə bütün dünyanın diqqətini özünə çəkə bilmişdir. Təhsil sahəsində ABŞ, İngiltərə, ÇinYaponiya kimi nəhəng dövlətləri geridə qoyan finlər bu uğura təhsilə verdikləri xüsusi önəm sayəsində nail olmuşlar. XX əsrin əvvəllərində yoxsul, əlverişsiz təbii şəraitə malik olan Finlandiya 1960-cı ildən bəri getdikcə daha çox rəqabətin artdığı dünyada mövcudiyyətini qorumaqinkişaf etmək üçüninsana qoyulan investisiya ən uğurlu investisiyadır” fikrini əsas tutaraq təhsili çıxış yolu kimi görmüşdür. Bir qrup ziyalının rəhbərliyi ilə müəllimlərdən professorlara, həkimlərdən adamlarına qədər hər peşədən olan insanlar çiyin-çiyinə verib həmrəylik göstərərək bütün insanlığa nümunə olacaq bir həyat modeli ortaya qoydular. Məqsəd isə təhsildə və bunun məntiqi nəticəsi kimi həyat tərzində, ictimai əlaqələrdə mükəmməlliyə nail olmaq idi. Təbii ki, bu iddia mümkünsüz olsa da, Finlandiya təhsil sisteminin bu gün dünyada ən uğurlu model olduğu mövzusunda hər kəs həmfikirdir. Bu səbəbdəndir ki, hər il Finlandiyaya dünyanın müxtəlif ölkələrindən araşdırmaçılar gələrək təhsil sisteminin özəlliklərini, müvəffəqiyyətinin sirlərini öyrənməyə çalışırlar.

Finlandiya məktəblilərindən “müvəffəqiyyətinizin sirri nədədir?” deyə soruşulduqda ilk olaraq “müəllimlərimiz” cavabını verirlər. Həqiqətən də, burada müəllimlik peşəsi həkimlik və hüquqşünaslıq peşəsi qədər çox prestijli, müqəddəs və etibarlıdır. Eyni zamanda müəllim olmaq çox çətindir. Ölkənin 120 minlik müəllim kadrı içində elmi dərəcəsi olmayan bir nəfər də yoxdur. Bundan əlavə, müəllimlər həftədə 2 dəfə peşəkar təkmilləşdirmə kurslarında iştirak edir, təlimçi seminarlara qatılır və özlərini davamlı inkişaf etdirirlər. Dərslərdən sonra ayrılan 2 saat əlavə vaxt ərzində şagirdlərin dərsləri ilə maraqlanır, evlərini ziyarət edib onlarla müxtəlif mövzulu söhbətlər keçirirlər. Müəllimlər səmimi, dialoqa açıq, insan haqlarına ehtiramla yanaşan şəxsiyyətlərdir. Onlar şagirdləri ilə yetkin insan kimi davranıb onlara çox güvəndiklərini hiss etdirirlər. Buna görədir ki, fin uşaqları müəllimlərini ata-anaları kimi çox sevirlər.

Fin mədəniyyətində təhsilə, xüsusilə də oxumağa böyük önəm verilir. Uşaqların təhsil alması ölkənin, cəmiyyətin və ailənin ən prioritet məsələlərindəndir. Bu səbəbdəndir ki, uşaqların tədris prosesinə hazırlanması hələ məktəbəqədər dövrdən nizamlı şəkildə aparılır. Oxucular ölkəsi olan Finlandiyada 85% ailə gündəlik qəzetlərə abunədir və orta hesabla il ərzində adambaşına oxunan kitabların sayı 57-dir. Dünyaya gələn hər uşağa dövlət tərəfindən verilən hədiyyə paketinin içində mütləq bir kitab olur.

Vətəndaşlarına hələ ana bətnində ikən sahib çıxan Finlandiya doğuşdan gələn fərqliliklərin təsirini ən aza endirən, bütün uşaqlara bərabər təhsil verməyi bacarmış bir ölkədir. Hansı bölgədən, hansı ailədən, hansı sosial təbəqədən olmasına baxmayaraq, maddi durumundan asılı olmayaraq, bütün uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir. Məktəblərdə şagirdlərə dərsliklər və məktəb ləvazimatları, eləcə də gündəlik nahar yeməyi pulsuz verilir. Ən güclü və ən geridə qalan məktəblər arasındakı fərq bütün dünya üzrə ən minimal göstəricidir. Finlər üçün “bacarıqsız, pis şagird” anlayışı yoxdur. Hər bir uşaq dəyərlidir prinsipinə əsaslanaraq onlara fərdi yanaşılır. Müəllimlər şagirdlərinə ən uyğun dərs proqramını hazırlamaqda peşəkardırlar. Dərslərdə iki müəllim akademik təhsili izah edir, üçüncü müəllim isə dəstək lazım olan şagirdlərə yardım göstərir.

Məktəblərin ən yüksək hədəfi məktəbi uşaqlara sevdirməkdir. Məktəblərdə mətbəxlər, divan-kreslolar, kitabxanalar evdəki qədər rahat dizayn edilib. Siniflərdə qeyri-rəsmi bir mühit mövcuddur. Uşaqlar sinifdə sərbəst şəkildə gəzərək müəllimlərindən, yoldaşlarından və kitablardan məlumat toplaya bilərlər. Uşaqların psixifiziki sağlamlığı məktəb üçün ən vacib məsələ olduğundan müəllimin şagirdə qarşı fiziki cəza tətbiqi, hətta qışqırması belə fin məktəblərində rast gəlinməyən hadisədir. Heç bir uşaq utandırılmır və danlanmır. Özlərini evlərindəki kimi hiss edən şagirdlər iməcilik, bağça təmizliyi və kitabxana işləri, yeməklərin paylanması kimi bəzi öhdəlikləri özləri görürlər. Beləliklə, məktəbi daha çox mənimsəyən uşaqlarda məktəbə bağlılıq duyğusu artmış olur.

Hər məktəbdə uşaqların xoşbəxtliyinə məsul olan himayəçi qruplar vardır. Psixoloq, tibbi personalkuratordan (şagirdin ailəsi ilə birbaşa əlaqə saxlayan şəxs) ibarət bu qrup ayda iki dəfə bir araya gəlib uşaqları müzakirə edirbütün növ şagird problemlərində “mən nə etməliyəm?”, “ailə nə etməlidir?” sualına cavab axtarır.

Finlandiyanın əldə etdiyi müvəffəqiyyətin arxasında duran digər əhəmiyyətli amil də təhsil sistemindəki “Sisu” anlayışıdır. Bu ölkənin mədəni xüsusiyyəti əzm, cəsarət və əsla imtina etməmək mənalarına gələn “sisu” sözündə ifadə edilmişdir. Məktəblərdə uğur qazanmağın çalışmaq və əzmə bağlı olduğu düşüncəsi beyinlərə yeridilir.

Fin tədris sisteminin fərqli cəhətlərindən biriodur ki, təhsilin ilk 6 ili ərzində məktəblərdə uşaqların biliklərinin qiymətləndirilməsi, ümumiyyətlə, həyata keçirilmir. Yalnız bir mütləq xarakterli standartlaşdırılmış test vardır ki, bütün uşaqlar 16 yaşına çatanda bu imtahandan keçirlər. Dəyərləndirmək üçün ilsonu imtahanı yoxdur. Şagirdlər müəllimlərin hazırladıqları suallarla dəyərləndirilir. Burada uşaqları test imtahanına hazırlamaqdan daha çox, tamamilə öyrətmə prinsipi hakimdir. İmtahan zamanı isə uşaqlar istənilən mənbədən istifadə edə bilərlər. Məqsəd çətinliyin öhdəsindən gəlmək üçün doğru mənbədən (kitab, internet) istifadə etməyi öyrətməkdir. Tədris işçiləri uşaqları doğru analiz edərək onların fərdi qabiliyyətlərini görürbu fərdilikləri daha da inkişaf etdirən təhsil verirlər. Yaradıcılıq qabiliyyətlərini və xəyal güclərini istifadə etmələri üçün dəstəklənən şagirdlər öyrənir, araşdır, düşünür, yazır və təqdim edirlər. Belə ki, nəzəriyyəyə və əzbərçiliyə söykənən bir təhsil yerinə tamamilə düşünməyə söykənən təhsil verilir.

Finlandiyada uşaqlar peşə-ixtisas seçiminə VIII sinifdən etibarən başlayırlar. Ümumi orta təhsilin ikinci mərhələsi 3 il təyin olunub, ancaq şagirdlər bu təhsili 2 və ya 4 ilə də tamamlaya bilərlər. Təhsil illik dərslərə görə təşkil edilmir. Bir şagird lazımi sayda dərsi tamamladığı zaman məktəb diplomu ala bilər.

Təhsilli insanları ilə məşhur olan Skandinaviya ölkəsi Finlandiyada universitet məzunlarının sayı Avropa ölkələri ilə nisbətdə daha çoxdur. Ölkənin bütün universitetləri dövlət universitetləridir. Ali məktəblərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə sertifikat (yetkinləşmə sertifikatı) almış orta məktəb məzunları ikinci mərhələdə seçdiyi universitetin qəbul imtahanından da uğurla keçməlidir.

Ali təhsil ocaqlarında tələbələrə elmi tədqiqatlara, araşdırmalara əsaslanan yüksək səviyyəli təhsil verilir. İşə götürülərkən də universiteti neçə ilə bitirdiyindən və qiymətlərindən daha çox, təhsil aldığı müddətdə nələr etdiyinə diqqət yetirilir, bu isə tələbələrin müxtəlif vasitələrlə universiteti tez bitirmək əvəzinə, rahat oxumalarını təmin edir.

Təhsilə qoyduğu böyük sərmayənin nəticəsi olaraq XX əsrin ikinci yarısından dünyanın ən zəngin dövlətləri sırasına daxil olan rifah ölkəsi Finlandiya qlobal iqtisadi böhran zamanı belə təhsil büdcəsində hər hansı bir məhdudlaşdırma etmədi. Çünki onlar yaxşı başa düşürdülər ki, müasir dünyada yüksək bilik və bacarıqlara malik insan bir ölkənin ən yaxşı qaynağıdır. Bir xalqa nə qədər güclü təhsil verilsə, qloballaşan dünyamızda çətinliklərin öhdəsindən gəlmək də o qədər asan olacaq.

 

Səməd Ramizoğlu

Respublika.-2014.- 14 yanvar.- S.4.