NƏQLİYYAT SEKTORUNUN DAVAMLI İNKİŞAFI

 

                                                                                      Bu sahənin tərəqqisi ölkəmizin ümumi mənafeyinə xidmət edir

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uzaqgörən iqtisadi siyasət sayəsində ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində böyük uğurlar əldə olunmuşdur. Bu inkişaf aparılan islahatların mühüm tərkib hissəsi olaraq, yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından respublikamızın geniş tranzit imkanlarından tam və səmərəli istifadəyə yönəlmişdir.

Məhz ölkə başçısının diqqət və qayğısı ilə, tövsiyələri əsasında müxtəlif nəqliyyat növlərinin vahid nəqliyyat sistemində mövcud şəbəkələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sistemin etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsi baxımından konkret tədbirlər sisteminin həyata keçirilməsinə başlanıldı. Bu gün nəqliyyat sistemində aparılan dövlət siyasəti məhz cənab Prezidentin tapşırıqlarına əsaslanır və özündə ölkəmizin sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönəlmiş tədbirləri əhatə edir. Tam əminliklə söyləyə bilərik ki, bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksində də hazırkı inkişaf və tərəqqi Heydər Əliyev siyasətindən qaynaqlanır, ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərin tarixi əhəmiyyətinə söykənir.

Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident demişdir ki, təkcə yola saldığımız ildə nəqliyyat sektorunda böyük işlər görülmüşdür: “Beş yüz kilometr yol çəkilmişdir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondu hesabına. Yəni, bu sahəyə də böyük önəm verilir. Qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu ilbu işin böyük hissəsi görüləcəkdir. Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun açılışını qeyd edə bilərik. Gəmiqayırma zavodunun açılışı. Bu da həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Ələt Dəniz Ticarət Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin açılışını gəzləyirik. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Yəni, bütün nəqliyyat sektoru inkişaf edir”.

Xüsusilə qeyd edilməlidir ki, son illər ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər tam yerinə yetirilir, əhalinin və ölkə iqtisadiyyatının daşımalara olan tələbatı bütövlükdə ödənilir. Yük və sərnişin daşımalarını, nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmini əks etdirən rəqəmlərdə ilbəil artım müşahidə olunur.

Dəmir yolu nəqliyyatında aparılan yenidənqurma işləri davam etdirilir. Belə ki, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir.

Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər çərçivəsində həm Bakıya, həm də respublikamızın digər şəhərlərinə yeni sərnişin avtobusların gətirilərək istismara verilməsi prosesi insanların rahatlığını təmin edir, bölgələrdə yeni avtovağzalların tikintisi və sərnişinlərin istifadəsinə verilməsi davam etdirilir.

Paytaxtımızda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə Bakının iki marşrutdakı avtobuslarında artıq xüsusi avadanlıqların quraşdırılması başa çatdırılaraq bu aydan etibarən həmin sistemə keçid təmin edilmişdir.

Ölkədə respublikayerli əhəmiyyətli yolların təmir olunması sürətlə davam etdirilir. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işlərin aparılması yol infrastrukturu sahəsində necə də böyük işlərin həyata keçirilməsinin əyanı təzahürüdür.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi” üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti artıq başa çatmışdır. Diqqətçəkən məqamlardan biri bundan ibarətdir ki, son 5 il ərzində yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 və 7,1 faiz təşkil etmişdir. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artmışdır.

Sirr deyil ki, dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və hazırda da davam etdirilir. Layihə başa çatdıqdan sonra, dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.

Cənab İlham Əliyev öz nitqlərində dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neftqaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, şərqlə qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi də buna nümunədir. Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun üst quruluşu inşa edilmiş və Türkiyə sərhədinə qədər yeni yol artıq tikilmişdir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, qədəm qoyduğumuz ildə işlər başa çatdırılacaqdır. Bu layihənın həyata keçirilməsi, onun iqtisadigeosiyasi əhəmiyyəti barədə cənab Prezident demişdir: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir. Hesab edirəm ki, vaxtında icra ediləcəkdir. Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə danışmışıq. Əlavə etməyə ehtiyac görmürəm. Sadəcə olaraq burada da əlbəttə ki, üç ölkənin əməkdaşlığı bir daha özünü göstərir. Azərbaycan-Gürcüstan-Türkiyə həm enerji, həm nəqliyyat sahələrində artıq uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisibu əməkdaşlığın gözəl nəticəsi olacaqdır”.

Hazırda Ələt qəsəbəsində Xəzərdə ən böyükmüasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Burada sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılmışdır və quruda tikinti işləri davam etdirilir. Bu ildə birinci kompleks - Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaqdır.

Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işlərə toxunaraq qeyd edə bilərik ki, 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilmiş və təmir olunmuş, avtomobil yollarında 158 körpü inşa edilmişdir.

Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. Qədəm qoyduğumuz 2014-cü ildə Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.

Müqayisə üçün deyə bilərik ki, əgər 1990-cı ilə qədər Azərbaycanda bütün körpülərin uzunluğu 29 min metr idisə, təkcə son beş ildə istismara verilmiş körpü və bağlantıların uzunluğu təxminən 20 min metrdən artıqdır.

Bu körpülərin texniki parametrlərini - zolaqlarının sayını, uzunluğunu və yükgötürmə qabiliyyətini də müqayisə etsək, o zaman respublikamızda nə dərəcədə irimiqyaslı işlərin görüldüyünü təsəvvür etmək çətin olmayacaqdır.

2008-2013-cü illərdə birinci texniki dərəcəli, 4 zolaqlı yolların ümumi uzunluğu 150 kilometr artırılaraq 180 kilometrdən 330 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu 1100 kilometr artırılaraq 7678 kilometrə çatdırılmışdır. 2015-ci ilə qədər birinci texniki dərəcəli 4 zolaqlı yolların uzunluğu 800 kilometrə çatdırılması planlaşdırılır. Son illər ərzində ümumiyyətlə avtomobil yollarımızın texniki dərəcələri əhəmiyyətli dərəcədə yüksəlmiş, yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, işıqlandırma, magistrallara giriş-çıxışın məhdudlaşdırılması və digər texniki tədbirlər görülmüşdür ki, bunlar hərəkətin təşkilində, təhlükəsizliyin qorunmasında və qəza hadisələrinin qarşısının alınmasında mühüm şərtlərdəndir.

Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzitlogistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC tərəfindən “Boeing”, “Airbus” və “Embraertipli 16 sərnişin təyyarəsi və 3 helikopter alınmış və yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır. Azərbaycanın əsas regional mərkəzlərində (Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) beynəlxalq hava limanları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi sürətlə davam etdirilir.

Sizin xüsusi qayğı və məhəbbətlə yanaşdığınız, gündən-günə müasirləşən və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilmişdir. Bakı şəhərində əsaslı şəkildə təmir olunan yollar, yeni yol qovşaqları, bu yol qovşaqlarında yaraşıqlı körpülər, yol ötürücüləri və tunellər tikilir, yeraltı və yerüstü piyada keçidləri istismara verilir, köhnələri isə əsaslı şəkildə təmir olunaraq ən müasir tələblərə cavab verən vəziyyətə çatdırılır ki, bütün bu görülən işlərin sayəsində vətəndaşlarımızın təhlükəsizliyi təmin edilir.

Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilmişdir. Həmin mərkəz vasitəsilə Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirləri tətbiq olunur, bu da şəhərdə nəqliyyat axınına müsbət təsir göstərərək avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artmışdır.

Nəqliyyatdan istifadənin asanlaşmasını təmin edən bütün bu işlər xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edir. Cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə aparılan bu işlər ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. Onun rəhbərliyi altında ölkəmizin əldə etdiyi böyük uğurlar, nail olduğu davamlı inkişaf və yüksəliş son illər ərzində respublikamızı dünya ictimai birliyinin diqqət mərkəzinə çıxarmış, ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirmişdir.

Son illər ərzində nəqliyyat sektorunda həyata keçirilən işlərə dövlət tənzimlənməsi müstəvisindən nəzər yetirsək, görərik ki, bu sahənin fəaliyyətinin hüquqi əsasları vahid prinsiplər əsasında inkişaf etdirilir, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair hədəf proqramları işlənib hazırlanır və uğurla həyata keçirilir, nəqliyyat sahəsində vergiqoyma, maliyyələşdirmə, investisiya, texniki və qiymət nəzarəti fəaliyyətlərini tənzimləyən düşünülmüş siyasət yeridilir, nəqliyyat sahəsinə ayrılmış büdcə vəsaitlərinin və digər vəsaitlərin nəqliyyatın müxtəlif növləri arasında balanslaşdırılmış formada bölüşdürülür, nəqliyyat sisteminin inkişafı üçün sahibkar maraqlarının və tələblərinin birləşdirilməsi məqsədi ilə əməkdaşlıq üçün bütün zəruri şərait yaradılır, nəqliyyatda dünyanın ən müasir standartlarına vahid informasiya məkanın yaradılması istiqamətində islahatlar həyata keçirilir, nəqliyyat sisteminin inkişafı üçün dövlətin və ayrı-ayrı fərdlərin səyləri birləşdirilir, onların maraqlarının qorunması və razılaşdırılması təmin olunur.

Nəqliyyat sektorunun əsas rolu sürətlə inkişaf edən Azərbaycanın artmaqda olan tələbatının təmin edilməsindən, eləcə də dövlətimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq təşkil etməsindən ibarətdir. Müasir dövrümüzün sürətlə dəyişilən şərtləri Azərbaycanda nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və nəqliyyatın inkişafı sahəsində dövlətimiz tərəfindən müəyyən olunan vəzifələrin həyata keçirilməsini daha da zəruri edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır: “Nəqliyyat sektoru gələcəkdə də prioritet məsələlərdən biri olacaqdır”.

 

Emin Qasımov,

Respublika.-2014.- 15 yanvar.- S.2-3.