Respublikamızda heyvandarlığın elmi əsaslarla dinamik inkişafı

   

Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Xüsusən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı Dövlət Proqramı əhalinin ərzaq təhlükəsizliyinin təminatı cəhətdən xüsusi əhəmiyyət daşıyır.

Aqrar sahənin inkişafını ölkənin strateji məqsədi kimi qiymətləndirən cənab Prezident İlham Əliyevin 2008-ci il oktyabrın 30-da kənd təsərrüfatı işçilərinə onların peşə bayramları ilə əlaqədar müraciətində də qeyd edildiyi kimi, əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının qəbulu Azərbaycanda aqrar islahatların yeni–növbəti mərhələsidir. Göründüyü kimi, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı möhkəm əsaslar yaradılıb. 2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı isə respublikamızın bütünlüklə yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə səbəb olacaq. Prezident İlham Əliyev 2011-ci il mayın 3-də Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda aparılan aqrar islahatların davamı kimi bu sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin  səmərəliliyinin artırılması zərurətinin yarandığı bildirilmişdir.

Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun alimləri hörmətli Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin məsuliyyətini hiss edir, heyvandarlığın elmi əsaslarla dinamik inkişafı üçün çalışırlar.

Aqrar elmin strateji məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin istiqamətinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqat nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemi təkmilləşdirilməlidir.

Azərbaycan Elmi-tədqiqat Heyvandarlıq İnstitutu yarandığı 1930-cu ildən bu günümüzə kimi heyvandarlıq sahələrinin müxtəlif istiqamətlərində elmi araşdırmaları davam etdirir. İnstitutumuzun elmi əməkdaşlarının çoxillik fəaliyyətinin nəticəsi olaraq 1947-ci ildə akademik F.Məlikov, professorlar M.Sadıxov, S.Hüseynov, V.SmaraqovQ.Haqverdiyev Azərbaycan dağ merinosu qoyun cinsi yaratmış və Dövlət Mükafatı laureatı fəxri adına layiq görülmüşlər.

Respublikamızda yetişdirilən Azərbaycan qonur malı cinsi Ş.Rəsizadə, S.Qocayev və başqalarının iştirakı ilə yaradılmış, 1960-cı ildə təsdiq edilmişdir.

1970-ci ildə profesor A.Ağabəyli, kənd təsərrüfatı elmləri namizədi İ.Hüseynov və başqaları tərəfindən Azərbaycan camış cinsi yaradılmışdır. Respublikamızda Azərbaycan camış cinsi Bolqarıstandan gətirilmiş təmiz qanlı, hind mənşəli Murrah cinsi ilə yaxşılaşdırma şəraitində yetişdirilir.

1950-ci ildən başlayaraq Azərbaycan Zebu cinsinin məhsuldarlıq göstəricilərinin yaxşılaşdırılması istiqamətində proffesor Z.Verdiyevin rəhbərliyi altında uzun illər elmi-tədqiqat işləri aparılmışdır. Bu hazırda davam etdirilir.

Respublikamızda maldarlığın daha da inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi və mövcud malın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən çox ciddi tədbirlər görülməkdədir. Bu məqsədlə dövlət başçısının 21 avqust 2008-ci ildə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncamdan sonra Avropanın inkişaf etmiş dövlətlərindən, Almaniyadan, Avstraliyadan yüksək məhsuldar cins heyvanlar alınıb gətirilməkdədir. Gətirilən heyvanlar südlük və südlük-ətlik, ətlik istiqamətli cinslərdir. Bu heyvanların gətirilməsində əsas məqsəd əhalinin südə olan tələbatını ödəməkdən ibarətdir. Ət məhsuldarlığının artırılması, Azərbaycanda ətlik maldarlığın inkişaf etdirilməsi də çox vacibdir. 1950-ci ildən başlayaraq Azərbaycan zebusu ilə müxtəlif qaramal cinslərinin hibridləşdirmə işi aparılmışdır. Aberdin-Anqus x Zebu hibridləri, Hollavey x Qonur qafqaz mələzlərinin ət məhsuldarlığı öyrənilmişdir. Odur ki, Azərbaycana ətlik istiqamətli cinslərin gətirilməsi işi bərpa edilməlidir. Şarole, Hereford, Aberdin-Anqus, Kalmık, Şorthorn, Hollavey, Limuzin, Santa-Hertruda kimi təmizqanlı ətlik cinslərin respublikamıza gətirilməsi ət məhsulunun artırılmasında böyük rol oynayar.

Bu zaman gətirilmiş heyvanların iqlimə uyğunlaşmasına xüsusi fikir verilməlidir. İqlimə uyğunlaşmanın bəzi qanunauyğunluqları mövcuddur. Heyvanların iqlimə uyğunlaşması uzunmüddətli mürəkkəb şəraitdə keçir. Bu prosesdə insan əməyinin rolu böyükdür. Yəni, heyvanlar həm təbii iqlim amillərinin, həm də təsərrüfat amillərinin (yemin kimyəvi tərkibi, keyfiyyəti, bəsləmə, qulluq, xəstəliklər və onların profilaktikası, damazlıq işi, xüsusi ilə də süni mayalandırma işinin) təsiri altında olurlar. Demək, xaricdən gətirilmiş mədəni cinslər bioloji-təsərrüfat xüsusiyyətlərinə uyğun olaraq rayonlara düzgün yerləşdirilməlidirlər. Belə ki, Abşeron yarımadasında, Şəki-Zaqatala bölgəsində Qara-ala cinsli inəklərin, Gəncə-Qazax bölgəsində Şvis, Muğan-Şirvan bölgəsində Simmental cinsli inəklərin yerləşdirilməsi məqsədəuyğun hesab edilir.

İnək naxırının 46,5 faizi cinscinsi yaxşılaşmış heyvanlardır. Onların 19,9 faizi təmizqanlı, 26,6 faizi cinsi yaxşılaşmış mal-qaradır. Respublikada 21,6 faizi Qara-ala, 11,8 faizi Holştin-friz, 6,2 faizi Simmental, 5 faizi Şvis cinsləridir. Ölkədə olan inək naxırının 38,7 faizi Aran iqtisadi rayonunun təsərrüfatlarındadır.

Respublikamızda camışçılıq Azərbaycanın şimal-qərb, şimal-şərq və cənub-qərb bölgələrində, əsasən, Ağdaşda, Yevlaxda, Ucarda, Sabirabadda, Şəkidə, Zaqatalada, Bərdədə, İmişlidə geniş yayılmışdır. Respublikada olan camışların 63,5 faizi Aran iqtisadi rayonundadır. Bununla belə əksər təsərrüfat sahələrindən fərqli olaraq camışçılıq bu gün ölkədə yetərincə inkişaf etdirilməmişdir. Camışçılığın inkişaf etdirilməsi üçün möhkəm yem bazası yaradılmalı, seçmə-seleksiya işləri gücləndirilməli, Murrah cinsli yüksək məhsuldar camış törədicilərinin respublikamıza gətirilməsi vacibdir. Eyni zamanda həm maldarlığın, həm də camışçılığın inkişaf etdirilməsində süni mayalandırma işindən geniş istifadə edilməlidir.

Bu məqsədlə Nazirlər Kabineti tərəfindən 14 fevral 2006-cı il tarixli 46 saylı qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” olan bu qərarda heyvandarlıqda damazlıq işinin biotexnologiyalar əsasında qurulması, regionlarda süni mayalandırma məntəqələrinin yaradılması qeyd edilmişdir. Tədbirlər planına uyğun AzETHİ-nin nəzdində Süni Mayalama Mərkəzinin (SMM) tikilməsinə start verildi. 2008-ci ildə Rusiya Federasiyasının Podolsk vilayətində yerləşən “Kənd təsərrüfatı heyvanlarının təkrar istehsalı üzrə Baş Mərkəz”dən 5 baş Simmental, 4 baş Şvis və 2 baş Holşten-friz cinsli buğa SMM-nə gətirilmişdir. Eyni zamanda SMM-i üçün Salyan rayonu “Hacı Camalxan” KFT-dən 3 baş Holşten-friz cinsli buğaSamux rayonunun fermer təsərrüfatlarından 4 baş Murrah cinsli kəl alınmışdır. Bu heyvanlar damazlıq heyvanlar hesab edilir. Özünün yüksək məhsuldarlıq keyfiyyətlərini nəslə verə bilməsi ilə fərqlənirlər. Demək, SMM-i bir damazlıq ocağıdır.

Hazırda mərkəzdə 300 min doza buğa və kəl toxumu poyet sistemində qablaşdırılaraq saxlanılır. Respublikamızda son 5 ildə 230789 baş iribuynuzlu heyvan süni mayalandırılmış, onlardan 133706 baş bala alınmışdır. Odur ki, bu cür tədbirlərin aparılması onu deməyə əsas verir ki, süni mayalandırma kənd təsərrüfatı heyvanlarının törəyib artırılmasına xidmət edən əsas zootexniki üsuldur. O, nəsil keyfiyyətlərinə görə üstün tutulan damazlıq törədicilərdən intensiv istifadə edilməsi məqsədilə heyvanların cinsinin yaxşılaşdırılması və məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün aparılır.

Heyvandarlığın digər sahələrindən biri qoyunçuluqdur. Ölkəmizdə 35 damazlıq qoyunçuluq təsərrüfatı mövcuddur. Respublikamızda Mil-Qarabağ, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Yeni Abşeron, Azərbaycan dağ merinosu qoyun cinsləri qorunub saxlanmaqdadır. Qarabağ qoyunu Mil-Qarabağ, Ləzgi qoyunu Şəki-Zaqatala, Bozax qoyunu Gəncə-Qazax, Şirvan qoyunu Kür-ArazAbşeron, Gödək qoyunu Quba-Xaçmaz, Caro qoyunu Lənkəran, Herik qoyunu Şəki-Zakatala bölgəsində, MazexBalbas qoyunu Naxçıvan Muxtar Respublikasında yayılmışdır. Respublikada yetişdirilən qoyunların 29,5 faizi aran iqtisadi rayonundadır.

1961-ci ildən başlayaraq Abşeron rayonunun Qala kəndində “Zirə” südçülük-tərəvəzçilik-qoyunçuluq təsərrüfatı yaradılmışdır. Bu ildən başlayaraq Şirvan qoyun cinsinin bir qolu olan Qala qoyunlarının təmizlikdə yetişdirilməsinə imkan yarandı. Yerli qaba yunlu qoyunlar zərif yunlu Prekos cinsli ətlik-yunluq qoyunlarla çarpazlaşdırılmış, 1971-ci ildən başlayaraq Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının elmi əməkdaşı, kənd təsərrüfatı elmləri namizədi N.A.Nəcəfov Qala (bundan sonra Abşeron) mənşəli qoyunların təmizlikdə yetişdirilməsi işi ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, bu cins qoyunlar iri gövdəli, tez yetişən, Abşeronun sərt iqlim şəraitinə dözümlü, yüksək məhsul vermə qabiliyyətinə malikdir. Erkəklərin diri çəkisi 18 aylıq yaşda 60 kq-a, dişilərin çəkisi isə 50 kq-a qədərdir. Sağım dövründə hər qoyundan 6,0-6,5 faizi yağlılıqda 40-45 kq əmtəəlik süd sağmaq olar.

Azərbaycanın endemik qoyunları arasında seçilən Qaradolaq (bundan sonra Mil-Qarabağ) qoyun cinsi əsasən, Qarabağ bölgəsində geniş yayılmışdır. 1934-cü ildən başlayaraq Mil-Qarabağ qoyun cinsi zərif yunlu cinslərin törədiciləri ilə çarpazlaşdırılmağa başlanmışdır. Nəticədə, bu ərazidə yetişdirilən Qarabağ qoyunları zərif və yarımzərif yunlu mələz qoyunları ilə əvəz edilmişdir.

1960-cı ildən başlayaraq professor M.Abdullayev Mil-Qarabağ qoyun cinsinin məhsuldarlıq göstəricilərinin öyrənilməsi ilə məşğul olmuşdur.

1964-cü ildən başlayaraq kənd təsərrüfatı elmləri namizədi M.Dəmirov bu qoyunların məhsuldarlıq göstəricilərinin artırılması üçün Mil-Qarabağ bölgəsində geniş elmi-tədqiqat işi aparmışdır. Bu cins qoyunlar böyüklüyünə, yaxşı xarici görkəminə, ətinin yüksək keyfiyyətinə görə başqa cinslərdən fərqlənir. Cinsin müsbət xüsusiyyətlərindən birionun ətlik-südlük əlamətləri özündə birləşdirməsidir. Yaxşı baxım şəraitində erkəklərin çəkisini 100 kq-a çatdırmaq olar ki, bu çəkinin 30 kq-a qədəri quyruq yağından ibarətdir. Qoçlardan 3 kq, ana qoyunlardan isə 2 kq yun və 30-40 kq süd almaq olar.

Bu cinslər üzərində uzun illər aparılan seleksiya-damazlıq işlərinin nəticəsi olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurasının 25.04.2008-ci il tarixli 02 ¹-li protokolunun qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müvafiq qərarı ilə “Abşeron” və “Mil-Qarabağqoyun  cinslərini təsdiq etmişdir.

Beləliklə, Azərbaycan qoyunçuluğunun qızıl genofonduna daha iki genofond – “Abşeron” və “Mil-Qarabağqoyun cinsi əlavə olundu. Yeni iki cins daxil olmaqla ölkəmizdə genefondların sayı 13-ə çatmışdır. Müstəqil Dövlətlər Birliyidaxil olmaqla qoyun genefondlarının sayına görə respublikamız birinci yerdədir.

1979-cu ildən başlayaraq Azərbaycanda ətlik-yunluq istiqamətli yarım zərif yunlu qoyunçuluğun inkişaf etdirilməsi üçün Stavropol vilayətində “Vostok” damazlıq zavodunda yetişdirilən Şimali Qafqaz ətlik-yunluq yarım zərif cinsindən olan törədici qoçlar gətirilmişdir. Gətirilmiş qoçlar Xanlar rayonunun (Göygöl rayonunun) N.Nərimanov adına qoyunçuluq savxozunda yerli ana qoyunlarla cütləşdirilməsi nəticəsində daha yüksək məhsuldar mələzlər alınmışdır. Bu işlərə bilavasitə institutun aparıcı elmi işçisi Nəriman Bəhram oğlu İsmayılov rəhbərlik etmişdir. Alınan nəticələri əsas götürərək, həmin il Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yenidən Stavropol vilayətindən Şimali Qafqaz cinsindən olan törədici qoçlar gətirilərək, Şəki-Zaqatala bölgəsinin İlisu kolxozunda 26 min baş qoyunun cütləşdirilməsində istifadə edilmişdir.

Bundan əlavə, Türkiyə Respublikasından gətirilmiş Avasi qoyun cinsi Gəncə-Qazax bölgəsində həm təmizlikdə yetişdirilir, həm də Qarabağ, Mil-Qarabağ, Azərbaycan dağ merinosu, Bozax, Abşeron cinsləri ilə çarpazlaşdırılmaqla ətlik-südlük-yunluq istiqamətli mələz qoyun sürüləri yaradılmışdır.

Respublikamızda quşçuluğun intensiv inkişafı 1964-cü ildən başlanmışdır. Bu illərdə iri quşçuluq fabrikləri istifadəyə verilmiş, müxtəlif dövrlərdə yumurtalıq istiqamətli rus, Leqqorun xətləri (yapon, KanadaHolland mənşəli krosslar, Yanvar-1), ətlik cinslərdən ana formada plimutrok, ata formada Korniş, Qırmızı ayquyruq, ətlik-yumurtalıq cinslərdən Susseks, Bir may, Zolaqlı plimutrok, Moskva, Adler gümüşü, Zaqor, Yubiley və s.cinslərin yetişdirilməsinə başlanmışdır.

Hazırda respublikamızda 43 quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Sənaye əsasında inkişaf etdirilmiş quşçuluq fabriklərinin sayı durmadan artır. Bu, yaxşı göstəricidir. Quşların 23,2 faizi yumurtalıq, 76,8 faizi ətlik və ətlik-yumurtalıq cinslərdir. Yararlı yerli cinslər olmadan müxtəlif iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldar cinslər və ya cins qrupları yaratmaq mümkün deyil. Odur ki, yerli quş cinsləri əsas material hesab edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olacaqdır. Bu qanunun tətbiqi ilə əlaqədar alimlərin və arıçıların fəal iştirakı ilə 14 qayda işlənilib hazırlanmışdır. Qanunun əsas məqsədi arıçılığın tənzimlənməsini, damazlıq-seleksiya işlərinin aparılmasını, ekoloji cəhətdən saf, təmiz bal məhsulunun istehsal olunmasını təmin etməkdən ibarətdir. Respublikada 212651 arı ailəsi vardır. Hər arı ailəsindən orta hesabla 10-11 kq bal alınır. Ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur. Hesablamalar göstərir ki, ölkəmizdə arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə Azərbaycanda arı ailələrinin sayı 68276 ədəd və ya 71,3 faiz artmışdır.

Beləliklə, bütün heyvandarlıq sahələrinin intensiv inkişafını təmin etmək üçün xüsusi konsepsiyaların hazırlanmasına, dövlət damazlıq ocaqlarının yaradılmasına, heyvandarlığın sənaye əsasında inkişaf etdirilməsi üçün yeni biotexnologiyalara əsaslanan mexanizmin hazırlanmasına, heyvandarlıqda damazlıq işinin yaxşılaşdırılması üçün süni mayalandırılma işinə diqqətin artırılmasına, yerli (aborigen) qaramal, camış, qoyun, keçi, at, dəvə, quş, arı populyasiyalarının qorunub saxlanması üçün şura və bölmələrin yaradılmasına, xüsusi proqramların hazırlanmasına, Azərbaycan Respublikasında heyvandarlığın müasir vəziyyətinin təhlili üçün geniş ekspedisiyanın təşkilinə, gənc alimlərin elmi müəsissələrdə işə cəlb olunması üçün həvəsləndirmə işinin aparılmasına, fermer təsərrüfatlarında və dövlət damazlıq idarələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılmasına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərin maarifləndirilməsi işinin aparılmasına, beynəlxalq əlaqələrin daha geniş səviyyədə yaradılmasına ehtiyac vardır.

 

M.BALAKİŞİYEV,

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru,

aqrar elmlər üzrə elmlər doktoru.

Y.GÖZƏLOV,

informasiya və tətbiq şöbəsinin müdiri.

 Respublika.-2014.- 15 yanvar.- S.5.