Milli qürur günü

 

Tarix boyu ən sərt sınaqlara mərdliklə sinə gərmək əzmini sübuta yetirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi səhifə təşkil edən, milli iradə mənlik şüurunun ali təcəssümünə çevrilən Qanlı Yanvar hadisələrindən 24 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi.

Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif ziddiyyətli fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı ali ideallardan bir addım belə geri çəkilməyəcəyini, müstəqil yaşamaq kimi müqəddəs amal yolunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1988-ci ildən etibarən təcavüzkar Ermənistanın ərazi iddialarının genişlənməsinə göz yuman Kremlin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublikanın o zamankı rəhbərliyinin isə baş verənlərə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. İctimaiyyət get-gedə daha aydın şəkildə dərk edirdi ki, Azərbaycanın qətiyyətsiz  rəhbərliyi xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almağa acizlik və qətiyyətsizlik göstərir. Belə ağır vəziyyətdə xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planlara qarşı etiraz səsini qaldırmaqdan savayı yolu qalmamışdı.

SSRİ rəhbərliyi vəziyyətə nəzarət edə bilmədiyi üçün respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən respublikaya daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridildi. Torpaqlarının müdafiəsinə qalxaraq mərkəzin siyasətinə etiraz edən yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində təkcə Bakı şəhərində 137 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlər, o cümlədən BMT-ninİnsan hüquqları haqqında ümumi bəyannamə”si, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktları, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozuldu. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Xüsusi təlim keçmiş bu hərbçilərə Bakıda guya ciddi silahlı müqavimətlə qarşılaşacaqları, atəşə tutulacaqları barədə yalan məlumatlar verilmişdi.

SSRİ DTK-nın “Alfaqrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək —gecə 1-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Beləliklə, ayağa qalxan xalqın inam və iradəsini qırmaq, onu istiqlal mücadiləsindən geri çəkindirmək və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Törədilmiş cinayət və onun nəticələri göz önündə olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də faciə ilə bağlı çağırılmış sessiyasına əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq edirdi. Respublikanın o zamankı rəhbər şəxsləri hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməyərək, antimilli mövqe tutmuşdular.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativdüzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”—deyən ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Böyük öndər üzləşdiyi hədə və təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini növbəti dəfə nümayiş etdirirdi. Totalitar rejiminrepressiya maşını”nın sərtliklə işə düşdüyü bir zamanda keçmiş SSRİ rəhbərliyini, konkret olaraq M.Qorbaçovu, Ə.Vəzirovu baş vermiş hadisəyə görə kəskin ittiham etmək böyük risk idi. Ümummilli lider o zaman Arxangelsk televiziyasına verdiyi müsahibədə də bu qətiyyətli mövqeyini təkrarlamışdı.

Ulu öndər Heydər Əliyevin “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də öz aktuallığını qoruyub saxlamışdır. Ulu öndər həmişə belə bir mövqedən çıxış etmişdir ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır.

20 Yanvar hadisələrinə ilk hüquqi siyasi qiymət də 1991-ci il noyabr ayında—onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı.

Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış və onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi. Qəbul olunan sənəddə həmçinin göstərilirdi ki, respublika rəhbərliyi xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin nə qədər cəsarətli və qorxmaz, Vətənini və xalqını sevən, bu yolda ən ağır mübarizədən belə çəkinməyən fenomenal şəxsiyyət olduğunu təsdiqləyir.

Xatırlatmaq lazımdır ki, hələ Azərbaycanda Sovet hakimiyyəti dövründə 20 Yanvar faciəsi ilə bağlı olangeniş xalq kütlələri tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilən dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi. SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı.

Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aldı. Ümummilli liderin 1994-cü il 5 yanvar tarixli fərmanında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi.

Dövlət Komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaqkommunist rejimini saxlamaq məqsədinə xidmət etmiş, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Bundan əlavə, qərarda faciənin günahkarları konkret adlarla göstərilir, ötən dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz qiymətləndirilirdi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Ulu öndərin 2000-ci il 17 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Eləcə də “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında “2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır.  Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldılmışdır. Ümummilli lider Heydər Əliyev xalqın qəhrəmanlığını yüksək dəyərləndirərək demişdir: “Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır.  Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Göründüyü kimi, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra faciələrimizin səbəblərini araşdırmaq, onlara obyektiv hüquqi-siyasi qiymət vermək, bu əsasda baş verənlərdən düzgün nəticə çıxarmaq imkanımız yaranmışdır. Ulu öndər xalqın faciələrinə daim xüsusi həssaslıqla yanaşmış, eyni zamanda 20 Yanvar hadisələri zamanı həlak olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar həyata keçirmişdir. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunmuşdur. Şəhidlərin xatirəsinə ucaldılmış xüsusi memorial kompleksulu öndərin təşəbbüsü ilə ərsəyə gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısı hər il Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir.

Azərbaycan xalqı 20 Yanvar günü hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsində əbədi iz qoymuşlar.  Azərbaycan xalqı daim Vətənin azadlığı, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladları ilə fəxr edir, onların xatirəsini əziz tutur.

Bu gün qürur doğuran həm də odur ki, Azərbaycanın istiqlalı uğrunda canından keçmiş insanların respublikamızı azadfiravan görmək arzusu, praktik olaraq, gerçəkləşmişdir. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında öz müstəqilliyini günü-gündən möhkəmləndirir, iqtisadi cəhətdən qüdrətlənir və işıqlı gələcəyinə doğru inamla irəliləyir.

 

Zaur ƏLİYEV,

Səbail Rayon Məhkəməsinin hakimi.

Respublika.-2014.- 16 yanvar.- S.3.