Ədəbiyyatşünaslıq elm məbədi
Respublikamızın elmi ictimaiyyəti bu yaxınlarda ədəbiyyatşünaslıq elmimizin məbədi—AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illiyini qeyd edəcək. Bu münasibətlə bir sıra tədbirlər həyata keçirilir, yeni, maraqlı nəşrlər işıq üzü görür.
Görkəmli tənqidçi, ədəbiyyatşünas, publisist, naşir, salnaməçi, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun yenicə çapdan çıxmış “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” monoqrafiyası (Bakı, “Nurlar” 2013. 480 səh., şəkilli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov) AMEA-nın ən fəal və güclü elmi-tədqiqat qurumlarından biri—milli ədəbiyyatşünaslıq elmimizin mərkəzinin keçdiyi şərəfli yola həsr edilmişdir.
Yeri gəlmişkən xatırlatmaq istərdim ki, təxminən on il əvvəl Teymur müəllimin AMEA-nın 70 illiyi münasibətilə “Nizami adına Ədəbiyyat İnstitutu” adlı kitabı (Bakı, “Nurlar”, 2005, 272 səh.) çapdan çıxmışdı. Hazırkı monoqrafiya isə tam olaraq yenidən işlənmiş, əlavələr edilmiş, həcmi iki dəfə artırılaraq çox sanballı və nəfis şəkildə hazırlanmışdır.
Monoqrafiya AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ön sözü ilə açılır və həmin yazı bu qeydlə başlayır: “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 ili tamam olur. Bildiyimiz kimi, Ədəbiyyat İnstitutu Azərbaycan xalqının mənəvi fikir aləminin salnaməsi olan ədəbi-bədii sərvətin araşdırıcısı, həm də hamisidir. Xalqın zəngin mənəvi dünyasını, başqa sözlə, mənəvi varlığını ehtiva edən irsi tədqiq və nəşr etmək böyük şərəfdir.
Tədqiqatçı alimlərimiz ötən 80 il ərzində bu istiqamətdə mühüm işlər görmüş, milli ədəbiyyatşünaslıq elmini, ədəbiyyat tarixini yaratmışlar”.
Daha sonra Ədəbiyyat İnstitutunun fəaliyyəti barədə ətraflı bəhs olunan “Ön söz”də ədəbiyyatşünaslıq mərkəzinin, həm də Milli Elmlər Akademiyasının yaradıcılarının və onların davamçılarının xidmətləri üzərində dayanılır, ölkəmizdə, ümumiyyətlə, elmin inkişafında bu ali qurumların əvəzsiz xidmətlərindan söhbət açılır və xüsusi olaraq vurğulanır ki, “Azərbaycan Milli Elmlər Akademiyası nəhəng elmi məbədgah kimi Azərbaycan elminin inkişafında müstəsna rol oynamış, elmin bütün sahələrində yüksəlişin qarantı olmuşdur. Akademiyanın tərkibində fəaliyyət göstərdiyi müddət ərzində Ədəbiyyat İnstitutunda da müasir tələblərə uyğun problemlərin, aktual məsələlərin öyrənilməsi üçün yeni şöbələrin təşkil edilməsi və elmi kadrların tərkibinin artırılması bu cəhətdən diqqəti cəlb edir”.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun keçdiyi şərəfli inkişaf yolunu və bu institutun ədəbiyyatşünaslıq sahəsində qazandığı uğularını yüksək qiymətləndirən akademik Akif Əlizadə fikrini bu sözlərlə yekunlaşdırır: “Azərbaycan Respublikasının Prezıdenti İlham Əliyev demişdir: “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elmi mərkəzinə də çevrilməlidir.
AMEA-nın bütün institutlarının və tədqiqat mərkəzlərinin elmi əməkdaşlarının Azərbaycan elminin strateji inkişaf hədəflərini müəyyən edən müdrik çağırışa öz elmi nailiyyətləri ilə cavab verəcəyinə tam əminəm.
Bu şərəfli və məsuliyyətli yaradıcılıq missiyasında 80 yaşlı müdrik çağında Nizami adına Ədəbiyyat İnstitutuna, onun bütün kollektivinə elmi nailiyyətlər arzulayıram”.
Monoqrafiyanın ilk bölməsi “80 yaşlı elm ocağı” adlanır. Xalq şairi Bəxtiyar Vahabzadənin belə bir qiymətli deyimi var: “Akademiya xalqımızın müasir beynidirsə, Nizami adına Ədəbiyyat İnstitutu bu beynin yüz illərdən bəri yaratdığı mənəvi sərvəti üzə çıxarmaq üçün tarixin yaddaşını oyadan işıq mərkəzidir”.
Bu “İşıq mərkəzi”nin təşkili barədə Azərbaycan Xalq Maarif Komissarlığının xüsusi göstərişi olmuş və 10 iyul 1933-cü ildə Ədəbiyyat İnstitutunun yaradılması barədə qərar qəbul edildikdən sonra elə həmin ilin sentyabr ayının 1-dən etibarən fəaliyyətə başlamışdır (bundan əvvəl 1932-ci ildən ADETİ-nun tərkibində ədəbiyyat sektoru vardı). Yeni yaradılan instituta professor Vəli Xuluflu rəhbərlik etmiş, ilk olaraq iki şöbə “Folklor” (müdiri Hənəfi Zeynallı), “Azərbaycan ədəbiyyatı tarixi” (müdiri Əli Nazim) təşkil olunmuşdur.
T.Əhmədov Ədəbiyyat İnstitutunun qısa müddət ərzində keçdiyi şərəfli inkişaf yolunu belə səciyyələndirir: “Az müddətdən sonra Ədəbiyyat İnstitutu bütün dünyada Azərbaycan ədəbiyyatını geniş miqyasda öyrənən müstəqil elm ocağı kimi tanındı. Bu, təsadüfi deyildi. Azərbaycanda 30-cu illərdə fəaliyyətə başlayan Ədəbiyyat İnstitutu, demək olar ki, Yaxın və Orta Şərqdə ilk humanitar təmayüllü institut idi. Elmi fəaliyyəti dövründə institut get-gedə formalaşmış, ədəbi-ictimai fikrin zənginləşməsinə ciddi təsir göstərmişdir. Eyni zamanda, demək olar ki, incəsənət, dilçilik institutlarının yaranmasında, həmçinin Nizami adına Ədəbiyyat muzeyinin təşkilində mühüm rol oynamışdır”.
Xatırladım ki, sonralar yaradılmış Əlyazmalar Fondu və Əlyazmalar İnstitutu, eləcə də Folklor İnstitutu da elə Ədəbiyyat İnstitutunun hesabına, yetişdirdiyi əməkdaşlarının iştirakı ilə fəaliyyətə başlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasına qədər (1945) və ondan sonrakı təxminən 50-60 illik dövr ərzində Ədəbiyyat İnstitutunun nailiyyətlərindən geniş söhbət açan müəllifin fikrincə institutun uğurları — istər ölkə daxilində, istərsə də xarici ölkələrdə klassik və müasir milli ədəbiyyatın təbliğində, tanınmasında və qarşılıqlı ədəbi əlaqələrinin öyrənilməsində böyük xidmətləri olan yaradıcı əməkdaşların adı ilə bağlıdır. Bu elm ocağında Azərbaycan MEA-nın həqiqi üzvləri M.A.Dadaşzadə, M.İbrahimov, F.Qasımzadə, H.Araslı, M.Cəfərov, M.Şirəliyev, K.Talıbzadə, MEA-nın müxbir üzvləri A.Zamanov. Y.Qarayev, Ə.Mirəhmədov, professorlar M.Quluzadə, K.Məmmədov, M.Seyidov, Ə.Ağayev, H.Babayev ədəbiyyatşünaslıq elminin bayraqdarı olmuşlar.
Fəaliyyətə başladığı ilk illərdə 14 nəfər elmi işçisi olan institutun hazırda 200-dən artıq əməkdaşı vardır.
Monoqrafiyada xüsusi olaraq vurğulanır ki, “İnstitut 80 il ərzində yeni-yeni alimlər nəsli yetişdirmişdir. Hər yeni nəslin ədəbiyyatşünas alim kimi formalaşmasında “qocaman” nəslin müəyyən etdiyi elmi-nəzəri və təcrübi prinsiplər məktəb olmuşdur. Gənc ədəbiyyatşünas alimlərə institutda həmişə qayğı və həssaslıqla yanaşılmışdır. Ona görə heç təsadüfi deyildir ki, son 50 ildən bəri kollektivdə “gəncləşmə” müşahidə olunur...”
Son on ildə institut zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə məşğul olmuşdur. Akademiyada aparılan islahatlardan sonra institutun strukturu təkmilləşdirilmiş, Azərbaycan ədəbiyyatı tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən on bir şöbə müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, xatırladım ki, 2013-cü ilin iyun ayında akademik, Əməkdar Elm Xadimi, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna direktor təyin olunduqdan sonra bu elm ocağında mövcud şöbələrin bazası əsasında daha üç şöbə və iki sektor yaradılmışdır.
Ədəbiyyat İnstitutunun son iyirmi ildə qazandığı nailiyyətləri T.Əhmədov belə ümumiləşdirir: “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyinin 2013-cü ilə təsadüf etməsi fərəhlidir. Məlumdur ki, institut son iyirmi ildən artıq bir dövrdə müstəqillik şəraitində öz fəaliyyətində mahiyyətcə köklü dəyişikliklər etmiş, elmi-təşkilati işlərində dönüş yaratmışdır.
Müstəqillik bərpa olunduğu vaxtdan bəri —2013-cü ilin sentyabr ayına qədər ötən müddət ərzində institut inkişaf etmiş, dünya standartlarına cavab verə biləcək elm mərkəzinə çevrilmişdir.
Nizami adına Ədəbiyyat İnstitutunun elmi və elmi-təşkilati fəaliyyət sahəsində diqqətəlayiq nailiyyətləri bir daha sübut edir ki, yaşı səksənə çatmış bu qurum hazırda Azərbaycan ədəbiyyatşünaslığının mərkəzi statusunu ləyaqətlə daşıyır, bütünlükdə ölkəmizdə humanitar elmi fikrin inkişafına öz sanballı töhfələrini verir”.
Elə institutun özü yubileyini necə qarşıladığını bir daha sübut etmək məqsədilə müəllif bu bölmənin sonunda institutun yaradıcı kollektivinin 2012-2013-cü illərdə elmi və elmi-təşkilati işlərinin hesabatını olduğu kimi kitaba daxil edilməsini vacib saymış və bu hesabat bir daha sübut edir ki, 80 yaşı tamam olan bu elm ocağı son vaxtlarda nə qədər böyük uğurlar qazanıb, öz yubileyinə hansı qiymətli və şərəfli səhifələr yazıb.
Monoqrafiyanın ikinci bölməsi belə adlanır: “Ədəbiyyat İnstitutu respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi” Şurası işığında”.
Məlum olduğu kimi, professor T.Əhmədov 1968-ci ildən (o vaxtlar T.Əhmədov institutda baş elmi işçi vəzifəsində çalışırdı) akademik M.A.Dadaşzadənin təklifi ilə Azərbaycan EA-nm “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə Elmi Şuranın elmi katibi seçilmişdir. 2011-ci ilə qədər o bu vəzifənin daşıyıcısı olmuşdur.
Teymur müəllim 1968-2014-cü illər ərzində akademik M.A.Dadaşzadənin, sonralar akademik Məmməd Cəfərin, müxbir üzvlər: Əziz Mirəhmədovun, Yaşar Qarayevin rəhbərliyi altında Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumat verir və bu şuranın uğurlarından bəhs edir.
Son on ildə isə təəssüf ki, ədəbiyyatşünaslıq üzrə Problem Şurasının fəaliyyətindəki bəzi çatışmazlıqlar barəsində Teymur müəllim çox haqlı olaraq ürək ağrısı ilə öz fikirlərini bölüşür.
Onun bu qeydləri istər-istəməz hər bir elm adamını narahat edir: “Ədəbiyyatşünaslıq üzrə Problem Şurası bir qurum kimi ədəbi irsin tədqiqi, ədəbiyyatşünaslığın tənqidi fikrin dərindən araşdırılması ilə məşğul olan elmi müəssisələrin, ali məktəblərin bu sahədə gördükləri işləri əlaqələndirir və istiqamətləndirir. Ona görə belə bir qurumun rəhbərinin və onun üzvlərinin elmi təfəkkürlü və təcrübəli mütəxəssis olması zəruridir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu qurumun tərkibinə (vəzifəsi, elmi dərəcəsi olmasına baxmayaraq) səriştəsiz elmi işçilərin daxil olmasına yol verməməlidir.
2004-2011-ci illərdə ədəbiyyatşünaslıq üzrə Problem Şurasında işlər düzgün aparılmadı. Problem Şurası Əlaqələndirmə Şurasının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək iqtidarında olmadı.
Təəccüblüdür ki, Əlaqələndirmə Şurası, eləcə də Humanitar və ictimai elmlər bölməsi Ədəbiyyatşünaslıq üzrə Problem Şurasında qayda-qanun yaratmaq əvəzinə, uzun müddətdən sonra onu AMEA-nın Rəyasət Heyətinin tabeliyinə aparmaq əvəzinə Ədəbiyyat Muzeyinə köçürdü.
Zənnimcə, bu, yanlış qərar idi. Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının elmi potensialı, güclü bazası olan 80 yaşlı Ədəbiyyat İnstitutunda saxlanılması daha məqsədəuyğun olardı.
Ədəbiyyat İnstitutunda milli ədəbiyyatın, qədimdən bugünədək, bütün dövrünü öyrənən şöbələrdə görkəmli alimlər çalışırlar. Bir nəfərin bacarıqsızlığı ucbatından Əlaqələndirmə Şurasının Ədəbiyyatşünaslıq üzrə Problem Şurasına bu münasibəti anlaşılmazdır.
Əgər Əlaqələndirmə Şurası ədəbiyyatşünaslıq üzrə Problem Şurasının əsasnamə və qərarında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməsini istəyirsə, onun Ədəbiyyat İnstitutuna qaytarılması qayğısına qalmalıdır.
İnanıram ki, AMEA-nın Əlaqələndirmə Şurası bu taleyüklü məsələni ədalətlə həll edib Ədəbiyyatşünaslıq üzrə Problem Şurasını Əlaqələndirmə Şurasının əsasnamə və qərarlarından irəli gələn vəzifələri tam yerinə yetirməyə yönəldə biləcək qüdrətinə malik olan Ədəbiyyat İnstitutuna qaytarılacaqdır”.
Bu olduqca vacib və təxirəsalınmaz vəzifələrdən biridir. İndiki halda AMEA-nın müasir elmin strateji hədəflərinin müəyyənləşdirildiyi istiqamətində görülən işlərin, həyata keçirilən yeni islahatların aparıldığı bir vaxtda bu vacib və aktual problemin həlli üçün hər cür imkan və şərait vardır. AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Akademiyanın Rəyasət Heyəti bu işin öhdəsindən çox asanlıqla gələ bilər.
Monoqrafiyanın “Elm xadimləri” adlı üçüncü bölməsində Ədəbiyyat İnstitutunun ilk direktorundan tutmuş hazırkı rəhbərliyə qədər bütün direktor və direktor müavinlərinə həsr olunmuş yığcam oçerklər verilmişdir.
Monoqrafiya müəllifinin yazdığı on beş oçerkə belə bir epiqraf-proloq verilmişdir: “Milli ədəbiyyatımızın elmi mərkəzi olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin 80 illiyini ictimaiyyət iftixarla qeyd etdiyi bir vaxtda ayrı-ayrı tarixi mərhələlərdə institutun inkişafında böyük xidmətləri olan Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Kamal Talıbzadə, Mirzağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Teymur Kərimli, İsa Həbibbəyli kimi elm xadimlərini xatırlamamaq mümkün deyildir. Əlbəttə, bu danılmaz bir həqiqətdir ki, 1932-1933-cü illərdə klassik və müasir ədəbi irsimizi araşdıran iki-üç şöbəsi olan bir qurumun inkişaf edib möhtəşəm elmi mərkəzə çevrilməsində ona rəhbərlik edən alimlərin böyük, fədakar xidmətləri olmuşdur”. Monoqrafiyada adları çəkilən görkəmli alimlərin hər biri haqqında yazılan oçerk, həm də Ədəbiyyat İnstitutunun 80 ildə keçdiyi inkişaf və təkmilləşmə yolunun aynasıdır. Məhz həmin alimlərin rəhbərliyi altında görülmüş işlər nəticəsində institutda neçə-neçə tanınmış elm adamı yetişmiş, ədəbiyyatşünaslıq sahəsində xeyli uğurlar qazanılmışdır.
Bu oçerklərin hər biri 1932-2013-cü illər ərzində Azərbaycanda filologiya mərkəzinin fəaliyyət mənzərəsini əks etdirir və eyni zamanda ayrı-ayrı dövrlərdə Ədəbiyyat İnstitutunda aparılan islahatlar və dəyişikliklər barədə oxucuda geniş təsəvvür yaradır.
Teymur müəllim Ədəbiyyat İnstitutu haqqında oxucularda tam təsəvvür yaratmaq üçün kitabının növbəti bölməsini institutun strukturuna — şöbələrinin fəaliyyətinə həsr etmişdir. Hazırda institutda fəaliyyət göstərən şöbələr (“Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr”, “Qədim dövr Azərbaycan ədəbiyyatı”, “Orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Yeni dövr (XIX əsr XX əsrin əvvəlləri) Azərbaycan ədəbiyyatı”, “Cənubi Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyat nəzəriyyəsi”, “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “İnformasiya və biblioqrafiya”), eləcə də vaxtilə yaradılmış, lakin sonralar struktur dəyişikliklərinə məruz qalmış “Mətnşünaslıq”, “Elmi irsin toplanması və sistemləşdirilməsi”, “Ortaq türk ədəbiyyatı” şöbələri və “Azərbaycan Türk Araşdırmalar Mərkəzi” haqqında xüsusi oçerk-məqalələr verilmişdir. Kitabda hər bir şöbənin yaranma tarixi, onların yaradıcıları, keçdiyi şərəfli yol barədə, ayrı-ayrı əməkdaşların, görkəmli elm xadimlərinin fəaliyyəti barədə kifayət qədər fakt və materiallar, eləcə də hər bir şöbə əməkdaşlarının kollektiv foto-şəkli verilmişdir. Əslində bu oçerk-məqalələr Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyətinin tam və əhatəli salnaməsinin ən qiymətli səhifələrini təşkil edir.
Burada ayrıca olaraq, institutun özünəməxsus tarixi və geniş fəaliyyəti ilə seçilən Həmkarlar İttifaqı və onun sədri professor Asif Rüstəmli barəsində də ətraflı məlumatlara yer verilmişdir.
Kitabın bir bölməsində isə institutun beynəlxalq əlaqələrini əks etdirən məqalə —”Beynəlxalq elmi əlaqələr” (müəllif AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva —Kəngərli) verilmişdir. Bu məqalədə Ədəbiyyat İnstitutunun elmi əlaqələrindən qismən söhbət açılsa da, əslində 80 illik şərəfli bir yol keçmiş və xeyli təcrübəyə malik elmi qurumun beynəlxalq əlaqələri barədə daha geniş və daha sanballı araşdırma aparmaq olardı. Yəqin ki, bu da gələcəyin işidir...
“İnstitutun tarixindən səhifələr” bölməsində təxminən iki yüz səhifədə Ədəbiyyat İnstitutunun 80 illik yaranma və inkişaf tarixini əks etdirən ötən günlərin xatirə-foto şəkilləri verilmişdir. İki yüzə yaxın həmin fotoşəkil dünyasını dəyişmiş və hazırda institutda çalışan əməkdaşların, tanınmış mütəxəssislərin, görkəmli alimlərin həyatının ayrı-ayrı məqamlarını əks etdirir.
Monoqrafiyaya əlavə olaraq Teymur müəllim Nizami adına Ədəbiyyat İnstitutunda yerinə yetirilmiş və müdafiə edilmiş dissertasiyalarının (həm doktorluq, həm də namizədlik) adları (97+361) və Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi 1514 kitabın siyahısını vermişdir.
Təxminən 100 səhifəlik dissertasiya və kitab adlarını əhatə edən bu əlavələr əslində 80 il ərzində Ədəbiyyat İnstitutunun necə fəal və məqsədyönlü elmi fəaliyyət göstərdiyini bir daha sübut edir, bu elmi qurumun Azərbaycan ədəbiyyatşünaslığının inkişafında və yeni zirvələr kəşf etməsində yerini, mövqeyini bir daha təsdiq edir.
Teymur müəllimin hazırkı monoqrafiyası onun özünün təkcə görkəmli ədəbiyyatşünas alim kimi deyil, həm də uzun illər boyu bu institutun elmi və təşkilati işlərini öz çiyinlərində şərəflə daşıyan vətəndaş ziyalının çoxillik zəhmətinin, publisist və salnaməçi axtarışlarının səmərəli bəhrəsidir. Həm də axı Teymur müəllimin görkəmli şəxsiyyətlərə həsr olunmuş foto albomların, Azərbaycan Yazıçılar Birliyinin tarixinə dair fundamental kitabların, onlarla xatirə memuar toplularının nəşrləri sahəsində kifayət qədər təcrübəsi vardır.
Söz yox ki, professor Teymur Əhmədovun “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” monoqrafiyası bütünlükdə həm İnstitutun 80 illiyinə, həm də AMEA-nın gələn il keçiriləcək 70 illik yubileyinə çox qiymətli töhfədir. Bu qəbildən olan nəşrlər nə qədər çətinliklə başa gəlsə də, yekun olaraq Azərbaycan elminin keçdiyi şərəfli inkişaf yolunun əyani təcəssümüdür. Geniş oxucu kütləsi üçün və Azərbaycan elminin inkişaf yollarını izləmək, öyrənmək baxımından belə nəşrlərin əvəzsiz rolu olur. Belə bir məsuliyyətli kitabın hazırlanmasına və nəşrinə görə Teymur Əhmədova öz adımdan, həm də onun bütün həmkarlarının adından bir daha təşəkkür edir və böyük həyat və elm təcrübəsinə malik həmkarımıza cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Vaqif Arzumanlı,
professor, Beynəlxalq Eko-İnformasiya
Akademiyasının akademiki,
Nizami adına Ədəbiyyat İnstitutu “Xarici ölkələr
ədəbiyyatı və
ədəbi əlaqələr”
şöbəsinin müdiri.
Respublika.-2014.- 16 yanvar.- S.4.