BƏRDƏ: ULU ÖNDƏRƏ SONSUZ MƏHƏBBƏT ABİDƏSİ

 

Respublikamızda siyasi hakimiyyətdə olduğu dövrdə 14 dəfə Bərdəyə səfər edən  ümummilli liderimiz yaşlı nəslin qəlbində silinməz xatirələrlə yaşayır. Onun hər bir gəlişi Bərdənin sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə çevrilmişdir. Ötən əsrin 70-80-ci illərində Bərdədə həyata keçirilən geniş quruculuq-abadlıq işləri, kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda qazanılan misilsiz nailiyyətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bərdəlilər isə bu diqqət və qayğıya həmişə öz fədakar əməkləri ilə cavab vermişlər. Sözün əsl mənasında Heydər Əliyevin adı hər bir bərdəli ailəsində hörmət və ehtiramla çəkilir.

Bu qədim şəhərin axarlı-baxarlı gözəl bir məkanında, Tərtər çayının sahilində, ulu öndərin özünün ayaq izlərinin dəydiyi yerdə onun adına möhtəşəm park salınması bərdəlilərin ulu öndərə sonsuz məhəbbətinin gözəl bir təcəssümüdür. Tikintisinə təxminən bir il əvvəl başlanan bu mədəniyyət və istirahət parkı elə ilk günlərdən zərbəçi əmək cəbhəsi elan edilmişdir. Qısa müddət ərzində ərazi təmizlənmiş, relyefin alınması üçün on min kubmetrlərlə torpaq tökülərək hamarlanmışdır. Bütün işlər nəzərdə tutulmuş qrafik əsasında həyata keçirilir. Burada gediş-gəliş üçün zövqlə salınan səkilər, qiymətli işıqlandırma dirəkləri, dekorasiyalı hovuzlar, qaya daşları ilə bəzədilmiş oturacaqlar, taxta materialdan milli üslubda inşa edilən köşklər, mərmər pilləkənlər, əkilən həmişəyaşıl ağaclar bu unikal parkın gözəl dizaynından xəbər verir. Parkın möhtəşəm giriş qapısı isə gözəl memarlıq abidəsi kimi lap uzaqdan diqqəti cəlb edir.

İkinci qrup Qarabağ əlili, usta İlham Xanlarov zövqlə və həvəslə tamet daşı düzürdü. Vaxtı ilə öz qanı və canı bahasına qoruduğu torpağa İlham indi əllərinin hərarəti ilə sığal çəkirdi. Söhbət zamanı öyrəndik ki, o, öz qəlbinin səsi ilə bu ümümxalq işinə qoşulmuşdur. Onun kimi fədakar əmək adamları tikintidə çoxdur.

Tikintiyə rəhbərlik edən operativ rayon qərargahının üzvürayon icra hakimiyyətinin baş memarı Rəşid Süleymanovla görüşürük. O, işlərin gedişi barədə məlumat verərək deyir:

İlk vaxtlar park 25 hektar nəzərdə tutulmuşdu. Lakin sonradan işin gedişində imkanlar nəzərə alınaraq ərazi daha da genişləndirildi. Tərtər çayının yatağındakı baxımsızlıq üzündən bərbad vəziyyətə düşən tarixi körpü yenidən bərpa edilmiş, ətrafında süni göl yaradılmış və asma dəmir körpü vasitəsi ilə parka birləşdirilmişdir. Parkın mərkəzi hissəsində ucaldılacaq ümummilli liderimiz Heydər Əliyevin əzəmətli heykəli isə bu gözəl memarlıq ansamblını tamamlayacaqdır.

 

Salman ALIOĞLU,

Respublika.-2014.- 16 yanvar.- S.4.