Poeziyaya bağlı ömür

 

 

Şəki dağlar qoynunda yer alan, öz qədimliyi ilə seçilən, “İpək Yolunun üstündə yerləşən ən gözəl turizm mərkəzlərindən biridir. Şəki öz adət və ənənələrilə fərqlənən bir məkandır. Bu torpaq bir çox görkəmli ədiblər yetişdiribonlar ədəbi mühitdə özünəməxsus yer tutmuşlar. M.F.Axundovdan üzü bu yana neçə-neçə adları sadalamaq olar ki, onlar ədəbiyyatımıza həmişə başucalığı gətiriblər. Seyfəddin bəy Haqqı Məmməd oğlu, Molla Cuma, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, xalq şairi Bəxtiyar Vahabzadə, Vaqif İbrahim, Hikmət Ziyabir çox başqa qələm sahiblərinin ilk dayaq nöqtəsi, ilham qaynağı məhz doğma Şəki olmuşdur.

Qiymət xanım Şəkinin Vərəzət kəndində sadə bir ailədə dünyaya göz açan altı övladdan biridir. Ta uşaqlıqdan təhsilə, xüsusilə ədəbiyyata marağı çox olmuşdur Qiymətin. Bunları atdığı hər bir addımında görürdü müəllimləri. Öz şagirdinin işıqlı gələcəyini görüb-duyan dil-ədəbiyyat müəllimi Mövsüm Məmmədov şagirdinin bilik və bacarığına əmin olduğundan onunla daha ciddi məşğul olmağa başladı. Çünki Qiymət oxuduğu məktəbdə təkcə öz bilik və bacarığı ilə seçilmirdi, o, həm də özünəməxsus təlim-tərbiyəsi ilə də başqa uşaqlara nümunə göstərilirdi.

Qiymət xanım bu nailiyyətləri əldə etmək üçün çox enişli-yoxuşlu yollardan keçib. O vaxtlar bəzi kəndlərimizdə olduğu kimi, onların kəndində də qızların ali təhsil alması arzuolunmaz idi. Bu səbəbdən, orta məktəbi bitirdikdən sonra bu qız da ali təhsil dalınca gedə bilmədi. Ailədə nümunəvi tərbiyə aldığı üçün valideynləri ilə hesablaşaraq öz taleyi ilə barışmalı olur. Amma qəlbindəki oxumaq həvəsi heç vaxt Qiyməti tərk etmədi. O ümid edirdi ki, qəlbində gizlətdiyi o arzu, istək münbit şərait tapan kimi mütləq cücərib boy atacaq və ətrafdakıları təəccübləndirəcək. Bu arzularla yaşadığı bir vaxtda ata-anasının xeyir-duası ilə ailə quraraq gəlin köçür. Sanki Qiymətin bütün istək və arzuları bu insanı gözləyirdi ki, onu həyata bağlayıb daha da ruhlandırsın. Ömür-gün yoldaşı onun dünyasına böyük dəyər verərək atdığı hər addımda ona mənən dayaq durmağa çalışırdı. Bu mənəvi dayağı görüb şeirə, sənətə yenidən bağlanırdı Qiymət.

Üç övlad dünyaya gətirərək onlar üçün gözəl ana oldu. İllər bir-birini əvəz edir, həyat öz axarı ilə gedirdi. Nəhayət, orta məktəbi bitirdikdən on üç il sonra Qiymətin yollarında gün doğdu. Bu istedadlı xanım Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna daxil olaraq buranı qırmızı diplomla bitirir. Artıq Qiymətin fikir və düşüncələri yaşadığı həyatla tarazlaşırdı. O, “yalnız irəli!” deyərək sənədlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinə verir  yenidən tələbə adını qazanır.

Ömür-gün dostu Gülməmməd də yaradıcılıq yollarında Qiymətə sözün həqiqi mənasında dostluq və yoldaşlıq etdi. Onun yaradıcılığına yüksək dəyər verən Gülməmməd bəy sonralar ürək sözlərini belə qələmə almışdır: “Qiyməti Allahdan sonra daha çox tanıyan elə mən özüm olaram desəm, səhv etmərəm. Həmişə Tanrıya şükür etmişəm ki, nə yaxşı taleyimə, qismətimə Qiymət düşüb. Belə bir qadınla birgə ömür sürmək xoşbəxtlikdir. Qiymət hər zaman öz yerini bilən ziyalıdır.  Qohum, dost yanında böyük hörmət sahibidir.  Öz sözləri ilə desəm, “Qiymətli o kəsdir ki, qələm vəsfinə aciz...”.

Bəli, Qiymət xanım uğura gedən yola yolçu oldu. Bu yollarda nə qədər duman-çən olsa da, o, öz yoluna davam edərək addımladı. Uğur-uğura calandı. Qiymətin taleyinə təhsil aldığı müddətdə “Maarifçi” qəzetində şöbə müdiri, baş redaktor olmaq qisməti də düşdü.

Qarşısına qoyduğu məqsədə çatmaq üçün böyük səy və bacarıq sərf etmək lazım olduğundan Qiymət yorulub-usanmadan gecə-gündüz çalışırdı. Sanki o, itirdiyi illərin əvəzini çıxmaq istəyirdi. Düşünürdü ki, birdən zaman dayana bilər və görüləsi çox işləri yarımçıq qalar. Zamansa öz axarı ilə davam etməkdəydi. İllər bir-birini əvəz etdikcə, Qiymətin uğurları da artırdı. Bir-birinin ardınca şeir kitabları nəşr olunmağa başladı. “Ürəyimdən nələr keçir” deyə öz könül çırpıntıları ilə oxucularının görüşünə gəldi. “Qərib durna”nın qəfil saldığı lələklə yazmışdı sanki ikinci kitabındakı kövrək misraları. Ana sevgisini özünə həmişə bir himn hesab edən Qiymət, “Ana, səndən doymadım” deyə qarşısında açılan yolla “İşığa sarı” addımlayaraq “Göy adamı”nın ürəyində yığılıb qalan duyğularını həzin bir pıçıltı ilə bizlərə çatdırırdı.

Qiymət vətənpərvər, millətini sevən və xalqın dərdini özününkü bilən şairdir. Həmin dərdləri yana-yana qələmə alır şair: “Bu millətin dərdi yaman böyükdür...”. Xalqını ürəkdən sevdiyindən dərdinin üstünə dərd gələn şairin yaradıcılığı haqda görkəmli qələm adamlarımız dəyərli fikirlər söyləmişlər. Barəsində deyilən fikirlər arasında ölməz xalq şairimiz Bəxtiyar Vahabzadənin dedikləri daha yaddaqalan, daha əzizdir. “Nəhayət, ədəbiyyata yeni qələm, yeni nəfəs gəlib. Ən mühümü odur ki, bu gənc qələm sahibi heç nəyi uydurmur.  Yaşadığını duyub, hiss etdiyini yazır. Bax, bu əsl poeziyadır!” — deyən sevimli şairimiz Qiymətin yaradıcılığına ustad xeyir-duası vermişdir.

Qiymət xanım həyatında qaynaqlanan çeşmələrdən güc alır və öz elminə, biliyinə güvənərək bir alim kimi daha böyük uğurlara imza atmağa çalışırdı. Onun həm alim, həm də şair kimi işıq üzü görən hər kitabı Qiymətsevərləri özünə cəlb edərək könülləri məftun etmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur.

Bu gün Qiymət Məhərrəmli jurnalistlik fəaliyyəti ilə də çox yaxşı tanınır. Çünki o, “Elimiz, Günümüz” adlı nüfuzlu bir qəzetin təsisçisi və baş redaktorudur. “Elimiz, Günümüz” adlı bu isti yuvanın, isti ocağın qapısını kim açsa, ilk öncə, orada xoş simalı, gülərüz bir insan görür. Qapını açan hər kəsi şəkili qonaqpərvərliyi ilə qarşılaması bir yana, bura üz tutan müəlliflərə, əməkdaşlara bir ana qayğısı ilə yanaşır. Kimin əlində vicdanlı qələmi və istedadı var, bu qapı onun üzünə açıq olub hər zaman. Qiymət xanımın ancaq bir istəyi olub həmişə: öz övladı qədər sevdiyi qəzetin nüfuzuna zərər gətirməmək!

Təsadüfi deyil ki, bu layiqli insanı Vətəndən uzaqlarda da yaxşı tanıyır və sevirlər. Onun səsi-sorağı televiziya proqramlarından — “Ovqatdan, “Sovqatdan gəlir tez-tez. Onun şeirlərinə mahnılar bəstələnir, qəzəlləri muğam üstə oxunaraq könülləri oxşayır. Qiymət xanımın daha bir xarakterik xüsusiyyəti də var ki, onu xüsusi vurğulamaq istərdim. Bu xanım həm də vəfalı, etibarlı dostdur. Belə bir insandan bizim çox öyrənəcəklərimiz var. Qiymətin sıcaq qəlbində Allah sevgisi bütünlüklə özünə yer tapdığına görə onun üzünə açılmayan qapı yoxdur. Mən gördüyüm gözəlliklərdən sonra belə qənaətə gələ bilərəm ki, doğrudan da daxilən zəngin insan Allahın istədiklərini öz əməllərində əks etdirə bilir. Qiymət belə bir insandır. O bu məqama çatmaq üçün heç kimin qapısını döyüb özünə “kölgə” axtarmayıb. Buna görə də bu gün hamının gözünə dik baxmağa tam haqqı çatır. Çünki bu ucalığa əqlin və zəkanın, bilik və bacarığın, abır və həyanın təntənəsilə nail olub. O yeriyərkən öz kölgəsindən hürkən deyil, kölgəni elə kölgədə qoyan ictimai xanımdır. Belə gücü, belə iradəni, dəyanəti Allah ancaq sevdiyi bəndəsinə bəxş edə bilər.

Həyatımızın ən yaddaqalan illəri uşaqlıq çağlarımıza təsadüf edirsə, yetkinlik dövrümüzün ömrümüzə vurduğu naxışları, kamillik dövrünün saldığı izləri birbaşa özümüz əldə etmiş oluruq. İllah da ki, insan bütün daxili aləminin zənginliklərini layiqli bir şəklidə üzə çıxarıb mənəviyyatını ortaya qoyursa, bu, onun dəyərini birə-beş artırır.

Qiymət Məhərrəmli təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yetərincə öz sözünü demişböyük uğur qazanmış elm və ədəbiyyat xadimidir. Türkiyədə, İranGürcüstanda, eləcə də ölkəmizdə keçirilən beynəlxalq elmi, ədəbi konfrans və müsabiqələrdə iştirakı ona həmişə uğur gətirib. Lap bu yaxınlarda qardaş Türkiyənin Bolu şəhərində keçirilən “IV Uluslararası Bolu Halk KültürüKoroğlu” konfransından qayıdan Qiymət xanım əvvəllər də “Çıldırlı Aşıq Şenlik” (Türkiyə), “Xaqanişünaslıq” (İran, Urmiya), “Uluslararası Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” (Gürcüstan) və digər elmi konfranssimpoziumlarda ölkəmizi ləyaqətlə təmsil etmişdir.  Qiymət Məhərrəmli yeni nüfuzlu beynəlxalq simpoziumlara hazırlaşır.

Bu günlərdə yarım əsrlik ömür payını tarixin qan yaddaşına ərməğan edən şairin sevincinin üstünə sevinc əlavə olunub: 50 illik yubileyinə 50 şeirdən ibarət “Mənim ünvanımı ürəyinə yaz” və GürcüstandaEe slovo” adlı şeir kitabları nəşr olunub. Şairi həm yarıməsrlik yubileyi, həm də yenicə işıq üzü görmüş kitabları münasibətilə ürəkdən təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

Təranə ABİDOVA.

 Respublika.-2014.- 15 yanvar.- S.6.