20 YANVAR – İSTİQLALIN QANLI VƏ ŞANLI
SƏHİFƏSİ
Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində ‘’20 Yanvar - istiqlalın qanlı və şanlı səhifəsi’’ mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəl Vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxmışlar.
Mərkəzin əməkdaşı Aygün İbrahimova, Heydər Əliyev İrsi Araşdırma Mərkəzi Lənkəran bürosunun rəhbəri Sevinc Hüseynova tədbirdə çıxış edərək xalqımızın əsrlər boyu azadlıq, müstəqillik uğrunda mübarizə apardığını, keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinə qovuşduğunu bildirmişlər.
Xalqımızın müstəqillik yollarında çoxlu çətinliklər, məşəqqətlərlə üzləşdiyini vurğulayan natiqlər 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə sovet imperiyasının qoşun birləşmələri tərəfindən azadlıq mücahidlərinə qarşı amansız cinayət törədildiyini qeyd etmişlər. Lakin tökülən qanlar, törədilən vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməmiş, azadlığa, müstəqilliyə əbədi yol açmışdır.
Tədbirdə qiraətçilərin ifasında Vətənə, dövlətçiliyə, müstəqilliyə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Mərkəzdə 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri üçün açıq tarix dərsi keçirilmişdir. Əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin elmi işçisi R.Şahbazinin “Milli düşüncəyə həkk olunan əbədi tarix” mövzusunda mühazirəsi dinlənilmişdir. O bildirmişdir ki, yaddaşlara əbədi həkk olan 20 Yanvar, eyni zamanda qürur və iftixar günüdür. Qanlı faciə zamanı həlak olmuş igidlər çağdaş tariximizə parlaq səhifə yazmışlar. Bu qanlı hadisəyə vaxtında hüquqi-siyasi qiymət verilməmiş, yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə faciəyə ilk dəfə olaraq obyektiv siyasi və hüquqi qiymət verilmişdir.
Dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılmış, Yanvar hadisələrini əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş etdirilmişdir. Şagirdlər mərkəzin elektron kitabxanasında siyasi əsərlər və memorial muzeylə də tanış olmuşlar.
Əlisəfa HƏsƏnov,
Respublika.-2014.- 17 yanvar.-
S.4.