Şanlı tariximizin qəhrəmanlıq səhifəsi

 

  

20 Yanvar faciəsi Azərbaycan tarixinə milli birliyimizinmilli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 20 Yanvar hadisələri bütün dünyanı lərzəyə saldı, çürüməkdə olan Sovet imperiyasının süqutunu sürətləndirdi, sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun avantürist və məkrli siyasətinin mahiyyətini açdı, onun ermənipərəst mövqeyini açıq şəkildə göstərdi, xalqların öz dövlətinə olan inamını sarsıtdı.

Sovet İttifaqının qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə havadan, sudanqurudan Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, bununla da keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyalarının maddələri kobud surətdə pozulmuş, respublikanın suveren hüquqları tapdalanmışdı. Dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdü. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdi.

O dövrün Azərbaycandakı fərasətsiz iqtidarı isə imperiya qarşısında hələ də mütilik göstərir, xalqa kömək etmək əvəzinə qətiyyətsizlik göstərir, beləliklə, xalqa açıq-aşkar xəyanət edirdi. Xalq hər tərəfdən təcrid olunmuş vəziyyətə düşmüşdü.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev vermişdir. O, özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək buraya yığılmış azərbaycanlılar və xarici jurnalistlər qarşısında çıxış etmiş, keçmiş SSRİ rəhbərliyinin, o cümlədən ermənipərəst Mixail Qorbaçovun xalqımıza zidd siyasətini kəskin tənqid etmişdi. Ümummilli liderimiz Heydər Əliyev çıxışında demişdir: “İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermişbu gündavam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”.

Ulu öndərimiz Heydər Əliyevin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi. Yalnız bundan sonra bütün dünya xalqımızın başına gətirilən faciədən xəbər tutdubu cinayətləri qətiyyətlə pislədi. 1990-cı il yanvarın 22-də İngiltərənin “Qardian” qəzeti yazmışdı: “Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzmini imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimiizah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir”.

20 Yanvara aparan yol M.Qorbaçovun ermənilərə havadarlığı və Azərbaycana düşmənçiliyi ilə, bu fonda xalqımızın azadlıq mübarizəsinə qalxmağı ilə başlanıb. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə əlavə impulslar verdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi, xalq imperiyanın Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin işğal edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə olaraq Milli Məclisdə bu qanlı hadisəyə siyasihüquqi qiymət verildi. 20 Yanvar hadisələri qurbanlarının ailə üzvləri müdhiş olaylar zamanı ziyan çəkənlərin hamısı dövlət qayğısı ilə əhatə olundu.

Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir. Respublikamızda hər il 20 YanvarÜmumxalq Hüzn Günü kimi qeyd edilir və xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir.

1990-cı ilin Qanlı Yanvar hadisələri xalqımızın qan yaddaşında əbədi qalacaq bir tarixdir. Bu elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız adamın qanına batmış imperiya cəlladlarını, onların əlaltıları olan erməniləri lənətləyəcək, Vətən yolunda, azadlıq və istiqlal uğrunda canlarından keçən şəhidlərimizi zaman-zaman xatırlayacaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı deyib: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları qanlı yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

Bu matəm günündə biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncüllərinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyirik.

 

Cavid HƏŞİMOV,

Nərimanov rayonundakı “Bakıelektriktökmə”

ASC-nin sədri.

 Respublika.-2014.- 17 yanvar.- S.4.