Şəhidlər unudulmur
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi dörd il keçir. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlalına yol açdı, milli məfkurəmizin azadlıq istəyini ortaya qoydu.
Qanlı Yanvar qırğını, rus şovinistlərinin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Hər il olduğu kimi, bu il də xalqımız 20 Yanvar hadisələrinin ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu günlərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanasında tədbir keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan Respublika Elmi-Texniki Kitabxanasının direktoru A.Orucova Azərbaycan tarixinin bu şanlı səhifəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, xalqımızın azadlığı, Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
Tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqının sədri F.Qasımov çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların xalqımızın tarixində tutduqları şanlı yer haqqında ətraflı məlumat vermiş və bir nəfər şəhid ailəsinə maddi yardım etmişdir. Tədbir iştirakçılarından Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, Bakı Dövlət Universitetinin müəllimi, şairə xanım İradə Əliyeva, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin maliyyə şöbəsinin müdir müavini B.Əliyev çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli-azadlıq hərakatında rolu, istiqlaliyyətimiz uğrunda gedən mübarizəyə verdiyi böyük təkan haqqında yığıncaq iştirakçılarını məlumatlandırdılar.
Yığıncaqda çıxış edən gənclərimiz şəhidlər haqqında şeirlər söylədilər. Sonra 20 Yanvar hadisələrini əks etdirən foto və kitab sərgisi keçirildi.
İradə
ZÜLFƏLİ QIZI,
Standartlaşdırma,
Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin
Respublika Elmi-Texniki Kitabxanası.
Respublika.-2014.- 17 yanvar.- S.7.