20 Yanvar:
XX əsrdə xalqların azadlıq mücadiləsi tarixindən
20 Yanvar hadisəsi suverenlik və ərazi bütövlüyü uğrunda imperiya qüvvələrinə qarşı Azərbaycan xalqının silahsız mübarizəsinin kulminasiya nöqtəsi idi. Bu kütləvi müqavimət əslində xalqın yumruq kimi birləşməsinə, vəhdətinə, nəticədə imperiya zəncirlərinin qırılmasına və azad olmasına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev xalqın bu qəhrəmanlıq mücadiləsinin tarixi əhəmiyyəti və mahiyyəti barədə demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq oluğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən oğulları Qanlı Yanvarda xalqmızın qəhrəmanlıq səhifəsinə parlaq səhifə yazdılar”.
Xalq öz milli mənliyini qoruyan, dərk edən, yaşadan fərdlərin toplusudur. Bu toplumu yönəldən milli şüur, milli mənliyin məhək daşı olan milli mənəviyyat onu əsrdən-əsrə, minillikdən-minilliyə keçirir, yaşadır. Azərbaycan xalqı SSRİ imperiyası daxilinə zor gücünə qatılsa da tarixini, keşmişini, qan yaddaşını qoruyub gələcək nəsilə ötürə bilmişdir. Manna, Midiya, Alban, Arran, Atropatena dövlətlərinin tarixi, Ağqoyunlu Uzun Həsənin, Şah İsmayıl Xətainin Azərbaycan dilini dövlət dili səviyyəsində istifadəsi, xanlıqların müstəqillik uğrunda mücadilələri, imperiyalara qarşı çarpışma, milli-mədəni dəyərlərin xalqa çatdırılması, əxz edilməsi və s. onu ayıq-sayıq saxlayaraq öz mənliyini meydana qoymaq bacarığı verdi. Milli şüurun oyanışı imperiya qüvvələrinə qarşı mübarizədə ona güc və inam verirdi.
1990-cı il yanvarın 19-u, qışın şaxtalı, sazaqlı bir günüdür. SSRİ rəhbərliyinin Dağlıq Qarabağda baş qaldırmış separatçılıq hərəkatına birmənalı dəstəyinə, hətta erməni yaraqlılarının silahlandırılmasına, qədimdən qədim ərazilərimizin açıq-aydın mərkəzin müdaxiləsi ilə işğalına etiraz edən xalqın Azərbaycan KP MK-nın qarşısındakı mitinqi davam edir. Tələb eynidir: “Bu təhdidlərin qarşısını ala bilməyən imperiya mərkəzindən asılı olan respublika rəhbərliyi istefa verməli, sovet qoşunları Bakıya girməməlidir. Mitinqin rəhbərləri ilə mərkəzin danışıqları gedir.
Mərkəz xalqımızın inadını qırmaq, imperiyanın gücünü göstərmək üçün çox ciddi hazırlıq aparmışdı. 1989-cu ilin dekabr ayının sonunda Naxçıvanda İranla sərhəddə tikanlı məftildən hasarlar sovet sərhədçilərinin bilavasitə fəal iştirakı ilə söküldü. Mərkəzin dezinformasiyası ilə dünyaya sərhəddi “ekstremistlərin”dağıtdığı barədə məlumatı yayıldı. 1990-cı ilin yanvar ayının 13-14-də Bakıda, məlum olduğu kimi, KQB-nin təşkili və erməni təxribatçılarının icrası ilə erməni qırğını təşkil olundu. Paytaxtımızda 12 minlik daxili qoşun hissələrinin kontingenti olmasına baxmayaraq, bu aksiyaya mane olmur, seyrçi mövqe tuturdular. Paralel surətdə dekabr ayının sonundan da ermənilərin daha kütləvi şəkildə məskunlaşdıqları Krasnodar, Pyatiqorsk, Armavir və digər bölgələrdən ehtiyatda olanlar hərbi səfərbərliyə çağırılırdılar. Beləliklə, dünyanın nəzərini həqiqətdən yayındırmaq üçün qondarma “dövlət sərhədlərinin dağıdılması”, “ekstremizm” və “milli zəmində vandalizm və qırğın” barədə informasiyaları artıq hazır idi. Səfərbərlik haqda informasiyaları isə biz Almaniyanın “Nemetskaya volna”, ABŞ-ın “Svoboda”, “Azadlıq”, “Qolos Fransii” və s. dünyanın kütləvi informasiya vasitələrindən öyrənirdik. Azərbaycanı gözləyən təhlükələr çox ciddi idi.
Gecə saat 12-dən keçirdi. Şaxta qılınc kimi kəsir. Soyuğa tab gətirmək üçün etirazçılar ocaq qalayıblar. Minlərlə insan blokadada iştirak edir.
Qəflətən iriçaplı pulemyot və avtomat atəşləri sükutu pozdu. Yandırıcı güllələr öz qızmarlığı ilə göyün soyuq sinəsini öz qanlı caynaqlarıyla yandırır və insanların canını əlindən alır, “Vətən-vətən” deyənin köksünə sancılırdı. Bu arada reproduktorla “ay azərbaycanlılar, ay qeyrəti, namusu olanlar, küçəyə çıxın, Bakı qan içindədir. Oraya gedin, Tbilisi prospektinə gedin!”—, deyə haray da çəkilirdi. Görəsən, o kim idi və bu harayda məqsəd nə idi, yardıma çağırışmı, yoxsa qanlı olayı daha da dərinlətmək üçünmü? Lakin bunu bilirəm ki, bircə anda kimini bu səs, kimini isə eşidilən atəş, kimini vətəndaşlıq, qeyrət hissi, kimini isə blokadada iştirak edən əzizlərinin, yaxınlarının taleyi ayağa qaldırdı. Hələ də nələrin baş verdiyini kəsdirə bilməyən xalq küçəyə axışdı. İçərisində uşaq da, qoca da, cavan da, qız da, oğlan da vardı. Ən güclü atəş Tbilisi prospektində idi. Sanki istedadlı bir rejissor yüksək səviyyədə təşkil edilmiş müharibə səhnəsi çəkirdi. Tanklar, özüyeriyən toplar yolu kəsmiş yük və minik maşınlarını, müxtəlif maneələri konserv qutusu kimi bircə anda əzir, qabağına çıxan adamların hamısını gülləbaran edib üstündən keçib gedirdi. Tbilisi prospektindəki konsert-idman sarayının yanındakı “Salyan kazarması”ndan—Hərbi hissədən anqarlardan divarları uçuraraq çıxan tanklar və hərbçilər də barrikdalara tərəf şığıdılar. Hər tərəfdə ağlasığmaz vəhşət yaşanırdı. Rəmzi barrikadalar imperiya mərkəzinin ağır hərbi texnikasının icra etdiyi siyasi ambisiyasının ağır tırtılları altında bir anda yox olurdu. Moskvanın, daha doğrusu M.Qorbaçovun aşkarlıq və yenidənqurmanın həqiqi siması bu imiş: ərazilərimizin Ermənistan tərəfindən işğalına rəvac vermək və bu aksiyanın daha sürətlə reallaşması üçün həm də zor tətbiq etmək. Haraya gələnlər bu dəhşətli mənzərəni görən kimi bir anlıq özlərini itirdilər. Yıxılanın qalxmadığını görən etirazçılar inilti və fəryad səslərindən axıdılan qanlardan, atəş selindən başa düşdülər ki, ömürləri boyu fəxr etdikləri sovet ordusunun tanklarından, üstündəki saqqalı əsgərlərin əllərindəki avtomatlardan, zirehli maşınlardan, ağır texnikadan atılan güllələr havaya—yerə yox, birbaşa onların ədalətsizliyin cəhənnəm odu kimi təsirindən yanan, haraylarına cavab almadıqca da parça-parça olan ürəklərinə tuşlanmışdı. Yaralıları, yerə yıxılanları qaldırmağa, kənara çəkməyə cəhd edənlər də ölümə məhkum edilmişdilər. Etirazçılar və köməyə gəlmiş hər bir adam vətən torpağı naminə ölüm püskürən bu ordunun alov saçan ağzına atılmağa hazır olsa da indi ən düzgün yolun lüzumsuz qurban getməyin qarşısının alınmasının olduğunu dərk edirdi. Hər kəs bir-birlərinə kömək edərək oradan uzaqlaşmağa çalışırdı... Bu təcavüz Moskvanın ədaləti yox, hansısa siyasi addımlar üçün erməni terrorunu, təxribatını və işğalını dəstəkləməsinin təsdiqi idi.
Səhər 6 radələrində küçələrdə zirehli maşınlarda qoyulmuş reproduktorlardan xəbər verildi ki, SSRİ Ali Soveti rəyasət heyətinin qərarı ilə Bakıda fövqəladə vəziyyət elan olunub. Günortadan keçmiş Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova bəyanat verərək bildirdi ki, Bakıda fövqəladə vəziyyət respublika rəhbərliyinin razılığı olmadan elan edilib. Bunun məsuliyyəti onu tətbiq edənlərin üzərinə düşür. Şəhərin hər yerində isə pulemyot və atəş səsləri eşidilirdi. Lakin insanlar qorxu hissini itirmişdilər. Hamı küçəyə axışırdı. Tbilisi prospekti qan içində idi, onbirinci qızıl ordunun heykəlinin yanında təqribən 10-12 kvadratmetrlik qanlı gölməçə vardı. Yaşayış binalarında, bir çox inzibati binalarda çoxlu güllə izləri vardı. Hər bir addımda zorakılığın izləri, qanlı ləkələr, tək ayyaqabı, tırtılların hətta magistraldan uzaq evlərin arasındakı izləri və s. ordunun qəddar və barbarlığından xəbər verirdi. Bir neçə saat keçməmiş bütün bu izlərin üzərini Azərbaycanın azadlıq uğrunda dinc inqilabi mübarizəsinin rəmzinə çevrilən qırmızı qərənfillərlə örtüldü. Bu o demək idi ki, xalq öz mücadiləsini davam etdirəcək, şəhid və qurbanlarını zaman-zaman yaşadacaq və ədalətsizliklə heç bir zaman barışmayacaq. Əhali Mərkəzi Komitənin qabağına axışırdı. Lakin təxribatçılar öz fəaliyyətlərini davam etdirirdilər. İmperya mərkəzi Bakıda silahlı üsyan görüntüsü yaratmaq üçün dəridən- qabıqdan çıxırdı. Lenin (indi Azadlıq) prospektindən Varovski (indiki Rəsulzadə) qəsəbəsinə dönən yerdə üstünə “milisiya” yazılmış zirehli maşın, arxasınca da Qaz-66, içində də 20-dən çox əsgər gəldi. AXC Binəqədi rayon şöbəsinə getdim. Toplaşanlardan kimsə odlu-alovlu çıxış edərək Binəqədi yoluyla gələn zirehli komandir maşınına hücum etəməyi və ələ keçirərək döyüşməyi təklif edirdi. Söz alıb etiraz etdim. Qüvvələri qorumağı, dinc mübarizəyə başlamağı təklif etdim. Bir zirehli maşını və ya bir neçə avtomatı əldə etməklə yüzminlik, ağır texnikalı işğal qoşununa qalib gəlməyin mümkün olmadığını, həm də bu hərəkətin Moskvaya haqq qazandıracağını dedim. Dinlədilər, razılaşdılar. Qərargahdan çıxanda zirehli transpartyorun qülləsinin mənə tərəf tuşlandığını gördüm. Ürəyimə sakit, güclü bir təmkinlik hissi hakim oldu. Bir neçə dəqiqiə mənə çox uzun göründü. Qərargahdan çıxanlar tərəfindən heç bir qeyri-adi hərəkətə baş vurulmadığını görən hərbçilər getdilər.
Yanvarın 22-də şəhidlərin dəfn mərasimində iştirak etmək üçün Azadlıq meydanına getdik. Öyrəndik ki, küçədə, evinin qabağında, mətbəxdə, pəncərədən baxanda, eyvanında, işə gedən, işdən gələn, harda gəldi onlarca müxtəlif milliyətə mənsub adamlar öldürülüb. Qeyd etmək lazımdr ki, bu qəddarlıq və haqsızlıq aylarla davam etmişdir. Həmin gün ümumittifaq radiosunun “Mayak” proqramı ilə səfərbər edilib, Bakıya göndərilmiş əsgərlərə SSRİ müdafiə naziri Yazovun təşəkkür etməsi bütün dünyaya yayıldı. O vaxt Bakıda matəm idi. Xalq öz şəhid və qurbanlarını keçmiş sovet hökuməti tərəfindən dağıdılmış 1918-ci ildə ermənilərin soyqırımına məruz qalmışlarının dəfn olduğu məzarlığında ana torpağın ağuşuna tapşırdı. Gələcək nəslə bir örnək, bir məktəb bir qan yaddaşı, varlığımızın təməl daşı kimi!
20 yanvarda tarix təkrar olundu. Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, öz varlığını bir daha dünyaya tanıtdı, imzasını şəhid və qurbanlarının qanı ilə tarixə yazdı. Azadlıq şəhidlərinin dəfnində milyondan artıq insanın iştirakı ilə millət bir daha qəti etirazını nümayiş etdirdi, bütün dünyaya sarsılmazlığını, sinmazlığını elan etdi. Dənizdə isə Xəzər Dəniz Donanması heyətinin etirazı günlərlə davam etdi. Gəmilərdən efirə verilən çağırışlar dünyanı olaylardan xəbərdar edirdi. Bir neçə gündən sonra hərbi eskadra bu mülki gəmilərə basqın etdi.
Mərkəzin erməniləri dəstəkləməsinin səbəbi, təbii ki, yaranmış siyasi şərait idi. 1970-ci illərin axırında SSRİ-də iqtisadi və mənəvi tənəzzül başladı. Xarici radiostansiyalarda səbəb kimi Əfqanıstan müharibəsi, dövlətin bütün təbəqələrini bürümüş rüşvətxorluq və korrupsiyanı göstərirdilər. Sovet rəhbərləri ümidverici bir dönüş yarada bilmirdilər. SSRİ iqtisadiyyatı böhran keçiridi. Hərbi pakt olan Varşava müqaviləsinin xərcinin 98 faizini də imperiya ödəyirdi.
O zaman mövcud dünya KİV-ində yeni düzənin başlayacağı, klassik, teokratik və liberal-demokrat fəlsəfi görüşlərin öz effektini itirdiyi, beynəlxalq böhranın başlayacağı, alternativ fəlsəfi görüşlərə ehtiyac olduğu barədə informasiyalar yer alırdı. Hətta XX əsrin 70-ci illərində SSRİ Ali Sovetinin orqanı “İzvestiya” qəzetindəki iki məqalədə SSRİ-nin dağılacağı və yerində yeni dövlətlərin yaranacağı, onların birləşərək yeni bir ittifaq yaradacaqları onların da NATO-ya alternativ bir hərbi pakt qura biləcəkləri barədə material da oxumuşdum. M.Qorbaçov imperiyanın sükanı arxasına keçəndə isə özüylə Qərbdən improvizasiya etdiyi “Aşkarlıq” və “Yenidənqurma”nı gətirdi.
XX əsrin əvvəllərində Sovet Rusiyası Azərbaycan Demokratik Respublikasına hərbi təcavüz edərkən “proletar dahisi” V.İ. Leninin Nəriman Nərimanovun siyasi iradəsi ilə reallaşmamış bir ideyasını yada salmaq çox vacibdir. O demişdi ki, bizə Bakı və Xəzəryanı rayonlar lazımdır. Moskva ərazilərimizin qalan hissəsini ermənilərə bağışlamaq niyyətindədi. Federativ bağların möhkəmləndirilməsi üçün müttəfiq respublikalarda muxtar qurumlarda statusu artırmaq, yenilərini yaratmaq, həmin milli azlıqlara dövlətçilik qurumları verilməsi və onların ləğvinin də mərkəzin ixtiyarında olması maddəsi SSRİ-nin yeni konstitusiya layihəsində artıq var idi. Lakin bu siyasi məqsəd baş tutmadı, SSRİ dağıldı. Azərbaycanın Qırmızı imperiyanın buxovlarından azad olmasında xalqın azadlıq mücadiləsi və onun kulminasiya nöqtəsi 20 Yanvarın çox böyük, demək olar ki, həlledici rolu oldu.
20 Yanvara siyasi qiymət ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə verildi.
20 Yanvar öz siyasi-hüquqi qiymətini 1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra alıb. O, 1994-cü ilin yanvar ayının 5-də bu barədə xüsisi fərman verib. Fərman iki hissədən ibarətdir. Birinci hissə hadisənin ildönümü ilə bağlı lazımi tədbirlərin hazırlanaraq həyata keçirilməsinə, ikincisi isə siyasi- hüquqi qiymətin verilməsinə aiddir. Fərmanın icrası nəticəsində xalqımızın bu qəhrəmanlıq səhifəsi tək matəm günü kimi yox, həm də ədəbi-bədii əsərlərdə, mədəni-kütləvi tədbirlərdə özünün bədii estetik əksini tapır. Həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini bütün dolğunluğu ilə bügünkü və gələcək nəsilə çatdırır.
Ulu öndərin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev də bu kursu davam etdirərək azadlıq mücahidlərinə, şəhid olanların ailələrinə xüsusi qayğıyla yanaşır. Bu qəhrəmanlıq salnaməsinin nəsildən-nəsilə keçməsi, millətimizin milli mənliyinin təsdiqi olduğunu göstərmək üçün bütün lazımi tədbirlər görülür və görülməkdədir. Artıq bu gün milli və müasir üslubda yaradılan Şəhidlər Xiyabanları nəinki paytaxt Bakıda, həm də respublikanın bütün rayon mərkəzlərində and yerinə dönüb.
Əsrlər ötəcək, lakin imperiya qüvvələrinə qarşı Azərbaycan xalqının dəyanəti, barışmazlığı, ölümün gözünə dik baxmağı, şəhid qanıyla müstəqilliyinə nail olması nəsildən-nəsilə keçəcək və hər vətən oğluna bir örnək olacaqdır. Şair demişkən “Torpaq, əgər uğrunda ölən varsa, VƏTƏNDİR!”
Ataş CƏBRAYILOV,
Respublika.-2014.- 19 yanvar.- S.7.