XALQIMIZIN MÜSTƏQİLLİK YOLUNDA APARDIĞI
MÜBARİZƏNİN BÜNÖVRƏSİ
XX əsrdə ermənilər
yaranmış tarixi şəraitdən istifadə
edərək SSRİ hökumətinin
dəstəyi ilə
3 dəfə açıq
şəkildə azərbaycanlılara
qarşı soyqırım
həyata keçirmişlər.
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdır.
1980-ci illərin axırlarında milli azadlıq hərəkatı geniş vüsət almışdı. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması olmuşdur. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrini hiddətləndirmişdi. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya saldığından SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etmişdi. SSRİ rəhbərliyi tərəfindən 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başlansa da, yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini Bakıda fövqəladə vəziyyətin tətbiq edilməyəcəyinə və belə tədbirin nəzərdə tutulmadığına əmin etmişdi. Lakin 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdır. Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. 20 Yanvar faciəsini araşdıran Dövlət Komissiyası tərəfindən həmin partlayışın SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi sübuta yetirilmişdir. Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutmuş, 123-ü kişi, 5-i qadın, 4-ü uşaq olmaqla, ümumilikdə 132 nəfər qətlə yetirilmişdir. 20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim də olmuş, qeydə alınan 700-dən çox yaralının 25-ni qadın, 20-sini uşaqlar təşkil etmişdir. Bakı şəhərində 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilmiş, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə pozulmuşdur. Dinc sakinlərə qarşı ağlasığmaz vəhşiliyin törədilməsi Cenevrə konvensiyasının, “İnsan hüquqları haqqında ümumi bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələrinin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında” konvensiyanın, “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyanın tələblərinə də ziddir.
Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs etmiş, Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərməyi siyasi həyatında ən böyük səhvi kimi qiymətləndirərək öz günahını etiraf etmişdir. 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz qürurunu itirməmiş, azadlıq yolunda öz iradəsini dünyaya göstərmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımzın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalqımızı daha da birləşdirmiş, onların mübarizliyini daha da artırmışdır. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmişdir. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına və müstəqilliyə qovuşmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Milli Məclis 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini vermiş, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb etmişdir. Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti qeyd olunmuşdur.
20 Yanvar tariximizdə Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmuşdur. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev olmuşdur. Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə və təzyiqə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş və mətbuat konfransı keçirmiş, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmış, qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı imperiyanın mərkəzində, Moskvada faciəyə verilən ilk siyasi qiymət olmuşdur. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gətirilmiş, 20 Yanvar hadisələrinə siyasi qiymət vermək yolunda ciddi addımlar atılmış, ulu öndərin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuş, Milli Məclisdə müzakirələrin yekunu olaraq həmin il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmiş, qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirmişdir. İlk olaraq qısa müddətdə bütün şəhid məzarlarının üstünün götürülməsi və burada memorial kompleksin ucaldılması barədə tapşırıq vermişdir. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunmuş, Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılmışdır. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmiş, şəhidlərin ailələri dövlət qayğısı ilə əhatə edilmişdir. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olmuş, 1993-cü ildən başlayaraq 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülmüş və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Bu gün Prezident İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuş, ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilmişdir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilmiş, ölkənin iqtisadi durumunun yüksəlməsi bu qəbildən olan insanların həyat və məişətində özünü daha qabarıq göstərmişdir.
Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncamına əsasən Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulmuş və abadlaşdırılmışdır. 2006-cı il yanvarın 19-da dövlət başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.
2006-cı il yanvarın 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilmiş, son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunmuşdur.
Əlillərin sağlamlığının bərpası da diqqət mərkəzində olmuş, onların reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin inşasına başlanılmış, 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı olmuş, ümumi sahəsi 1500 kvadratmetr olan Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmış, kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunmuşdur.
Bütün sahələrdə həyata keçirdiyi möhtəşəm layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşmış, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görmüşdür. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı”nın sədri Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurmuş, bundan başqa, Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Bu və digər çoxsaylı layihələr zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil, Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”.
Hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalı altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində uğurlu siyasət aparılır. Əminik ki, torpaqlarımız tezliklə tam azad olacaqdır.
Natəvan
NƏBİYEVA,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının
baş metodisti.
Respublika.-2014.- 19 yanvar.-
S.12.