Azərbaycan dövləti səhiyyənin inkişafına böyük qayğı göstərir

 

Azərbaycanın iqtisadi, sosial-mədəni digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ölkəmizdə bu sahəyə böyük investisiyalar qoyulurbunun gözəl nəticələri var. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və  Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, 2013-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin sessiyasında Azərbaycan bu qurumun birinci vitse-prezidenti kürsüsündə təmsil olunub. Əslində bu Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğının beynəlxalq aləmdə tanınması deməkdir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev sosial infrastruktur layihələrinin böyük önəmini vurğulayıb. Qarşıdakı illərdə də sosial obyektlərin tikintisinin davam etdiriləcəyini və bütün bunların investisiya proqramının tərkib hissəsi olduğunu bəyan edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Sağlamlıq Mərkəzinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Ölkəmizin iqtisadi qüdrəti artdıqca, sosial sahəyə daha çox diqqət göstərilir və bu proses davamlı xarakter daşıyır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmət keyfiyyətlərinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə olunub. Son 10 ildə səhiyyə sahəsində istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisələrinin 70 faizi regionların payına düşür. İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə də ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.

Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. Cənab İlham Əliyevin səhiyyə ocaqlarının açılışında şəxsən iştirakı artıq ənənəyə çevrilib. Dövlət başçısı Tibb Universitetinin Cərrahiyyə Klinikasının, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının, Astara, Ağcabədi, Cəlilabad, Lənkəran, Yevlax rayon mərkəzi xəstəxanalarının açılış mərasimlərində iştirak edib, bu tədbirlərdə tibb işçiləri ilə görüşüb, onların zəhmətini yüksək dəyərləndirib. Bakı Sağlamlıq Mərkəzinin açılışındakı çıxışında cənab İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür: “Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir. Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun. Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaqdır”.

Bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyəti olub. Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet üzrə müayinələrin həcmi artıb, ilkin aşkarlama və xəstənin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlib, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalıb.

Talassemiyalı və hemofiliyalı xəstələrin də müalicəsində müsbət nəticələr əldə edilib. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalıb. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də, praktik olaraq, həll edilib. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Respublika Talassemiya Mərkəzinin yaradılması irsi qan xəstəliklərinin müalicəsində dönüş nöqtəsi oldu. İndi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə sümük iliyi transplantasiyası əməliyyatlarına hazırlıq işləri gedir. İlk əməliyyatın 2014-cü ildə aparılması nəzərdə tutulur.

Azərbaycan səhiyyəsinin ən mühüm nailiyyətlərindən birikadr potensialının inkişafıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılıb. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul bütün bunlar islahatların tərkib hissələridir.

Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. İstedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır. Bu praktikanın müsbət nəticələrini Azərbaycanda kardiocərrahiyyənin və transplantologiyanın sürətli inkişafında görmək olar. Hazırda ölkəmizdə açıq ürək əməliyyatları, böyrək köçürülməsi artıq fövqəladə hal deyil, səhiyyəmizin gündəlik hadisəsinə çevrilib.

2014-cü ildə də səhiyyə sahəsinin, ümumiyyətlə, sosial sahənin prioritet olaraq qalacağını vurğulayan cənab İlham Əliyev bildirib: “Ancaq əlbəttə ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər, Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaqdır”.

 

Şükür ƏLİZADƏ,

Respublika.-2014.- 23 yanvar.- S.4.