2013-cü İLİ DƏ UĞURLA BAŞA VURDULAR

 

                                                                 SOCAR-AQŞ 2013-cü il üçün qazma planını 106,5%, quyu tikintisi planını isə 120% yerinə yetirmişdir

 

SOCAR-AQŞ, 2010, 2011 və 2012-ci illərdə olduğu kimi, 2013-cü ildə də sifarişçi tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirmişdir. Belə ki, ötən il sifarişçi tərəfindən təsdiq edilmiş 16900 metr qazma keçidi əvəzinə, 18002 metr faktiki qazma keçidi əldə edilərək illik qazma planı 106,5% yerinə yetirilmişdir. Planda nəzərdə tutulan 5 quyu əvəzinə isə 6 quyu tikinti ilə təhvil verilərək illik plana 120% əməl edilmişdir.

Bahar Enerji” Əməliyyat Şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” və “Qum Dəniz” yataqlarında qazma işlərini aparmaq üçün imzalanmış əməkdaşlıq müqaviləsi də 2013-cü ilin ən yaddaqalan uğurlarından biridir. Hazırda bu yataqlarda iki quyu qazılaraq sifarişçiyə təhvil verilib, daha bir quyuda isə qazma əməliyyatları davam etdirilir. 4 quyuda isə yeraltı təmir işləri həyata keçirilib.

2013-cü ilin oktyabrından isə müəssisə  Azərbaycanda yerli müəssisə tərəfindən ilk olaraq 13 saylı platformadan 350 saylı horizontal istismar quyusunun qazılmasına başlayıb və bu quyuda tikinti işlərini uğurla başa vurub. Bu quyunun qazılması Azərbaycan qazma sənayesi tarixində unikal hadisə kimi yadda qalıb. Belə ki, ilk dəfə olaraq məhz bu layihənin reallaşdırılması məqsədilə “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan Yuxarı İntiqallı Qurğu - TopDrive  quraşdırılmışdır. Horizontal quyunun milli qazma müəssisəsi tərəfindən qazılması, həqiqətən, təqdirəlayiq haldır.

Layihə dərinliyi 3450 m olan 350 saylı quyu “Günəşli” yatağının dayaz sulu hissəsində “Fasilə” Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılmışdır.

Həmçinin 2013-cü ildə Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) sahəsi ilə bağlı uğurlarımızı da qeyd etmək çox vacibdir. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməmiş, 3565 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 1416 kubmetr həcmində müxtəlif məişət tullantıları toplanılaraq çeşidlənmiş və ulitizasiya edilmişdir. Bununla yanaşı, əməkdaşlarımızın peşə bilik və bacarıqlarının artırılması məqsədilə yerlixarici mütəxəssislər tərəfindən 33222 adam x saat təlim keçirilmişdir.

Ötən il SOCAR-AQŞ Azərbaycanın kollec, peşə məktəbləri və ali təhsil müəssisələrinin tələbələri üçünYay İstehsalat Təcrübə” Proqramını elan etmişdir. Proqramın tətbiq olunmasında əsas məqsəd neftqaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarət olmuşdur. 15 tələbə 2 aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanaraq müəssisə tərəfindən sertifikatla təltif olunmuşdur. Bununla yanaşı, “Yay İstehsalat Təcrübə” Proqramında daha çox fəallıq nümayiş etdirən tələbələr müəssisənin işçi heyəti sıralarına qəbul edilmişdir.

Beynəlxalq təcrübənin öyrənilməsi və həmçinin beynəlxalq standartların tətbiqi müasir müəssisəyə çevrilmək üçün vacibdir. SOCAR-AQŞ bu istiqamətdə də inamla irəliləməkdə davam edir. Beynəlxalq standartların tətbiqi sahəsində müəssisəmizin əldə etdiyi əsas nailiyyət İsveçrənin SGS şirkəti tərəfindən keçirilmiş Təkrar Sertifikatlaşma Auditinin uğurla başa çatmasıdır. Audit, müəssisəmizin bütün sahələrini əhatə etmiş və SOCAR-AQŞ MMC-nin fəaliyyəti təkrar olaraq 3 beynəlxalq strandartın: ISO 9001 (Keyfiyyətin idarə edilməsi standartı), ISO 14001 (Ətraf mühitin mühafizəsinin idarə edilməsi standartı) və OHSAS 18001 (Sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsinin idarə edilməsi standartı) standartlarının son nəşrləri üzrə növbəti 3 il müddətinə sertifikatlaşdırılmışdır. Bundan əlavə, müəssisəmizdə Amerika Neft İnstitutu - API standartlarının tətbiqi məqsədilə 2 mərhələdən ibarət auditlər keçirilmişdir. 2014-cü il üçün müəssisəmizin bu sahədə məqsədi API auditinin növbəti mərhələlərindən uğurla çıxmaq və API standartları üzrə sertifikat əldə etməkdir.

SOCAR-AQŞ öz kadr potensialını təkmilləşdirərək, yeni texnika və texnologiyaları mənimsəyərək və öz biznes proseslərini təkmilləşdirərək beynəlxalq qazma sənayesinə inteqrasiya siyasətini davam etdirmək və 2014-cü ildə yeni qazma bazarlarına çıxmaq əzmindədir.

 

M.MİRZƏ,

Respublika.-2014.- 23 yanvar.- S.4.