AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
YÜKSƏLİŞ YOLLARINDA
On ildən artıq fəaliyyət göstərən Milli Konservatoriyada tədris prosesləri, kadr tərbiyəsi, müasir təhsilə inteqrasiya, fakültə və kafedralarda pedaqoji və elmi-metodik işin təşkili necə aparılır? Hansı uğurlar, yeniliklər və nəticələr əldə olunub? Bu sualları Azərbaycan Milli Konservatoriyasının prorektoru, əməkdar incəsənət xadimi, professor Akif Quliyev belə cavablandırır:
—Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə yaranan ilk ali məktəblərdən biridir. Bildiyimiz kimi, ölkəmizdə Avropa tipli musiqi təhsilinin təməli XIX əsrin sonlarına aiddir. XX əsrin əvvəllərindən etibarən musiqi təhsili daha da təkmilləşmiş və inkişaf etmişdir. Uşaq musiqi məktəbləri, orta ixtisas musiqi məktəbləri, konservatoriya fəaliyyətə başlamışdır. Bir əsrə yaxın müddətdə musiqi təhsilində böyük uğurlar və təcrübə əldə olundu, necə-neçə peşəkar musiqiçi nəsilləri meydana gəldi, milli ifaçılıq, bəstəkarlıq məktəbi yüksək nailiyyətlərə imza atdı. Müstəqillik dövründə isə təhsilin müasirləşməsinə, beynəlxalq meyarlarla ayaqlaşmasına, müasir ixtisaslaşmaya, yeni təhsil metodlarına tələbat yarandı. Digər tərəfdən, milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlər ölkənin ictimai-mədəni həyatında daha da aktuallaşdı. Muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurəti meydana gəldi. Bütün bu tələbat və zərurətdən Milli Konservatoriya ideyası yarandı və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2000-ci il 13 iyun tarixdə “Azərbaycan Milli Konsevatoriyası”nın yaranması barədə xüsusi fərman imzaladı. Bundan bir il sonra, ulu öndərin 10 avqust 2001-ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamına əsasən Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil olundu. Bu sərəncama əsasən Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə Siyavuş Əşrəf oğlu Kərimi təyin edildi. Beləliklə, ulu öndər Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil-mədəniyyət ocağını— Milli Konservatoriyanı bəxş etdi.
—Ali məktəbin strukturu neçə təşkil olunub?
—Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir: “xalq çalğı alətləri”, “solo oxuma (xanəndə)”, “xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu”, “musiqi tarixi və nəzəriyyəsi”, “milli musiqinin tarixi və nəzəriyyəsi”, “instrumental muğam”, “ümumi fortepiano”, “ictimai fənlər”. Konservatoriyada təhsil 3 pilləlidir —bakalavr, magistr və doktorantura. Bütün ali məktəblər kimi, biz də Bolonya sistemi ilə işləyirik. Təhsillə bağlı məsələlər, tədris və elmi işlərlə əlaqəli suallar Elmi Şuranın iclaslarında müzakirə olunur və kollegial qərar çıxarılır. Bundan başqa, tədris, elmi katiblik, konsertlərin təşkili şöbələri, həmkarlar və gənclər təşkilatları da işimizin tərkib hissəsidir.
Oxucuların nəzərinə çatdırırıq ki, Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada 200-ə qədər müəllim çalışır ki, onlardan 24 nəfəri xalq artisti, 16 nəfəri əməkdar incəsənət xadimi, 18 nəfəri əməkdar artist, 11 nəfəri əməkdar müəllim, 25 nəfəri sənətşünaslıq namizədi, 3 nəfəri elmlər namizədi, 2 nəfəri elmlər doktoru, 6 nəfəri sənətşünaslıq doktoru olmaqla, müxtəlif elmi və fəxri adlara malikdir.
Ötən illər ərzində Milli Konservatoriyanı
545 nəfər məzun, 46 aspirant bitirmişdir. Onu da qeyd etməliyik ki, Azərbaycan
Milli Konservatoriyasının bir ali məktəb
kimi formalaşmasında, tədris prosesinin inkişafında və
nailiyyətlərimizdə rektor, professor, xalq artisti Siyavuş
Kəriminin böyük rolu vardır.
—Mümkünsə,
elmi-praktik işlər barədə də məlumat verin?
—Ali musiqi
təhsili və tədrisinin elmi əsaslarla təşkil
olunması, təhsilin elm və təcrübə ilə əlaqələndirilməsi
qarşımızda dayanan çox mühüm və aktual vəzifələrdən
biridir. Digər ali məktəblərlə müqayisədə
“gənc” olmasına baxmayaraq, Milli
Konservatoriyada kafedralar, fakültələr və Elmi Şura səviyyəsində
elmi, elmi-metodik, elmi-praktik işlərin təşkilinə,
planlaşdırılmasına,
proqnozlaşdırılmasına və icrasına xüsusi həssaslıq
və məsuliyyətlə yanaşılır. Magistr və doktorluq üzrə dissertasiya
mövzularının elmi maraq və aktuallıq kəsb etməsinə
xüsusi önəm verilir. Son illər
folklor, aşıq sənəti, muğamşünaslıq,
ifaçılıq, bəstəkar
yaradıcılığı, musiqi tənqidi, musiqi
pedaqogikası, Şərq musiqisi sahəsində maraqlı
elmi işlər yerinə yetirilmişdir. Onu
da qeyd etmək lazımdır ki, Azərbaycan Milli
Konservatoriyası Milli Elmlər Akademiyasının Memarlıq
və İncəsənət İnstitutunun nəzdində fəaliyyət
göstərən Koordinasiya Şurası arasında daim əlaqə
yaradır. Aparıcı təşkilat
kimi də bir çox maraqlı dissertasiyaların müdafiəsində
iştirak edirik. Xarici ölkələrin
mütəxəssisləri Milli Konservatoriya ilə
elmi-yaradıcılıq əlaqələri saxlayırlar.
Bu istiqamətdə görülən nəticələrdən
biri də günün tələblərinə cavab verə
bilən yeni proqramların, metodik tövsiyələrin, dərs
vəsaitlərinin və dərsliklərin
yazılmasıdır.
Milli Konservatoriyanın elmi nəşri olan “Konservatoriya”
jurnalında musiqi sənətinin və elminin müxtəlif
sahələrində maraqlı məqalələr dərc
olunur. Jurnal xüsusilə gənc tədqiqatçıların
elmi yaradıcılığı üçün tribuna rolunu
oynayır. Burada başqa ali məktəblərin,
elmi müəssisələrin doktorantları,
tanınmış alimləri də çıxış edirlər.
Jurnalın baş redaktoru, elmi işlər
üzrə prorektor, əməkdar incəsənət xadimi,
professor Vaqif Əbdülqasımovdur.
Milli
Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi
məqsədilə iki elmi laboratoriya
yaradılmışdır: “Milli musiqinin tətbiqi” və “Milli
musiqi alətlərinin araşdırılması”. Laboratoriyalar milli musiqiyə, milli alətlərə,
musiqi tarixi və nəzəriyyəsinə dair aktual problemlərin
işlənilməsi, yeni ideya və təkliflərin
hazırlanması, elmi-metodik təcrübənin yeniləşməsi
ilə məşğul olur, müxtəlif konfrans və
simpoziumlarda iştirak edir, tədqiqat əsərləri
yazırlar. Ən önəmlisi isə
laboratoriyalarda qədim xalq çalğı alətlərimizin
bərpası, təkmilləşdirilməsi, yeni növlərinin
yaradılması, onların ifaçılıq və tədrisdə
tətbiqidir. Məsələn, tarın, kamançanın,
kanonun təkmilləşdirilməsi, cəng alətinin yenidən
bərpası, balabanın bas və tenor növlərinin
hazırlanması, baş tarın yaradılması və s. bu
kimi nailiyyətlər musiqi tarixi və ənənələri
ilə yanaşı, həm də mürəkkəb fiziki,
riyazi, akustik araşdırmalar tələb edən işlərdir.
Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən
biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi,
nota yazılması və tədrisdə istifadə edilməsidir. Bu məqsədlə
müəllimin və tələbələrin iştirakı
ilə folklor ekspedisiyaları təşkil olunur. Musiqişünas və bəstəkar tələbələr
respublikanın kənd, rayon və şəhərlərinin
musiqi folklorunun toplanması işinə ekspedisiya şəklində
daim cəlb olunurlar ki, bununla da onlarda folklor nümunələrini
yazmaq vərdişi, qabiliyyəti formalaşır.
Kafedralar
tərəfindən gündəmdə olan müxtəlif tədris,
metodika, ifaçılıq, musiqişünaslıq, alətşünaslıq
mövzularında mütəmadi “Dəyirmi masa”lar
da keçirilir.
Tələbə və magistrlərin elmə
maraqlarını təmin etmək, onları gələcəyin
elmi və pedaqoji kadrları kimi hazırlamaq üçün
cari və perspektiv proqramlar hazırlamışıq. Gənclər
elmi konfranslarda, diskussiyalarda, yarışlarda fəal
iştirak etmək üçün hər şəraitlə
təmin olunublar. Onu da deyim ki,
Konservatoriyada 2003-cü ildən tələbə Elmi Cəmiyyəti
fəaliyyət göstərir. Bu cəmiyyət xeyli
sayda konfranslar, debatlar, simpoziumlar keçirilmişdir və bu
iş davam etməkdədir.
—Bilirik
ki, muğam festivalları və müsabiqələri ictimaiyyət
arasında həmişə maraqla qarşılanır. Bu tədbirlərdə Milli Konsevatoriyanın
iştirakı necədir?
—Beynəlxalq
muğam festivalları və müsabiqələri muğam
layihəsinin tərkib hissəsidir. Beynəlxalq
muğam layihələrinin müəllifi və təşkilatçısı
isə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım
Əliyevadır. Bu layihələr nəinki
respublikamızda, habelə beynəlxalq mədəniyyət və
elmi dairələrdə, Şərq aləminin görkəmli
musiqi sənətçiləri və dünyanın məşhur
musiqi nəzəriyyəçiləri tərəfindən
yüksək qiymətləndirilmişdir. İlk
növbədə, qeyd edək ki, bu layihələr, festivallar
və müsabiqələr muğam sənətinin, milli musiqi
irsinin yaşamasına, öyrənilməsinə, təbliğinə,
müxtəlif xalqlar tərəfindən tanınmasına
böyük təsir göstərmişdir. Milli musiqi mədəniyyətinə belə yüksək
diqqət və qayğısına görə, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri hörmətli
Mehriban xanıma təşəkkürümüzü
bildiririk. Fəxr edirik ki, bu tədbirlərdə
Milli Konservatoriyanın müəllim və tələbələri
həmişə öndə gedirlər. Oxuculara
xatırladım ki, muğam müsabiqələri bir neçə
formatda keçirilir: beynəlxalq, respublika və televiziya
muğam müsabiqələri. Hər
üçünün təşkilində, aparılmasında
Milli Konservatoriyanın müəllimi olan sənət xadimlərinin
yaxından iştirakı göz önündədir. Məsələn,
Konservatoriyanın rektoru, professor S.Kərimi, xalq artisti,
professor A.Babayev beynəlxalq muğam müsabiqələrində
münsiflər heyətinin üzvü kimi iştirak ediblər,
Siyavuş müəllim artıq neçə ildir münsiflər
heyətinə sədrlik edir. Xalq artistləri,
professorlar A.Babayev, Ə.Məmmədov, A.Abdullayev,
M.Müslümov, N.Kazımov, F.Dadaşov və b. respublika
müsabiqələrinin təşkilində fəal iştirak
edirlər. Başlıcası, bu
müsabiqələrin sayəsində neçə illərdir
onlarca gənc istedad aşkara çıxmış, sənətə
qədəm qoymuş, ifaçı kimi püxtələşmişdir.
Yəqin xatırlayırsınız, 2009-cu ildə
“Muğam aləmi” birinci beynəlxalq müsabiqəsində
qran-pri mükafatına Milli Konservatoriyanın tələbəsi,
hazırda müəllim işləyən Təyyar Bayramov
layiq görüldü. İstər beynəlxalq, istərsə də respublika
muğam müsabiqələrində qalib gələnlərin,
demək olar, əksərəyyəti konservatoriyanın tələbələri
və məzunları: B.Zeynalov, Ş.İmanov, P.Quliyev,
A.Sadıqova, Ş.Musayev, T.Yusubov, M.Mirələmov, S.Ərəbli,
A.Mirzəliyev, A.Hüseynov, E.Hüseynov, B.Niftəliyev və
b. digər tədbirlərdə də iştirakımız
olub. “Bakı —İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərində,
bir çox beynəlxalq forumların bədii hissələrində,
xarici ölkələrə qastrol səfərlərində,
beynəlxalq layihələrdə istedadlı müəllim və
tələbələrimizin uğurlu
çıxışları buna misal ola
bilər. Yeri gəlmişkən,
konservatoriyanın xarici əlaqələri barədə də
məlumat verim. Müəllim və tələbələrimizin
uğurlu elmi və ifaçılıq
çıxışlarının sorağı xarici ölkələrdən
—Türkiyə, İran, Rusiya, Fransa, Amerika, Kanada, ərəb
ölkələri, Yaponiya, Orta Asiya respublikalarından və
s. gəlir. Məhz bunun nəticəsi
olaraq, UNESCO Azərbaycan muğamını digər
xalqların muğam xarakterli janrları içərisində
“Əsas muğam” statusu kimi təsdiq etmişdir. Həm də nəzərə alaq ki, Milli
Konservatoriya qısa müddət ərzində şöhrət
və etimad qazana bilmişdir. Təsadüfi
deyil ki, burada Yaxın və Orta Şərq ölkələrindən,
Amerikadan olan əcnəbi tələbələr, doktorantlar, təcrübə
keçənlər təhsil alırlar. Bir
daha vurğulamaq istəyirəm ki, xarici əlaqələrimizin
yaranması və genişlənməsində “Muğam aləmi”
beynəlxalq festival müsabiqələrinin xüsusi rolu
olmuşdur.
—Muğam
sənəti dünya ənənəvi musiqisinin “şah əsəri”
kimi də tanınır...
—Bu, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşşməramlı səfiri Mehriban xamm Əliyevanın
milli mədəniyyətimizə, xalqımıza
qazandırdığı böyük qələbədir. Mehriban xanım Əliyevanın bilavasitə himayəsi
ilə muğam sənətinin qorunması, inkişafı və
təbliği sahəsində böyük işlər
görülmüşdür. Azərbaycan
muğamının, tar ifaçılıq sənətinin,
aşıq sənətinin UNESCO tərəfindən “Bəşəriyyətin
qeyri-maddi mədəniyyət irsi” Reprezentativ siyahısına
daxil edilməsi məhz Heydər Əliyev Fondunun bu sahədəki
mühüm xidmətlərinin uğurlu nəticəsidir.
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən Beynəlxalq Muğam Festivalı da Azərbaycan
milli musiqisinin bütün dünyada
tanıtdırılması, təbliği və sevilməsi
istiqamətində mühüm tədbirlərdən biridir. Beynəlxalq
festivalın prezidenti də elə Mehriban xanım
Əliyevadır.
—Sirr deyil
ki, Milli Konservatoriya yarandığı vaxtdan öz binası
olmayıb...
—Doğrudur,
digər ali məktəblər kimi
geniş auditoriyalarımız, çoxmərtəbəli
binamız olmasa da, həmişə üzərimizə
düşən vəzifələri layiqincə yerinə
yetirməyə çalışmışıq. Nə maddi-texniki vəziyyət, nə auditoriya şəraitsizliyi,
nə məhdud sayda otaqlar, nə konsert, konfrans, oxu-qiraət
zallarının yoxluğu yaxşı işləməyimizə
maneə olmayıb. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəsmi qərarı
ilə Milli Konservatoriya üçün müasir tipli,
böyük bina inşa edilir və tikinti artıq başa
çatıb. Sevinirik ki, yeni, möhtəşəm
binamızda nailiyyətlərimizlə birgə işə
başlayacağıq. Milli
Konservatoriyanın 8 mərtəbəli yeni binası təhsil
və tədrisin keyfiyyətinə şübhəsiz ki,
böyük təkan verəcək, yeni uğurları
stimullaşdıracaqdır. Təsəvvür edin ki,
yeni binada böyük və kiçik konsert zalları, konfrans
zalı, milli ornamentlərlə və qədim xalça
naxışları ilə bəzədilmiş muğam klubu,
müasir səsyazma studiyası, kitabxana, qiraət zalı,
idman-tədris kompleksi, hər cür şəraiti olan tələbə
yataqxanası, 100-dən artıq sinif otağı var. Səbirsizliklə,
açılış gününü gözləyirik. Bir sözlə, ulu öndərimizin yadigarı olan,
yüzilliklərin möhtəşəm muğam ənənlərini
və dahi Üzeyir bəyin böyük sənət məktəbini
yaşadan, inkişaf etdirən Azərbaycan Milli
Konservatoriyası həmişə yüksəliş, tərəqqi
yolundadır.
Zabit CAVADOV,
Respublika.-2014.- 23
yanvar.- S.6.