20 YANVAR XALQIMIZIN QAN
YADDAŞIDIR
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar günündə xalqımız öz istiqlaliyyəti uğrunda əzmlə çarpışmış, qurbanlar vermişdir. Ona görə də bu tarix Vətənimizin hər bir guşəsində geniş qeyd olunur. Sovet imperiyası qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğınların yaraları hələ də sağalmamışdır. Müasirlərimiz hələ də o müdhiş 20 Yanvar gecəsini xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu xəyanətin və vəhşiliyin səbəbkarlarını lənətləyir, azadlıq qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edirlər.
Təəssüf ki, xalqımızın başına gətirilən bu müdhiş faciə barədə o zaman dünya birliyi, beynəlxalq aləm xəbərsiz idi. İkiüzlü Qorbaçov rejimi xalqımıza qarşı qanlı terror aktı törətməklə yanaşı, həm də Azərbaycanı informasiya blokadasına almış, haqq səsimizi boğmağa çalışmışdı.
Belə bir ağır məqamda ulu öndər Heydər Əliyev hadisəyə dərhal münasibət bildirdi, həyatını təhlükədə qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib, orada xalqın düçar olduğu faciənin əsl mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırdı. Dünyanın ən nüfuzlu informasiya vasitələri də məhz Heydər Əliyevə istinad edərək faciə barədə məlumatlar yaydılar.
Ulu öndər Heydər Əliyev demişdir: “Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırım idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Ümummilli lider Heydər Əliyevin səyləri ilə bu tarixi cinayətə 1994-cü il mart ayının 29-da lazımi hüquqi-siyasi qiymət verilmiş, hadisənin bədnam iştirakçılarının adları açıqlanmışdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının gücləndirilməsi məqsədilə xeyli tədbir görülmüşdür. Onun səyləri ilə bu hadisələrin qurbanlarına və onların ailələrinə maddi və mənəvi yardım göstərilməsi haqqında qərarlar qəbul edildi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüldü.
Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin faciənin 24-cü ildönümü haqqında imzaladığı sərəncamda Azərbaycan xalqının qəhrəman övladlarının tarixi fədakarlığı yüksək qiymətləndirilmiş, 20 Yanvar gününün xalqımızın tarixində çox böyük məna kəsb etdiyi vurğulanmışdır. Prezidentin göstərişləri əsasında şəhid ailələri və əlillər hər cür diqqət və qayğı ilə əhatə olunmuş, onlara yardım edilmiş və bu qayğı hər zaman davam etdirilir.
Bütün Azərbaycan xalqı kimi, cəlilabadlılar da 20 Yanvar qurbanlarının qəhrəmanlığını heç vaxt yaddan çıxarmır, onların müqəddəs arzularını dönmədən həyata keçirir, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi üçün səy göstərirlər. Rayonda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi həmişə əziz tutulur, xalqımızın azadlığı uğrunda öz həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs idealları nəsillərə nümunə göstərilir. Həmin hadisələr zamanı 12 Cəlilabad rayonu sakini fiziki sağlamlığını itirib ömürlük şikəst olmuş, bir çoxları müxtəlif növ bədən xəsarətləri aldıqları üçün uzun müddətə müalicəyə cəlb olunmuşlar.
Bizim gənclərimiz yaxşı bilirlər ki, qan yaddaşımız xalqın xatirəsində həmişə yaşamalıdır. Vətən torpaqlarını parçalayıb yadlara vermək olmaz, bu məqsəd uğrunda hər bir vətəndaş öz canından keçməyə hazır olmalıdır.
Bu məqsədlə Şəhidlər Xiyabanında mütəmadi olaraq təşkil olunan anım mərasimlərində rayonun rəhbərləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisələrin kollektivlərinin üzvləri, əmək və müharibə veteranları, məktəblilər iştirak edirlər. Şəhidlərin ruhuna dualar oxunur, onların xatirəsi yad edilir, xatirə abidəsinə əklillər və gül dəstələri qoyulur.
Bu günlərdə növbəti dəfə Şəhidlər Xiyabanında təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun geniş nitqindən sonra mərasim iştirakçıları Vətənin azadlığı və müstəqilliyi uğrunda şirin canlarından keçmiş qərəmanların xatirəsini bir dəqiqəlik sükutla anmış, əbədi məşəl önünə gül-çiçək dəstələri qoymuşlar. Mərasimdə çıxış edənlər Vətən övladlarının qeyri-adi şücaətinə yüksək qiymət vermiş, bu qəhrəmanlığın milli müstəqilliyimizin əldə ediləməsində çox mühüm rolunu, gələcək nəsillər üçün nümunə olduğunu qeyd etmişlər. Onlar sovet imperiyasının törətdiyi qanlı cinayət aksiyasını xalqımızın milli azadlıq hərəkatını boğmaq cəhdi kimi qiymətləndirmişlər. Mərasim iştirakçıları ərazi bütövlüyümüzün qorunması naminə haqq səsini ucaldanların qəhrəmanlığını ürəklərində hər zaman yaşadacaqlarına, azadlıq uğrunda mübarizə tarixinin, şəhid ruhlarının daim əziz tutulacağına, bu sahədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yola, sədaqətli olacaqlarını bildirmişlər.
Qanlı Yanvar faciəsi qurbanlarının işıqlı xatirəsi azadlıq və müstəqillik sevən hər bir insan üçün əzizdir.
Mirşamil MürsƏlov,
“20 Yanvar” Cəmiyyəti Cəlilabad rayon şöbəsinin sədri.
Respublika.-2014.- 23 yanvar.- S.7.