Sürətlə yeniləşən,
gözəlləşən Sumqayıt
“... Sumqayıtı mən bax, belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Dövlətimizin
apardığı düzgün neft strategiyası ölkə iqtisadiyyatının
inkişafına və bununla yanaşı, şəhər
və qəsəbələrin, rayon mərkəzlərinin
yenidən qurulub abadlaşmasına, müasirləşməsinə
yüksək şərait yaratmışdır. Respublikamızın üçüncü şəhəri
sayılan Sumqayıtda aparılan tikinti-quruculuq tədbirləri
də buna bariz nümunədir.
Son illər
ölkədə qəbul olunan Dövlət proqramları,
imzalanan qanun və fərmanlar əsasən
sosial yönümlü olmuş və onlar sadəcə
kağız üzərində qalmayaraq öz əksini dəfələrlə
artmış təqaüd və maaşlarda, salınan
transmilli magistrallarda, yol keçidi və körpülərdə,
tikilən təhsil və səhiyyə ocaqlarında, ticarət
və istirahət mərkəzlərində
tapmışdır. Və bu proses durmadan, daim öz axarı
ilə davam etdirilir. Sevindiricidir ki, burada
müasirlik prinsipləri nəzərə
alındığından işlər də keyfiyyətcə
daha yüksək müstəviyə adlamışdır.
Bakı şəhərində inşa edilən
müasir layihəli binalar, modern üslublu parklar, funksional yol
qovşaqları buna bariz sübutdur.
Lakin bu
cür projelərin paytaxtdan savayı ölkəmizin digər
şəhər və rayon mərkəzlərində tətbiqi, indi bəlkə də
ümdə şərtdir. Məhz belə
anlamdan irəli gələrək dövlət
başçısı İlham Əliyev respublikamızın
iri şəhər və rayon mərkəzlərində daha
praktik və keyfiyyətli abadlıq-quruculuq işlərinin
aparılması məqsədilə bir neçə ildir ki,
öz ehtiyat fondundan əlavə maliyyə vəsaiti
ayrılması haqqında sərəncamlar imzalayır.
Təkcə respublikamızda deyil, onun hüdudlarından
çox uzaqlarda iri sənaye mərkəzi kimi tanınan
Sumqayıt da dəfələrlə prezident sərəncamı
ilə yenidənqurma, abadlıq və
yaşıllaşdırma işlərinin davam etdirilməsi
üçün əlavə vəsait alan
şəhərlərdən biri olub.
“Biz Sumqayıtın inkişafına kompleks şəkildə
yanaşırıq. Şəhərin inkişafı
üçün master plan hazırlanır, onun ilkin əlamətləri
artıq var və reallaşır. Mən yeni, müasir
yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində
Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri
başa çatacaq və şəhər ölkəmizin,
bölgənin və bəlkə də dünyanın ən
gözəl şəhərlərindən birinə
çevriləcəkdir. Bu, bizim hədəfimizdir.
Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər
çox böyük görünür, ancaq həyat göstərir
ki, biz bütün məqsədlərə
çatırıq”. İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti (7 iyul 2011-ci il)
Sumqayıt
postsovet dövründə salınmış və beş il əvvəl cəmi 60 yaşı
tamam olmuş zəhmətkeşlər şəhəridir. Belə
gənc olmasına baxmayaraq Sumqayıtın
respublikamızın həyatında əlamətdar hadisələrlə
dolu, iri hərflərlə yazılmış öz salnaməsi
var. Sırf sənaye mərkəzi kimi layihələndirildiyindən
burada olan küçə və prospektlərin genişliyi,
park və xiyabanların çoxluğu şəhərin
ümumi simasını formalaşdıran amillərdəndir.
Şəhər salınarkən zavod və fabriklərin
çoxluğunu nəzərə alan
memarlar ilk növbədə yaşıllığa və
yaşayış massivlərinin sənaye obyektlərindən
kənarda tikilməsinə xüsusi fikir vermişlər. Məhz belə yanaşma özünəməxsus
memarlığı, siması olan bir şəhərin
yaranmasına imkan vermişdir.
Lakin bütün bunlar çağdaş
dövrümüz üçün artıq kifayət deyil. Çünki
müasirliyin öz tələbləri, öz
yanaşmaları var. Onlardan ən əsası memarlıqda
yeknəsəqliyə yolverilməzlikdir. Razılaşaq
ki, sovetlər durumunda salınan Sumqayıtın memarlıq
üslubunda bu amil çox böyük yer tuturdu. Eyni yaşayış massivləri, küçə
və prospektlər, oxşar mikrorayon və binalar. Park və xiyabanlarda sadə landşaft, ucuz
materiallardan düzəldilmiş fəvvarələr, köhnəlmiş
işıqlanma sistemləri heç bir vəchlə müasir
insanın zövqünə uyğun gəlmirdi. Bir sözlə, Sumqayıta çoxdan təzə
bir nəfəs, ruh tələb olunurdu ki, belə dəyişikliklər
də 2011-ci ilin əvvəlindən şəhərdə
başlanılan abadlıq, yenidənqurma və
yaşıllaşdırma işlərində öz əksini
tapdı.
Sumqayıt
Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov bu vəzifəyə təyin
olunduğu ilk gündən etibarən hər gün şəhəri
gəzir, mikrorayon və məhəllələrə baş
çəkir, park və bağların vəziyyəti ilə
tanış olur, sakinlərlə söhbətləşirdi.
Bəzən bu proses o qədər uzanırdı ki,
başçı gün ərzində bir dəfə də
olsun öz iş otağına daxil ola
bilmir, sərəncam və tapşırıqlarını elə
ayaq üstəcə verirdi. Əlbəttə,
Prezident İlham Əliyevin Sumqayıt ictimaiyyəti ilə
görüşü zamanı dediyi “Sumqayıt paytaxt
standartlarına tam şəkildə
uyğunlaşdırılmalıdır” sözlərini
yüksək keyfiyyətlə və sürətlə həyata
keçirmək üçün rahatlıq bilmədən
çalışmaq lazım idi.
Görüləcək işlər həddən
artıq çox idi və elə ona görə də bu arada
iyirmidən çox tanınmış memar, mühəndis,
dizayner və digər şəhərsalma ilə bağlı
mütəxəssis Sumqayıta dəvət olundu.
Bu işçi qrup şəhərə
baxış keçirəndən sonra öz məsləhət
və təklifləri ilə çıxış etdi. Təkliflər kollegial şəkildə müzakirə
olundu və ancaq bundan sonra qəbul edilən eskizlər layihələndirildi.
Deməliyik ki, qəbul olunan layihələr bu
günün ən kreativ konsepsiyalarına söykənərək
hazırlanıb. Çünki ölkə başçısının
arzusu gənclər şəhəri kimi tanınan
Sumqayıtı hər zaman müasir, qabaqcıl görməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istək və
tövsiyələrini birmənalı şəkildə qəbul
edən sumqayıtlılar bu günlərdə
çiyin-çiyinə verib şəhərdə
abadlıq-quruculuq işlərini böyük ruh yüksəkliyi
ilə həyata keçirirlər. Şəhəri
gəzdikdə bunların hamısına özümüz də
bir daha şahid olduq.
Sumqayıt şəhərinin baş girişi Sülh
küçəsi adlanır. Bakı-Quba yolundan
başlayaraq düz dəniz kənarınacan davam edən bu
küçə şəhərin ən uzun küçələrindən
biridir. Sumqayıtda ilk abadlıq-quruculuq və
yaşıllaşdırma işlərinin də elə bu
küçədən başlandığını desək,
heç yanılmarıq. Əvvəlcə yolun hər
iki tərəfində bitən möhtəşəm
qarağac ağacları budanmış və onların ətrafında
xüsusi ot örtüyü əkilərək
qazon sahələri salınmışdır. Yeri
gəlmişkən deyək ki, bu gün Sumqayıtın
bütün park və xiyabanlarında, səki və yol kənarlarında
bu cür qazonlar salınır.
Sülh küçəsinin həm yol kənarı, həm
də küçənin ortası ilə keçən
yaşıllıq sahəsinin ətrafındakı köhnə
və yöndəmsiz bordürlar yeni və bahalı
materiallardan hazırlanmış səki daşları ilə əvəz
olunmuşdur. Küçənin piyada
yollarına qara və ağ rəngli
xüsusi möhkəm materiallardan hazırlanan, kvadrat və
düzbucaq konfiqurasiyalı, kiçik ölçülü
metlax örtüklər vurulmuşdur.
Sülh küçəsinin Heydər Əliyev
küçəsi ilə kəsişdiyi yerdə və burada
yerləşən ulu öndərimizin abidəsi ətrafındakı
ərazidə ümumi şəhər estetikasına xələl
gətirən zövqsüz köşk və iaşə
obyektləri sökülərək
yığışdırılmışdır. Burada yerləşən
bütün beşmərtəbəli binaların fasadları ən
müasir üslubda yenidən qurulmuşdur.
Ən
irihəcmli işlər sumqayıtlıların iftixarı
olan “Nəsimi” adına dənizkənarı
istirahət parkında aparılır. Parkın
sahəsi 80 hektara yaxın olduğundan burada işlərin mərhələ-mərhələ
aparılması qərara alınıb. Ancaq
bir çox işlər artıq başa
çatdırılıb. Məsələn,
parkın Nəsimi abidəsinin olduğu yerdə yenidənqurma
işlərinin bir hissəsi yekunlaşıb. Oxuculara aydın olsun deyə burada aparılan işlərdən
daha təfsilatlı danışmaq lazımdır. Belə ki, 2005-ci ildə parkda xalqımızın
böyük şairi İmadəddin Nəsimiyə abidə
qoyulmuşdur. Nəfis hazırlanan heykəlin
postamenti balaca olduğundan burada memarlıq qaydalarına
uyğun gəlməyən disproporsiya elementləri yer
almış və abidə öz gözəgirimlilik, möhtəşəmlik
funksiyalarını itirmişdir. Bütün
bu problemləri nəzərə alıb abidənin yerinin dəyişdiriməsinə
qərar verildi. Və abidə qısa
zamanda köhnə yeri ilə tam üzbəüz nöqtəyə,
yəni Azadlıq küçəsinin S.Vurğun küçəsi
ilə birləşdiyi yerdəki dairədə
quraşdırılan 3 metrlik postamentin üzərinə
köçürüldü. Abidənin ətrafındakı
sahəyə qranit bordürlar düzüldü və
buranın landşaftı tamamilə yeniləndi. Bu
gün buradan həm piyada, həm avtomobildə keçən
şəhər sakinləri və qonaqlar təkrarsız
söz ustadı Nəsiminin adına layiq
möhtəşəm görkəmli abidəni seyr edə
bilirlər.
Abidənin ətrafında yerləşən 8 binada da
yenidənqurma tədbirlərinin görülməsi qərara
alındı və reallaşdırıldı. 2011-ci ilin may ayından
başlayaraq 2 dördmərtəbəli və 2 beşmərtəbəli
binada bu işlərə start verilmişdi. İşlər
binalara artırılmış eyvanların sökülməsi
ilə başlandı. May ayının
axırlarında binalarda təhlükəsizlik divarı
quruldu. Birinci mərtəbələrin
ümumi görünüşünü eyni vəziyyətə
gətirmək üçün zövqsüz düzəldilmiş
bütün aynabəndlər söküldü və burada
yerləşən məişət obyektlərinə
girişlər qoyuldu. Həmin yerdə yeni
beton təməl və simmetrik hörgülər tikilməyə
başlandı. Və ancaq bundan sonra binalar
gözəl fasad daşları ilə üzləndi. Bütün binaların dam hissəsinə monsard əlavə
olundu.
Dənizkənarı
parkda da xeyli iş görülüb. Parkın
giriş hissəsindən başlayaraq ta dəniz sahilinə qədər
yerə vurulmuş köhnə sınıq-salxaq daş
örtükləri sökülmüşdür. Yerə
dəmir torlar salınmaq şərti ilə həmin sahə
başdan-başa betonlaşdırılmış və ancaq
bundan sonra bura
mərmər və daş üzlüklər vurulmuşdur. Nəsimi parkının dənizə düşən
pilləkənlərinin orta hissəsində şəlalə
tipli fəvvarə inşa edilmişdir. Burada
dənizə yaxın hissədə iri fəvvarənin
tikintisi də artıq başa çatıb. Ətrafdakı landşaftda da böyük dəyişikliklər
edilmişdir. Yeri gəlmişkən, Nəsimi
parkının lap yaxınlığında yerləşən
Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati
binasında da ən müasir layihə əsasında yenidənqurma
işləri artıq yekunlaşmışdır.
Sumqayıt respublikamızın üçüncü
şəhəri olsa da, 2012-ci ilə qədər burada iri
meydan olmamışdır. Kütləvi tədbirlər əsasən
iki məkanda —”Kimyaçılar” sarayının və
S.Vurğun adına Mədəniyyət
evinin qarşısında keçirilərdi. Ölçü
baxımından həmin ərazilər çox kiçik
olduğundan burada keçirilən tədbirlər geniş
vüsət ala bilmirdi. Bununla
yanaşı, Sumqayıtda dövlətçilik
atributlarını tərənnüm edən bir yer də yox
idi. Bütün bu deyilənləri və ən
əsas dövlət başçısının konkret
tapşırıqlarını nəzərə alıb
Sumqayıtda Bayraq Meydanının salınması qərarı
verildi. Məkan seçildi, layihə
hazırlandı və 2012-ci ilin əvvəlində işlərə
başlanıldı. Sentyabrın 17-si isə
meydanın təntənəli açılışı oldu.
Orijinal memarlığı və geniş sahəsi ilə
zövq oxşayan meydan şəhərin düz mərkəzində,
Sumqayıt İcra Hakimiyyətinin inzibati binası ilə
Hüseyn Ərəblinski adına Dövlət
Musiqili Dram Teatrının arasında, 18 min kvadratmetr ərazidə
yerləşir. Hündürlüyü 70 metr
olan bayraq dirəyində Azərbaycanın dövlət
bayrağı (uzunluğu 20 metr, eni 10 metr) əzəmətlə
dalğalanır. İndi onu, demək olar
ki, şəhərin hər nöqtəsindən görmək
olar. Artıq bayraq meydanı
sumqayıtlıların və şəhərə gəlmiş
qonaqların ən sevimli gəzinti yerinə çevrilib.
Burada müxtəlif səpkili, rəngarəng tədbirlər
keçirilir. Sözsüz ki, 9 noyabr—Milli Bayraq
günü də indi hər il bu məkanda
keçiriləcək. Yeri gəlmişkən deyək ki,
burada keçirilən son tədbir 31 dekabr —Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə təşkil olunmuşdu və burada
Avropanın ən böyük tortunun təmtəraqlı təqtimatı
da baş tutdu. Uzunluğu 52 metr, çəkisi 12 ton olan tortun
üzərində Azərbaycanın müxtəlif bölgələrinin,
o cümlədən Bakı və Sumqayıtın
görüntüləri əks edilmişdir. Qeyd
edək ki, Sumqayıtda belə tədbirlərin keçirilməsi
artıq ənənə halı alıb. Üç
ildir ki, Yeni il qabağı və Novruz
bayramında Sumqayıtda ən böyük tort və paxlava
hazırlanaraq sakinlərə paylanılır.
Heydər
Əliyev prospektində yerləşən 18 binada yenidənqurma
işləri 2012-ci il iyun ayının əvvəlindən
aparılır. Burada köhnə suvaq
qaşınandan sonra binaların fasadlarına yeni suvaq qatı
vurulmuş və onlar yağışa davamlı emulsiya ilə
rənglənmişdir. Binaların
aşağı hissəsi dekorativ daşlarla üzlənib,
damlarına isə monsard əlavə olunub. Səkilər boyu bordürlər dəyişdirilmiş
və piyada yollarına daş üzlüklər döşənmişdir.
Şəhərin qəsəbələrində,
mikrorayon və məhəllələrində də yüksək
səviyyəli abadlıq-quruculuq işləri
aparılmışdır. 2, 9, 10, 12, 13, 17 və
18-ci mikrorayonların, H.Z.Tağıyev qəsəbəsinin və
Şirvan yaşayış massivinin əraziləri
abadlaşdırılaraq burada nümunəvi məhəllələr
yaradılmış və əhalinin istifadəsinə
verilmişdir. Nümunəvi məhəllə
deyəndə kompleks şəkildə görülmüş
işlər nəzərdə tutulur. Yəni
həyətlərə yeni asfalt örtüyü
salınır, səkilər qaldırılır, bordürlər
təzələnir, ağac və kollar əkilir, yol kənarlarına
qazon döşənir, binaların fasadı təmir olunaraq rənglənir
və ya üzlük daşı ilə üzlənir. Bununla yanaşı, burada standarta cavab verən futbol
və uşaq əyləncə meydançası tikilir,
müasir işıqlandırma sistemi
quraşdırılır və hər yerə rahat oturacaqlar
qoyulur. Yuxarıda göstərilən ərazilərdə
də məhz bu səpkidə işlər
aparılmışdır.
Ölkəmizdə
islam dininə böyük önəm
verilir, dindarlara hörmətlə yanaşılır. Belə
olduğundandır ki, bu gün respublika ərazisində iki minə
yaxın məscid fəaliyyət göstərir, bu ibadətgahlar
daim əsaslı və cari təmir olunur, yeniləri tikilir.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə təkcə son üç ildə paytaxt Bakının
ən böyük ibadətgahları olan Təzəpir Məscidi,
Bibiheybət Məscidi və Əjdərbəy Məscidi əsaslı
təmir edilərək əhalinin istifadəsinə
verilmişdir.
Uzun illər təmirsiz qalan Sumqayıtın Cümə
Məscidində də yenidənqurma işləri məhz
dövlət başçısının şəxsi
tapşırığı əsasında həyata
keçirilmişdir. Yeni layihə üzrə məscidin
fasadı tam bərpa olunmuş, mehrab yenidən qurulmuş,
günbəzin daxilinə Qurani-Kərimdən ayələr həkk
edilmişdir. Məscidin istilik və
elektrik sistemləri tamamilə yenilənmişdir. Ən əsası isə burada heç vaxt olmayan 34
metr hündürlüyündə Azan minarəsi inşa
edilmişdir. Ötən ilin may ayında
Sumqayıtın Cümə Məscidinin
açılışında iştirak etmiş dövlət
başçısı mərasimdə
çıxışı zamanı İslam dininə
böyük hörmət bəslədiyini bir daha
nümayiş etdirərək aşağıdakıları
söyləmişdi: “... Ölkəmizdə iki
minə yaxın məscid vardır. Onların
böyük əksəriyyəti müstəqillik
dövründə tikilibdir. İndi qədim
vaxtlardan bizə miras qalan məscidlərin bərpası ilə
də məşğuluq. Bu bizim müqəddəs
dinimizə olan münasibətimizdir... Müsəlman
aləmində Azərbaycan çox böyük hörmətə
malik olan bir ölkədir. Nəinki Azərbaycanda,
müsəlman aləmində İslam həmrəyliyinin
gücləndirilməsi üçün biz əlimizdən gələni
əsirgəmirik. Belə gözəl, dini, tarixi abidələrin
tikintisi, bərpası bundan sonra da davam edəcək”
(Sumqayıt, 3 may 2013 cü il).
Bu arada ulu öndərimizin adını daşıyan,
Sumqayıtın Heydər parkında da iri həcmli abadlıq,
tikinti, yaşıllaşdırma tədbirləri həyata
keçirilib.
Şəhərə dəvət olunmuş
işçi qrup dəfələrlə bu parkla bağlı məşvərət
iclasları keçirmiş, arqument və təkliflər
müzakirə edildikdən sonra burada yenidənqurma tədbirlərinin
aparılması qərarı verilmişdir. Daha sonra çoxsaylı layihələr hazırlansa
da, onların arasından ən qabaqcıl düşüncəli,
kreativ bir proje seçilmişdir.
Parkın ərazisi 7 hektardan çox olduğu
üçün işlərin həcmi də
böyükdür. Bunlar nəzərə
alındığından parkda abadlıq-quruculuq tədbirləri
mərhələli şəkildə həyata keçirilir.
Öncə parkda söküntü işləri
aparılmışdır. Söküntü
prosesindən sonra parkın döşəməsinə
hamarlayıcı beton qatı tökülmüşdür.
Bu işlər onun üstünə vurulacaq
metlaxın kip oturub sınmamağından ötrü
görülür. Parkın artıq böyük hissəsinə bu
cür hamarlayıcı beton qatı tökülüb və
bura yüksək keyfiyyətli metlax da döşənib.
Parkın görünən yerində gözəl
formalı saat quraşdırılıb. Yeri gəlmişkən
bu saatda üzlük kimi mərmərin xüsusi növü
travertindən istifadə olunub. Parkda ən
müasir oturacaqlar və işıqlanma sistemləri
quraşdırılıb. Parka giriş isə
reyri-adi ölçüləri və konfiqurasiyası ilə
fərqlənən bir layihədir. Fantastik
görünüşə malik olduğundan onu bir
baxışdan əxz etmək qeyri-mümkündür. Ancaq hesab edirik ki, məhz belə orijinal, avanqard
yanaşma bu parkın memarlığını təkcə
ölkəmizdə deyil, dünyada məşhur edəcək.
Parkda qranit və mərmərin ən bahalı növlərindən
hazırlanan, çox müasir formalı 2 fəvvarənin
inşası artıq başa çatıb. Lakin daha bir fəvvarənin
tikilməsi də planlaşdırılır. Parkda 3 uşaq əyləncə meydançası fəaliyyət
göstərir. Bundan əlavə, burada hər
biri 40 kvadratmetr olan 4 sanitar qovşağı da artıq tikilib
istifadəyə verilib.
“...Sumqayıt
gənc şəhərdir. O, çox şərəfli,
gözəl bir tarixi yol keçibdir. İndi Sumqayıt Azərbaycanın
həm gözəl, həm də böyük iqtisadi, sənaye
potensialına malik bir şəhəridir, həm də gözəl
insanlar şəhəridir... Bizim
üçün ən əhəmiyyətlisi, əziz
olanı odur ki, Sumqayıtda Azərbaycanın bütün
guşələrindən, şəhərlərindən,
bölgələrindən vətəndaşlarımız
toplaşıblar, məskunlaşıblar, burada bir ailə
—sumqayıtlılar ailəsi qurublar. Sumqayıt
şəhəri bütün Azərbaycanı təmsil edir.
Bu, Sumqayıtın xüsusiyyəti, əhəmiyyətidir.
Ona görə də Sumqayıt Azərbaycan
xalqının birlik, həmrəylik şəhəridir,
ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”.
Heydər Əliyev, Azərbaycan
Respublikasının Prezidenti (Sumqayıt, 2 iyun 1996-cı il).
Yuxarıda gedən kəlmələrdən də
görünür ki, ümummilli liderimiz Heydər Əliyev zəhmətkeşlər
şəhəri olan Sumqayıta hər zaman xüsusi hörmət
və məhəbbətlə yanaşmışdır. Sumqayıtlılar
da ulu öndərin bu münasibətini, onun qayğı və
diqqətini həmişə öz üzərilərində əyani
şəkildə hiss ediblər.
Sumqayıtın sosial-iqtisadi inkişafında, sənaye
strukturlarının formalaşmasında, bununla yanaşı
şəhərin humanitar sektorunun, elm, təhsil, səhiyyə
və mədəniyyətinin tərəqqisində onun
müstəsna əməyi olmuşdur. Siyasi hakimiyyəti
dövründə 16 dəfə Sumqayıtda olan cənab Heydər
Əliyevin hər səfəri sumqayıtlıların qəlbində
unudulmaz təəssüratlar yaradaraq şəhər
üçün tarixi bir hadisəyə çevrilmişdir.
Ona görə də qədir bilən sumqayıtlılar ulu öndərin vəfatından
sonra şəhərin görünən, mərkəzi yerində
ona əzəmətli abidə ucaltdılar, ən uzun prospektə
onun adını verdilər, möhtəşəm bir Heydər
parkı saldılar.
Ancaq şəhərdə Heydər Əliyevin zəngin
və çoxşaxəli irsini öyrənən, təbliğ
edən bir yer, mərkəz yox idi. Nəhayət,
sumqayıtlılar bu arzularına da 3 may 2013-cü il tarixində çatdılar. Həmin
gün dövlət başçısı İlham Əliyev
“Heydər” parkının düz mərkəzində
tikilmiş Heydər Əliyev Mərkəzinin simvolik
qırmızı lentini kəsdi və bu gözəl məkanı
Sumqayıt sakinlərinə ərməğan etdi. 500 kvadratmetrlik sahəsi
olan Heydər Əliyev Mərkəzi müasir layihə əsasında
inşa edilib. Binanın fasadı ağ
mərmər plitələrlə üzləndiyindən hər
zövqü oxşayaraq çox uzaq məsafədən belə
gözə çarpır. Mərkəzin
interyeri də nəfis işlənmişdir. Burada konfrans zalı, rəsm və dizayn studiyası,
elektron kitabxana, virtual sinif və kompyuter kursu otaqları
gözəl üslubda hazırlanmış və ən
müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur.
İndi isə Sumqayıtda son üç ildə
abadlıq-quruculuq tədbirləri çərçivəsində
aparılan bəzi işlərə rəqəmlər vasitəsilə
ümumi nəzər yetirmək yerinə düşər. Belə ki,
şəhərin küçələrinin və avtomobil
yollarının, eləcə də məhəllə və
mikrorayonların daxili yollarının 349794 kvadratmetri əsaslı
təmir edilərək asfaltlanmışdır. Burada 23531 poqonmetr beton bordür təzələnmişdir.
Meydança, park və xiyabanlara 141393 kvadratmetr üzlük
tamet tavalar və 1379 kvadratmetr mərmər döşənmiş,
21142 poqonmetr səki bordürü qoyulmuşdur.
Yaşayış binalarında 1992 mənzilin dam
örtüyü ruberoidlə, 888 mənzilin dam
örtüyü isə şiferlə təmir edilmişdir. Aşağı
şəbəkə üzrə içməli su və
kanalizasiya xətləri 729 yaşayış binasında cari,
81-də isə əsaslı təmir edilmişdir.
Sumqayıtın
küçə və prospektlərində 648 ədəd
müasir tipli dekorativ elektrik-işıq dirəyi qoyulmuş,
56909 poqonmetr elektrik kabel çəkilmiş, 151 ədəd
“Pelsan” tipli fənər və iki ədəd idarəetmə
dolabı quraşdırılmışdır. S.Vurğun
küçəsinin və Heydər Əliyev prospektinin
işıqlandırma sistemi tamamilə yenidən
qurulmuşdur.
Şəhərin
park və bağlarına, küçə və prospektlərin
yaşıllıq sahələrinə 65560 kvadratmetr qazon
salınmış, 25857 ədəd dekorativ gül, 101200 ədəd
mövsümi gül, 869 ədəd dekorativ kol, 134 ədəd
dekorativ ağac, 24476 ədəd ağac əkilmiş, 2140
poqonmetr suvarma xətləri çəkilmişdir.
“Sumqayıt ölkəmizin sənaye mərkəzinə
çevrilməlidir. Bunu etmək üçün də
imkanlar vardır. Yenə də deyirəm,
Sumqayıt sənaye şəhəri kimyaçılar şəhəri
kimi yaradılmışdır. Ancaq indi
Sumqayıt gərək müasir sənaye şəhəri
kimi inkişaf etsin”.
İlham
Əliyev, Azərbaycan Respublikasının Prezidenti
(Sumqayıt, 7 iyul 2011-ci il).
Sumqayıt hər zaman güclü sənaye
potensialına malik olub. Sırf sənaye şəhəri kimi
yarandığından burada nəhəng qara metallurgiya müəssisəsi,
iri kimya kompleksi və digər təyinatlı çoxsaylı
zavod və fabriklər fəaliyyət göstərib. Lakin hazırda bu müəssisələrin əksəriyyəti
texniki və texnoloji cəhətdən zəmanəmizin tələblərindən
geri qalır və o səbəbdən də qeyri-rentabellidir.
Elə ona görə də bu gün
Sumqayıtda çox müasir, yəni tam kompyuterləşdirilmiş,
avtomatlaşdırılmış, ekoloji təmiz
çalışan müəssisələr yaradılır.
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa
tapşırığı, diqqət və qayğısı
sayəsində son illər ərzində Sumqayıtda
müasir standartlar səviyyəsində Texnologiyalar Parkı,
“Gilan Tekstil kompleksi”nin 3 fabrikinin, Azərsun Holdinqin
kağız və karton emalı və yağ istehsalı
fabrikləri, Alternativ və Bərpa olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin Azgüntex zavodunda Günəş
modulları istehsal xətti, “Sağlam-Qida” Aqrar-Sənaye
kompleksləri yaradılmış, “İnter Tekstile” ASC-nin
iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilmiş,
Sumqayıt Kimya Sənaye Parkına daxil olan “Azərtexnolayn”
MMC-nin boru istehsalı zavodu fəaliyyətə
başlamışdır.
Görülən
belə işlərdir ki, son üç ildə şəhərin
sənaye müəssisələrində məhsul
istehsalının həcmi 2,5 dəfə, əsas
kapitala yönəldilmiş investisiyanın məbləği
3 dəfə artmışdır. Əhalinin həyat səviyyəsinin
yaxşılaşmasını xarakterizə edən cəhətlərdən
şəhər üzrə nominal aylıq əmək
haqqının səviyyəsi yenə həmin müddət ərzində
2 dəfə artaraq hazırda 500 manata, ilbəil 15-25 milyon
manat artmaqla pərakəndə əmtəə dövriyyəsinin
həcmi 600 milyon manata çatmasını göstərmək
olar. Yeni yaradılan müəssisələrin hesabına
2011-2013-cü illərdə şəhərdə
hamısı daimi olmaqla 9 mindən artıq iş yeri
açılmışdır.
Azərbaycan son dövrlərdə neftdən əldə
etdiyi gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi
istiqamətində çox mühüm və ardıcıl
layihələr həyata keçirmişdir. Azərbaycan
Prezidentinin müvafiq fərmanları ilə texnoparkların
yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin
istifadəyə verilməsi ölkə iqtisadiyyatının
gücləndirilməsinə, rəqabətə davamlı və
keyfiyyətli məhsulların istehsal edilməsinə geniş
imkanlar açmışdır.
Sumqayıtda da qeyri-neft sektorunun inkişafı çərçivəsində
çoxsaylı layihələr həyata keçirilir. Onlardan biri
kimi Sumqayıt Kimya Sənaye Parkının
yaradılmasını göstərmək olar. Hazırda respublikamızda bu layihə qeyri-neft sektoru
projeləri arasında haqlı olaraq ən irilərdən
sayılır. Bu haqda ölkə Prezidenti belə
demişdir: “Sumqayıt bu gün müasir sənaye şəhəridir.
Burada artıq onlarla yeni müasir müəssisə
fəaliyyət göstərir. Kimya Sənaye
Parkının yaradılması Sumqayıtın
inkişafına böyük təkan verəcəkdir.
Burada minlərlə, bəlkə də on minlərlə yeni
iş yeri açılacaqdır, onlarla yeni müəssisə
yaradılacaqdır. Müəssisələrin
hamısı yüksək standartlara uyğun olacaqdır.
Ən yüksək ekoloji standartlar burada tətbiq ediləcəkdir...
Beləliklə, ölkəmizin qeyri-neft
sektorunun inkişafı təmin ediləcəkdir”.
(Sumqayıt, 3 oktyabr 2013-cü il)
168 hektar sahəsi olan Kimya Sənaye Parkının ərazisi
iki yerə bölünməklə inzibati-sosial və sənaye
zonalarından ibarət olacaqdır. Parkın inzibati-sosial hissəsində
16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris
Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans,
ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi,
açıq və qapalı idman zalları, uşaq
bağçası və bir sıra digər sosial obyektlər
inşa ediləcəkdir. Sənaye
zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40
müəssisənin yerləşdirilməsi nəzərdə
tutulur. Sumqayıt Kimya Sənaye Parkında
“bir pəncərə” sistemi tətbiq edilmişdir. Burada artıq iki rezident “SOCAR-Polimer” və “Azərtexnolayn”
Məhdud Məsuliyyətli cəmiyyətlər qeydiyyata
alınmışdır.
Sumqayıtda qeyri-neft sektorunun inkişafı çərçivəsində
“Sağlam qida” aqrar-sənaye kompleksi adlı daha bir iri layihə
reallaşdırılır. 3 oktyabr 2013-cü il
tarixində istifadəyə verilmiş bu kompleksin tərkibinə
çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı,
həmçinin qida məhsullarının saxlanılması,
daşınması və satışı üzrə logistik
mərkəz daxildir. Bu günə, onlardan
gündəlik istehsal gücü 150 ton olan çörək
zavodu artıq istifadəyə verilmişdir. Zavodda
dörd çörəkbişirmə və bir müxtəlif
növ un məmulatlarının
istehsalı xətləri, xüsusi növ çörəklərin
bişirilməsi üçün altı soba
quraşdırılıb. Bu da zavodda 45 çeşiddə 12
növ çörək məhsullarının və un məmulatlarının istehsal olunmasına
imkan yaradır. Yaxın zamanlarda kompleksin digər
müəssisələrinin də işə düşəcəyi
gözlənilir.
Hazırda Sumqayıt şəhərində sənaye sahələrinin
perspektiv inkişafı ilə bağlı mühüm tədbirlər
həyata keçirilir. Məsələn, tezliklə Sumqayıt
Texnologiyalar Parkında Kabel qülləsinin istifadəyə
verilməsi gözlənilir. Burada Kabel
zavodunun ikinci mərhələsinin, Sendviç panelləri
istehsalı zavodunun, Silindir istehsalı zavodunun, Vaqon
istehsalı zavodunun və kanalizasiya boruları istehsalı
zavodunun inşası artıq başlanılıb. Eyni
zamanda, “Gilan Tekstil Kompleksi”ndə 5 təzə fabrikin, “İnter Tekstil” ASC-də
yeni iplik istehsalı fabrikinin tikintisi gedir. “Alyans”
MMC tərəfindən də tikiş fabrikinin inşası
aparılır. Azərsun Holdinqdə digər
yeni istehsal sahələri yaradılır. Azgüntex
zavodunda LED lampaları istehsal xətti
quraşdırılır. “BMİ” MMC tərəfindən
Mis emalı zavodu tikilir.
Qeyd edək
ki, bu işlər ərsəyə gələndən sonra
Sumqayıtda daha 15 mindən çox yeni iş yerinin
açılması gözlənilir.
“Şəhərdə bütün infrastuktur layihələri
icra edilir. İndi elektrik enerjisi, qaz, su ilə təchizat
böyük dərəcədə
yaxşılaşdırılmışdır. Demək olar ki, bu sahədə əsas problemlər
öz həllini tapmışdır”. İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti (7 iyul 2011-ci il)
Həqiqətən də, bu gün Sumqayıt şəhərində
elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı
problemlər köklü surətdə həll edilmişdir. Lakin dövlət
başçısının dediyi bu kəlmələrdən
təxminən 7-8 il əvvəl
Sumqayıtda bu sahədə vəziyyət, yumşaq desək,
o qədər də ürəkaçan deyildi. Xüsusilə
elektrik enerjisi ilə bağlı vəziyyət daha
acınacaqlı idi. Elektrik enerjisinin mənzil
və fərdi evlərə verilməsində tez-tez fasilələr
yaranırdı. Bir balaca soyuq və
yağmurlu havalarda isə bu fasilələrin müddəti bəzən
günlərlə uzanırdı. Bu halla
barışmaq artıq olmazdı. Və
belə də oldu. Ölkə
başçısının tapşırığı ilə
Sumqayıtda tez bir zamanda 525 meqavat güclü elektrik
stansiyası tikildi. Müsbət nəticələr
əldə etmək üçün şəhərin elektrik
təsərrüfatı köklü surətdə yeniləşdirilməyə
başladı. Elə təkcə son
üç ildə Sumqayıt şəhərində müxtəlif
gücdə olan 38 ədəd transformator və eləcə də
422 kilometr kabel və naqil dəyişdirilərək yeniləşdirilmişdir.
Sumqayıta verilən təbii qazla bağlı problemlər
də tamamilə aradan qaldırılıb. Şəhərə
dördüncü ana qaz xətti çəkilib. Boru təsərrüfatı 80 faiz təzələnib.
Təkcə son üç ildə şəhərin
məhəllə və mikrorayonlarında, qəsəbə və
digər yaşayış massivlərində 300 min paqonmetrə
yaxın müxtəlif ölçülü qaz xətti yenilənmişdir.
“Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə
çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir...
Son illər ərzində Azərbaycanda iki mindən
artıq məktəb tikilib və əsaslı təmir olunub,
avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə
etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc
yaşlarından ən mütərəqqi təcrübə
ilə tanış olsunlar və
ardıcıllıqla öz təhsil səviyyələrini
artırsınlar. Biz
çalışacağıq ki, dünyada mövcud olan ən
qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək.
Elə etməliyik ki, təhsil sahəsində
bütün problemlər həllini tapsın”. İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti.
Bu anlamdan irəli gəlib sumqayıtlılar təhsildəki
uğurlarını ildən-ilə artırırlar. Son
üç ildə şəhərin təhsil müəssisələrinin
maddi-tədris bazasının möhkəmləndirilməsi
istiqamətində aparılan işlər daha da intensivləşib.
40 nömrəli tam orta məktəb və 51
saylı uşaq bağçası üçün müasir
üslubda yeni bina tikilmiş, istilik sistemi də daxil olmaqla tam
təchiz edilərək istifadəyə verilmişdir. 3 orta məktəb, 4 uşaq bağçası və
1 məktəbdənkənar müəssisə əsaslı təmir
olunmuşdur. Hazırda 6 məktəbdə
və 1 uşaq bağçasında əsaslı təmir
işləri aparılır.
Son üç ildə 17 fizika, kimya və biologiya
laboratoriyası alınaraq məktəblərə
verilmişdir.
Görülən işlərin nəticəsidir ki, son
üç ildə şəhərin orta ümumtəhsil məktəblərində
əlaçı şagirdlərin sayı artmış və
tədrisin keyfiyyət göstəricisi xeyli
yaxşılaşmışdır. Belə ki, bu göstərici 2011-ci
ildə 15,2 faiz, 2012-ci ildə 15, 7 faiz təşkil
etdiyi halda 2013-cü ildə 17,6 faizə
çatmışdır.
Sumqayıtda şagirdlərin hərbi-vətənpərvərlik
və mənəvi tərbiyəsi sahəsində də
çox önəmli tədbirlər
reallaşdırılır. Bunlardan ən
başlıcası şəhər icra hakimiyyətinin təşəbbüsü
ilə həyata keçirilən və son üç ildə
artıq ənənə halını almış məktəblilərin
hərbi-vətənpərvərlik paradıdır. Hər
il may ayında baş tutan və
ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümünə həsr edilən bu tədbir şəhər
ictimaiyyətində böyük maraq doğurmaqla
yanaşı gənc nəslin tərbiyəsində də
mühüm rol oynayır.
Şəhər
üzrə ali məktəblərə qəbul
göstəriciləri də ilbəil
yaxşılaşır. Belə ki, 2013-cü ildə ali məktəblərə
sənəd vermiş 2559 nəfərdən 1389 nəfəri,
yəni təxminən 54,3 faizi tələbə adını
qazana bilmişdir. Bununla da qəbul faizi ötən illərdəki
göstərici ilə müqayisədə 3,3
faiz artmışdır. Qəbul imtahanlarında yüksək bal toplayanların sayı da
artmışdır. Bu il qəbul
imtahanlarında 98 nəfər 600-dən çox bal
toplamışdır. Texniki Təbiət Elmləri liseyinin məzunu
Qafarova Flora isə ən yüksək—700 bal
toplamışdır.
Keçmiş ittifaq dövründə də bir sənaye
şəhəri kimi Sumqayıtın səhiyyəsinin
inkişafına çox fikir verilirdi. Şəhərdə
xəstəxana və poliklinikalar tikilir, onlar da öz növbəsində,
zəmanəsinin qabaqcıl tibbi avadanlıqları ilə təchiz
olunurdu. Sumqayıtda hər zaman savadlı,
öz sahəsinin bilicisi olan yüksək səviyyəli həkim
kollektivi çalışıb. Ona görə də
təkcə şəhərin sakinləri deyil, ümumiyyətlə
şimal bölgələrində yaşayan insanlar da
müayinə və müalicəyə Sumqayıt xəstəxanalarına
gəlməyi üstün tuturdular.
Lakin sonradan uzun illər şəhərdə olan səhiyyə
ocaqları əsaslı təmir olunmadığından,
avadanlıqlar təzələnmədiyindən Sumqayıtda
tibbi xidmətin səviyyəsi də ildən-ilə
aşağı enməyə başladı. Bu vəziyyətlə
barışmaq olmazdı. Sumqayıt səhiyyəsinin
illərlə qazandığı imici özünə qaytarmaq
üçün son dövrlər şəhərdə
böyük tədbirlər həyata keçirilib. 2011-2013-cü illərdə Sumqayıt səhiyyəsinə
ayrılan büdcə vəsaiti dəfələrlə
artırıldı. Büdcə vəsaitlərin
artırılması və investisiya fondundan ayrılan vəsait
aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz
olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına
imkan verdi. Tibb müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, struktur islahatları ilə
bərabər onların ərzaq, dərman preparatları,
sarğı materialları və tibb ləvazimatları ilə
davamlı təchizatı istiqamətində də
köklü dəyişikliklər edildi.
Azərbaycan
Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli sərəncamına
əsasən Sumqayıt şəhərinin ən böyük
tibb müəssisəsi olan 1 saylı Şəhər Xəstəxana
kompleksi daxilində həm də 2 nömrəli Doğum evi və
3 nömrəli şəhər poliklinikası yenidən
qurularaq bütün struktur bölmələr, həyətyanı
sahələr əsaslı təmir olunaraq başa
çatdırılmışdır. Bu müəssisələr
müasir tibbi avadanlıqlarla ( cərrahi əməliyyat
dəstləri, ultrasəs aparatı, rəqəmsal rentgen
aparatı, kliniki və biokimyəvi laboratoriya cihazları) təchiz
olunaraq, hazırda müasir tələblərə cavab verən
səviyyədə fəaliyyət göstərir.
Təmirdən sonra xəstəxanada indiyədək
şəhərdə olmayan Hemodializ şöbəsi
açılmışdır. Şöbə 17
yerlikdir və bütün lazımi dərman preparatları və
tibbi ləvazimatlarla təchiz olunmuşdur.
Xəstəxana
ən müasir diaqnostik avadanl
ıq
olan Maqnit-Rezonans tomoqrafiya, exokardioqrafiya ilə təmin
olunmuşdur. Burada müasir cərrahi əməliyyat
otağı, kardioloji-reanimasion palatar, histolojo-sitoloji
laboratoriya xidməti də yaradılmışdır. Kompleksin ərazisində bütün stasionar tibb
müəssisələrini təmin edə biləcək mərkəzləşdirilmiş
mətbəx yaradılmışdır. Bundan
əlavə, burada mərkəzləşdirilmiş oksigen təchizatı
və ventilyasiya sistemi quraşdırılmışdır.
2 saylı Doğum evi də, 3 saylı şəhər
Poliklinikası da təmirdən sonra bütün lazımi
tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub. Hazırda Vərəm
əleyhinə dispanserdə əsaslı təmir işləri
gedir.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
2011-2013-cü illərdə Sumqayıtın idman ocaqlarında
maddi-texniki bazanın yaxşılaşdırılması və
zənginləşdirilməsi diqqət mərkəzində
saxlanılmış və bu sahədə də xeyli işlər
görülmüşdür.
Uzun illər
baxımsız vəziyyətdə olan 1 saylı Uşaq Gənclər
İdman Məktəbi əsaslı şəkildə yenidən
qurulmuş, Sumqayıt Olimpiya İdman Kompleksi tikilib istifadəyə
verilmişdir.
Bəli, bu gün Sumqayıtda irimiqyaslı
abadlıq-quruculuq işləri gedir. Mahiyyət və kəmiyyəti
o qədər böyükdür ki, bu işlərin
hamısını bir məqaləyə yerləşdirmək
də çox çətindir. Amma
Sumqayıtı gəzdik, gördük və sevindik. Sevindik ki, bugünkü Sumqayıt bu cür sürətlə
yeniləşir, müasirləşir.
Yeni həyatın
mübarək, Sumqayıt!
Söhrab SƏfiyev,
Respublika.-2014.- 24
yanvar.- S.4-5.