İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yerli özünüidarəetmə orqanlarının rolu

 

Azərbaycanın milli inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi ölkəmizi daha da qüdrətli edib. Ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davaminkişaf etdirilməsi dövlətimizin  beynəlxalq   nüfuzunun  yüksəlməsinə, dünya birliyinin Azərbaycana böyük etimad göstərməsinə səbəb olmuşdur. Respublikamızın iqtisadi potensialının güclənməsi sosial, hüquqi və digər sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir etmişdir.

Bu məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş bir sıra dövlət proqramlarında nəzərdə tutulmuş, Milli Məclis tərəfindən yerli özünüidarəni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” və digər qanunlar yerli özünüidarənin fəaliyyətin yaxşılaşdırmağa yönəlmiş, eyni zamanda insan hüquq və azadlıqlarının  təmin olunması istiqamətində bir sıra zəruri dəyişiklik və əlavələr edilmişdir.

Məhz insan hüquq və azadlıqlarının daha  səmərəli   təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Milli Fəaliyyət Proqramının təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasının hədəflərinə yönəlmişdir.  Çoxşaxəliliyi ilə fərqlənən və çox  mühüm konseptual  sənəd  olan  bu proqramın hazırlanması prosesində mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmuşdur.

Milli fəaliyyət proqramının icrası məqsədilə bələdiyyələr ərizə və şikayətlərə baxılması işini təkmilləşdirməli, onların elektron qaydada qəbulu və rəsmi cavablandırılmasını təşkil etməli, öz fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verməli, həmin məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməli, bələdiyyə qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini və bələdiyyə aktlarının internet-informasiya ehtiyatlarında açıqlanması ilə bağlı işlərini sürətləndirməlidirlər.

Bələdiyyələrdə vətəndaşların qəbulunun günün tələblərinə uyğun olaraq təşkil edilməsi, hər bir müraciətin qeydiyyata alınaraq ona diqqətlə yanaşılıb müsbət həll olunmasına maksimum səy göstərilməsi vacibdirinsan hüquqlarının təmini sahəsində mühüm rol oynayır. Bələdiyyələr vətəndaşların hüquqlarının təminatçısı olmaqla kifayətlənməyərək ərazisində yaşayan hər bir şəxsin hüquqlarının digər qurumlar tərəfindən də pozulmasının qarşısının alınmasına yönələn tədbirlər görməlidirlər. Bu məqsədlə bələdiyyələr tərəfindən hər il dekabrın 19-dan 25-ə kimiYerli demokratiya həftəsi” keçirilir. Həftənin proqramına əsasən, bələdiyyə ərazisində vətəndaşlarla toplantılar keçirilməli, onlara il ərzində görülən işlər, yerli büdcə və qarşıdan gələn yeni ildə görülməsi planlaşdırılan layihələr barədə məlumat verilməli, insanların sıx toplaşdığı yerlərdə poçt qutuları yerləşdirilməli, bələdiyyə daxilində “açıq qapı” günləri və sakinlərin qəbulunu təşkil etməli, “qaynar xətt” yaradılmalı, gələn zənglər cavablandırılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilmişdir ki, həmin reqlament bələdiyyə iclaslarının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını tənzimləyir.

Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyə üzvləri seçiciləri ilə əlaqə saxlayır, onlar qarşısında məsuliyyət daşıyır və 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir. Bələdiyyə  üzvləri bələdiyyənin fəaliyyəti, qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə əhaliyə hesabat verirlər.

Bələdiyyə üzvləri onlara verilmiş təklif, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, qaldırılmış məsələlərin düzgün və vaxtında həlli üçün tədbirlər görür, vətəndaşları qəbul edir, ictimai rəyi öyrənir və məsələlərin həlli üçün bələdiyyənin sədrinə və ya icra aparatına müvafiq təkliflər verirlər.

Bələdiyyənin sədri, onun müavini və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunur. Qanunvericilikdə vətəndaşların qəbulu cədvəlinin bələdiyyənin iclasında təsdiq edilməsi və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarənin və demokratiyanın  inkişafı  məsələlərinə    önəm verilərək görüləcək işlərin dairəsi, o cümlədən yerli büdcənin tərtibinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurları, bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması və s.  kimi önəmli vəzifələr müəyyən edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsi bələdiyyələrə tövsiyə olunmuşdur.

İnsan hüquq və azadlıqlarının təminatı üçün şəffaflığın artırılması məqsədilə respublika Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın 4.1-ci bəndinə əsasən yerli özünüidarə orqanlarının aktlarının 2014-cü il yanvarın 1-dək internet informasiya ehtiyatlarında açıqlanmasının təşkili başa çatdırılmalıdır. Hazırda bu sahədə işlər davam etdirilir. Bələdiyyələr mətbuata olduğu kimi, bütün QHT-lərə də açıq olmalıdır ki, bu əməkdaşlıq daimi olsun və vətəndaş cəmiyyəti bələdiyyələrin əsas partnyorlarından birinə çevrilsin.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin həllində kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə məhəllə komitələri yaradılmışdır. Məhəllə komitələri demokratik prinsiplər və qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında formalaşmışdır. Məhəllə  komitələri mütəmadi  olaraq yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində bələdiyyələr qarşısında vəsatət qaldırır. Məhəllə komitələri yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktlarının layihələrini əhalinin iştirakı ilə açıq iclaslarda müzakirəsini təşkil edərək, müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy və təkliflər verir, şəhərin küçə və meydanlarının, bağların abadlaşdırılması, yaşıllaşdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaqidman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, digər obyektlərin tikintisi, yenidən qurulması, təmiri və  saxlanması  işini təşkil edir. Eyni zamanda ərazidə yaşayan  imkansızlara, xəstələrə və çətin həyat şəraitində olan şəxslərə, ailələrə yardım göstərilməsi bələdiyyənin daim diqqət mərkəzindədir.  Nazirlər Kabinetinin 31 yanvar 2013-cü il tarixli qərarı ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası” təsdiq edilmişdir. Bu qaydalar əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayansosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin son mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Sosial xidmətlərin göstərilməsində şəxsin yaxınları və qanuni nümayəndəsi ilə yanaşı, bələdiyyələr də iştirak edə bilər.

Milli fəaliyyət proqramının icrası məqsədilə bələdiyyə torpaqlarının mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli antropogen təsirlərindən qorunması, torpaqların münbitliyinin bərpası və artırılmasını təmin etmək məqsədilə tədbirlər planı hazırlanmış və planın icrası davam edir.

Əhalinin sağlamlığı, onların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır, eyni zamanda mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə digər məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə  ekoloji  tədbirlər və yerli  əhəmiyyətli digər  tədbirlər həyata keçirilir.

İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan hüquqlarına dair Avropa Konvensiyasının bələdiyyə üzvləri tərəfindən öyrənilməsi üçün tədbirlər görülür, eyni zamanda bələdiyyə üzvləri və qulluqçuları qanunvericiliyin öyrənilməsi məqsədilə kurslara cəlb edilirlər.

İnsan hüquq və azadlıqlarının qorunması və müdafiə olunması sahəsində yerli özünüidarəetmə orqanları olan bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli və daha da inkişaf etdirməlidirlər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturlarından biri olan Göyçay Regional Ədliyyə Şöbəsinin kollektivi regionda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyini artırır, bu yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinin hüquqi bazasını daha da zənginləşdirəcək, onların nüfuzunu daha da yüksəldəcəkdir.

 

Ramin MUSAYEV,

Göyçay Regional Ədliyyə Şöbəsinin məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu.

 Respublika.-2014.- 28 yanvar.- S.3.