Ölkə əhalisinin qazla təminatı yüksək səviyyədə
həyata keçirilir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərıqaz” İstehsalat Birliyi üçün qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən 2013-cü il də tarixə qovuşdu. Bütün qüvvəsini məhz qarşıda duran tapşırıqların icrası istiqamətində səfərbər edən Birlik ötən ili də mühüm göstəricilərlə müşayiət olunan uğurlarla başa vurdu. Söhbət ilk növbədə Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 4 may 2011-ci il tarixli 1490 saylı sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində əldə edilmiş nailiyyətlərdən gedir.
Ötən illərdə olduğu kimi, 2013-cü ildə də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının nailiyyətlərindən bəhrələnən “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qazlaşdırma ilə bağlı tapşırığını vaxtında yerinə yetirməklə yanaşı, qaz təsərrüfatının dinamik inkişafına da nail olmuşdur.
İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq il ərzində 41 rayon üzrə 217 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmiş, qazlaşdırılması hələ 2012-ci ildə yekunlaşmış Ağdam və Qazax rayonlarının ardınca, Balakən və Hacıqabul rayonlarının qazlaşdırılması da tam başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda nitqində qeyd etdiyi kimi, “Bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir. Biz təqribən 90 faizə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. Yəni, bu, daha çox sosial xarakter daşıyan təşəbbüsdür. Biz bunu edirik, etməliyik ki, insanlar qazla təmin olunsunlar”. Təsadüfi deyil ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 1 yanvar 2014-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 647 906-ya çatmışdır.
Qeyd edək ki, 1 yanvar 2014-cü il tarixə qeydiyyata alınmış abonentlərin 19 830-u qeyri-əhali abonentidir. Cari ilin 1 yanvar tarixinə təbii qazla təmin olunmuş 1579 085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 991 əhali abonenti qeydiyyata alınmışdır. Ümumilikdə 01 yanvar 2014-cü il tarixə mövcud olan 1 628 076 əhali abonentindən 167 536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57 708-i Bakı, Abşeron və Sumqayıt, 109 828-i isə regionlar üzrədir. Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş 217 yaşayış məntəqəsi də mühüm paya malikdir.
Onu da qeyd etmək lazımdır ki, ümumilikdə abonentlərin 701 645-i Bakı şəhəri (691 448 əhali, 10 197 qeyri-əhali abonenti), 946 261-i isə regionların (936 628 əhali, 9 633 qeyri-əhali abonenti) payına düşür.
Yeri gəlmişkən, qeyd edim ki, “Azəriqaz” İB-nin fəaliyyəti dövründə (2009-2013-cü illər) ölkədə 490337, o cümlədən Bakı şəhərində 149533, regionlarda isə 340804 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur. Ötən il ərzində əhali abonentlərinin mənzillərində 449157 məişət qaz sayğacı quraşdırılmış və ya əvəz olunmuşdur (o cümlədən 263905 smart kart tipli). 2009-2013-cü illər üzrə isə bu rəqəm 1510492 ədəd təşkil edir ki, bunun da 783260-ı smart-kart tiplidir.
Onu da bildirmək lazımdır ki, smart kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədi ilə köklü şəkildə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır. Belə ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından ötən ildən etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir.
2013-cü ildə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olmuşdur. Belə ki, birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdur. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir.
Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunmuşdu. Göründüyü kimi, irəliləyiş göz qabağındadır. Ümumiyyətlə, bir daha qeyd etmək istəyirəm ki, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, müvafiq qurumlar tərəfindən razılaşdırılmış layihə-smeta sənədlərinin əslini, xarici və binadaxili qaz kəmərlərinin istismara qəbul aktlarını, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır.
Birliyin əsas vəzifələrindən biri olan istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin istehlak olunan qazın dəyərinin istehlakçılar tərəfindən tam həcmdə və vaxtında ödənilməsi sahəsində vəziyyət də ürəkaçandır. Belə ki, yığım səviyyəsinin yaxşılaşdırılması və istehlak olunan qazın dəyərinin tam ödənilməsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. 2013-cü il ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında 101,98 faiz vəsait toplanmışdır. Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalmış və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.
Qeyd edək ki, güzəştsiz əhali üzrə 01 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalmışdır. Yığım faizi isə 102,9 faiz olmuşdur. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faizdir.
(Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınmışdır — 121,44 faiz. Goranboyda bu rəqəm 110,73 faiz, Sabirabadda 109,31 faiz, Gəncədə 106,94 faiz, İmişlidə isə 105,96 faiz olmuşdur. Bakı şəhərinin rayonları içərisində də yüksək göstəricilər var: Sabunçu 107,33 faiz, Suraxanı - 106,30 faiz, Səbail 104,98 faiz. Sumqayıt şəhərinin yığım göstəricisi də yüksək olmuşdur - 105,49 faiz.
Onu da qeyd edək ki, 01 yanvar 2014-cü il tarixə olan məlumata görə, əhali sektoru üzrə 110 686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.
Ötən illərdə olduğu kimi, bu gün də birlikdə qaz təsərrüfatının inkişafı üçün görülən işlər davam etdirilir. Belə ki, müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir, həyətlərdə olan qaz xətləri küçəyə çıxarılır və qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Təbii qaz itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Məsələn, ötən il yerli Qaz istismar sahələri (QİS) tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borular vasitəsilə 423 084 poqonmetr yeni qaz xətti çəkilmiş, 1 560 ədəd qaztənzimləyici və 1 071 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmışdır.
Bir faktı da nəzərə çatdırmaq istərdim. Ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9048,1 km yeni qaz kəməri quraşdırılmışdır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 1774,7 km qaz kəməri əsaslı təmir olunmuşdur.
“Azəriqaz” İB texnoloji qaz itkilərinin azaldılması üçün də bir sıra tədbirlər görür. Belə ki, qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğu və normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Qeyd edək ki, bu ölçü qovşaqları vasitəsi ilə rayon qaz istismar sahələri, müəssisə və təşkilatlar qaz ilə təmin olunur. Ölçü qovşaqlarından keçən qazın sərfiyyatını müəyyən etmək üçün müasir sərfölçmə cihazlarından və elektron tipli sayğaclardan istifadə olunur.
Eyni zamanda, “Azəriqaz” İB-nin qəbul-təhvil nöqtələrində yerləşən hesablayıcıların fıziki və mənəvi cəhətdən köhnəlməsi və istismar müddətlərinin başa çatması ilə əlaqədar yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. “Azəriqaz” İB-nin təhvil-qəbul nöqtələrində on gündən bir aparılan kimyəvi təhlillər zamanı alınan və hesablayıcı avadanlıqların yaddaşına daxil edilən qazın fiziki-kimyəvi göstəriciləri arasında əmələ gələn fərqlərin aradan qaldırılması, bu məqsədlə təhlil avadanlıqlarının quraşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Belə ki, hazırda 15 nöqtədə analizlərin aparılması üçün xromotoqraflar quraşdırılmışdır. Bundan əlavə, “Azəriqaz” İB-nin daxili ölçü qovşaqlarında da yenidənqurma işləri aparılır.
Təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin “on line” rejimində sərfölçən cihazların yaddaşına daxil edilməsi imkanı yaradılmışdır. “Azəriqaz” İB-nin qəbul-təhvil nöqtələrində müasir standartların tələblərinə cavab verən yeni ölçü qovşaqlarının, ölçü qovşaqları üzərində yeni sərfölçmə cihazlarının və qazın fiziki-kimyəvi göstəricilərini təyin edən təhlil avadanlıqlarının quraşdırılması son nəticədə qaz itkilərinin azaldılmasına gətirib çıxarır.
Ötən il həmçinin 2013-cü il üçün QİS-lər üzrə qaz təsərrüfatı pasportlarına yenidən baxılmış, razılaşdırılmış və doldurulmaq üçün sahələrə göndərilmişdir. Eyni zamanda, Bakı və Abşeron yarımadasının qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə əlaqədar 2010-2013-cü illərdə xüsusi proqram təminatında ayrı-ayrı rayonlar üzrə orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron məlumatlar bazasının (elektron xəritələrin) yaradılması işləri davam etdirilmişdir. Qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar (sənaye sayğacları, yeraltı, yerüstü orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, lük, separator və s.) haqqında QİS-lər tərəfindən təqdim edilmiş məlumatlar (tipi, diametri, markası, abonent sayı, ünvanı və s.) dəqiqləşdirilmiş və elektron məlumatlar bazasında yerləşdirilmişdir. Qeyd edək ki, Elektron məlumatlar bazası online rejimdə qaz şəbəkəsinə nəzarət etmək, şəbəkə məlumatlarını yerləşdiyi koordinata uyğun yerində görmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı olmaq baxımından əvəzsiz imkanlara malikdir. Bu bazanın əhəmiyyəti həm də qaz itkilərinin qarşısının vaxtında alınması, abonentlərə qüsursuz xidmət göstərilməsi, qaz verilişinin düzgün tənzimlənməsi və proqnozlaşdırılmasına şərait yaratmasındadır. Elektron xəritələrin daim operativ şəkildə yenilənmək imkanları var. Köhnə xəritələrdən fərqli olaraq, müasir xəritələrdə əks olunan informasiyalar əsasında bir çox məsələlərin həllinə cavab tapmaq mümkündür.
Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də təbii qazdan düzgün istifadə edilməsi qaydalarının yerlərdə bir daha abonentlərin nəzərinə çatdırılması. uyğunluq sertifikatı olmayan qaz cihazlarının istismardan çıxarılması, rezin boru birləşmələrinin ləğv edilməsidir. Tərəfimizdən zirzəmilərdə, yarımzirzəmilərdə təbii qazdan istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər görülür, struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, texnoloji rejimlərin nəzarətdə saxlanılması, abonentlərin növbədənkənar təlimatlandırılmasına nəzarət gücləndirilir. Eyni zamanda, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, ötən il “Azəriqaz” İB üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10878 əhali, 498 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuş, təbii qazdan qeydiyyatsız istifadəyə görə isə 18253 istehlakçı müvafiq “qüsur aktına əsasən abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş “qüsur aktları” əsasında itirilmiş Aktların tərtib olunmasında ötən illə müqayisədə azalma müşahidə olunur, belə ki, 2012-ci illə müqayisədə 1404 “qüsur aktı” az tərtib olunmuşdur.
Bir neçə söz də vətəndaşlardan daxil olan müraciətlər barədə. “Azəriqaz” İB-nin Bakı şəhəri və regionlar üzrə Qaz istismar sahələrinin Qəza-dispetçer xidmətləri tərəfindən bu istiqamətdə icra olunan işlərin səmərəli təşkili, göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin gücləndirilməsi məqsədilə birliyin müvafiq əmrlərinin icrası ilə əlaqədar olaraq “Çağırış vərəqəsi”nin yeni forması hazırlanmışdır. Ümumilikdə 2013-cü ildə “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən 61 821 müraciət qeydə alınmışdır. Müxtəlif xarakterli çağırışlar aidiyyəti üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilmişdir.
Birlik tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Nizami, Yasamal, Goranboy, Şabran, Zaqatala, Naftalan QİS-lər üçün yeni inzibati binalar, bir sıra təşkilatlar üçün işçilərin soyunub-geyinmə otaqları, sanitariya qovşaqları olan binalar tikilərək istifadəyə verilmişdir. Bir sıra tabeli təşkilatların inzibati binalarında və köməkçi otaqlarında təmir-tikinti işləri aparılmış və bu sahədə aparılan işlər davam etdirilməkdədir.
Bundan əlavə, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və ekologiya sahəsində qanunvericiliyin tələblərinin gözlənilməsi, habelə birlikdə beynəlxalq standartların tətbiqi istiqamətində aparılan işlər bütün il ərzində davam etdirilmişdir. Belə ki, il ərzində birliyin strukturuna daxil olan 71 təşkilatda araşdırmalar aparılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı yerlərdəki aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmişdir.
ARDNŞ-in bütün idarə və müəssisələrində olduğu kimi, “Azəriqaz” İstehsalat Birliyində də son illərdə işçilərin əməyinin mühafizə olunmasına, normal əmək şəraitinin yaradılmasına, onların sağlamlığının qorunmasına və bilik səviyyələrinin artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, “Azəriqaz” ARDNŞ-in tabeçiliyinə veriləndən sonra ilk dəfə olaraq birliyin əmri ilə “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin tələblərinə uyğun olaraq aidiyyəti rəhbər və mühəndis-texniki işçilərin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə biliklərinin yoxlanılması üzrə imtahanlara start verilmişdir. Artıq birliyin Abşeron yarımadasında yerləşən qaz istismar sahələrinin və regionlarda yerləşən təşkilatlarının əksəriyyətinin rəhbər işçilərinin və imtahan komissiyası üzvlərinin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanlar yekunlaşmışdır. İmtahanların nəticələri işçilərin böyük əksəriyyətınin əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları üzrə kifayət qədər yüksək biliyə malik olduqlarını nümayiş etdirmişdir. Bu istiqamətdə aparılan işlərin 2014-cü ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları ilə təlimatlandırılması və onların maarifləndirilməsi məqsədilə 2013-cü ilin noyabr ayının 1-dən dekabr ayının 1-nə qədər respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilmişdir. Bu məqsədlə birlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış və bütün struktur bölmələrin rəhbərlərinə göndərilmişdir. Təbii qazdan təhlükəsiz istifadə aylığının keçirildiyi müddətdə birlikdə gücləndirilmiş iş rejiminə keçirilmiş, idarəetmə aparatında və bütün qaz istismar sahələrində məsul şəxslərdən ibarət növbətçilik təşkil edilmişdir.
Təbii qazdan təhlükəsiz istifadə aylığının günün tələbləri səviyyəsində keçirilməsi məqsədilə tərtib olunmuş Tədbirlər Planında qeyd olunmuş tədbirlərin icrası birlik tərəfindən ciddi nəzarətdə saxlanılmış, nəzərdə tutulmuş bir sıra vacib məsələlər birliyin idarəetmə aparatı, həmçinin tabeli təşkilatlar tərəfindən həyata keçirilmişdir. Belə ki, bütün sahələr üzrə Tədbirlər Planı və aylıq növbətçilik qrafikləri tərtib edilmişdir. Ay ərzində xidməti ərazilərdə evdaxili qaz xətlərinə, qaz cihazlarına texniki baxış və profilaktiki xidmətin keçirilməsinə nəzarət gücləndirilmişdir ki, bunun nəticəsi olaraq 93745 abonentin mənzilinə texniki baxış keçirilmiş və 371608 abonentə təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə əlaqədar növbədənkənar təlimatlar keçirilmişdir.
Təbii qazdan təhlükəsiz istifadə qaydalarına dair QİS-lər tərəfindən abonentlərə ay ərzində 312180 ədəd bukletlər paylanılmış, insanların daha çox cəmləşdiyi yerlərdə, həmçinin təhsil və səhiyyə müəssisələrində qazdan təhlükəsiz istifadə qaydalarını əks etdirən 9124 ədəd plakat və məlumat vərəqələri yerləşdirilmişdir. “Qaz təsərrüfatında Təhlükəsizlik Qaydaları”na zidd olaraq təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılmış, 95 abonent barədə hüquq-mühafizə orqanlarına müraciət edilmiş, 370 abonentə cərimə hesablanmışdır. Xidmət sahələrində ay ərzində 8654 sayda qeyri-standart qaz cihazları istismardan çıxarılmış, 2950 abonentin istifadə etdikləri rezin birləşmələri kəsilmiş, 479 abonentin isə qaz cihazları tüstü bacalarına qoşulmadığından onların qaz təchizatı dayandırılmışdır.
Ötən ildə “Azəriqaz” İB-də OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və İSO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” standartlarının tətbiqi ilə bağlı Birliklə Türk Standartları İnstitutu (TSE) arasında müqavilə bağlanılmışdır. Qısa müddət ərzində ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin dəstəyi ilə görülmüş işlər nəticəsində Birlik qeyd edilən beynəlxalq standartların sertifikatına layiq görülmüş və dekabr ayında həmin sertifikatlar təntənədi surətdə “Azəriqaz” İB -yə təqdim olunmuşdur.
“Azəriqaz” İstehsalat Birliyinin layiq görüldüyü beynəlxalq sertifikatların əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq standartların tətbiqi ilə bağlı müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsi daim rəhbərliyin diqqət mərkəzində saxlanılmaqdadır.
Təbii ki, biz əldə olunmuş uğurlarla kifayətlənmək niyyətində deyilik. Ona görə də çalışacağıq ki, 2014-cü ili də yüksək nailiyyətlərlə başa vuraraq ölkənin qaz təsərrüfatının inkişafına öz layiqli töhfəmizi verək.
Əkbər HACIYEV,
ARDNŞ-in “Azəriqaz” İstehsalat
Birliyinin Baş direktoru.
Respublika.-2014.- 28 yanvar.- S.4.