Müasir ekoloji böhran və onların həlli yolları

 

 

 Müasir ekoloji problemlər müəyyən bölgənin, hətta materikin deyil, öz mahiyyəti etibarı ilə bütün bəşəriyyətin mənafeyinə toxunur. Bu qlobal problemin aradan qaldırılması yalnız bütün ölkələrin və dövlətlərin birgə əməkdaşlığı, səyi sayəsində mümkün olacaqdır. Təsadüfi deyildir ki, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri ətrafında bütün dünyada ciddi mübahisələr gedir, dünya ictimaiyyəti, hökumətləri, beynəlxalq təşkilatlar, elm xadimləri ekoloji problemin mahiyyətini, onun mövcud olma səbəblərini və aradan qaldırılması yollarını axtarırlar.

Müasir ekoloji böhranın mahiyyətini cəmiyyətlə təbiət arasında ziddiyyətlərin son dərəcədə kəskinləşməsi təşkil edir. Müasir ekoloji problemlərin təşəkkülü, formalaşması ictimai inkişafın obyektiv təzahürü, qanunauyğun nəticəsi olub, bütövlükdə cəmiyyətin sosial tərəqqisi ilə bilavasitə bağlıdır.

Tarix sübut edir ki, insanların həyat fəaliyyətini iki inkişaf xətti—cəmiyyətin təbiətə və onların bir-birinə olan münasibəti müəyyən edir. Təbiət vahid sistem şəklində olmasına baxmayaraq, burada baş verən proseslər zaman və məkan etibarı ilə qeyri-bərabər cərəyan edir. Bu hal, təbii sistemin tarazlığının vaxtaşırı pozulmasına səbəb olsa da, kortəbii qüvvələrin qarşılıqlı təsirinin nəticəsi olan ümumi qanunlar prosesin genişlənməsinə imkan vermirdi. Təbiətin ekoloji inkişafı tarazlığın daim pozulması və bərpa olunması prosesi şəraitində cərəyan edirdi.

İnsan təbiətə fəal, məqsədyönlü təsir göstərməyə, öz tələbatını ödəmək üçün təbiətdə hazır şəkildə mövcud olmayan məhsulları istehsal etməyə başladıqda isə vəziyyət dəyişdi. Bu isə sonradan təhlükəli nəticələrə gətirib çıxartdı.

Cəmiyyətin təbiətlə qarşılıqlı təsirinin ilkin mərhələsində iqtisadiyyat mənimsəməyə əsaslandığından və sosial həmcinslik hökm sürdüyündən insanla təbiət arasında mövcud olan münasibətlər həmahəng idi. İnsanların oturaq həyata və əkinçiliyə, mənimsəmədən maddi nemətlərin istehsalına keçməsi məhsuldar qüvvələrin mahiyyət və forma cəhətdən əsaslı surətdə dəyişməsinə səbəb oldu. Təbii məhsuldar qüvvələri ictimai məhsuldar qüvvələr əvəz etdi.

Təbiətlə cəmiyyətin qarşılıqlı təsirinin ziddiyyətli xarakteri özünü onda təzahür etdirir ki, maddi istehsalın gedişində insan bir tərəfdən kortəbii qüvvələrin hökmranlığından getdikcə daha çox azad olur, digər tərəfdən isə cəmiyyətin təbiətlə sıx birliyi yaranır, istifadə etdiyi təbii ehtiyatların əhatəsi genişlənir, öz həyat fəaliyyətində enerjinin yeni növlərindən daha çox intensiv şəkildə istifadə edir.

Qeyd etməliyik ki, təbiət qanunlarını dərk edib, onlara əməl etmədən təbiət üzərində “ağalıq” etmək olmaz. Təsadüfi deyildir ki, təbiət üzərində ilk qələbələri ilə öyünən insan sonradan çox acınacıqlı vəziyyətlə üzləşdi, təbiətin intiqamına, qisasına məruz qaldı. Burada xüsusi qeyd etmək lazımdır ki, fəaliyyətin genişlənməsi nəticəsində yalnız insanın yaşadığı təbii şərait deyil, nəticə etibarı ilə insan özüböyük çətinliklərlə qarşılaşdı. İlk dövrlərdə bu, lokal xarakter daşıyırdı, anormal vəziyyəti təbiətin özü aradan qaldırırdı. İnsanın fəaliyyətin forma, həcm və istiqamətinin əsaslı surətdə genişlənməsi nəticə etibarı ilə ətraf mühitə neqativ təsiri də qüvvətləndirdi. Təbiətin korlanması geniş miqyas aldı. Təbiəti “zəbt” edən insan özünün həyat fəaliyyətinin təbii əsaslarını xeyli dərəcədə sarsıtdı, təbiətin özünəməxsus tarazlığı pozuldu, təbiətlə cəmiyyət arasında dərin antaqonizm yarandı, qlobal ekoloji fəlakətlərlə üzləşdi.

Təbiətin tarazlığının pozulması hallarının çoxu insan fəaliyyətinin təbii qanunauyğunluqlara müvafiq gəlməməsi ilə bağlıdır. İnsan təbii qanunları öyrənib öz fəaliyyətində onlara uyğun hərəkət etməyi bacarsaydı indi mövcud olan çətinliklərin xeyli hissəsindən yaxa qurtara bilərdi.

Planetin tarixində müasir ekoloji böhranlar və hadisələr dəfələrlə biosferi sarsıtmış, canlı aləmin genetik tərkibini əsaslı surətdə dəyişdirmişdir. Bu faciələr geoloji proseslərlə bağlı olmuşdur. Bəşəriyyət gələcəkdə də bu cür hadisələrlə qarşılaşa bilər. Odur ki, bu gün insanları mövcud qlobal ekoloji böhran daha çox narahat edir. Ekoloji böhranın əmələ gəlməsi və formalaşması səbəblərinin araşdırılması göstərir ki, burada kompleks xarakterli ümumi amillər və təsir gücünə malik xüsusi faktorlar mühüm rol oynamışdır. Cəmiyyətlə təbiət arasında ziddiyyətlərin kəskinləşməsi, elmi-texniki inqilabın sürəti və qeyri-bərabər inkişafı, ekstensiv istehsal üsuluna uzun zaman üstünlük verilməsi, zəhmətsiz gəlirin sosial məqsədin başlıca prinsipinə çevrilməsi, təbiətə praktik münasibətin azğınlığı və s. bu qəbildəndir. Bunu da əlavə etmək lazımdır ki, təbii şəraitə, ekoloji duruma sarsıdıcı zərbə vurmuş çoxsaylı müharibələr, əhalinin sürətli artımı, urbanizasiyanın genişlənib qüvvətlənməsi də prosesə təsir göstərmişdir.

Ekoloji problemin indiki zamanda kəskinləşməsi həm də bir sıra subyektiv amillərlə bağlıdır. Sənaye istehsalının tənzim edilməməsi, istehsal obyektlərinin yerləşdirilməsində zərərli nəticələrin nəzərə alınmaması, suyun bioloji yolla təmizlənməsinə, sənaye tullantılarından istifadə edilməsinə diqqət yetirilməməsi subyektiv amillərə nümunədir.

Öz miqyası və ciddi fəsadları cəhətdən ekoloji böhran qlobal xarakterli problemlər içərisində—müharibə və tərki-silah məsələsindən sonraikinci yerdə durur. Bu, bir sıra səbəblərlə bağlıdır.

İlk olaraq qeyd edək ki, insan fəaliyyətinin hüdudları yalnız biosferi əhatə etməklə kifayətlənməmiş, hətta kosmik məkana da geniş yayılmışdır. İkincisi, biosferin istehsal imkanı ilə ictimai istehlakın artımı arasında olan təbii ziddiyyətlər indi elə bir kəskin xarakter almışdır ki, bəşəriyyətin elmi-texniki və istehsal-təsərrüfat potensialının daha böyük hissəsini məhz onların həll edilməsinə doğru istiqamətləndirməyi tələb edir. Üçüncüsü, cəmiyyətin məskunlaşdığı ərazidə təbii şəraitin pisləşməsi tarixən qərarlaşmış təbii əlaqələrin və münasibətlərin pozulmasına gətirib çıxarmış və dünyada ekoloji tarazlığın sabitliyi üçün real təhlükə yaranmışdır. Odur ki, müasir mədəniyyətin tərkib hissəsinə çevrilmiş iqtisadi-sosial-ekoloji görüşlər, ideya və konsepsiyaların axtarılması cəmiyyətin bütün həyat fəaliyyəti sahələrində mühüm və əhəmiyyətli dərəcədə rol oynayır.

Ətraf mühitin korlanması nəticəsində bəşəriyyəti müxtəlif xarakterli çoxsaylı təhlükələr narahat edir. Atmosfer, su hovuzları və torpaqlar neft tullantıları ilə çirklənir, torpaq şorlaşır, meşələr, sumineral ehtiyatlar tükənir. Atmosferdə müxtəlif ziyanlı maddələrin fasiləsiz surətdə geniş yayılması, ozon qatının tədricən çirklənməsi müşahidə olunur. Dağ-mədən işlərinin düzgün aparılmaması nəticəsində məhsuldar torpaqların və meşə ehtiyatlarının xeyli hissəsi məhv edilir. Nadir heyvanların, bitki növlərinin yoxa çıxmasına gətirib çıxarır, insan genofondunun korlanması üçün zəmin yaradır. Bütün bunlar təbiətdən istifadə edilməsi prosesini rasionallaşdırmağı, təbiətlə cəmiyyət, iqtisadiyyatla ekologiyanın qarşılıqlı əlaqəsinin optimal həllini axtarıb tapmağı zəruri edir.

Dünyada cəmiyyət, təbiət və insan arasında qarşılıqlı münasibətlərin bütün tip və formalarını—təbii, iqtisadi-sosial, siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni amilləri, beynəlxalq hüquqi məsələləri məcmu halda ehtiva edən ekoloji böhran olduqca mürəkkəb, çoxşaxəli, müxtəlif istiqamətli, kompleks hadisədir. Bu hal, onun həlli yolları və vasitələrinin də çoxşaxəliliyini şərtləndirir.

Beynəlxalq miqyasda insan fəaliyyətinin təbii sərvətlərin və məhsuldar qüvvələrin tənzimləyicisi səviyyəsinə yüksəlməsi, insanla təbiətin qarşılıqlı əlaqəsinin yeni ahəngdarlığının bərqərar olması, təbiət vasitəsilə insanın, insan vasitəsi ilə isə təbiətin inkişafı, insanın təbiətə münasibətinin humanistləşməsi xüsusi önəm kəsb edir. Bu problemlərin reallaşması prosesində cəmiyyətlə təbiətin harmonik inkişafının kompleks müasir ekoloji proqramı nəzərdə tutan iqtisadi-sosial siyasətin həyata keçirilməsi mühüm rol oynayacaqdır. Ekoloji tarazlaşdırma strategiyasının əsas məqsədini ən əlverişli sağlam həyat şəraitinin bərqərar olmasının üsul və vasitələrinin müəyyən edilməsi təşkil edir.

Ekoloji problemlərin təsirli həlli yollarından birimüasir elmi-texniki tərəqqinin sürətli inkişafı, ilk növbədə onun nailiyyətlərindən geniş və hərtərəfli istifadə edilməsinin ön plana çəkilməsi, problemlərin həllinə dövlət tərəfindən nəzarətin güclənməsidir.

Yeri gəlmişkən qeyd edək ki, ekoloji böhranın aradan qaldırılması məsələsində elmi-texniki tərəqqinin roluna münasibət birmənalı deyildir. Bəzi Qərb və Şərq sosioloqları ekoloji böhranı elmi-texniki inqilabın bilavasitə nəticəsi hesab edərək onun rolunu inkar edir, nikbin mövqedə duran sosioloqlar isə bu problemin aradan qaldırılmasında onun müsbət, hətta əsas rol oynayacağına inam bəsləyirlər.

Cəmiyyətin çoxcəhətli fəaliyyəti təbii şəraitə yalnız neqativ deyil, eyni zamanda ciddi müsbət təsir göstərir, iqtisadi mənafe naminə həyata keçirilən təsərrüfat tədbirləri planetin bioloji ehtiyatlarını artırır, ekoloji sistemi yaxşılaşdırır.

İnsanın təbiətlə münasibətlərinin elmi prinsiplər əsasında qurulması sayəsində güclü istehsal mədəniyyəti formalaşır, mükəmməl, keyfiyyətcə daha müasir avadanlıqlar istehsal edən qabaqcıl ölkələr iqtisadi inkişafı sürətləndirmək, həm də yeni texnologiyanın satışından faydalanmaq imkanı əldə edirlər.

Məhsuldar qüvvələrin təbii ehtiyatlardan səmərəli istifadə prosesi bir tərəfdən insanların artmaqda olan rasional tələbatlarını ödəməyə imkan verməli, digər tərəfdən isə bu tələbatların ödənilməsinin mənbəyi kimi onu sənaye istehsalı ilə təbii mühitin bioloji sabitlik arasında tarazlığı saxlamağı təmin etməlidir. İndi insanın istehsal fəaliyyətinə ekoloji-iqtisadi mövqedən yanaşılması zəruridir.

Qapalı ekoloji sistemlərdən fərqli olaraq təsərrüfat sistemlərində təbiətin yaratdığı məhsullardan çox az istifadə olunur. İstehsala cəlb olunmuş təbii materialların 1,5 faizi hazır məhsul kimi istifadə olunduğu halda, təxminən 98,5 faizi istehsalın tullantısına çevrilir. Bu hal təbiətə ciddi təsir göstərir, böyük zərbə vurur. Deməli, istehsalın təbiətə ciddi təsiri onun miqyasının genişlənməsindən daha çox, istehsalın texnologiyasının xarakterindən asılıdır. Ekoloji cəhətdən təmiz, aztullantılı, azenerjili və tullantılardan yenidən istifadə edilməsinə imkan verən texnologiyanın geniş tətbiq edilməsi önəmli vəzifəyə çevrilir.

Müasir dövrdə alternativ enerji mənbələrindən geniş istifadə mühüm əhəmiyyət daşıyır. Günəş, külək, dəniz və Yer təkinin qüvvəsindən daimi enerji mənbəyi kimi istifadə edilməsi energetikanın gələcək inkişaf istiqamətlərini təşkil edəcəkdir.

Qloballaşan dünyada müasir ekoloji problemləri xeyli dərəcədə elmi-texniki tərəqqi doğurmuşdur. Lakin onu daha da inkişaf etdirmədən ekoloji böhrandan xilas olmaq da mümkün deyildir. İctimai inkişafın dialektikası elmi-texniki tərəqqini dayandırmağı və ya zəiflətməyi deyil, onu yenidən səmtləşdirmək şərti ilə inkişafını sürətləndirməyi tələb edir.

Biosferin gələcəyi, təkamülü getdikcə daha çox cəmiyyətin məqsədəuyğun addımları ilə müəyyən olunmağa başlayır. Təbiətin mühafizəsinin elmi təşkilinin həyatın və sivilizasiyanın qorunub saxlanmasının zəruri şərtinə çevrildiyi indiki zamanda insanların ümumixüsusi ekoloji mədəniyyətini, ekoloji şüurununekokoji davranışının yüksək səviyyəyə çatdırılmasını tələb edir. Təbiəti saflaşdırma, onun nemətlərindən səmərəli istifadə etməklə korlanmasının qarşısını almaq təbii şəraitlə ünsiyyətin forma və metodlarını sağlamlaşdırmaq şüurlu fəaliyyəti qüvvətləndirməyi, ekologiyanın əxlaqi-etik problemlərini ön plana çəkməyi zərurətə çevirib.

Ekoloji böhranın aradan qaldırılması üçün ilk növbədə insanların ekoloji dünyagörüşünün formalaşmasına nail olmaq vacibdir. Ekologiyanın mühüm problemlərinin aliorta məktəblərdə tədris edilməsi ekoloji-etik prinsiplərin intişarı işinə xeyli yardım edər, hər bir adamın ətraf mühitin mühafızəsində fəal, səmərəli fəaliyyət göstərməsinə daha yaxşı şərait yaratmış olar.

Dünya praktikası sübut edir ki, təbiətlə qarşılıqlı münasibətdə kortəbiilik elementlərini getdikcə məhdudlaşdırmaq, mütəşəkkil, şüurlu, yaxın və uzaq nəticələri nəzərə almaq şəraitində fəaliyyət göstərmək yeganə çıxış yoludur.

 

Dağıstan YUSİFOV,

AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, k/t elmləri üzrə fəlsəfə doktoru, professor.

 Respublika.-2014.- 28 yanvar.- S.5.