Mərdəkan Mədəniyyət
sarayı fəaliyyətini genişləndirir
Bakı şəhərinin Xəzər rayonu özünəməxsusluğu, o cümlədən mədəni həyatı ilə daim sayılıb-seçilmişdir. Rayonda mədəniyyətin inkişafı həmişə diqqət mərkəzində olmuşdur. Özünəməxsus fəaliyyəti və ənənəsi olan Mərdəkan mədəniyyət sarayı fəaliyyətə başladığı gündən əhalinin asudə vaxtını səmərəli keçirmək üçün mərkəz rolunu oynayır.
Sarayın kollektivi rayon əhalisinin, ələlxüsus gənc nəslin mənəvi və estetik zövqünü formalaşdırmaq üçün daim axtarışdadır. İndi sarayda fəaliyyəti genişləndirmək üçün daha münbit şərait yaradılmışdır. Sarayın maddi-texniki bazası müasir tələblərə cavab verəcək dərəcədə yeniləşdirilmişdir.
Mərdəkan mədəniyyət sarayı 1961-ci ildən istifadəyə verilməsinə baxmayaraq, orada bir dəfə də olsun əsaslı təmir işləri aparılmamışdır. Lakin 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan deputat seçilmiş millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə tapşırığı və təşəbbüsü ilə saray əsaslı təmir edilmiş, burada yenidənqurma işləri aparılmış, qəsəbə əhalisinin mədəni tələbatını nəzərə alaraq 374 nəfərlik böyük, 150 nəfərlik kiçik zal, rəqs salonları, vidieomonitor, işıq və səs sistemləri istifadəyə verilmişdir. Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir.
Yaradılmış şəraitin nəticəsidir ki, son aylar saraya gələnlərin sayı durmadan artır. Geniş fəaliyyət, yaradılmış şərait hesabına sarayda bədii özfəaliyyət, texniki dərnəklərin, pullu və pulsuz kursların sayı durmadan artır. Bu mədəniyyət ocağının direktoru, təcrübəli mədəniyyət işçisi, ali ixtisas təhsilli rejissor Vüqar Ağayevlə söhbət edərkən o bildirdi ki, indi sarayda tikmə-biçmə, rəqs, məktəbəqədər hazırlıq, ilkin tibbi yardım, gitara, rəsm, qadın bərbəri, keramika, kompyuter kursları fəaliyyət göstərir. Bu kurslar uşaq və yeniyetmələrin asudə vaxtlarını bu peşələri öyrənməyə sərf etməklə səmərəli keçirməyə səbəb olur. Azərbaycan Respublikasının əməkdar müəllimi Xanlar Bəşirovun rəhbərldik etdiyi “Qartallar” rəqs kollektivi indi nəinki mərdəkanlı uşaqların, eyni zamanda rayonun digər məktəblərində oxuyan uşaqların da diqqətini çəkir. Bu rəqs qrupu dəfələrlə xarici ölkələrdə respublikamızı uğurla təmsil etmişdir.
Mədəniyyət sarayında 8 pullu dərnəkdə 139 uşaq məşğul olur. Burada 5 pulsuz dərnək də fəaliyyət göstərir. Dram, “retro” instrumental ansamblı, “Lalələr” rəqs qrupu, “Azərbaycan qartalları” rəqs qrupu və keramika kurslarının xidmətindən onlarca uşaq və yeniyetmə bəhrələnir.
Onu da qeyd etmək lazımdır ki, rayon rəhbərliyinin diqqət mərkəzində olan Mərdəkan mədəniyyət sarayı bir sıra respublika əhəmiyyətli tədbirlərə də ev sahibliyi etmişdir. Belə ki, xalq teatrlarının işinin daha da səmərəli təşkili, xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə ənənəvi olaraq xalq teatrı festivalı, mədəniyyət işçilərinin II spartakiadasının qrup yarışları, gül bayramı, əlillər günü, o cümlədən rəsm, şahmat müsabiqələri keçirilir. Belə ki, burada təşkil edilən 20 Yanvar şəhidlərinə həsr edilən “Şəhidlər bizim and yerimizdir”, M.Ə.Rəsulzadənin 129-cu ildönümünə həsr olunmuş “İnsanlara hürriyyət, millətlərə istiqlal” elmi-kütləvi konfrans, Xocalı soyqırımına həsr olunmuş Xəzər rayon məktəblərinin əl işlərindən ibarət sərgi və s. tədbirlər keçirilmişdir.
Mərdəkan mədəniyyət sarayında təkcə keçən il 44 kütləvi tədbir keçirilmişdir ki, bu tədbirlərdə 7460 nəfər iştirak etmişdir. Bir sözlə, Mərdəkan mədəniyyət sarayı inkişaf yolundadır.
Zabit CAVADOV
Respublika.-2014.- 28 yanvar.- S.6.