Azərbaycanın beynəlxalq
nüfuzu artır və əlaqələri
genişlənir
2013-cü
il artıq
tariximizin bir səhifəsinə çevrilib.
Azərbaycan bu dövrdə hərtərəfli
uğurların yeni, daha
yüksək pilləsinə öz
imzasını yazdı. Regionların sosial-iqtisadi
inkişafı üzrə ikinci Dövlət
Proqramı uğurla icra
olunub. Azərbaycan Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və 2014-cü ildə qarşıda duran
vəzifələrə həsr olunmuş
iclasındakı nitqində ötən ildəki davamlı iqtisadi inkişafın yekunları barədə
demişdir: “Deyə bilərəm ki, bütövlükdə keçən il ölkəmiz üçün
uğurlu il olmuşdur. Azərbaycanda böyük
işlər görülmüşdür...
2013-cü ildə ölkəmizin dinamik
inkişafı təmin edilmişdir. Azərbaycanda
böyük layihələr icra edilmişdir, ölkəmizin
beynəlxalq nüfuzu artmışdır.
Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir.
Bir sözlə, ölkəmizin uğurlu inkişafını təmin edə bildik”.
Bu yüksəlişdə ölkənin xarici siyasətinin də çox uğurlu rolu olmuşdur. Belə ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası, multikulturalizmə malik dövlət, mədəniyyətlərarası mərkəz kimi imicinin möhkəmlənməsi, beynəlxalq aləmdə birmənalı qəbul olunması nüfuzunu daha da artırmış və dostlarının sayını çoxaltmışdır. Aydındır ki, 2013-cü ildə dövlətimizin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün müddəti başa çatmışdır. Şurada üzvlüyün yaratdığı imkanlardan tam və səmərəli istifadə edən Azərbaycan bir sıra vacib məsələlərdə öz prinsipial mövqeyini ortaya qoymuşdur. Baş verən müxtəlif xarakterli proseslərdə beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, münaqişələrin qarşısının alınması və ədalətlə həll edilməsi, bu zaman mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərqdə sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərindəki vəziyyət Azərbaycanın böyük əhəmiyyət verdiyi məsələr sırasında idi. Təhlükəsizlik Şurasına iki dəfə sədrliyi zamanı ölkəmizin təşkil etdiyi təbbirlər və müzakirə olunan mövzular mühüm əhəmiyyət kəsb edib və dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu gün terrorla mübarizə dünyanı ən çox narahat edən problemlərdən biridir. Azərbaycan bu bəşəri faciəni yaşayan bir ölkə kimi ona qarşı mübarizənin ön xəttindədir. Təsadüfi deyil ki, ölkəmiz aniterror koalisiyasının fəal üzvüdür. Azərbaycan BMT TŞ-yə qeyri-daimi üzvlüyü zamanı bu problemə də xüsusi diqqət yetirmişdir. 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkldaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. Yekun sənəd kimi Təhlükəsizlik Şurasının bəyanatı qəbul olunmuşdur. Bu sənəddə terrorçuluğun bütün forma və təzahürləri pislənmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanmışdır. Bundan başqa, müasir dövrün daha bir mühüm beynəlxalq problemi olan dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi, terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycanın sədrliyi ilə qəbul edilmiş bu bəyanat dünyada sülhü, sabitliyi, dinc-yanaşı yaşamanı, dinlər və mədəniyyətlər arasında hörmət, dialoq və qarşılqlı anlaşmanı, iqtisadi, sosial və siyasi dialoqu, səmərəli, hər bir tərəfə sərfəli olan əməkdaşlığı təmin etməyə yönələn çox mühüm bəşəri
əhəmiyyətli sənəddir. Müasir dünyamızda bir sıra beynəlxalq siyasi qüvvələr islamı terrorçu din kimi təqdim etmək üçün müxtəlif aksiyalara əl atır, islamafobiyanı tətbiq edir və s. Müsəlman ölkələrində siyasi kataklizmlər də səngimir. Bunların da arxasında müxtəlif beynəlxalq siyasi qüvvələrin olması aşkardır. Bu və digər halların qarşısını almaq üçün dünyanın əsas ictimai-siyasi qüvvələrini birləşdirən Birləşmiş Millətlər Təşkilatı ilə İslam Əməkdaşlıq Təşkilatı bir araya gəldi. Oktyabrın 28-də Təhlükəsizlik Şurasının BMT-nin baş katibi Pan Gi Munun və İƏT-in sabiq baş katibi Ekmələddin İnsanoğlunun iştirakı ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda TŞ tarixində ilk dəfə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə yüksək səviyyəli iclası təşkil olunmuşdur. Nəzərə alsaq ki, İƏT 50-dən çox dövlətin və üzv ölkələrin bir milyarddan çox əhalisini təmsil edir, bu zaman bu tədbirin əhəmiyyətini çox aydın görmək olar. Təhlükəsizlik Şurasının sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırki vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilmişdir. Təşkil olunan müzakirələrdə də çox mühüm məsələlər barədə fikir mübadiləsi edilmişdir. Qeyd olunan ayda beynəlxalq sülhün təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının iş metodları da açıq müzakirələrin mövzusu olmuşdur.
BMT TŞ-də üzvlük zamanı Azərbaycanın mövqeyi ona çox müsbət imic qazandırmışdır. Çünki ölkəmiz dünyada ədaləti, əmin-amanlığı, sabitliyi, dinc birgəyaşayışı və geniş beynəlxalq əməkdaşlığı və qarşılıqlı mənafeni bərqərar edən inteqrasiyanı, bir-birinin daxili işlərinə qarışmamağı, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını müdafiə etmiş, beynəlxalq siyasət meydanında müvafiq hüquq normalarının qorunmasını nümayiş etdirmişdir.
Təbii ki, Təhlükəsizlik Şurasında üzvlük zamanı milli maraqlarımızın qlobal səviyyədə qoruna bilməsi hər bir azərbaycanlını düşündürən məsələdir. Bu gün nəinki ölkəmizin hər bir vətəndaşına, həm də dünya dövlətlərində yaşayan soydaşlarımıza artıq bəllidir ki, dövlətimiz siyasi və iqtisadi müstəvidə müstəqil siyasət sahibidir və bu mövqe daim möhkəmlənir. Beləliklə, ölkəmizin həm sosial-iqtisadi sahədəki davamlı uğurları, dünya iqtisadiyyatına çox uğurlu inteqrasiyası, daim genişlənən beynəlxalq əməkdaşlığı, üstəgəl BMT TŞ-də çox pozitiv fəaliyyəti onun imicini daha da yüksəltmiş, güclü nüfuz qazandırmışdır. Müasir dövrdə dünya iqtisadiyyatına inteqrasiya olduqca əhəmiyyətli prosesdir. Bu gün Yer kürəsində sosial mənzərə çox gərgindir. Bir sıra regionlarda milyonlarla insan aclıq, yoxsulluq içindədir, digər tərəfdən ekoloji fəlakətlər ara vermir, siyasi münaqişələr, sosial patlayışlar davam edir. Diqqət etdikdə aydın olur ki, bu kataklizmlərin aradan qaldırılmasında qarşılıqlı mənafeləri təmin edən beynəlxalq inteqrasiyanın alternativi yoxdur. Azərbaycanın xarici siyasətində bu xətt əsas olduğu üçün uğur da davamlıdır. Hazırda ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı daim genişlənir. Ötən il Azərbaycanın təşəbbüsü ilə Fələstinə yardım məqsədilə İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə donor konfransı keçirilmişdir və ölkəmiz Fələstinə yardım etmişdir. Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələri mütəmadi surətdə genişlənir və yüksək mərhələyə qalxır.
Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin qurulduğu barədə deyib: “Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Hazırda təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir. Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik”. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyaya və Avropanın da bu əlaqələrə verdiyi əhəmiyyəti görmək üçün nüfuzlu mütəxəsislərin və müvafiq qurum təmsilçilərinin rəylərinə nəzər salmaq kifayətdir. Məsələn, Çepmen Universitetinin “Dünya təhsili” proqramının direktoru Sakit Okean Beynəlxalq Siyasət Şurasının Avrasiya Komitəsinin sədri professor Ceyms Koyl ABŞ-da dərc olunan populyar “The Orange County Register” qəzetində “Azərbaycan - Qafqazın Küveytidir?” sərlövhəli məqaləsində enerji təhlükəsizliyində ölkəmizin rolunu yüksək dərəcədə artmasını qeyd etmiş və demişdir ki, 2009-cu ilin qışında, soyuq yanvar günlərində Rusiyadan Ukraynaya təbii qaz satışına görə borclar və qazın satış qiymətləri ilə əlaqədar Rusiya ilə Ukrayna arasında kommersiya mübahisəsi ucbatından Avropaya qaz nəqlində fasilələr yarandı. Bu hadisədən sonra Avropa Xəzərdə hasil olan qazın qitəyə nəql edilməsi qərarını aldı. Hazırda TANAP layihəsi reallaşandan sonra 16 milyard kubmetr Azərbaycan qazı bu kəmərlə nəql ediləcəkdir. Bu həcmin 6 milyardı Türkiyə, 10 milyard kubmetri isə TAP vasitəsilə Avropa ölkələri tərəfindən istehlak olunacaqdır. Cənub Qaz Dəhlizini təşkil edən bu layihələr Avropanın tələbatının 20 faizini ödəyəcəkdir. Cənub dəhlizi Yaxın Şərqdən həm də əlavə qaz qəbul etmək üçün potensial imkana malikdir. Müəllif qeyd edir ki, beləliklə, Avropanın energetik müstəqilliyi Azərbaycanın təbii qazından başlayır.
Hər bir iqtisadi prosesin siyasi əhəmiyyəti də şəksizdir. Təbii ki, Azərbaycanın təbii qazı ilə öz sosial-iqtisadi tələbatını ödəyəcək həmin ölkələr dövlətimizin dostları sırasına qatılacaqlar. Sözsüz ki, bu proses bir daha Azərbaycanın dünya iqtisadiyyatında önəminə yüksək qiymət verəcək, sözünü daha kəsərli və keçərli edəcək, nüfuzunu artıracaqdır. Azərbaycanın artan beynəlxalq nüfuzunun bir göstəricisi də budur ki, dünyanın bir nömrəli iqtisadi qurumu Dünya İqtisadi Forumu - Davos Forumunun toplantısı Bakıda keçirilmişdir. Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq forumlarının ölkəmizin paytaxtında keçirilməsi isə artıq ənənə halını almışdır.
Dövlətimizin xarici siyasətində prioritet olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyiş əldə edilə bilməmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi və məqsədyönlü siyasəti nəticəsində ədalətin öz yerini tutması prosesi pozulur. İşğalçı dövlət zəbt etdikləri ərazini qaytarmamaq niyyətilə vaxtı uzadır, həm də yenidən ərazi iddiaları qaldırır. Ermənistan rəsmiləri Azərbaycanın öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanı tükəndikdə, hərbi yola əl ata biləcəklərini bütün beynəlxalq aləmə bəyan etmələrindən də narahat olduqlarını gizlətmirlər.
Dünyada azərbaycanlıların sayı təqribən 50 milyondur. Üstəlik xalqımızın nümayəndələri günü-gündən daha sıx birləşir və təşkilatlanırlar. Azərbaycanın da bir dövlət kimi qüdrətinin artması davamlı və sabit şəkil alır. Ölkənin dostları, strateji tərəfdaşları, əlaqələri də daim artır. Belə ki, 2009-cu ildən başlayan, hələ də fəsadları aradan qaldırıla bilinməyən beynəlxalq maliyyə və iqtisadi böhran da bu ölkənin inkişafını dayandıra bilmədi. Elmi-praktik baxımdan əsaslandırılmış çoxşaxəli iqtisadiyyat, beynəlxalq təcrübə və texniki tərəqqinin tətbiqi ilə
reallaşdırılan nəhəng layihələr, əksinə, Azərbaycanı daha yüksək inkişaf mərhələsinə çatdırmaqdadır. Xarici yardıma, lobbilərinə və diasporuna arxalanan, bir sıra beynəlxalq qüvvələrin siyasi ambisiyalarına xidmətlərinə ümid edən ermənilərin mövqelərinin getdikcə zəiflədikləri göz önündədir. Dövlət başçısı ölkəmizin Ermənistanla nisbətdə müqayisəedilməz dərəcədə inkişaf etdiyi və gücləndiyi barədə vurğulamışdır: “Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim potensialımız güclənir, böyüyür, artır. Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistan rəsmi orqanları da təsdiq edir. Buna görə də əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial... Artıq biz buna nail ola bilmişik, və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir... Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir”.
Azərbaycanın beynəlxalq əməkdaşlığının sərhədləri bütün qitələrdə durmadan genişlənir. Ölkə Avrasiya məkanında mühüm istehsalçı, istehlakçı, tranzit və ixrac ölkəsinə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çox əhəmiyyətli oyunçudur. Artıq ölkəmiz bütün beynəlxalq qurumlarda öz mövqeyini çox güclü və aydın şəkildə müdafiə etməkdədir. Bundan başqa, dövlət güclü ordu quruculuğunu həyata keçirir. Ölkə başçısı bu barədə vurğulayıb: “Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir”. Aşkar həqiqətdir ki, ermənilərə bugünədək torpaqlarımızın işğalına ikili standartlarla yanaşan aparıcı beynəlxalq siyasi qüvvələr daim dəstək olub. Bundan başqa, Azərbaycanın güclənməsini həzm edə bilməyənlər də vardır, onlar da ermənilərin tərəfindədirlər. İşğalçı dövlətin güclü lobbiləri və diasporları var, lakin düzgün sosial-iqtisadi inkişaf strartegiyasını həyata keçirən Azərbaycan bütün bu maneələri dəf edəcək qüvvə ilə tərəqqi edir və dünya iqtisadiyyatında və siyasi arenada güclü mövqe nümayiş etdirir. Bu da işğal olunmuş ərazilərimizin tezliklə azad olunacağına qəti əminlik yaradır.
Ataş CƏBRAYILOV,
Respublika.-2014.- 28 yanvar.- S.1;3.