İKT sektorunun perspektivləri böyükdür

                                                                     

                                                                          2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixə düşdü

 

2013-cü il üzrə makroiqtisadi göstəricilərin dinamikası ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla həyata keçirildiyini nümayiş etdirdi. Ölkədə 57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz, qeyri-neft sektoru 9,8 faiz artdı. Ölkəmizin iqtisadi inkişafında, təbii ki, İKT sektorunun da əhəmiyyətli payı var. Bu sahənin inkişafının ölkəmiz üçün önəmi böyükdür. 2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox əhəmiyyətli işlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev bu mənada kosmik sənayenin yaranmasını xüsusi qeyd edib: “2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü iliİnformasiya-kommunikasiya texnologiyaları ilielan etdik. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq”.

Azərbaycanda İKT sahəsinə verilən diqqət bu sahədə əldə edilən uğurlara görədir ki, 2013-cü il ölkəmizdəİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilmişdi. Həmin ilin əvvəlində ilk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın prestijidir. Bu, həm müasirlik, həm də yeni texnologiyaların inkişafı üçün bütün cəhətlərdən böyük nailiyyətdir.

Bu gün ölkəmizdə yüksək texnoloji İKT sənayesinin formalaşdırılması üçün bütün şərait yaradılıb. Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir. Məlumat üçün bildirək ki, 2003-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin xüsusi fərmanı ilə regionda ilk dəfə olaraq İKT-nin inkişafı üzrə 20 illik Milli Strategiya təsdiq edildi. Və İKT sektoru 2004-2012-ci illər üzrə hər üç ildə təxminən iki dəfə genişləndi.   

Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları isə, öz növbəsində, Azərbaycanın kosmik məkana inteqrasiyasını təmin etdi. Proqramlara əsasən 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunmuş gəlirlər neft gəlirlərini üstələyəcək. Təsadüfi deyil ki, son bir neçə il ərzində Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə əldə olunan artımın orta göstəricisindən 2,5-3 dəfə çoxdur. Bu nailiyyətlər dövlətin düşünülmüş siyasətinin, İKT məsələlərinə böyük diqqət və qayğısının, bu sahəyə müasir prizmadan yanaşılmasının nəticəsidir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev kosmik sənayenin inkişafı ilə bağlı birinci peykin orbitə çıxarılmasının böyük tarixi əhəmiyyətini vurğulayaraq bildirib: “...İkinci, üçüncü peyklərin də hazırlanması ilə bağlı bu il konkret addımlar atılmalıdır. Yəqin ki, tender prosedurları açılmalıdır. Bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı kifayət qədər çoxdur. Ona görə, Azərbaycanda kosmik sənaye inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti üçün konkret addımlar atılmalıdır”.

Məlumat üçün bildirək ki, “Azərspace-1” telekommunikasiya peyki 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanalının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının işinin təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilmiş və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60-65 faizinin ödənilməsinə yönəlmişdir. Azərbaycanda peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılmışdır və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatmışdır və yaxın vaxtlarda tender elan olunacaqdır. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə də işlər davam etdirilir.

Ölkəmizdə informasiya texnologiyalarının sürətli inkişafı əhaliyə müasir xidmətlər göstərilməsinə böyük imkanlar yaradır. Əhaliyə kütləvi xidmətlər göstərən “Asan xidmət”in fəaliyyəti hamı tərəfindən böyük razılıqla qarşılanır.Asan xidmət”in Azərbaycan məhsulu, Azərbaycan ixtirası, Azərbaycan brendi olmasına diqqət çəkən cənab İlham Əliyev bildirib: “Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bugünə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “Asan xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beşAsan xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”.

2013-cü ildə regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsi sahəsində də işlər davam etdirilib. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatıb və istismara verilib. BMT-nin Baş Assambleyasının sentyabrda keçirilən 67-ci sessiyasının xüsusi qətnaməsi və ölkəmizin koordinatorluğu ilə Avropa-Asiya Rabitə Alyansı yaradılmış və Trans-Milli Avro-Asiya İnformasiya Magistralı layihəsi üzrə konsorsium yaradılması üçün memorandum imzalanmışdır.

Bu gün Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarə olunan kompyuterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması formalaşır. İnnovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi üzərində işlər aparılır. 2013-cü ildə Azərbaycanda informasiyakommunikasiya texnologiyaları (İKT) sektorunun müxtəlif sahələrində əldə edilən nəticələr təsdiqləyir ki, gələcək perspektivlər böyükdür. Bu sahə həqiqətən də böyük potensiala, qloballaşan dünyada mühüm təsir gücünə malikdir. Odur ki, İKT sektorunda islahatların sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsas məqsəd İKT-nin ümumi daxili məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir.

 

Şükür ƏLİZADƏ,

Respublika.-2014.- 29 yanvar.- S.1.