AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINA YENİ TÖHFƏ

 

Bu günlərdə ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yeri olan dəyərli bir əsərlə tanış oldum. “Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XX əsr)” kitabı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsində hazırlanmışdır. Bu kitabda Cənubi Azərbaycan ədəbiyyatına mükəmməl bir baxış ifadə olunub. Onunla ilk tanışlıq özünün maraqlı strukturu ilə diqqətimi cəlb etdi. Əsər bütövlükdə 11 fəsil və bir əlavəni əhatə edir.

Kitaba yazılmışÖn söz”dən aydın olur ki, belə bir sanballı işin yerinə yetirilməsi əslində illər öncə düşünülmüş bir layihəyə söykənir. “1980-ci illərin ortalarından unudulmaz xalq yazıçısı, akademik Mirzə İbrahimov tərəfindən hazırlanmış layihənin bəhrəsi” olan “Cənubi Azərbaycan ədəbiyyatı tarixiuzun bir yol qət edərək mənzil başına çatmışdı. Bu işlərin uğurla başa çatdırılması adı çəkilən şöbənin birgə işinin nəticəsidir. Redaksiya heyəti adından “Ön sözün müəllifləri —filologiya elmləri doktorları, professor Teymur Əhmədov və Rəhim Əliyev həm də bu gərəkli işin bir neçə əsaslı fəaliyyət istiqamətlərini şərh etmişlər.

Onlar inqilablar dövründə Cənubi Azərbaycanda ictimai-siyasi vəziyyətə, anadilli mətbuatın, ədəbiyyatın, maarifçiliyin qadağalar, çarpışmalar içərisində olmasına, milli ovqata dəyən ağır zərbənin izinə tarixin gözü ilə nəzər yetirmiş, bir növ XX əsr Cənubi Azərbaycan ədəbiyyatının hansı çətinliklərdən, ağır mərhələlərdən keçib getdiyini göstərməklə soydaşlarımızın ictimai şüurunda ədəbiyyat tarixinə böyük maraqsevgi oyada bilmişlər. Lakin uzun illərin elmi-ədəbi axtarışlarının bəhrəsi olan bu kitab siyasi baxımdan heçasan başa gəlmədiyini də düşünməyə əsas verir. Müəlliflər yazır: “Bolşevik rejimi şəraitində Bakıda da Cənubi Azərbaycanın problemləri barədə yazmaq, konkret işlər görmək asan deyildi. Bu işdə 1977-ci ildə Mirzə İbrahimovun təşəbbüsü ilə Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda açılan Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsi tarixi işlər gördü. Bu işləri də şübhəsiz ki, Mirzə İbrahimov məktəbi adlandırmaq mübaliğə olmaz. Otuz beş ilə yaxın bir dövrdə Azərbaycan elmində bütöv bir yol yarandı. Bu ədəbiyyatşünaslıq elmi mərkəzinin necə sürətlə tərəqqi etdiyinə heyrətsiz baxmaq çətindir”. Düşünürük ki, Azərbaycan ədəbiyyatşünaslığının inkişafına özünün tarixi töhfəsini vermiş olan belə bir fundamental əsərlə milli-mənəvi, ədəbi birliyimizin inkişafını uğurla davam etdirərkən M.İbrahimovun bu tövsiyəsini də nəzərdə saxlamaq gərəkdir:”Cənub Ədəbiyyatının öyrənilməsi hamımızın işidir. Əsas odur ki, bir-birimizə iddialı iradlar tutmadan hər kəs bir görsün”.

Qeyd etməliyik ki, dövrlər haqqında tarixi həqiqətlər, mübarizələr tarixi olduğu, yaşanıldığı kimi, həm də böyük cəsarətlə işıqlandırılıb. Bu belə də olmalıdır. Çünki tarix yanlışlığı, yalanı qəbul etmir. Tədqiq olunmuş neçə onilliklər cənublu soydaşlarımızın həyatında, ədəbiyyatının yaranması və inkişafı prosesində bir çox ağrılı-acılı mərhələləri ehtiva edir. Bu qanunauyğunluq da həmin mərhələləri dövrlərə görə qruplaşdırmaq zərurətini doğurmuşdur.

Dövrlərin özüictimai-siyasi hadisələri, xalq hərəkatları, ictimai-sosial həyatın təzadları baxımından yetərincə maraqlıdır, dəyərlidir. Mübarizələr tarixinin xalqın ictimai şüuruna təsiri ictimai-siyasi hadisələrin fonunda düzgün qiymətləndirilmişdir.

“Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda ədəbiyyat” (1905-1911) İranın, Cənubi Azərbaycan xalqının taleyində maddi-mənəvi böhranlar, şah rejiminin sərt qanunları və xarici müstəmləkəçiliyin, təcavüzün hökm sürdüyü bir dövrdü. Tədqiqatçı Məşrutə inqilabını doğuran daxili və beynəlxalq səbəbləri, siyasi hadisələri və onun doğurduğu acı nəticələrin xalqın həyatına təsirini ədalətli mövqedən araşdırmışdır. Maraqlı olan cəhət budur ki, dövrü xarakterizə edən müəllif bu hadisələrin ən doğru şərhini həmin illərdə diqqətlə izləyən Mirzə Cəlilin “Molla Nəsrəddin” satirik jurnalında dərc etdirdiyi məqalə və felyetonlarından araşdıraraq üzə çıxarmışdır. Ədib cənublu soydaşlarının qan içində boğulduğu, aclıq, səfalət içində rüzgar etdiyi vaxtda Bakının küçələrində baş-gözünün qanını axıdaraq məhərrəmlik mərasimini yaşayanların həyatını üz-üzə qoyur. Bununla xalqın bu iki vəziyyətə doğru qiymət verməsini vacib sayır. Mirzə Cəlil yazırdı: “Bu gün Kərbəla meydanı — Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan edilməli pullarımız — gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır”.

Bu illərdə Cənubi Azərbaycanda yaranan ədəbiyyatın, inqilabi poeziyanın siyasi hadisələri öz yaradıcılıqlarında aparıcı fonda işləməsi dövrün mövzularının yaranması ilə əlaqədardır. Müəllif həmin dövrdə işıqlı simalardan olan Mahmud Qənizadənin maarifçilik ənənəsini, Mirzəli Siqqətül-İslamın Məşrutə inqilabı dövründə görüb-yaşadığı hadisələr barədə yazdığı gündəliyini və bu istiqamətdə yazılmış “çoxlu xatirələr, sənədlər və publisistik qeydlər”in olduğunu diqqətə çatdırır. Təbii ki, bunların öyrənilməsi də Məşrutə inqilabı dövrü haqqında məlumatların xeyli zənginləşməsinə, təsəvvürümüzün dolğunlaşmasına imkan yaradırdı.

İkinci fəsildə dövrün aparıcı şəxsiyyətlərindən olan Hacı Rza Sərraf, Səid Səlmasi və Bayraməli Abbaszadə haqqında filologiya üzrə fəlsəfə doktorları Özbək Nadirov, İslam Qəribli və filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin araşdırmaları sayəsində ərsəyə gətirdikləri geniş və maraqlı mündəricəli məqalə-oçerklər verilmişdir. Bu yazılarda adları çəkilən ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı, əsərlərinin mövzusubu əsərlərin tədqiqi tarixləri ciddi araşdırılmış, dolğun şəkildə öz dəyərini almışdır.

İrtica dövründə ədəbiyyat və mətbuat (1911-1923)” başlıqlı üçüncü fəsildə Məşrutə inqilabının məğlubiyyətindən sonra İranda, Cənubi Azərbaycandakı ictimai-siyasi vəziyyət də diqqətlə araşdırılmışdır.

Bu dövrdə Sabir ədəbi məktəbinin layiqli davamçısı M.Ə.Möcüzün yaradıcılığının mövzusu, ideyası, xalqın həyatındakı ağrıların poetikcəsinə ifadəsi şairin əsərlərindən gətirilən nümunələrlə işıqlandırılmışdır. Həyatının böyük bir dövrünü mətbuata, maarifçilik ideyalarını yaymağa sərf edən Təbrizli Məmmədəli Manafzadə Sabitinirtica dövründə vətən dərdləri ilə dolu yaradıcılığı təhlil olunur. Və bu sırada Bayraməli Abbaszadə, Məhəmməd Hidəçi, Mirzə Ələkbər Dehxuda, Seyid Əşrəfəddin Gilani kimi şairlərin yaradıcılığına ümumi baxış ifadə olunur.

Dövrün aparıcı ədəbi şəxsiyyətlərinin təmsil olunduğu dördüncü fəsildə ədəbiyyat tariximizdə əhəmiyyətli yer tutan Şeyx Məhəmməd Xiyabani, Məmmədəli Manafzadə Sabit (f.ü.e.d. Vüqar Əhməd), Mirzə Əli Möcüz (f.ü.f.d. Fərman Xəlilov), Cabbar Əsgərzadə (f.ü.f.d. Zahid Əkbərov) haqqında portret yazılarda bu ədəbi şəxsiyyətlərin həyatı, dövrün ictimai-siyasi mühitinin yaradıcılıqlarına təsiri, tədqiqat tarixləri araşdırılmışdır. Onların həm də ictimai fəaliyyətləri, mətbuatla sıx əlaqələri, yaradıcılıqlarının tarixi əhəmiyyəti dəyərləndirilmişdir. Şeyx Məhəmməd Xiyabaninin publisistikası dərindən araşdırılmış, onun ictimai məzmununa obyektiv münasibət bildirilmişdir.

Bəzən bu ədəbi şəxsiyyətlərin acılar içində keçən həyatının ruhu tərpədən məqamlarının xatırlanması olduqca böyük təsirə malikdir. Bu şəxsiyyətlər xalqın avamlıq içərisində boğulduğu mühitin mənəvi şikəstliyini duyan, əsərlərində yana-yana təsvir edən mütərəqqi fikirli ziyalılar olmuşlar. Elə Möcüzün həyatının son illərində yoxsulluq acısıyla üz-üzə qaldığı bir vaxtda bacanağı Hacı Xəlil Möhdəvinin onu bu əzablardan qurtarmaq məqsədilə Şahruda dəvət etməsi şairin ürəyində böyük ümidlər, sevinclər doğurmuşdu. Z.Əkbərov C.Bağçabanın həyat və yaradıcılıq yolundan bəhs edən tədqiqatında şair, tərcüməçi, felyetonçu ədibin fəaliyyəti haqqında çox dəyərli məlumatlar vermişdir.

Rza şah istibdadı illərində Cənubi Azərbaycanda ədəbiyat (1923-1941)” adlı beşinci fəsildə İranın bu dövrdəki ictimai-siyasi, ədəbi mühiti olduqca ətraflı, tarixi faktların dili ilə sərf-nəzər olunur. Məlum olduğu kimi, bu dövr İranın tarixində ən maraqlı və ziddiyyətli illər olmaqla bir çox tarixi əhəmiyyətli hadisələri özündə ehtiva edir. Və bu tarixi hadisələr, ciddisistemli araşdırmalar, elmi-ədəbi təhlillər, mötəbər qaynaqlar, istinadlar dövrün xarakteristikasını açmağa kömək etmişdir. Bu məlumatlar Rza şahın mənşəyi haqqında bilgiləri, onun şahlıq rejimindəki sərtliyi, eyni zamanda qəddarlıqla müşayiət olunan müəyyən islahatları, ölkəni müasir dövlətə çevirmək məqsədi yolundakı dövrün tarixi ziddiyyətlərini üzə çıxardır. Anadilli mətbuatın qatı qadağalar içində olduğu bu dövrdə belə “Azərbaycan ədəbi fikrini zənginləşdirən Məhəmmədəli Tərbiyət”in, Seyid Cəfər Pişəvərinin, Mirzə Bala Məmmədzadənin əsərləri ictimai şüurun yetişməsinə təsir edirdi. Burda M.Tərbiyətin Azərbaycan ədəbiyyatşünaslığının və mədəniyyətinin, qədim dövr ədəbi şəxsiyyətlərinin öyrənilməsi, tədqiq olunması baxımından gördüyü işlər qiymətləndirilmiş, alim “XX əsrin əvəllərində Azərbaycan ədəbiyyatının ən mahir bilicisi və tədqiqatçısı” kimi dəyərləndirilmişdir.

Bu şair və yazıçıların həyatı, yaradıcılıq yolu ilə tanış olduqda görürük ki, onlar əzablı yolların yolçusu olmuş, yoxsulluğun bütün acısı, sızıltılarıyla yaşamışlar. Sanki həyat onları sınaqlara çəkib. Amma Tanrı lütfünü belə sənətkarlardan əsirgəməyib. Ədəbi istedad, millətinə böyük sevgi, mübarizlik, cəfakeşlik bəxş edib. Şair, yazıçı, ədəbiyyatşünas kimi yetişib-formalaşmasına, yaratdıqları ilə seçilmişlər kimi tarixin yaddaşında yaşamalarına yol verib. Onlar da Tanrının seçdiyi bəndəsinə bəxş etdiyi lütfünün işığında ədəbi varidatlarını elə xalqın özünə qaytarmaqda borclu olduqlarını dərk ediblər.

“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabında yer alan yazıların hər biri şair və yazıçıların, ədəbiyyatşünas alimlərin əsərlərinə elmi-nəzəri baxışları, bu yaradıcılıq nümunələrinin doğurduğu poetikliyi, ictimai-siyasi məzmunu, xəlqilik, mübarizlik ruhunu ifadə etməsi ilə olduqca xarakterikdir. Bu da tarixi bir faktdır ki, bütün dövrlərdə güneyli şair və yazıçıların yaradıcılığına qüzey ədəbi mühitinin təsiri danılmazdır. Yəni “Cənubi Azərbaycanda milli mədəniyyətin və şüurun formalaşması Bakının aparıcı təsiri altında olmuşdur”.

Altıncı fəsildə dövrün aparıcı ədəbi şəxsiyyətlərindən Həbib Sahir, Mir Mehdi Etimad, Məhəmmədəli Tərbiyət və Seyid Cəfər Pişəvərinin həyatı, yaradıcılığı, ətraflı tədqiq olunmuşdur. Şair Həbib Sahirin həyatının çox zəngin faktlarla, tərcümeyi-halının iftixarına çevrilmiş yüksək təhsili, zəhmətkeşliyi və bir neçə dili bilməsi faktları parlaq yaradıcılığı ilə vəhdətdə verilmişdir. Fəlsəfə doktoru P.Məmmədli yazdığı bu tanıtma-tədqiqatında şairin bütünlükdə ömür yolunu, ədəbiyyata güclü istəyini, maarif yolundakı çalışmalarını yaradıcılıq ecazını bir çox istiqamətlərdən öyrənərək dolğun portretini yaratmışdır.

Mir Mehdi Etimadın həyat və yaradıcılığı haqqında yazılmış əhatəli oçerkdə yaradıcı təfəkkürün nümunələrinə diqqət yetirəndə bu  azad ruhlu şair-vətəndaşın keçdiyi ömür yolunun milli təəssübkeşliklə araşdırılmasını görmək mümkündür. Tədqiqatçı E.Şükürova şairin ictimai-ədəbi fəaliyyətinin bütün məqamlarını öyrənərkən tarixi rəqəmlərin faktların müşayiətilə göstərilməsinə diqqət yetirir. Burda ədəbi mühitin yaradıcı insanları haqqında xeyli bilgi verilir. M.M.Etimadın yaradıcılığındakı ictimai problemlər, vətənpərvərlik, millətsevərlik motivləri də böyük səylə öyrənilmişdir.

Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas Məhəmmədəli Tərbiyətin xalqın dili və ədəbiyyatının, mədəniyyətinin inkişafı uğrunda ideoloji mübarizəsi diqqətlə araşdırılmışdır. Alimin həyat və yaradıcılığı, nəzəri görüşlərindən bəhs edən R.Əliyev onun ictimai fəaliyyətinə bütövlükdə nəzər yetirmiş, bəzi səbəblərdən, ən azından müəyyən dövrlərdə siyasi baxışların tündləşdiyi vaxtlarda əsərlərində müəyyən boşluqların da olmasına özünün açıqlamaları ilə qiymət vermişdir. Bununla müəllif yaranmış və yarana biləcək haqsız, qeyri-peşəkar yanaşmaların qarşısını almışdır. Dövrünün bir çox ədəbi şəxsiyyətləri haqqında yazdığı məqalə-məlumatlarda bəzən ötəri, müxtəsər fikirlərinə aydınlıq gətirən müəllifin niyyətini açıqlayır. R.Əliyev M.Tərbiyət haqqında araşdırmalarını əsasən onun “Danişməndani-Azərbaycan” əsəri üzərində aparır.  Bu baxımdan M.Ə.Talıbov, M.Ə.Sabir haqqında məqalələrin kiçik olmasının səbəbi də məntiqi şəkildə əsaslandırılır.

Burda onu da qeyd etmək yerinə düşər ki, R.Əliyevin dediyi kimi: “M.F.Axundovun irsindən danışan M.Tərbiyət heç yerdə hardasa oxuduğu təhlillərə əsaslanmır. Bu, onun təhlil üslubuna yaddır: o, ancaq ilk mənbələr, Axundovun öz mətnləri əsasında danışır, onları nə vaxt, harada gördüyünü, indi onların harada saxlandığını qeyd edir...

İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hərəkat və ədəbiyyat (1941-1946)” bəlkə də İranın, Cənubi Azərbaycanın taleyində çox qarışıq, təzadlı olan bir tarixi dövrdür. Milli hərəkatın yaranması, xalq ruhunun yeni oyanış dövrümübarizlik əzmi, S.Pişəvərinin qurduğu Milli hökumətin həyat tarixçəsi və dövrün ədəbiyyatında siyasi-ictimai motivin araşdırılması həmin illərin dolğun obrazının yaranmasını doğurmuşdur. Burda Azərbaycanın siyasi xadimi, yazıçı-publisist S.Pişəvərinin yaradıcılığı, ictimai fəaliyyəti, zəngin portreti zamanın fonunda ən xırda cizgilərinəcən işlənib. Adıçəkilən dövrün tarixində özünə şərəfli yer tutan ədəbi simalardan Cəfər Kaşif, Məmmədbağır Niknam, Xoylu Kəmali, Musa Tahiri kimi şairlərin yaradıcılığı, əldə olan mətnləri tədqiq olunaraq ictimaiyyətə çatdırılır.bu şairlərin yaradıcılığı “formaüslub baxımından”da araşdırılaraq qruplaşdırılmışdır. Onların görkəmli nümayəndələri sayılan Əli Fitrət, Məhəmməd Biriya, Qaraçorlu Səhənd, Məhəmmədlu Abbasi kimi şəxsiyyətlərin əsərlərində Azərbaycanın, xalqın ictimai-sosial, mənəvi taleyi, mübarizlik ruhu vəhdətdə işıqlandırılmışdır.

Səkkizinci fəsildə dövrün aparıcı şəxsiyyətləri olan üç nəhəng şəxsiyyətin — Məhəmməd Biriya (İ.Qəribli), Aşıq Hüseyn Cavan (T.Əhmədov), Məhəmmədlu Abbasinin (R.Əliyev) həyatı, yaradıcılığı bütünlükdə ictimai fəaliyyətləri öyrənilmiş, əsərlərinin bədii xüsusiyyətləri geniş təhlillərdə ifadə olunmuşdur.

Bu tədqiqatların əhəmiyyətli cəhətlərindən başlıcası da odur ki, təqdim olunmuş sənətkarların ictimai-ədəbi fəaliyyətlərində, həyatlarında mühüm tarixlər başqa-başqa mənbələrdə bir-birini inkar etdiyi halda artıq ədəbiyyatın tarixi yazıldığı məqamlarda üzdə olanolmayan faktlar yenidən araşdırılmış, bu tarixlərlə bağlı müəlliflərin öz dəst-xətləri ilə yazdıqları tərcümeyi-hal sənədləri, eləcə də inkarı olmayan mötəbər mənbələr üzə çıxarılmışdır.

Filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli Məhəmməd Biriyanın vətən yolunda çəkdiyi acıları, ictimai taleyini, ağrılı keçən məşəqqətli həyatını, “Biz Azəriyik, qüdrətimiz qəhrü qəzəblə, Olmuş, olacaqdır yenə dünyada nümayan” deyən şairin qəlbindəki Azərbaycan sevgisini bir tədqiqatçı olaraq içərisində qaynadığı böyük həyat hadisələrindən başlamış, ən xırda ştrixlərəcən həssaslıqşla duymuş və qədirdanlıqla üzə çıxarmışdır.

Professor Teymur Əhmədovun təqdimatında el aşığı, çoxlu sayda kitabların müəllifi olan Aşıq Cavanın özünəməxsus yaradıcılığı, vətən məhəbbətilə süslənmiş yaradıcılığı, həyatda çox ağrı-acılar görsə də, sazından və qələmindən usanmadan o taylı-bu taylı ellərimizin dərd-sərini, gözəlliyini vəsf etməkdən doymayan aşıq-şairin yaradıcılığının böyük bir payı tədqiq olunaraq ədəbiyyat tariximizin bir şərəfli səhifəsində dərin iz salmışdır.

İkinci Dünya Müharibəsindən sonra Cənubi Azərbaycanda ədəbi prosesin (1947-1978) maddi-mənəvi terrorla, qanlı faciələrlə müşayiət olunması, həmin dövrdə siyasi rənglərin tutqunlaşması ilə diqqəti cəlb edir. Bu qarışıqlığı siyasi fakt və sənədlərin dili ilə açmaq, tarixi olduğu kimi vermək, şərh etmək ədəbi prosesindüzgün qiymətləndirməsinə imkan yaradır. Kitabda bu dövrün də yüksək peşəkarlıqla tədqiqi maraqlı olan böyük bir zamanı dərindən öyrənməyə yol açmışdır.

Onuncu fəsildə dövrün aparıcı şəxsiyyətləri —Məhəmmədhüseyn Şəhriyar (T.Əhmədov), Səhənd (F.Süleymanoğlu), Kərim Məşrutəçi Sönməz, Haşım Tərlan, Həsən Məcidzadə Savalan (E.Şükürova), Mirzə Hüseyn Kərimi (S.Məmmədova), Gəncəli Səbahi, Səməd Behrəngi (S.Əmirov), Abbas Pənahi Makulu, Həmzə Fəthi Xoşginabi (M.Mehdibəyova), Məhəmmədəli Fərzanə (R.Əliyev) kimi ədəbiyyat adamlarının həyatı, yaradıcılıq yolu, əsərlərinin ictimai motivi, səciyyəvi xüsusiyyətləri dövrün ictimai-siyasi hadisələri ilə vəhdətdə araşdırılmış, təhlil olunmuşdur.

İran İslam İnqilabından sonrakı dövrözünün bir çox ədəbi simaları ilə ədəbiyyat tariximizdə layiqli yerlərini tutublar. Burada azərbaycançılıq məfkurəsi ilə ədəbi mühitdə işıq saçan dünyaşöhrətli cərrah, görkəmli tədqiqatçı alim, dilçi, ədəbiyyatşünas C.Heyət yaradıcılığının böyük bir payı, yazıçı Nasir Mənzurinin elmi-nəzəri görüşləri, roman və povestlərinin ideya-məzmunu, sənətkarlığı sərf-nəzər olunur. Əli Daşqının maraqlı həyat yolu, onu yetişdirən ictimai mühit, poeziyasının çoxçeşidli mövzuları, hekayə, povestlərinin xarakterik cəhətləri, ümumən ədəbi irsinin öyrənilməsi və bu şəxsiyyətlərin Azərbaycan ədəbiyyatı tarixində yeri layiqincə qiymətləndirilmişdir.

Tədqiqatlardan da göründüyü kimi, bəzən ictimai taleləri bir-birinə bənzəyən, siyasi hadisələr içində başı bəlalar çəkən bu ədəbi şəxsiyyətlərin yaradıcılığında mövzu baxımından bir yaxınlıq duyulsa da, hər birinin öz taleyi, həyat yolu, əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətləri özünəməxsus olmuşdur. Kitabın mükəmməlliyini şərtləndirən əsas cəhət odur ki, XX əsrin müxtəlif mərhələlərini, keçid dövrlərinin qarışıq mənzərəsinin araşdırılması, tarixin içərisində yaranmış ədəbi mühit dövrlərin icmal xarakterli məqalələrlə, geniş oçerklərlə işıqlandırılması ədəbiyyat tariximizin sanbalını da artırmışdır. Əsərlərin yaranma tarixi və şəraiti, bu əsərlərin xalqın ictimai şüuruna təsiri öyrənilmişdir. Dövrün acı ruzigarının millətin taleyinə gətirdiyi faciələr barometr dəqiqliyilə xarakterizə olunmuşdur.

Burda Əli Fitrət, Məmmədəli Səfvət, İbrahim Zakir haqqında verilən məlumatların azlığı, ədəbi nümunələrin şimala gəlib çatmadığından nəzərdə tutulan dövrün tədqiqatında müəyyən boşluq yaratsa da, bu etiraf adları çəkilən və çəkilməyən ədəbi şəxsiyyətlərin həyatının, yaradıcılıq yollarının öyrənilməsinə və yeni bir tədqiqat predmeti olaraq araşdırılmasına əsas verir.

Əlbəttə, bunları arayıb-axtarmaq, sistemləşdirib qruplaşdırmaq, yazıçı, şair, ədəbiyyatşünasların həyatını, yaradıcılıq yolunu öyrənmək, tədqiqat tarixlərini araşdırmaq uzun zamanın axtarışlarını, zəhmətini tələb etmişdir. Bu mənada Akademiyanın Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsi elmi əməkdaşlarının gördüyü böyük həcmli işin əhəmiyyəti göz qabağındadır.

Düşünürük ki, bu mükəmməl əsər Cənub ədəbiyyatına aparan yaradıcılıq yolunun kompasıdır. Onun nişan verdiyi yeni məkanların araşdırılması heç şübhəsiz tarixin səhifələrinə öz işığını salacaqdır. Burada söz şimallı ədəbiyyatşünaslarımızındır. Bütün bunlarla yanaşı, etiraf etmək lazımdır ki, bütöv Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasında və ədəbiyyatşünaslığının dərindən tədqiq edilməsində görülən işlərin əhəmiyyəti böyükdür.

 

Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru.

 Respublika.-2014.- 29 yanvar.- S.6.