Azərbaycan yeni
davamlı innovativ inkişaf
mərhələsində
Azərbaycan dünyada ən islahatçı, iqtisadiyyatı dinamik inkişaf edən, regionda söz sahibi olan, qarşılıqlı mənafeləri təmin edən, beynəlxalq əməkdaşlığı daim genişləndirən ölkədir. Dünya iqtisadiyyatında qlobal iqtisadi və maliyyə böhranının fəsadları hələ də aradan qalxmayıb. Azərbaycan beynəlxalq iqtisadiyyatda davam edən qeyri-müəyyən vəziyyətdə qlobal iqtisadi şəraiti təhlil edərək doğru proqnozlar əsasında sürətli və yüksək templi inkişafı təmin edə bilmişdir. Bu inkişaf tətbiq olunan iqtisadi modelin səmərəli olması və müasir tələblərə cavab verməsi nəticəsindədir. Dünyada fəsadları hələ də aradan qalxmamış qlobal tənəzzülün əsasında Avropanın bir çox ölkələrinin enerji bazarında baş verən qiymət dəyişikliyi durur. 2009-cu ildə neftin qiymətinin dünya bazarında kəskin artması qlobal iqtisadi və maliyyə fəsadına səbəb olub. Bu gün Avropa enerji təhlükəsizliyində sabitliyə nail olmaq üçün etibarlı tərəfdaş və tranzit ölkə axtarır. Bunun üçün də etmadı doğruldan həm yeni karbohidrogen ehtiyatları mənbəyi, həm etibarlı hasilatçı və tranzit dövlətə ehtiyac gündəmdədir.
Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu sübut edib və bu mövqe daim möhkəmlənir. Neft və qazın nəqlində çoxşaxəliliyə nail olmaq da təchizatda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropa üçün mənbə, hasilat, çoxşaxəli nəql baxımdan olduqca önəmlidir. Hazırda kəşf olunan yeni qaz yataqları Azərbaycanı iri qaz ixracatçısına çevirib. Yeni yataqların aşkar edilməsi də şəksizdir. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir... Belə ki, 2013-cü ildə “Şahdəniz-2” layihəsinin imzalanması və yaxın gələcəkdə reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təcizatının 20 faizini təmin edəcəkdir. Ölkəmiz üçün də bu layihənin çox böyük iqtisadi və siyasi əhəmiyyəti vardır. Təbii ki, Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artmasını istəməyən qüvvələr bu layihənin imzalanmasına hər bir vasitə ilə mane olmaq istərdilər, lakin dövlət başçısının cəsarəti və güclü siyasi iradəsi ilə bu məsələ öz həllini tapmışdır. Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “İlin sonunda “Şahdəniz-2 “ layihəsinin imzalanması” elə bil ki, 2013-cü ilə gözəl yekun vurdu. Bu layihə də “Asan xidmət” kimi ölkəmizin gələcək inkişafı üçün müstəsna əhəmiyyətə malik olan hadisədir. Onilliklər bundan sonra ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Azərbaycan, bildiyiniz kimi, enerji siyasəti sahəsində liderlik keyfiyyətini bu dəfə də ortaya qoydu. Uzun illərdir ki, müzakirələrdən sonra görəndə ki, artıq “Cənub qaz dəhlizi” layihəsi axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə öz üzərinə götürmüşdür. “Şahdəniz-2” layihəsi gərgin şəraitdə imzalanmışdır... Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdarları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular”.
Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişafı dünyanın bir çox ölkələri üçün nümunə ola biləcək səviyyədədir. Ötən il hər gənc dövlətə nəsib olmayacaq bir önəmli hadisə də Azərbaycanın kosmosa süni peyk çıxarması və kosmik sənayesi inkişaf edən ölkələr sırasına inamla daxil olmasıdır. Bundan başqa artıq bir neçə aydır ki, peyki ölkəmizin mütəxəssisləri idarə edir. Müasir dünyada ölkələrin inkişafını və onun qüdrətini intellektual potensialı müəyyən edir. İnsan kapitalını daim zənginləşdirmək yolunu tutmuş dövlət rəhbərliyinin bu istiqamətdəki siyasəti mühüm pozitiv nəticələr verməkdədir.
Aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik də təmin olunub və bu proses getdikcə daha yüksək mərhələyə qalxır. Tətbiq olunan iqtisadi modeldə dünyada gedən makro və mikroiqtisadi proseslərin inkişaf meyilləri, onun mahiyyəti ölkənin iqtisadi potensialı və dünya bazarlarının təklif və tələbatının daim nəzərə alınması, ən mühüm elmi-texniki yeniliklərin izlənərək ölkəyə gətirilməsi və effektli istifadəsi davamlı inkişafda mühüm şərtlərdəndir. Bu prosesdə, daha doğrusu, dünya iqtisadiyyatına inteqrasiyada ümummilli məqsəd və mənafelər ön mövqedədir. Buna görə də öz müstəqilliyini bərpa etmiş, yeni bazar iqtisadiyyatına keçmiş ölkəmiz, həm də qısa müddətdə iqtisadiyyatının çoxşaxəliliyinə nail olmuşdur.
Azərbaycan dünya iqtisadiyyatına milli maraqlara və qarşılıqlı mənafelərə əsasən çox uğurla inteqrasiya etmiş və düşünülmüş siyasət nəticəsində beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, əksinə geniş, davamlı inkişaf yoluna çıxmışdır. Artıq aydındır ki, hərtərəfli sürətli inkişafın təməlində innovativ rəqabətədavamlı iqtisadiyyat dayanır. Ötən il Azərbaycanın qeyri-neft sektorunda 9,8 faiz artım baş verib. İqtisadiyyatın innovativliyini və rəqabətədavamlılığını təmin etmək üçün iqtisadiyyata davamlı surətdə sərmayə yönəldilməsi vacib şərtdir. Bu proses dövlətin diqqət mərkəzindədir. Keçən il ölkənin iqtisadiyyatına 28 milyard dollar vəsait yönəldilməsi rekord göstəricidir. Azərbaycanın bu sürətli, yüksək templi innovativ və rəqabətədavamlı iqtisadi inkişafı dünyanın da diqqət mərkəzindədir. Belə ki, ölkədə keçirilən islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması üçün atılan siyasi-hüquqi və digər addımlar beynəlxalq aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, ekspertlərin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindədir və yüksək qiymətləndirilir. Dünyanın aparıcı “Moodys”, “Fitch”, “Fitch Raitings”, “Standard and Poors” agentlikəri inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda Azərbaycanınkını ardıcıl qaldırırlar. Dünyanın bir nömrəli iqtisadi təşkilatı Dünya Davos Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatı davamlılığına görə dünya ölkələri arasında 39-cu yerdə qərarlaşmışdır. ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi-2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 bal toplayaraq 186 ölkə arasında 81-ci yeri tutaraq ötən illə müqayisədə 6 pillə irəliləmişdir. Ölkəmiz 42 Asiya-Sakit Okean ölkələri arasında 13-cü yerdədir. Ardıcıl reallaşdırılan silsilə islahatlar nəticəsində iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Nəticədə Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayılan nəticə göstərmişdir. Hesabatda Avropanın Rusiya qazından asılılığını azaldacaq Azərbaycan və Türkiyə arasında imzalanmış TANAP layihəsinin təsdiqlənməsi də qeyd olunur. Bundan başqa, ölkədə əlverişli biznes və investisiya mühitinin mövcudluğu da diqqətə çatdırılır.
Düzgün siyasət, göstərilən səy və diqqət nəticəsində ölkə iqtisadiyyatı son 10 ildə 3,4 dəfə artmış, iqtisadiyyata 150 milyard dollardan artıq investisiya qoyulmuşdur. Rəqabətqabiliyyətli ümumi daxili məhsul istehsalına nail olmaq nəticəsində ölkədə strateji valyuta 50 milyard dolları ötmüşdür. İşsizliyin səviyyəsi 5 faiz, yoxsulluğun səviyyəsi isə 5,3 faiz təşkil edir. Dövlət borcu aşağı səviyyədədir.
Dövlət iqtisadi qüdrəti davamlı surətdə artırmaq və daha yüksək inkişaf pilləsinə çatmaq üçün mövcud strateji kursu müasir şəraitə uyğun həyata keçirir və yeni perspektivlər müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev inkişafın davamlılığı və gələcək yüksək mərhələ barədə demişdir: “Biz artıq öz iqtisadi və siyasi potensialımızla region çərçivələrindən çoxdan çıxmışıq. Bizim əsas hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır”.
Ataş CƏBRAYILOV,
Respublika.-2014.- 30 yanvar.- S.1.