Dövlət
İdarəçilik Akademiyasında Məhəmməd
Əmin Rəsulzadənin 130 illik yubileyinə
həsr edilmiş elmi-praktik
konfrans
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans başlanmazdan əvvəl Məhəmməd Əmin Rəsulzadənin haqqında sənədli film nümayiş etdirilmişdir.
Elmi-praktik konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açaraq, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını xüsusi vurğulamışdır. Rektor Azərbaycanın görkəmli dövlət və ictimai xadimlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşmüşdür. Qeyd etmişdir ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar. U.Ələkbərov çıxışında cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirdiyini bildirərək Şərqdə ilk demokratik parlamentin formalaşdığını, insanların demokratik hüquq və azadlıqlarının bərqərar olduğunu xatırlatmışdır.
Elmi-praktik konfransda Dövlət İdarəçilik Akademiyasının professoru Etibar Nəcəfov “Azərbaycanın ictimai-siyasi fikrində Məhəmməd Əmin Rəsulzadənin yeri”, professor Musa Quliyev “Azərbaycan istiqlal hərəkatı və Məhəmməd Əmin Rəsulzadə”, dosent Rahib Əkbərov “Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu”, dosent Rəna Bayramova “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti” barədə məruzələrlə çıxış etmişlər. Digər natiqlər də öz nitqlərində zaman keçdikcə tariximizin bu kimi səhifələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişlər.
Gülşən Hüseynova,
Respublika.-2014.- 30 yanvar.- S.6.