“Kasablanka faciəsi və Osmanlı-İran komediyası” əsəri
Əli bəy
Hüseynzadənin yaradıcılığından səhifələr:
Böyük türkçü-turançı ideoloq Əli
bəy Hüseynzadənin çoxşaxəli
yaradıcılığında siyasətlə bağlı
fikirləri xüsusi bir mahiyyət kəsb edir. Onun dünyada baş verən
siyasi proseslərə, imperialist ölkələrin yeni
torpaqlar uğrunda apardıqları açıq və pərdəarxası
“oyunlar”a maraqlı yazı üslubunda münasibət bildirməsi,
gələcək hadisələri, olacaqları
doğru-düzgün dəyərləndirməsi böyük
maraq doğurur. Bu baxımdan Əli bəy
Hüseynzadənin “Kasablanka faciəsi və Osmanlı-İran
komediyası” adlı məqaləsi də maraqlıdır.
1907-ci ildə qələmə
alınmış və “Füyuzat” dərgisinin 7-ci sayında
dərc edilmiş bu məqaləsində müəllif Misir
dövlətinin Kasablanka şəhərində fransız və
ispan hərbi birləşmələrinin müsəlmanlara
qarşı etdikləri zülm və etnik təmizləmədən
söhbət açmışdır.
Simvolizm
üslubda yazılmış bu məqaləsində müəllif
fikrini dahi ingilis dramaturqu Uilyam Şekspirin “Yuli Sezar” (müəllif
məqalədə əsəri “Yuli Qeysər”
adlandırmışdır) əsərinin “Füyuzat” məcmuəsində
çap edilməsi xəbəri ilə başlayır və
göstərir ki, “Bu faciə hazırda səhnədə
deyil, bütün dünyanın gözləri
qarşısında, Kasablanka şəhərində
oynanılmaqdadır”.
Məqalədə
Əli bəy “Yuli Sezar” faciəsinin mövzusunun dünya
tarixində qəddarlığı ilə unudulmayan və
müsəlman dünyasına qarşı bu gün də
davam etdirilən Əndəlüs faciəsindən
alındığını yada salıb yazırdı ki: “Bu
faciənin birinci pərdəsi çoxdan
oynanmışdısa da (o, burada 898-ci ildə
yaradılmış Əndəlüs islam dövlətinə
qarşı aparılan mübarizəni nəzərdə
tutmuşdur—red. M.Q.), ikinci pərdəsi də
indi başlanmışdır”.
Müəllif, Əməvilərin dövründə
İspaniyada yaradılan Əndəlüs dövlətinin
1520-ci ildə ispan kralları tərəfindən
sıxışdırıldığını və yeddi
yüz illik bir dövlətin xristian ölkələrinin birləşmiş
ordularının gücü ilə
dağıdıldığını bildirirdi.
Sözü həmişə məqamında deyən və
hadisələri ətraflı şəkildə şərh edərkən
Əli bəy həmişə göstərmək istədiyi
faktları bu gün ilə keçmişin tarixi paralelləri
üzərində əyaniləşdirməyi sevərdi. Bu məqaləsində
də o, söhbət açdığı problemin dərinliyinə
nüfuz edərək, bu facənin tarixini yada salır və
fikrini Şekspirin “Yuli Sezar” faciəsinin notları üzərində
kökləyirdi. O, bu əsərində əvvəlcə
Əndəlüs dövlətinin faciəli süqutunu yada
salır və bu gün də bu qanlı faciənin ispan
torpaqlarında deyil, müsəlman torpaqlarında baş
verdiyini və müsəlman dövlətlərinin bu faciələrə
etinasız münasibətini göstərmək istəyirdi. Müəllif bu dəhşətli
faciənin türk ədəbi fikrində də öz ifadəsini
tapdığını göstərir, Əbdülhəqq
Hamidin və Ziya Paşanın bu faciələrə həsr
etdikləri əsərlərini yada salaraq yazırdı: “O
faciə ki, Əbdülhəq Hamid bəyə o qədər
dilsuz şerlər, teatrolar (burada Ə.Hamidin dram əsərləri
nəzərdə tutulmuşdur—red. M.Q.), Ziya
Paşaya da o qədər mükəmməl bir tarixi-ibrət
yazdırmışdır”. Burada o, Əbdülhəq
Hamidin yazdığı “Tariq ibn Ziyad və yaxud Əndəlüsün
fəthi” pyesini və bu mövzuda yazdığı şeirlərini,
Ziya Paşanın isə bu faciələrə həsr etdiyi
üçcildlik “Əndəlüs tarixi” kitabını nəzərdə
tuturdu.
“Kasablanka
faciəsi və Osmanlı-İran komediyası” məqaləsində
müəllif Avropada mədəni inkişafın təməlini
qoyan Əndəlüs islam ölkəsinin
bu coğrafi ərazidən silinməsinin səbəblərini
izah edir və göstərirdi ki, belə möhkəm mədəni
təmələ sahib olan bir islam dövlətini birləşərək
dağıdan imperialist ölkələri indi də onlardan əl
çəkmir, onların hazırda yaşadıqları Mərakeşi
parçalayıb öz aralarında bölmək
üçün oranın paytaxtı Kasablankanı
dağıtmaqla məşğuldurlar.
İslama
qarşı aparılan bu dəhşətli siyasətin, faciənin
və müsibətin bütün dünyanın və həm
də islam dövlətlərinin gözləri
qarşısında baş verdiyini və onların bu faciəyə
qarşı heç bir reaksiya vermədiklərini qəzəblə
pisləyən Hüseynzadə, hazırda dünyada iki
güclü müsəlman dövləti kimi tanınan
İran və Türkiyənin də susmasını tənqid
edərək yazırdı: “Şimdi keçmişdə Əndəlüs
varisi olan Məğribi-Əqsa (Mərakeş—red. M.Q.) hökumətinin sahilini, sahilindəki
Kasablankanı, Kasablankadakı müsəlman əhalisini,
müsəlman qadınlarını və
çocuqlarını fransızlarla ispanlar topa tutaraq vəhşicəsinə
qırdıqları bir vaxtda, iki müstəqil islam ölkəsi
üç yüz milyon müsəlmanın gözünün
qarşısında utanıb-qızarmadan öz daxili problemlərinə
görə islamın ən qəddar düşmənləri
olan ingilislərə müraciət edib, onları ölkələrində
asayiş bərpa etməyə dəvət edirlər!..”.
Yuxarıda diqqətə
çatdırdığımız seçmədə Əli
bəy Hüseynzadənin bir əsr bundan əvvəl nə dərəcədə
haqlı olduğunu təsdiq edir. Dünyada baş verən
siyasi hadisələri bu qədər diqqətlə izləmək
və onlara bu dərəcədə doğru və dəqiq dəyər
vermək, təbii ki, hər bir analitikin hünəri deyildir.
Elə bu qətiliyi və dəqiqliyi ilə o,
öz dövrünün ən dəyərli siyasətçisi,
ideoloqu və filosofu olaraq hörmət qazanmışdır.
Onun bütün yaradıcılığında
“gözü ayağının altını görməyən”
dövlət başçıları və dövləti idarə
edənlər tənqid edilir, siyasətçilər
ayıq-sayıq olmağa dəvət olunurdular. Bu məqaləsində
də onun tənqid hədəfi İran və Türkiyənin
siyasət adamları idilər. O, xristian
dünyasının islama qarşı apardığı birgə
və düşünülmüş siyasətinin mahiyyətini
dərk etməyən dövləti idarə edənlərin bu
faciələrin təkrarlanmasında bilavasitə günahkar
olduqlarını bildirərək yazırdı: “Vaqeən, Əndəlüs
faciəsi əsnasında da Soltan Səlim ilə Şah
İsmayıl sərhəd münaqişəsi
çıxarmaqdan utanmırdılar. Ancaq
Şah İsamayıl heç bir zaman ümummüsəlman
düşmənlərinə şikayət edəcək qədər
billi irtikab etməmiş idi.
Hər
iki hökmdar qılıncları ilə büt
ün
Avropayı titrədər bir qüvvət və sərvətə
malik idilər”. Bu cümlələrdə o, islam dövlətləri
arasında birliyin və həmrəyliyin olmamasından faydalanan
Qərb imperializminin həyata keçirdiyi uzaqgörən
siyasətin qarşısında aciz qalan islam dövlətlərinin,
əslində vaxtilə özlərinin yol verdikləri səhvlərin
bədəlini ödədiklərini göstərməklə
bərabər, həm də, İran vəTürkiyə
arasında belə çətin vaxtlarda salınan
ixtilafların xarakterini təhlil edərək, xaricdən idarə
edilən oyunların məhz bu iki güclü müsəlman
dövlətlərinin başının özünə
qarışmasına hesablandığını göstərmişdi.
Qərb dövlətlərinin siyasi həmrəyliyini
və Şərqə yalnız bir şikar olaraq
baxdığını bildirərkən Əli bəy
Hüseynzadə “vaxtında iki böyük islam dövlətinin,
İranın və Türkiyənin Əndəlüs müsəlmanlarının
qeydinə qalıb, onların tərəfini saxlasa idilər,
bu gün belə bir faciə baş verməzdi”—deyərək
hər iki dövləti qınaması da, təbii ki, qəbul
edilən bir haldır. Çünki hər
iki dövlətin başı sərhəd üstündə
salınan süni qarşıdurmaya o dərəcədə
qarışmışdı ki, gözləri ətraflarında
baş verənləri görmürdü.
Əli bəy
Hüseynzadə bu məqaləsində Mərakeş müsəlmanlarının
kütləvi şəkildə qırılmasına səsini
belə çıxarıb etirazını bildirməyən islam ölkələrinin durumuna və qeyrətinə
təəccüb etdiyini bildirərək yazırdı:
“Fransızlar bu təcavüzlərinə don geydirərək
yazırlar ki, burada yaşayan bədəvi ərəblər vəhşidirlər
və avropalılar üçün təhlükəlidirlər.
Pək əla! Bunların əcdadı olan Əndəlüslülərdəmi
bədəvi və vəhşi idilər ki, haqlarında
avropalılar tərəfindən o qədər xatır və
xəyalə gəlməyən məzalim, irtica məzalimi
icra edildi?!
Ey Qərnatədə
bu gün müsəlmanlara biganə qalan, Qərnatədə
yatan həkimi-əzim! Ey cahani-islamiyyətin və
bütün cahani-insaniyyətin ən böyük mədari-fəxri
olan həkimi-əzəm! Ey İbn Rüşd! Ey bəşəriyyəti
sərbəst fikirləri ilə, doğru sözləri ilə
təriqi-mədəniyyətə irşad etmiş İbn
Rüşd! Qalx!.. Məzarından, qalx! Əllərini
ətrafi-qəbrində, Əndəlüs mədəniyyəti-heyrətfəzasının
ənqazi halında qalan Qərnatənin Əl-Həmralarına,
Qurtubənin camilərinə, mədrəsələrinə
uzat! Sonra üzünü Lahidə ictima edən
sülh heyətinə (burada müəllif 1899-1907-ci illərdə
Haaqada keçirilən 1-ci beynəlxalq sülh
konfransını nəzərdə tutmuşdur—red. M.Q.) çevir! De ki, mədəni
bəşərlər qiyafətində sülhdən dəm
vuran, fəqət imperialist siyasəti yürüdən həriflər!
Şu Əndəlüs mədəniyyəti əhlinə
vaxtı ilə işgəncələrlə etdikləriniz cəfalar
yetmədimi ki, bu gün onların əhvadına da bu qədər
vəhşətəngiz zülmlərinizi rəva
görüyorsunuz!?”.
O, burada
İbn Rüşdün sağ olsaydı müsəlman
dünyasını qınayacağını və
üzünü onlara tutaraq: “Bəs sizin niyə səsiniz
çıxmır? Nə üçün
avropalılara qarşı kiçik bir protesto şəklində
də olsun etirazınız eşidilmiyor? Bu gün top və
bomba atəşləri şəklində onların
başlarına yağan barani-müsibətin sabah sizin də
başınıza yağması möhtəməl deyilmi?”—deyəcəyinə
şübhə etmədiyini yazırdı.
Əli bəy
Hüseynzadə Mərakeşdə müsəlmanlara
qarşı aparılan soyqırımına nəinki “protesto”
etməyən İran və Türkiyə
hökmdarlarının hətta bu siyasətdən bir şey
anlamadıqlarını komediya adlandırıb yazırdı:
“Fəqət, heyhat! Bunlardan da səs
çıxmayacaqdır. Hətta
bunları oraya göndərən Sultan Həmidlərdən, Məmmədəli
şahlardan da səs-səda (burada müəllif Haaqa konqresinə
göndərilən İran və Türkiyə nümayəndələrini
nəzərdə tutmuşdur—red. M.Q.)
çıxmayacaqdır. Sultan
Həmid daxildə yeni türklərin məhvinə və
xaricdə İran məşrutiyyətinin ləğvinə
çalışmaqla, Məmmədəli şah isə Atabəgi-əzimin
(burada İranın o vaxtkı baş vəziri nəzərdə
tutulmuşdur—red. M.Q.) fitnələrinə
qulaq verməklə, İran Məclisi-Millisi də bunlara
qarşı çareyi-müqavimət aramaqla məşğuldur.
Ey İbn Rüşd! Nafilə fəryad etmə! Sənin fəryadlarını
eşidən olmayacaqdır...”.
“Kasablanka
faciəsi və Osmanlı-İran komediyası” adlı əsərində
Ə.Hüseynzadə bu facə ilə bağlı Qafqaz
müsəlmanlarının da mövqeyini nəzərə
çatdırmış və Teymurxanşurada yaşayan Əbdürrəhim
Talıbzadənin adını çəkib yazırdı:
“Talıbzadə həzrətləri avropalıların
İslam haqqında gördükləri bu zülm və cəfanın
nəhayət bulacağını belə təsvir
etmişdir: “Şərq aləmi böylə qalmayacaqdır.
Günün birində sürətlə tərəqqiyə
başlayıb avropalıların özlərindən öyrəndikləri
halət və ədavətlə bunları məğlub edəcəklər,
bədə cəhənnəmin kənarına gətirib deyəcəklər
ki: “Hazihi cəhənnəmilləti kuntum tuədun!”.
Ə.Hüseynzadə bu məqaləsində
avropalıların qarşısında dayanmaq
üçün onlar kimi siyasətdə və iqtisadi
inkişafda öncül olmalıyıq—fikrini həmişə
irəli sürürdü. Böyük siyasətdə
uduzan müsəlman dünyasının
öncüllüyü qazanarsa, nəinki özünü, həm
də avropalıları, xristianları “cəhənnəmə
atmaq deyil, əslində cəhənnəmdən xilas edər”—deyə
fikrini bildirməsi də onun islami dəyərlərə
verdiyi böyük dəyərin meyarıdır. Bütün dünyanı sülh içində
görmək arzusu ilə yaşayan Ə.Hüseynzadə bu məqaləsində
“ittihad etməliyiz, ittihad! İttihada doğru tərəqqi
etməliyiz! Əks halda, bizim də gələcəyimiz təhlükə
altındadır!..” — deyə
yazılarında həyəcan təbili çalırdı.
O, bu təhlükənin
mahiyyətinə aydınlıq gətirmək
üçün qərblilərin öz dəsti-xətləri
ilə yazılmış əsərlərdən,
tarixi-xronoloji mənbələrdən, konqres və
toplantılarda edilən çıxışlardan nümunələr
göstərir, diqqətə çatdırdığı
problemlərin mahiyyətini əsaslandırırdı. Onun Biçer Stounun “Əmcə Tomun külbəsi”
(“Tom əminin koması” əsəridir—red. M.Q.) adlı əsərində
“mədəni amerikalıların” zəncilərə
qarşı etdikləri vəhşiliklərin mənzərəsini
xatırladaraq yazırdı ki: “Bu kitab İncildən sonra ən
çox çap olunan kitabdır”.
O, ingilis
yazıçısı Marlonun
yaradıcılığını yada salaraq yazırdı:
“İngilis yazıçısı Morl adlı birisinin (bu
“Böyük Teymurləng”, “Doktor Faustun faciəsi”, “Maltalı
yəhudi” əsərlərinin müəllifi Kristofor
Marlo-nam-dır.) “Qanlı kauçuk” əsəri ilə
belçikalıların Konqoda törətdikləri qətliamları,
ingilislərin Misirdə törətdikləri qanlı
Donşevay hadisəsini yada salır və belə qaniçənlərdən
bu gün xalqı, milləti və dövləti
üçün imdad istəyən Sultan Həmid və Məmmədəli
şahların düşdükləri gülməli vəziyyəti
onların nadanlığının, elmsizliyinin və siyasətdən
bixəbərliyinin acınacaqlı komediyası adlandıraraq
yazırdı ki: “Bu günlərdə heç teatrolara, faciə
və məzhəkə göstərilən teatrolara getmək
lazim degil! Hətta Abdulla Cövdət tərəfindən tərcümə
edilib “Füyuzat”ımızda dərc olunmağa başlayan
Şekspirin “Jül Sezar” (“Yuli Sezar”) ünvanlı faciəsinə
nəzər etməsək də olur... Çünki bu anda səhneyi-aləmdə
tamaşa olunacaq faciə də, komediya da, vodevil də
vardır...”
Seçib göstərdiyimiz bu sətirlərin məna və
mahiyyət yükünün böyüklüyü, dərinliyi
və aktuallığı Əli bəyin qeyri-adi zəka
sahibi olduğunun göstəricisi olmaqla yanaşı, həm
də onun mütəmadi olaraq təqib və təzyiqlərə
məruz qalmasının səbəblərinin izahı kimi də
çox maraqlıdır. Uzaqgörən siyasətçinin XX yüzilliyin əvvəllərində
yazdığı bu dəyərli əsər öz
aktuallığını hələ də saxlamaqdadır.
Hansı ki yazıldığı illərdə bu tipli əsərləri
ilə o, dövrün ziyalı zümrəsinin içərisində
yaranan fikir və əqidə ayrılıqlarına, ictimai və
siyasi baxışlarındakı ziddiyyətlərə dəqiq
faktların müstəvisində aydınlıq gətirərək,
onları türk və islam birliyinə dəvət edir,
farslaşmaq və ruslaşmaq meylində olan bir çox
ziyalıların gözlərini qapayan qalın “pərdə”ni
söküb atmağa çalışırdı. O, çar
imperiyasının Azərbaycan xalqına qarşı fars şovinizmi qədər düşmən
olduğunu və islami dəyərlərə daha çox
önəm verən bir toplum olaraq, bu ölkəni tamamilə
yox etmək siyasəti güddüyünü yada salır,
ümumi düşmənə qarşı siyasətdə bir
olmağa, həmrəy olmağa çağırırdı.
Hüseynzadə müasirlərinə
“avropalıların, xüsusilə də imperialistlərin mədələrində
həzm olunmamaq” üçün yeganə yolun elmdən, mədəni-ictimai
təkamüldən, iqtisadi, siyasi və sosial inkişafdan
keçdiyini müasir dünyanın irəli getmiş
dövlətlərinin timsalında göstərərək,
dünya müsəlmanlarını və Azərbaycan
ziyalılarını ayıq olmağa, siyasi məsələlərdə
daha diqqətli davranmağa dəvət edirdi.
Bu məqaləni yazarkən, möhtərəm Əli bəy
Hüseynzadənin bizdən nigaran qalan ruhunu ovundurmaq istəsəm
də, bacara bilmədim. Çünki o, zati möhtərəmin onsuz da
dünyada baş alıb gedən haqsızlıqlardan,
İslam dünyasına qarşı aparılan qərəzli
siyasətdən, islamın birliyinin pozulması
üçün dünya imperializminin xərclədiyi
milyonlardan, hər fürsətdə islami dəyərlərin
sarsıdılmasına hesablanmış sui-qəsdlər və
qətliamlardan xəbəri vardır, sanıram... Yeganə
umacağım odur ki, müsəlmanlar dünyanın
böyük səhnəsində gedən tamaşaları seyr
edirkən heç olmasa daha diqqətli olsunlar və gözləri
qarşısında oynanılan “bədii materialın”
janrını düzgün təyin edə bilsinlər...
Məsməxanım Qubadova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Respublika.-2014.- 30 yanvar.- S.6.